Məhkəmə qərarları › İş №2-1(107)-632/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-632/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-632/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixdən dayandırılmış ümumi xəstəlik səbəbindən təyin edilmiş birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(116)-716/2025 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024cü il tarixdən dayandırılmış ümumi xəstəlik səbəbindən təyin edilmiş birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən ümumi xəstəlik səbəbindən xx.xx.2009-cu il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Lakin, təyin olunmuş birinci dərəcəli əlillik dəyişdirilərək xx.xx.2024-cü il tarixdən müddətsiz ikinci dərəcəli əllilik təyin edilmişdir. Əlillik altsistemində olan sənədlərdən görünür ki, qarın boşluğu MRT müayinə protokolu:Koronal SSFSE, aksial T2 Fsat,T2 SSFSE,T1 Decho AST,X8 kontrastlı (primovist) rejimlərində aparılmışdır. Diaqnozun mətni-“Sol pay ölçüləri kompensator olaraq artmışdır. Qaraciyər sağ pay parsial rezaksiyası icra edilmiş xəstədə postor parenximal defekt, sağ tərəfli intrahepatik duktuslarda dilatasiya və postop dərialtı toxumalara uzanan intrahepatik duktuslara əlaqəli fistula qeyd edilir. Sol intrahepatik duktuslarda minimal dilatsiya izlənilir. Qaraciyər sol payda ən böyüyü 13 mm ölçülən kista və lobulə konturlu 52x39 mm ölçüdə T2 sekansda hiperintens lesion aşkar edilir. Postkontrat sekanslarda lesionda zəif periferik kontrast tutulumu izlənilir (hemnagioma).” Qeyd olunan diaqnoz əsasında müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Cavabdehin ona təyin olunmuş birinci dərəcə əlilliyi, eyni diaqnoza əsasən 2-ci dərəcəli əlilliklə dəyişdirilməsinə dair qərarını qanunsuz və əsassız hesab edir. Bununla əlaqədar birinci dərəcəli əlilliyin bərpa edilməsi ilə əlaqadar cavabdehə müraciət etmişdir, lakin cavabdeh orqan müraciəti təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu; - Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsi. - Əlilik Altsistemindən iddiaçı barəsində çıxarışlar.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 26 avqust 2025-ci il tarixli 2- 1(116)-716/2025 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2009-cu il tarixindən təyin edilmiş birinci dərəcəli müddətsiz əlilliyin ikinci dərəcə müddətsiz əlilliyə dəyişdirilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən iddiaçı barəsində şübhənin nədən ibarət olduğu, həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində birinci dərəcəli əlillik dəyişdirilərək ikinci dərəcəli əlilliklə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, cavabdeh orqan eyni diaqnozla şəxsə 2009-cu ildə birinci dərəcə əlillik təyin etmiş, həmin qərardan 15 il keçdikdən sonra ikinci dərəcəli əlilliyə dəyişdirilmişdir. - Bu zaman iddiaçının OFP-nın pozulması dərəcəsinin dəyişməsinə dair hər hansı araşdırma aparılmamış, hər hansı əsas göstərilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. - Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab etmişdir ki, cavabdehin İddiaçı birinci dərəcə əliliyinin dəyişdirilməsi barədə 02 aprel 2024-cü il tarixli qərarı qanunsuz əlverişsiz inzibati aktdır. Belə ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. - Odur ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya təyin edilmiş birinci dərəcə müddətsiz əlilliyin ikinci dərəcəli müddətsiz əlilliyə dəyişdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sözügedən qərarın ləğvi ilə yaratmış olduğu bütün hüquqi nəticələr aradan qalxdığından iddiaçıya təyin edilmiş müddətsiz birinci dərəcəli əlillik bərpa edilmiş olur. Bu baxımdan da müddətsiz birinci dərəcə əlilliyin bərpa ediməsi ilə bağlı cavabdehin üzərinə əlavə öhdəlik qoyulması zərurəti mövcud deyildir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(116)-716/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. - Qeyd edirlər ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra -– Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. - İddiaçının 2009-cu il tarixində əlillik təyinatı üçün əsas olmuş diaqnozu “Qara ciyərin blastoması. regional l/d MTS. Şişinin qarın divarına sirayət etməsi. Qara ciyərin sağ payının absesi əməliyyatdan sonrakı vəziyyət. Öd svişi. Alimentar distrofiya. Kaxeksiya. Ağrı sindromu” həmin zaman qüvvədə olan AR NK-nın 413 say. - Həmçinin qeyd edirlər ki, işin hallarının ətraflı araşdırılması zərurəti olmasına baxmayaraq məhkəmə tərəfindən heç bir ekspertiza keçirilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(116)-716/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2- 1(116)-716/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Əlilik Altsistemindən iddiaçı barəsində çıxarışdan görünür ki, ona 17 mart 2009-cu il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məktub göndərilərək əyani müayinəyə dəvət edilmiş, daha sonra əvvəlki qərar əlilliyin dərəcəsi hissəsində dəyişdirilmişdir.

23. Cavabdeh orqanın apellyasiya şikayətində əsas dəlili olaraq göstərmişdir ki, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud deyildir. İşin hallarının ətraflı araşdırılması zərurəti olmasına baxmayaraq məhkəmə tərəfindən heç bir ekspertiza keçirilməmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan mövcud sənədlərdən görünür ki, iddiaçıya qarın boşluğunun MRT müayinəsi aparılmış, müayinə Koronal SSFSE, aksial T2 FSAT, T2 SSFSE, T1 DECHO AST və radial THİC rejimlərində, venadaxili kontrast maddə (Primovist) tətbiq edilməklə icra edilmişdir. MRT müayinəsinin nəticələrinə əsasən, qaraciyərin sol payının kompensator böyüməsi, sağ payın parsial rezeksiyasından sonra postoperativ parenximal defekt, sağ tərəfli intrahepatik öd axarlarının genişlənməsi, intrahepatik öd axarları ilə əlaqəli və postoperativ dərialtı toxumalara uzanan fistula, habelə sol intrahepatik öd axarlarında minimal dilatasiya müəyyən edilmişdir.

25. Eyni zamanda, qaraciyərin sol payında ən böyüyü 13 mm ölçüdə olan kistoz törəmə, eləcə də 52×39 mm ölçüdə, lobulyar konturlu və T2 sekanslarda hiperintens siqnal verən lezyon aşkar edilmiş, postkontrast sekanslarda isə həmin lezyonda zəif kontrast tutulması qeydə alınmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən tibbi göstəricilər iddiaçının səhhətində xəstəliyin ağırlaşmalarının mövcudluğunu təsdiq edir. Bu baxımdan, cavabdeh orqanın apellyasiya şikayətində iddiaçının səhhətində ağırlaşmaların mövcud olmaması barədə irəli sürdüyü dəlil mötəbər tibbi sənədlərlə təsdiqini tapmır və əsassızdır.

27. Həmçinin cavabdeh inzibati orqan xx.xx.2009-cu il və xx.xx.2024-cü il tarixli qərarlarla orqanizmin tamamilə fərqli qiymətləndirilməsini həyata keçirmişdir. İkinci qərarda xx.xx.2009-cu ildə təyin edilmiş əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv edilmiş, xx.xx.2009-cu ildə təyin edilmiş əlillik təyinatı ilə bağlı akt əsassız olaraq qüvvədən salınmışdır. İşin hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən onda müxtəlif xəstəliklərin olduğu cavabdeh tərəfindən aşkar edilmişdir. Bu zaman qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz dərəcəsi daha yüksək olanla qiymətləndirilməsi həyata keçirilməlidir.

28. Bundan başqa, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

29. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

30. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

31. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur.

32. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

33. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.

34. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı halda bu, baş verməmişdir.

35. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2009-cu ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir.

36. Belə ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

37. Göründüyü kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdeh isə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları təqdim etməmişdir.

38. Qeyd olunanları nəzərə almadan cavabdeh orqan xx.xx.2009-cu ildə təyin edilmiş əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv etmişdir. Odur ki, hazırki iş üzrə əvvəllər iddiaçıya müddətsiz birinci dərəcə əlillik təyin olunduğuna görə onun barəsində ekspertiza keçirilməsinə zərurət yoxdur.

39. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

41. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

42. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

43. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.

44. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

45. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

46. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin dəyişdirilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla belə iddiaçı barəsində birinci dərəcəli əlillik dəyişdirilərək ikinci dərəcəli əlilliklə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, cavabdeh orqan eyni diaqnozla şəxsə 2009-cu ildə birinci dərəcə əlillik təyin etmiş, həmin qərardan 15 il keçdikdən sonra ikinci dərəcəli əlilliyə dəyişdirilmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin edərək müddətsiz birinci dərəcə əlilliyin ləğv edilməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş qərarı ləğv etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

50. Beləliklə işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(116)-716/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar