Məhkəmə qərarları › İş №2-1(107)-64/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-64/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-64/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ”fərdi yaşayış evi və torpaq sahəsinin bağışlanmasına dair notariat əməliyyatlarının X3 və X1 razılığı olmadan aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-2465/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ”fərdi yaşayış evi və torpaq sahəsinin bağışlanmasına dair notariat əməliyyatlarının X3 və X1 razılığı olmadan aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, iddia tələbinin geri götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 noyabr 2022-ci il tarixli 2- 1(116)-2465/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ”fərdi yaşayış evi və torpaq sahəsinin bağışlanmasına dair notariat əməliyyatlarının X3 və X1 razılığı olmadan aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinə baxılmasını arzu etməsə idi işin baxılmasında israrlı olmasa idi heç məhkəməyə müraciət etməzdi. Əgər məhkəməyə müraciət etmişsə, deməli, baxılmasını arzu edir və israrlıdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə o telefon vasitəsilə çağırılmışdır. Həmin vaxt məhkəmədə ona hüquqi savadsızlığından istifadə edərək ərizə yazdırmış, ona iddia ərizəsinə əlavə edilmiş sənədləri və xx.xx.2022-ci il tarixli hüquqi yardımın göstərilməsinə dair məktubu vermişlər. xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli məhkəmənin qərardadı poçt rabitəsi ilə ona çatdırılmışdır. Birinci instansiya məhkəməsinin hüquqi yardımın göstərilməsinə dair məktubu nəyə görə qanunvericiliyə uyğun olaraq ona göndərilməmişdir? Həmin məktubun ona çatdırılması barədə də iş materiallarında heç bir sübut yoxdur. Əgər məktub ona göndərilsə idi əlbəttə ki məktubda qeyd olunanlara münasibətini bildirərdi. Göründüyü kimi məhkəmə hüquqi yardımın göstərilməsinə dair məktubu ona göndərmədən onu xx.xx.2022-ci il tarixdə telefon vasitəsi ilə məhkəməyə çağırmış, hüquqi savadsızlığından istifadə edərək hüquqi yardım etmək əvəzinə ona iddianın geri götürülməsi ərizə yazdırmış, eyni zamanda da iddia ərizəsinə əlavə edilmiş sənədləri və hüquqi yardımın göstərilməsinə dair məktubu ona təqdim etmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bundanh başqa hazırkı işdə Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin imtinası, faktiki xarakterli hərəkəti ilə bağlı mübahisə yaranmış, bu mübahisənin isə inzibati məhkəmə icraatı qaydasında baxılması qanunvericilikdə dəqiq tənzimlənmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-2465/2022 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə kollegiyasına məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

9. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmadan icraata xitam vermişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

11. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərək göstərmişdir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir.

12. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasında israrlıdır. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsinin geri götürülməsi barədə ərizəni yazarkən onun mahiyyətini və nəticələrini əvvəlcədən bilməmişdir.

14. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iş üzrə icraata xitam verməklə səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək inzibati işin Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

15. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-2465/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar