Məhkəmə qərarları › İş №2-1(107)-63/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-63/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-63/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayonu Car Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Zaqatala Rayonu Car Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala Rayonu Car Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 iyun 2014-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun 45 (qırx beş) il müddətə icarəsinə verilmiş Zaqatala rayonu Car kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərardadı ilə Zaqatala Rayonu Car Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi əsasında Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki 2000 kv.m torpaq sahəsinə dair Zaqatala Rayonu Car Bələdiyyəsi ilə aralarında icrarə müqaviləsinin bağlanmasını bildirərək, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini cavabdeh orqandan xahiş etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilə olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi bələdiyyə üzvlərinin xx.xx.2014-cü il tarixli 06 saylı iclasında müzakirə edilərək iddiaçı ilə müqavilə bağlanmışdır. Bələdiyyənin xx.xx.2021-ci il tarixli 07 saylı qərarı ilə bağlanmış həmin müqavilə ləğv olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2022-ci il tarixli 2- 1(116)-405/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Zaqatala Rayonu Car Bələdiyyəsi həmin qərardan apellyasiya şikayətləri vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş icarə müqaviləsi notariat qaydada təsdiq edilməmişdir. Buna görə də ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və iddiaçıya qeyd olunan torpaq sahəsinə dair notariat qaydasında təsdiq edilmiş müqaviləni ərizəsinə əlavə edərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılması barədə xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Beləliklə, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş sənədlər olmadan (hərrac protokolu və bununla bağlı tərtib edilmiş notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi), eyni zamanda müvafiq torpaq sahəsinin hüquqi statusunu və hüquqi rejimini müəyyən etmədən və bununla bağlı mütəxəssis rəyini əldə etmədən qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

12. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Car Bələdiyyəsi xx.xx.2021-ci il tarixli iclasında 2014-2021-ci illər ərzində iddiaçının həmin əraziyə dair iddianın olmamasını, 0,20 ha üçün icarə haqqının ödənilməiyini, həmin müqavilə hərracdan və ya müsabiqədən keçmədiyini, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlər ona yox, bələdiyyəyə aid olduğundan, onunla bağlanmış müqavilənin heç bir hüquqi əsası olmadığından müqavilə ləğv edilmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 0,20 ha torpağa dair plan-ölçü, qərar və rəy Car Bələdiyyəsinə aiddir. Cavabdehə aid olmadığından həmin 0,20 ha üçün daşınmaz əmlakdan çıxarış ala bilməmişdir. Birinci instansiya məhkəməsi bunu araşdırmadan qərar qəbul etmişdir. Sözügedən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin iddiaçının adına çıxarışın rəsmiləşdirilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul etməsi maddi hüquq normalarının pozulmasıdır. İddiaçının qeyd etdiyi icarə müqaviləsi notarial qaydada deyil, Car Bələdiyyəsində bağlanmış və müqavilədə ona hansı ərazi verildiyi göstərilməmişdir. İddiaçının icarə müqaviləsinin hüquqi əsası yoxdur. Torpaq şöbəsinin rəyi 2013-cü ildə verilmişdir. İddiaçı ilə müqavilə 2014-cü ildə bağlanmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)- 405/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli iclasının protokolunun 01 nömrəli qərarından çıxarışdan görünür ki, həmin bələdiyyənin icarə predmeti olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin abadlıq məqsədilə icarəyə verilməsilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Bununla əlaqədar icarə hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin icarə haqqının aşağı həddi barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsindən, bələdiyyənin icarəyə verilməsi məqsədilə hərraca çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair çıxarışın verilməsinin Azərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Zаqаtаlа Ərаzi İdаrəsindən xahiş edilməsi qərara alınmışdır. - Car Bələdiyyəsindən abadlıq məqsədilə icarəyə verilmiş torpaq sahəsinə dair Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsinin baş məsləhətçısı F.Qaziyevin mütəxəssis rəyindən görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən abadlıq məqsədilə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədlərinə baxılmışdır. Tərtib edilmiş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədəuyğun hesab edilmişdir. - Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsindən verilmiş arayışdan görünür ki, Car Bələdiyyəsinin xx.xx.2013cü il tarixli qərarı ilə abadlıq məqsədilə icarəyə verilməsi nəzərdə tutulmuş 0,20 ha torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət rayonuna aid olmaqla, kolluq ərazidir. Həmin torpaq 2000 kv.m. və ya 0,20 ha sahədən ibarətdir. - Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn X2 mülkiyyətindən abadlıq məqsədilə 0,20 ha torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə təqdim edilmiş sənədlərə dair xx.xx.2013-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, Car Bələdiyyəsi tərəfindən müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.20 ha olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Zаqаtаlа Rаyоn Şöbəsi həmin torpaq sahəsinin icarəyə verilməsini qanuna müvafiq hesab edir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)489/2021 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsinə qarşı “cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan torpaq sahəsinin abadlıq məqsədi ilə uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Zaqatala Rayonu Car Bələdiyyəsinin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m. və ya 0,20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh Zaqatala Rayonu Car Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamədən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. - xx.xx.2014-cü il tarixli 01 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, iddiaçı ilə Car Bələdiyyəsi arasında xx.xx.2014-cü il tarixli 06 saylı qərar əsasında 2000 kv.m torpaq sahəsinə dair bağçılıq məqsədi ilə icarə müqaviləsi bağlanmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh orqan tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin cavabdehə ünvanladığı məktubundan görünür ki, sözügedən 0.20 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Car Bələdiyyəsinin hüdudları daxilində yerləşir. - üçüncü şəxs tərəfindən təqdim edilmiş, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin üçüncü şəxsə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən 0.20 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Car Bələdiyyəsinin mülkiyyətinə aiddir. - üçüncü şəxsin xx.xx.2021-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı, 73-cü maddəsinin 6-cı bəndi rəhbər tutularaq 2014-cü ilin iyun ayında sabiq bələdiyyə sədri X1 ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin hüquqi qüvvəsinin itirdiyi nəzərə alınarq həmin müqavilənin ləğv edilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir.

22. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

23. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz.

25. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Tərəflərin imzaladığı torpaq icarəsi müqavilələrində müqavilənin vaxtından əvvəl ləğv edilməsinin şərtləri göstərilməmiş, mübahisələrin mövcud qanunvericiliyə uyğun həll edilməsi qeyd edilmişdir. Torpaq icarəsi müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin əsasları mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsi qaydası isə tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə ola bilər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Göründüyü kimi, müqavilənin forma tələbləri ilə bağlı şərt qanunla birbaşa tənzimlənmədiyi halda, müqavilə azadlığı prinsipi baxımından tərəflərin mülahizəsindən asılıdır. İcarə müqaviləsi ilə bağlı münasibətlər Mülki Məcəllənin 34-cü fəsli (700-722-ci maddələr) ilə tənzimlənir. Həmin fəsildə isə icarə müqaviləsinin notarial formada bağlanmalı olması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi də məzmun baxımından Mülki Məcəllənin 139-1.1.3-cü maddəsini təkrarlayır. Hüquq nəzəriyyəsinə əsasən, əşya hüquqları əşya üzərində hüquqi baxımdan birbaşa hakimiyyət təmin edən və bu səbəblə də hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli hüquqlardır. Əşya hüquqlarının predmeti bir qayda olaraq əşyadır. Əşya dedikdə isə mülki hüquq subyektlərinin faktiki sahiblik etmək imkanına və iqtidarına sahib olduqları iqtisadi dəyər kəsb edən və xüsusi mülkiyyətə əlverişli olan fiziki cisimlər başa düşülür. Bir şeyin, mülki hüquq baxımından “əşya” sayıla bilinməsi üçün həmin şey müəyyən və müstəqil əşya keyfiyyəti qazanmış olmalı və üzərində şəxsi hakimiyyətin təsis edilməsi mümkün olmalıdır. Əşya hüquqları hər kəsə qarşı irəli sürülə bilər və hər kəs bu hüquqa hörmət etməlidir (başqa sözlə, mütləq hüquqlardır). Bu baxımdan, əşya hüquqları hər kəs tərəfindən bilinməsini təmin edən təzahür formasında olmalıdır. Buna ədəbiyyatda “əşya hüquqlarının şəffalığı” prinsipi də deyilir. Daşınmaz əmlakla bağlı əşya hüquqlarının mövcudluğu “reyestrdəki qeydlər” vasitəsi ilə müəyyən olunur. Eyni zamanda, əşya hüquqlarında “vicdanlılığın qorunması” prinsipi rəhbər tutulur (MM-nin 140,148.2,149.2-ci maddələri). Əşya hüquqlarından istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur. Digər tərəfdən, bir şəxsin başqa bir şəxsdən müəyyən bir hərəkəti yerinə yetirməsini və ya müəyyən bir hərəkəti etməkdən çəkinməsini tələb etmək imkanını təmin edən səlahiyyətlər tələb hüququnu yaradır. Tələb hüququ, əşya hüquqlarından fərqli olaraq yalnız onları əmələ gətirən hüquq münasibətinin, daha doğrusu onu əmələ gətirən öhdəlik münasibətinin tərəfinə qarşı irəli sürülə bilir. Tələb hüquqları hər kəsə qarşı irəli sürülə bilinmədiyindən nisbi hüquqlardır. Bununla belə, qanunla nəzərdə tutulan hallarda dövlət reyestrində qeydə alındığı təqdirdə tələb hüququ üçüncü şəxsə qarşı irəli sürülə bilər. Hüquq ədəbiyyatında belə hüquqlar təsiri gücləndirilmiş nisbi hüquqlar adlandırılır. Qanunla nəzərdə tutulmadığı hallarda isə hər hansı bir nisbi hüququn reyestrdə qeydə alınması, həm qanunvericiliyə ziddir, həm də bu cür qanunsuz qeydiyyata əsaslanaraq nisbi hüququn üçüncü şəxslərə qarşı irəli sürülməsi hüquqi baxımdan mümkünsüzdür. Bu, mülki qanunvericiliyin öhdəlik və əqdlərlə bağlı ümumi sistemindən, həm əşya hüquqlarına dair Mülki Məcəllənin 3-cü bölməsindən, eləcə də 139.1-ci maddəsinin xüsusi müddəasından, həm də reyestr haqqında qanunvericiliyin ümumi sistematikasından irəli gəlir. Yuxarıda qeyd edilənlər icarə münasibətləri nöqteyi-nəzərindən tətbiq edildikdə icarə müqaviləsindən yaranan hüquqların tələb hüququna aid olduğu müəyyən olunur. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, icarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdəliklər əmələ gətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur ki, bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur. İcarə müqaviləsində isə icarəyəverənin mütləq mülkiyyətçi olması ilə bağlı imperativ norma yoxdur. İcarəyə verənin mülkiyyətçi olması hüquqi zərurət deyildir. Əksinə, bu cür yanaşma, Mülki Məcəllənin məqsədlərinə (mülki dövriyyə azadlığının təmin edilməsi) və prinsiplərinə (iradə sərbəstliyi və müqavilə azadlığı), “iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı” və “azad sahibkarlığa təminat verilməsi” ilə bağlı konstitusion göstərişlərin məqsəd və hüquqi funksiyalarına zidd olmaqla yanaşı, gündəlik həyat ehtiyaclarına da uyğun deyildir. Mülki Məcəllənin 700.1-ci maddəsinin məzmunundan da görünür ki, icarə müqaviləsi ilə bir tərəf (icarəyə verən) icarə predmetindən istifadəni qarşı tərəfə vermək öhdəliyi daşıyır, qarşı tərəf isə (icarəçi) bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi isə bağlandığı andan etibarən onların bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur. Qanunvericilikdə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasının mümkünlüyü nəzərdə tutulması isə müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra yarandığı mənasına gəlmir. Belə bir qeydiyyat eyni zamanda, icarədən irəli gələn tələb hüququnu əşya hüququna çevirmir. Bu cür qeydiyyat icarə hüququnu üçüncü şəxslərə açıqladığı kimi, icarəyəgötürənin icarə müqaviləsindən irəli gələn tələb hüququnun hamıya qarşı, o cümlədən əmlak üzərində əşya hüququ əldə edən şəxslərə qarşı da irəli sürülməsinin mümkünlüyünü təmin edir. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir və yuxarıda qeyd edilənlərə əsasən MM-nin 144.1-ci maddəsi icarə müqaviləsinə münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 329.1-ci maddəsi yalnız MM ilə deyil, digər qanunvericilik aktlarında da müqavilənin forma tələblərinin təsbit edilə bilməsinin mümkünüyünü qeyd etmişdir. Bu baxımdan, torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə münasibətdə “Torpaq icarəsi haqqında” Qanunun normaları nəzərdən keçirilməlidir. Həmin Qanunun 10-cu maddəsi torpağın icarəyə verilməsi ilə bağlı xüsusi müddəaları özündə əks etdirir və xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edilməli olduğunu bildirir. Bununla yanaşı, həmin maddədə dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanılması şərti nəzərdə tutulmamışdır. Mülki Məcəllədə icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir, sahəvi qanunvericilik olan “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsi isə yalnız xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanmasını tələb edir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə isə notarial təsdiqli müqavilənin bağlanmasına zərurət yoxdur. Cavabdeh reyestr orqanının icarə hüquqlarının qeydə alınmasından imtinasının qanuni əsası yoxdur. Əlavə olaraq, cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi baxımından yalnız notariat qaydasında təsdiq edilmiş müqavilələrin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmasına dair dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin maddədə, o cümlədən MM-nin eyni məzmunlu 139-1.1.3-cü maddəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr dedikdə, qanunvericilikdə notarial təsdiqlənməsi forma şərti baxımından məcburi olan müqavilərdən söhbət gedir. Mülki Məcəllə ilə tərəflərin üzərinə notarial qaydada bağlanmasına dair imperativ göstəriş qoyulmamış müqavilələrin notariat qaydasında təsdiqlənməsini tələb etmək qanunvericilik normalarına ziddir.

33. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının tələbi onunla Zaqatala Rayonu Car Bələdiyyəsi arasında bağlanmış xx.xx.2014cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (torpağın mülkiyyətçisi bələdiyyədir) ilə icarəsinə verilmiş 2000 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. Cavabdeh orqanın həmin hüquqların qeydə alınmasından imtinasının əsas dəlili bağlanmış müqavilənin notariat qaydasında təsdiqlənməməsi ilə əlaqədardır. Bu baxımdan, hazırkı iş üzrə müəyyən edilməli və qiymət verilməli məsələ torpaq sahəsi ilə bağlı icarə müqavilələrinin notariat qaydasında bağlanmasının qanunvericiliklə nəzərdə tutulub-tutulmaması ilə bağlıdır.

34. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qeyd edilsə də, nəzərə alınmalıdır ki, müvafiq müqavilənin bağlanmasına əsas Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsi olmuş və həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli, 2(107)-489/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Zaqatala Rayonu Car Bələdiyyəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçı ilə torpaq icarəsi müqaviləsi bağladığından, iddiaçı haqlı olaraq həmin icarə müqaviləsinin dövlət qeydiiyatına alınmasını cavabdeh orqandan tələb etmişdir.

35. Həmin müqavilənin xx.xx.2021-ci il tarixli 07 saylı qərar əsasında ləğv edilməsi ilə bağlı üçüncü şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən qəbul edilmiş həmin qərar “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(102)- 763/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində eyni hüquqi mövqeyi ifadə etmişdir.

37. Göründüyü kimi oxşar inzibati mübahisə üzrə icarə müqaviləsinin notarial qaydada bağlanması tələbinin məcburi olmaması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının təcrübəsi formalaşmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə notarial təsdiqli müqavilənin bağlanmasına zərurətin olmaması qeyd edilmişdir. Hazırkı iş üzrə tələbdə qeyd edilən 0.20 ha torpaq sahəsinin Zaqatala Rayonu Car Bələdiyyəsinin ərazi hüdudlarında yerləşməsi və bələdiyyə mülkiyyətinə aid olması işin mübahisəsiz halıdır.

38. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

39. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Zaqatala Rayonu Car Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-405/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar