Məhkəmə qərarları › İş №2-1(107)-64/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-64/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-64/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə (üçüncü şəxs Şəki Bələdiyyəsi) qarşı “Şəki bələdiyyəsinin 28 fevral 2006cı il tarixli qərarına əsasən iddiaçıya satılmış 0,0045 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarından İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki bələdiyyəsinin 28 fevral 2006-cı il tarixli 12 saylı qərarına əsasən ona satılmış 0,0045 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki bələdiyyəsinin 28 fevral 2006-cı il tarixli, 12 saylı Qərarına uyğun olaraq iddiaçının ərizəsi, Şəki Mədəniyyət şöbəsinin, şəhərin baş memarının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsinin razılıq məktubları nəzərə alınaraq şəhərin S.Mümtaz küçəsinin şərq hissəsindən mağaza tikintisi üçün iddiaçının mülkiyyətinə 45 kv.metr torpaq sahəsi satılmış və iddiaçıya satılmış həmin torpaq sahəsi üçün Şəki Bələdiyyəsinin hesabına 27 (iyirmi yeddi) manat pul ödənilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin 09.03.2021-ci il tarixli imtinasında göstərilmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin redaksiyasına əsasən “Torpaqların alqı-satqısına dair akt” tərtib olunmalı idi. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 13-1-ci bəndinə əsasən “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir”. Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt”ın təqdim olunmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0,0045 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh imtina ilə eyni məzmunlu 08.05.2021-ci il tarixli **********50 nömrəli iddiaya münasibət məktubu təqdim edərək bildirmişdir ki, vətəndaş tərəfindən təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusuna “Torpaqların alqı-satqısına dair akt”ın olmadığı müəyyən edilmişdir. Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarından İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi bələdiyyənin 28.02.2006-cı il tarixli 03 saylı iclas protokolunun qərarı ilə ünvan 1 ünvanda yaşayan İddiaçı ərizəsi, Şəki Mədəniyyət şöbəsinin 18.07.2005-ci il tarixli, 176 saylı razılıq məktubu nəzərə alınaraq mağaza tikmək məqsədi ilə şəhərin S.Mümtaz küçəsinin şərqindən, M.F.Axundov adına parkın qərb ərazisindən mülkiyyətinə 45 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin İddiaçı tərəfindən torpaq sahəsinin eləyəri olan 27 manat ödəniş bank vasitəsi ilə ödənilmiş və iş materiallarında olan bu barədə Şəki Bələdiyyəsinin məktubunda həmin ödənişin olunması sübuta yetirilmişdir. X9 Məhkəməsində olan zaman hakim tərəfindən həmin ödənişin bank vasitəsi ilə ödənilməsinə dair bankdan qəbz gətirilməsi məndən tələb edilmiş, lakin yoldaşım banka müraciət etdiyi zaman bank tərəfindən uzun müddətin keçdiyi üçün həmin qəbzin verilməsinin uzun müddət çəkəcəyi bildirilmişdir. Məhkəmə iclası zamanı bu barədə məhkəməyə məlumat verərək həmin sorğunun məhkəmə tərəfindən verilməsini xahiş etməyimə baxmayaraq məhkəmə vəsatətimi təmin etməmiş və öz qərarında “məhkəmə araşdırması zamanı nə arxiv qovluğundakı sənədlər sırasında, nə də iddiaçıda ödənişin həyata keçirilməsinə dair bank qəbzinin olmadığı müəyyən edilmədiyini” qeyd etmişdir. Şəki İnzibati Məhkəməsinin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.07.2021-ci il tarixli **********24 nömrəli məktubu ilə iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün tərtib edilmiş smeta iddiaçıya göndərilərək icra edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.07.2021-ci il tarixli **********24 nömrəli məktubu ilə iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün tərtib edilmiş smetanın iddiaçı tərəfindən ödənilməsinin qanunvericliyin hansı maddəsində göstərildiyini məhkəmə izah edə bilmədiyi üçün o həmin smetanı ödəməmiş və nəticədə məhkəmə müvafiq mütəxəssis rəyi olmadan iş üzrə müəyyən olunmuş sübut və sənədlər əsasında qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd etməsinin əsası kimi alqı satqı aktının olmamasını əsas gətirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi ləğv edilmiş və bu komitənin torpaq kadastrı, yer quruluşu funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (komitənin DƏDRX-nə) verilmişdir. Alqı satqının hazırda 3 tərəfdən biri məhz cavadeh Reyestr Xidmətidir. Cavabdeh isə bu müqaviləni bağlamaqdan imtina edir və ondan qeyrimümkünsüz bir şey olan köhnə tarixli alqı satqı müqaviləsi tələb edir. Bu isə Torpaq Komitəsinin ləğv olunması səbəbindən mümkünsüzdür. Hesab edir ki, qanun normalarının tələbləri baxımından inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh İdarə iddiaçıya Bələdiyyə tərəfindən satılan torpağın qeydə alınmasına imtinasını yalnız alqı-satqı aktının olmaması ilə şərtləndirməsi özü-özlüyündə cavabdehə təqdim olunmuş rəsmi sənədləri şübhə altına alır ki, bu da qeyd edildiyi kimi qanunla qadağandır. Digər tərəfdən mübahisə predmeti olan torpaq sahəsinin mağaza tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun yuxanda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 27 (iyirmi yeddi) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1 -ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Həmçinin hesab edir ki, iddia tələbinin toprağın alqı-satqı aktının bağlanmış hesab edilməsi (müəyyən edilməsi) torpağın Bələdiyyə tərəfindən müvafiq prosedurlara riayət edilməklə faktiki olaraq iddiaçının istifadəsinə verilməsi, eyni zamanda alqı-satqının baş tutmasını torpağa görə 2007-ci ildə 27 manat məbləğin ödənilməsilə təsdiq olunduğundan iddia tələbi təmin olunmaqla iddiaçının torpağa dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh İdarənin üzərinə qoyulmalıdır. Çünki qeyd olunan tarixdə vəzifəli şəxslərin səhlənkarlığı ucbatından ona ayrılan torpağa alqı satqı aktının tərtib edilməməsi mülkiyyət hüquqlarımın dövlət qeydiyyatından imtinası üçün əsas ola bilməz. Buna görə də Şəki bələdiyyəsinin 28 fevral 2006-cı il tarixli qərarına əsasən iddiaçıya satılmış 0,0045 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 14.10.2021 -ci il tarixli qərarını ləğv edib, Şəki bələdiyyəsinin 28 fevral 2006-cı il tarixli qərarına əsasən iddiaçıya satılmış 0,0045 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Şəki Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X7 filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 06.10.2021-ci il tarixli 275 nömrəli məktuba əlavə olaraq, Şəki bələdiyyəsinin 28.02.2006- cı il tarixli 03 saylı iclas protokolu və əlavələrin surətləri məhkəməyə göndərilmişdir. Şəki bələdiyyəsinin 28.02.2006-cı il tarixli 03 saylı iclas protokolunun “qərara alır” hissəsinin 1.44-cü bəndinə əsasən ünvan 1 ünvanda yaşayan İddiaçı ərizəsi, Şəki Mədəniyyət şöbəsinin 18.07.2005-ci il tarixli, 176 saylı razılıq məktubu nəzərə alınaraq mağaza tikmək məqsədi ilə şəhərin S.Mümtaz küçəsinin şərqindən, M.F.Axundov adına parkın qərb ərazisindən mülkiyyətinə 45 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Məktuba həmçinin DTXK Şəki rayon şöbəsinin Şəki bələdiyyəsinə ünvanlanmış məktubu, Şəki RİH Memarlıq və tikinti şöbəsinin DTXK şəki şöbəsinə ünvanlanmış 13/1612 nömrəli məktubu (məktubda tarix qrafasında məktubun tərtib edildiyi il qeyd olunmamışdır) əlavə edilmişdir. Şəki Bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli arayışında qeyd olunur ki, Şəki şəhəri, S.Mümtaz küçəsinin şərq hissəsindən mağaza tikintisi üçün iddiaçının mülkiyyətinə 45 kv.metr torpaq sahəsi satılmış və İddiaçı satılmış həmin torpaq sahəsi üçün İddiaçı Şəki Bələdiyyəsinin hesabına 27 (iyirmi yeddi) manat pul ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır. Belə ki, inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh iddiaçıya Bələdiyyə tərəfindən satılan torpağın qeydə alınmasına imtinasını yalnız alğı-satqı aktının olmaması ilə şərtləndirməsi özü-özlüyündə digər sənədləri şübhə altına alır ki, bu da qeyd edildiyi kimi qanunla qadağandır. Digər tərəfdən torpağın alğı-satqısının mövcudluğu işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyərək cavabdeh yalnız alğı-satqı aparılmasına dair aktın tərtib edilməməsini göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini etirazında vurğulayaraq iddianın mümkün sayılmamasını xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Kollegiya hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alğı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən 28 fevral 2006-cı il tarixində bələdiyyənin hesabına 27 (iyirmi yeddi) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1-ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2-1(116)-830/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. Şəki bələdiyyəsinin 28 fevral 2006- cı il tarixli qərarına əsasən İddiaçı satılmış 0,0045 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar