Məhkəmə qərarları › İş №2-1(107)-629/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-629/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-629/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi quluqçuların siyahısına daxil edilməsi və ödənilməmiş müddət üçün kirayə haqlarının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “iddiaçının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi quluqçuların siyahısına daxil edilməsi və ödənilməmiş müddət üçün kirayə haqlarının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1974-cü il tarixdə Oğuz rayon Xalxalqışlaq kəndində anadan olub. 28 iyun 1992-ci il tarixdən 18 iyul 1999-cu il tarixədək Azərbaycan Respubhkası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Mart 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək N saylı hərbi hissənin Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş, həmin müddətdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0516 saylı 18 iyul 1999-cu il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin a bəndinə əsasən xidmət müddətinin başa çatması əsası ilə Milli Ordudan ehtiyata buraxılmışdır. Ehtiyata buraxılandan sonra Oğuz rayon Xalxalqışlaq kəndində qeydiyyatda olmaqla Oğuz şəhərində kirayədə yaşayır. Ehtiyata buraxılandan sonra ona nə mənzil, nə də fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılıb verilməmişdir. Ona 2011-ci ildən 2022-ci ilin aprel ayınadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilmişdir. 2022-ci ilin aprel ayında ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənişi dayandırılmış, adı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısından çıxarılmışdır. O, rəsmi ərizə ilə Cavabdeh başçısına müraciət edərək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ona kompensasiya ödənişinin bərpa edilməsini, adının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq huququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsini və həmin kompensasiya məbləğinin dayandırıldığı tarixdən bərpa edilərək ödənilmədiyi müddət üçün hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdeh 17 mart 2025-ci il tarixli, 5-68/2-Ə-xx-xx/2025 saylı cavab məktubunda ərizəsinə baxıldığı, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinə əsasən “yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə” ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulduğu, qeyd edilən Qərarın tələbinə əsasən Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-Q nömrəli Qanunu ilə təsdiq edilmiş Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin b) “yaşa görə”, v) xəstəliyə görə” q) “ştatların ixtisarına görə və d) “ailə vəziyyətinə görə” bəndləri ilə ehtiyata buraxılmış hərbi qulluqçular müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik olduğu, onun isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a) bəndi ilə, yəni “xidmət müddəti başa çatdığına görə” əsası ilə ehtiyata buraxıldığını, “xidmət müddəti başa çatdığına görə” əsası ilə ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya verilməsinə əsas olmadığı, onun müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməyi yuxarıda göstərilən əsaslara gorə mümkün olmadığı bildirilmiş, ərizəsinin icrasından imtina edilmişdir.

4. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı "müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsi və ödənilməmiş müddət üçün kirayə haqqlarının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası aşağıdakı əsaslara görə təmin edilməməlidir. - İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinə istinad edərək onun Cavabdehndə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməli olduğunu qeyd edir. İddia tələbinin bu hissəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnaməsinin 156-cı maddəsinin a) bəndinə (xidmət müddətləri başa çatdıqda) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xx.xx.1999-cu il tarixdə ehtiyata buraxılmışdır. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasında qeyd edilmişdir ki, "Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər”. Həmin qaydalar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1ci bəndinə əsasən "yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir”. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnaməsinin 156-cı maddəsinin b)-yaşa görə, v)-xəstəliyə görə, q)-ştatların ixtisarına görə və d)-ailə vəziyyətinə görə bəndləri ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmuş və Əsasnamənin 156-cı maddəsinin a)-xidmət müddəti başa çatdıqda bəndi ilə ehtiyata və ya istefaya buraxılmış hərbİ qulluqçulara isə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. - İddiaçı həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadına əsaslanaraq onun Cavabdehndə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməli olduğunu qeyd edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Şirvan İnzibati Məhkəməsinin müraciəti əsasında “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının bəzi müddəalarının, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılmış və Konstitusiya Məhkəməsinin Plenumu həmin iş üzrə öz Qərardadının əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, Şirvan İnzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin müvafiq qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumu tərəfindən ayrıca qərar qəbul edilməsinə ehtiyac duyulmur. Bu əsasdan da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən halların nəzərə alınması və əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi barədə 18 iyul 2022-ci il tarixli Qərardad qəbul etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı ilə “xidmət müddəti başa çatdıqda” əsası ilə ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya verilməsinə əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. - İddiaçı iddia ərizəsində ödənilməmiş müddət üçün kirayə haqqlarının hesablanıb ona ödənilməli olduğunu qeyd edir. İddia tələbinin bu hissəsi də aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Etirazın hüquqi əsaslarında istinad edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasının və "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinin tələblərindən göründüyü kimi, İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik olmadığından ötən dövrə görə ona kirayə haqqının ödənilməsi üçün hər hansı bir hüquqi əsas olmamış və bu əsasdan da, iddia tələbinin “ödənilməmiş müddət üçün kirayə haqqlarının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" hissəsi də təmin edilməməlidir. - İddiaçı həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci və 67.3-cü maddələrinə istinad edərək Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunu qanunsuz inzibati akt hesab etməsi və bu əsasdan da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci, 33.1-ci, 33.2-ci, 70.1 ci və 70.3-cü maddələrinə istinad edərək iddiaçının həmin inzibati aktın ləğv olunmasını, dəyişdirilməsini və ya onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmək hüququnun olduğunu bildirməsi aşağıdakı dəlillərə görə tamamilə əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən “İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır”. İddiaçı, Cavabdeh tərəfindən ona verilmiş imtina cavabının (inzibati aktın) hansı inzibati icraat haqqında hüquq normasının və ya hansı maddi hüquq normasının, yəni “xidmət müddətləri başa çatdıqda” əsası ilə ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya verilməsinə əsas verən hansı maddi hüquq norması mövcud olduğu halda həmin hüquq normasının tərəfimizdən pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyini ayrı-ayrılıqda hüquq normalarına istinad edərək əsaslandıra bilməmiş və bununla bağlı ümumiyyətlə hər hansı bir dəlil təqdim edə bilməmişdir. - Göstərilənlərə əsasən hesab edirlər ki, Cavabdeh tərəfindən hər hansı bir inzibati icraat haqqında hüquq norması və ya maddi hüquq norması pozulmamaqla iddiaçıya imtina cavabı verilmiş, iddiaçıya verilmiş həmin imtina cavabı qanunsuz inzibati akt sayıla bilməz və bu əsasdan da iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edə bilməz. Odur ki, İddiaçı Cavabdehnə qarşı "müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsi və ödənilməmiş müddət üçün kirayə haqqlarının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi quluqçuların siyahısına daxil edilməsi və ödənilməmiş müddət üçün kirayə haqlarının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2009/2023 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qüvvəyə minmişdir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün sonrakı prossesual hərəkətlərin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(116)-2675/2025 nömrəli qərardadı işin faktiki hallarına düzgün qiymət verilmədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul edilmişdir. Məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməlidir. Şəki İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(116)-2675/2025 nömrəli qərardadında göstərilən hallarla işin materialları arasında ziddiyyət olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutların qəbul edilib- edilməməsinin səbəbləri qərardadda nəinki aydın izah edilməmiş, ümumiyyətlə izah edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2675/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti aşağıdakı əsaslara və dəlillərə görə tamamilə əsassızdır və təmin edilməməlidir. Apellyator apellyasiya şikayətində, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixi 04 saylı Qərarının 2.4-cü və 6.3-cü bəndlərinə istinad edərək bildirir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-2675/2025 nömrəli qərardadı işin faktiki hallarına düzgün qiymət verilmədən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan, sübutlar əlaqəli şəkildə şərh edilmədən və bu və ya digər sübutların qəbul edilib-edilməməsinin səbəbləri ümumiyyətlə izah edilmədən qəbul edildiyindən tamamilə əsassız və ədalətsizdir. Apellyatorun bu dəlili tamamilə əsassızdır. - Belə ki, məhkəmə tərəfindən iddiaçının (apellyatorun) hazırkı iddiası ilə eynilik təşkil edən əvvəlki iddiasına artıq mahiyyəti üzrə baxılaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2009/2023 nömrəli qərarı ilə iddiasının təmin edilmədiyi, həmin qərardan apellyasiya şikayətinin verilmədiyi və qərarın qüvvəyə mindiyi, bu əsasdan da, onun hazırki iddiasının mümkün sayılmadığı ona bildirilmişdir. - Şəki İnzibati Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçıya İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmiş və iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlər mövcud olmadığından, o cümlədən, iddiaçının iddiasının mübahisə predmeti ilə eynilik təşkil edən əvvəlki iddiasının təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, həmin Məcəllənin 35.1-ci, 35.3-cü və 78-ci maddələrinə istinad edilməklə tamamilə əsaslı olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlər mövcud olmadığından, işin faktiki hallarının, sübut və dəlillərin araşdırılmasına da ehtiyac olmamış və tamamilə əsaslı olaraq iddia mümkün sayılmamışdır. - Apellyator həmçinin, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012ci il tarixli 174 nömrəli qərarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadının müvafiq müddəalarına, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci və 67.3-cü maddələrinə istinad edərək Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2675/2025 nömrəli qərardadını qanunsuz inzibati akt hesab etmiş və bu əsasdan da, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci, 33.1-ci, 33.2-ci, 70.1ci və 70.3-cü maddələrinə istinad edərək həmin inzibati aktın ləğv olunmasını tələb edir. Apellyatorun bu tələbi də tamamilə əsassızdır. - Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən “İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır”. - Apellyator şikayətində, iddianın mümkün saymaması barədə Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadının hansı inzibati icraat haqqında hüquq normalarının və ya hansı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyini ayrı-ayrılıqda hüquq normalarına istinad edərək əsaslandıra bilməmiş və bununla bağlı ümumiyyətlə hər hansı bir dəlil təqdim edə bilməmişdir. Əlavə olaraq, apellyator qərardadın qəbul edilməsinə əsas olaraq məhkəmə tərəfindən istinad edilmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü, 35.1-ci, 35.3-cü və 78-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarının formalaşdırdığı hüquqi mövqeyə ümumiyyətlə münasibət bildirməmişdir. Şərh edilənlərə, yuxarıda istinad edilmiş müvafiq qanunvericiliyin tələblərinə əsasən Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının:

Apellyasiya şikayətinin mümkünlüyü

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

16. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2009/2023 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qüvvəyə minmişdir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.

17. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

21. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

22. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. İş materiallarından görünür ki, hazırki iddanın mümkün sayılmamasına əsas olan Şəki İnzibati Məhkəməsinin icraatında olmuş və yekun məhkəmə aktı qəbul edilmiş 2-1(116)-2009/2023 nömrəli iş üzrə iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixli, 5-68-10/2-Ə-12-355/2023 saylı məktubla cavabdeh tərəfindən kirayə haqqının ödənilməsindən imtina edilmiş, iddiaçı isə kompensasiyanın ödənilməsi tələbi üzrə məhkəməyə müraciət etmişdir.

24. Hazırki iş üzrə isə iddiaçının müraciəti əsasında xx.xx.2025-ci il tarixli, 5-68/2-Əxx-xx/2025 saylı məktubla cavabdeh tərəfindən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a) bəndi ilə, yəni “xidmət müddəti başa çatdığına görə” əsası ilə ehtiyata buraxılması, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına iddiaçının adının daxil edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğu, həmin kompensasiyanı almaq hüququna malik olmadığından isə ötən dövrə görə ona kirayə haqqı ödənilməsinin hər hansı bir hüquqi əsası olmadığı bildirilərək tələbindən imtina edilmiş, iddiaçı da hazırki tələblə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki imtinaya münasibətdə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli qərardadında göstərilən hüquqi mövqeyə uyğun araşdırma aparılmalı, yekunda hazırki iş üzrə iddia, əvvəlki iddia ilə eynilik təşkil etməsi əsası ilə mümkün sayılmamalı, cavabdeh inzibati orqanın imtinasına münasibətdə işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilmişdir ki, Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur.

27. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

28. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a) bəndi ilə, yəni “xidmət müddəti başa çatdığına görə” ehtiyata buraxılmışdır.

30. Qanunvericilik də ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Bu xüsusat isə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır.

31. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçıya 2011-ci ildən 2022-ci ilin aprel ayınadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilmişdir. 2022-ci ilin aprel ayında ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənişi dayandırılmış, adı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısından çıxarılmışdır. O, ərizə ilə Cavabdeh başçısına müraciət edərək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ona kompensasiya ödənişinin bərpa edilməsini, adının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq huququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsini və həmin kompensasiya məbləğinin dayandırıldığı tarixdən bərpa edilərək ödənilmədiyi müddət üçün hesablanıb ödənilməsini xahiş etmişdir.

32. Bu xüsusatlar da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, müvafiq sorğular edilərək iddiaçıya eyni əsasla əvvəllər kompensasiya verilməsinin əsasları, həmçinin kompensasiyanın dayandırılmasının səbəbləri aydınlaşdırılmamış, bununla bağlı materiallar tələb edilməmiş, iddiaçının adının həqiqətən əvvəllər müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısında olması və çıxarılması səbəbləri müəyyən edilməmiş, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün iddiaçıya kompensasiya ödənişinin bərpa edilməsi məsələsi də sənədlər əldə edilərək tərəflərlə müzakirə edilməmişdir.

33. Hansı ki bu hallar, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından da əhəmiyyət kəsb edir.

34. X3 Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadı ilə iddianı mümkün saymayaraq “hazırkı iddianın əvvəlki iddia ilə eyni olduğu və tələbin mahiyyəti üzrə artıq baxıldığı üçün yenidən baxıla bilməyəcəyi” barədə gəldiyi nəticə əsassızdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ikinci müraciəti yeni imtina ilə (xx.xx.2025-ci il tarixli) bağlı olduğundan, bu hal yeni iddia predmeti yaradır və həmin tələbin mahiyyəti üzrə araşdırılması zəruridir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

37. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

38. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün işin Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2-1(116)-2675/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar