Məhkəmə qərarları › İş №2-1(107)-63/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-63/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-63/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi) Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.1976-cı il tarixdən xx.xx.1979cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sğorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1466/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1957-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, xx.xx.2007-ci il tarixdə qocalığa görə pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası təyin olunmuş, lakin xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci illərdə Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illər sosial sğorta stajına daxil edilməmişdir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə bundan imtina etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sğorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)- 1466/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçınınxx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanmasıqərara alınmışdır. Cavabdehapellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı illərin onun sığorta stajına daxil edilməsi qüvvədə olan əmək pensiyası qanunvericiliyində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, 08684579 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli və xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu, BT seriyalı 034539 nömrəli Diplomun surəti, АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, İП-ЖГ seriyalı 250466 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, onun əmək kitabçasında qeyd edilən kolxozda işlədiyi dövr, həmçinin təhsil müddəti onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun pensiyasında 12,43 manat artım olacaqdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.2007-ci il tarixdə pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası təyin olunmuş, lakin onun xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci illərdə Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illər sosial sğorta stajına daxil edilməmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxxx 1992-ci il tarixdən qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi dövr АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surəti ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarla təsdiq edilmiş əsasnamədə göstərilən arayışların Milli Arxiv idarəsinin arayışlarına aidiyyətinin olmamasına dair dəlillərinə hüquqi qiymət verərək apellyatorun diqqətinə onu çatdırır ki, göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 2-ci bəndinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni zamanda cavabdehin apellyasiya şikayətində qeyd edilən hallardan biri də iddiaçının təhsil almasına dair sənədin cavabdehə təqdim etməməsi ilə bağlı irəli sürdüyü arqumentinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil alması BT seriyalı 034539 nömrəli Diplomun surəti, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi dövr Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda işləməsi АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surəti ilə öz təsdiqini tapır. İddiaçı bu sənədi cavabdehə təqdim etməyə bilər., lakin cavabdeh inzibati orqanın vəzifəsidir ki, iddiaçıya qeyd edilən təhsil sənədini təqdim etmək barədə təklif versin. Bununla bağlı cavabdehin məhkəməyə təqdim etdiyi sübutu mövcud deyildir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1466/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar