Məhkəmə qərarları › İş №2-1(107)-635/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-635/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-635/2023 13.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2- 1(116)-305/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona təyin olunmuş 2-ci qrup əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı ürək çağışmazlığından əziyyət çəkir və açıq ürək əməliyyatı olunmuşdur. Səhhətində olan problemlər səbəbindən ona 2015-ci ildən 2-ci qrup əlillik təyin edilmiş və müvafiq pensiya ödənilmişdir. Lakin 2021-ci ilin oktyabr ayından iddiaçıya təyin olunmuş 2-ci qrup əlillik dərəcəsi heç bir əsas olmadan ləğv edilmiş və pensiyanın ödənişi dayandırılmışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki diffuz bronxit. QDÇ İİ dərəcə. İl-li anemiya.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı;” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ120.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya... Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki diffuz bronxit. QDÇ İİ dərəcə. İl-li anemiya... Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı ıı fs Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, akş əməliyyatından sonrakı vəziyyət Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik artimiya Yanaşı xəstəliklər İ15 İkincili hipertenziya, hipertoniya xəstəliyi İİİ d; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır, səbəbi ilə imtina verilmişdir.

6. Göründüyü kimi, İddiaçı Forma 88-də qeyd edilən diaqnozu əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: F88-də qeyd olunanlar əlillik əlamətin təyin etmir. Müayinələr ətraflı qeyd olunmalıdır;” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.

7. Cavabdeh etirazda bildirmişdir ki, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.

8. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan’’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozu rrjş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səfərə! iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

9. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılm sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.

10. Cavabdeh etirazında prosessual müddətin buraxılmasını əsas gətirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-305/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 2 oktyabr 2023-cü il tarixli 2- 1(116)-305/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 2 oktyabr 2023-cü il tarixli 2-1(116)- 305/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. İddiaçıya münasibətdə göndərişin verildiyi xx.xx.2022-ci il tarixdə və cavabdeh tərəfindən göndərişin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin: 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-305/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş İ50.1 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

26. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə- Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin T 473/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1959-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ50 - Ürək çatmamazlığı => İ50.1 - Sol mədəcik çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası. Ağırlaşma İ50.1 Sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı İİ fs. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, akş əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər İ49.4 Digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik artimiya. Yanaşı xəstəliklər İ15 ikincili hipertenziya, hipertoniya xəstəliyi İİİ d” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. İddiaçı düçar olduğu xəstəliklə əlaqədar üzərində “X3” əməliyyatı aparılmışdır. Belə xəstələrin stasionar müalicəsi başa çatdıqdan sonra əməliyyatı həyata keçirmiş ürək cərrahı tərəfindən onlara müalicə təyin edilir və yazılmış dərman preparatları onlar tərəfindən daima qəbul edilir. Həmin xəstəliklər sağalmır, daima dərman preparatlarını qəbul etdiklərindən xəstəliklər remissiya fazasında qalır

27. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə sorğu ünvanlanaraq aşağıda qeyd olunan sualların cavablandırılması xahiş olunmuşdur: Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? Diaqnoz əlillik təyin edilməsinə əsas verirsə həmin diaqnoz zərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? (bənd və norma göstərilməklə)

28. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-4/2-23942/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmurvətəndaş ünsiyyəti olmadan, adsızlaşdırılmış sənədlər üzərindən elektron qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, XBT-10 təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir.

29. Cavabdeh məktubunda məlumat üçün qeyd etmişdir ki, sonuncu dəfə İddiaçı ümumi səbəbdən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı ildə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra İddiaçı əlillik vəziyyəti Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının 0274003AANWK nömrəli göndərişi əsasında (Diaqnoz: ÜİX, stabil gərginlik stenokardiyası. Ürək çatışmazlığı İİ fs, AKŞ əməliyyatından sonrakı vəziyyət, ekstrasistolik artimiya.) xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

30. Cavabdeh bildirir ki, 0274003AANWK nömrəli göndərişdə qeyd edilən və ekspertiza üçün əhəmiyyətli sayılan göstəricilər (ürəyin atma fraksiyasının 50% olması, laborator müayinələrin nəticəsi, son 5 ildə ərzində stasionar müalicədə olmaması, kardioloqun rəyi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Qeyd olunur ki, İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci ildə Agentlikdə qəbulda olmuş, tibbi sənədlərinə baxış keçirilməklə əyani müayinə olunmuşdur. Nəticə olaraq əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmamışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya qoyulmuş İ50.1 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

32. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2-1(116)-305/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar