Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-639/2024 05.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(116)-1009/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı 4 nəfərdən ibarət (İddiaçı, X7, X8 və X9) iddiaçı və ailəsinə Zaqatala rayonu Əliabad kənd ərazisindən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınarkən texniki səhv olmuş və ********** qeydiyyat nömərli çıxarışda 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzinə 0.14 ha göstərilmişdir. Buraxılan texniki səhvə görə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda düzəliş olunması barədə cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3- 47/2-M-0127-8/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. İnzibati orqan ərizənin icrasından imtina etmişdir.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,14 ha torpaq sahəsi Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələrində iddiaçıya və ailə üzvlərinə verilmişdir. İddiaçının müraciətinə əsasən qeyd olunan 0,14 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə iddiaçının və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, ərizəyə 0,28 ha torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Buna görə də iddiaçının ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-M-0127-8/2023 (**********13) nömrəli məktub ünvanlanmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 avqust 2024-cü il tarixli, 2- 1(116)-1009/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(116)-1009/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(116)-1009/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(116)-1009/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
10. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə 2004-2010-cu illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, İddiaçı və ailə üzvlərinin adı qeyd edilmişdir. - ********** nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinin hüquqi subyekti İddiaçı, X10, X8, X4r. - A seriyalı 639874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi. - Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı və ona əlavə olunan subyektlər siyahısı; - AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, M İddiaçı, X8, X9 özlərinə məxsus 0.12 ha torpaq sahəsini X1. - Zaqatala Rayon İcra Hakimiyyətinin 12 iyul 2024-cü il tarixli məktubu; - xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X9 özünə məxsus 0.12 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-1135/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddia olunan 0.1340 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsinin hüdudları daxilində 158 E nömrə ilə sahəsi 0.1340 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr kimi İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçı tərəfindən naturada istifadə edilən 0.1340 ha torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 12.1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. .... Maddə 14.3. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Maddə 14.4. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Maddə 21.4. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,14 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsinə nail olmaqdır. Təqdim edilən 08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsinin 0,14 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.İddiaçı, tələbini sözügedən 0,28 ha torpaq sahəsinin Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı əsasında mülkiyyətə verildiyi ilə əsaslandırır.
22. Məhkəmə kollegiyası hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar olaraq Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamının məqsədi və tətbiqi dairəsini araşdırmışdır. Sözügedən sərəncam Əliabad qəsəbəsinin iki təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur.
23. Sərəncama subyektlər siyahısına əlavə edilmiş cədvəldən müəyyən olundu ki, X3 ailə tərkibi (3-cü qrafa) 4 nəfərdən ibarətdir. Ona məxsus qanuni həyətyanı torpaq sahəsi (5-ci qrafa) 0,12 ha, zəbt olunmuş torpaq sahəsi (6-cı qrafa) 0,02 ha olmaqla faktiki həyətyanı və digər sahələr (4-cü qrafa) 0.14 ha-dır. Bağ sahəsi (7-ci qrafa) 0,14 ha, əkin sahəsi (8-ci qrafa) isə 1,20 ha-dır. Cəmi olaraq (9-cu qrafa) 1,36 ha qeyd edilmişdir.
24. Sərəncamla bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya Zaqatala Rayon İcra Hakimiyyətinin 12 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Cədvəlin 9-cu qrafasında "cəmi" olaraq qeyd olunmuş 1,36 ha 6,7,8-ci qrafanın cəmi nəzərdə tutulur. Yəni "cəmi" olaraq qeyd olunmuş 1,36 ha 0,02 ha zəbtlər, 0,14 bağlar və 1,20 ha əkin sahələrinin cəmidir. Cədvəlin 4-cü qrafasında aparılmış "0,14” qeydi 5 ve 6-cı qrafalarında aparılmış qeydlərin cəmidir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə cəmi 1 ha pay torpaq sahəsi verildiyi qeyd edilmişdirsə, təkrar qeydə alınmış hüququnun 1,20 ha və 0,14 ha olmasının əsası 1,20 ha əkində çatacaq torpaq sahəsi, 0,14 ha isə bağ sahələrində islahatdan qabaq istifadə olunmuş torpaq sahəsidir və həmin 0,14 ha bağ sahəsi torpaq islahatında vətəndaşın mülkiyyətinə verilmişdir. Cədvəlin 6-cı qrafasında aparılmış "zəbt” qeydi yaşayış məntəqələri daxilində islahatdan qabaq vətəndaşın istifadəsində olan, həyətyanı torpaq sahəsinə aid olmayan və islahatda pay norması kimi xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi nəzərdə tutulur. İşin həlli ilə bağlı əlavə məlumat üçün bildirilir ki, Əliabad kənd əliabad kolxozunda (keçmiş "İliç") islahatda pay norması kimi adam başına 0,34 ha torpaq sahəsi hesablanmışdır. İddiaçı ve onun ailə üzvülərinə (cəmi 4 nəfər olmaqla) ümumbirgə mülkiyyətinə 0,12 ha həyətyanı, 1,36 ha torpaq sahəsi verilmişdir. Bundan 0,02 ha yaşayış məntəqələri daxilində həyətyanıya bitişik torpaq sahəsi, 0,14 ha bağ sahəsi və 1,20 ha əkin sahəsi verilmişdir .
25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə müvafiq Sərəncama əsasən 0,14 ha bağ sahəsi verilmişdir.Yəni,faktiki istifadə edilən 0,28 ha torpaq sahəsinin 0,14 ha hissəsi mülkiyyətə verilmiş,qalan hissə isə mülkiyyətə verilməmişdir. Cədvəlin 4-cü qrafasında qeyd edilən 0,14 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi olmaqla iddia tələbində qeyd edilən torpaq sahəsindən fərqli torpaq sahəsidir.
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilmişdir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər: a) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; b) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər.
27. Həmçinin həmin Qanunda göstərilmişdir ki, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir.
28. Yuxarıda qeyd edilən maddələrinin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur.
30. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
31. Beləliklə, aqrar islahat əsasında İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı 0,14 ha torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.Hər hansı hüquqmüəyyənedici sənəd olmadığından prosessual qənaət prinsipi baxımından iddia olunan torpaq sahəsinin mülkiyyətçisinin və kateqoriyasının müəyyən edilməsinə,mütəxəssis rəyi tələb edilməsinə zərurət yaranmamışdır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. 34 . Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(116)-1009/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.