Məhkəmə qərarları › İş №2-1(107)-639/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-639/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-639/2023 13.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı avtomobil və ya motorlu araba ilə təmin edilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2-1(116)-1330/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə İddiaçı avtomobil təmin etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı avtomobil və ya motorlu araba ilə təmin edilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə protokolu ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixində təkrar və müddətsiz olaraq 2-ci dərəcəlik əlillik təyin olunub. Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı 2-ci dərəcəlik əlillik təyin olunan qazilər avtomobil ilə təmin edildiyi üçün cavabdehə müraciət edərək iddiaçının da avtomobil ilə təmin edilməsini xahiş etdik. Lakin cavabdehin 51 saylı qərarı ilə iddiaçıya avtomobilin təmin edilməsindən imtina edilmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında bildirmişdir ki, vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasına uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahatlar verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 4 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1330/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 4 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1330/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 4 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1330/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli **********2 nömrəli qərarından görünür ki, vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı sağ a. dorsalis pedisdə pulsasiya qeyd olunmamış, a.pos tibialisdə pulsasiya qeyd olunmuşdur. Hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, trofiki pozğunluq əlaməti müəyyən olunmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il də Aşağı ətraf arteriyalarının doppleroqrafiyası aparılmış, nəticə “Sağ ön tibial arteriyada və sağ dorsalis pedisdə okkluziya (grade 3)” kimi müəyyən olunmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qarar qəbul edilmişdir. İddiaçı üçün qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71 -ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Həmin Qərarın “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsinə əsasən, minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:

1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;

2. ağciyər çatışmazlığı, İİ dərəcəli;

3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez;

5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;

6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;

7. hər iki aşağı ətrafın fillik xəstəliyi;

8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;

9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;

10. hər iki bud-çanaq oyna-ğının ankilozu;

11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİİV dərəcəli əyilmələr;

12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);

13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;

14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;

15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2-1(116)-1330/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Aşağı, ətrafın dəqiqləşdirilməmiş donvurması. Hər iki aşağı ətrafın donvurmadan sonrakı vəziyyəti. Obliterasiya edən trombangit (Byurger xəstəliyi), Hər iki aşağı ətraf arteriyalarının obliterasiya edən trombangiit hər iki ön qamış arteriyaların stenozu mülayim dərəcəli qan dövranı pozğunluğu. Hərəkətin və yerişin pozulmaları, yeriş çətinləşməsi” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir.

23. Hazırki iş üzrə iddiaçının hüquqi marağı inzibati orqan tərəfindən minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən qoyulan diaqnoz “Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması. Hər iki aşağı ətrafin donvurmadan sonrakı vəziyyəti. Obliterasiya edən trombangit (Byurqer xəstəliyi). Hər iki aşağı ətraf arteriyalarının obliterasiya eden trombangit. Hər iki ön qamış arteriyalarının stenozu. mülayim dərəcəli qan dövranı pozğunluğu. Hərəkətin və yerişin pozulmalası Yeriş çətinləşməsi” diaqnozu qoyulmuşdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir.

26. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan iddia tələbi təmin olunmalıdır.

27. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2-1(116)-1330/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar