Məhkəmə qərarları › İş №2-1(107)-64/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-64/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-64/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2230/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina əsası olaraq iddiaçıın ümumi sosial sığorta stajının 25 ildən az (21 il 2 ay 16 gün) olması və xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-L-108892/2023 nömrəli məktubla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı (21 il 02 ay 16 gün) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilərək ödənilməkdədir. İddiaçının əmək kitabçası, hərbi bileti və diplomuna əsasən mübahisələndirilməyən ümumi iş stajı 21 il 02 ay 16 gün təşkil edir. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əmək fəaliyyəti dövrləri xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil aldığı dövrlə üst-üstə düşdüyündən əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilmişdir. İddiaçıa məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının sığorta stajı qanunla nəzərdə tutulan (25 il) sığorta stajından az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

4. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli iddia tələbinə etiraza əlavəsində qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2016-cı il tarixli qəbz cavabdeh inzibati orqana müraciət zamanı təqdim edilməmiş və bununla bağlı hər hansı məlumat verilməmişdir. Bununla da xx.xx.2016-cı il tarixli qəbz barəsində inzibati icraat aparılması və qeyd olunan qəbzin həqiqliyinin müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda iddia tələbinin sözügedən hissəsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunmadığı və bu barədə cavabdehin imtinası olmadığından iddia tələbi təqdim olunmuş ödəniş qəbzi ilə bağlı hissədə mümkün hesab edilməməlidir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

5. İddiaçı adı, soyadı və ata adı ilə xx.xx.2016-cı il tarixli qəbz üzərində qeyd edilmiş (X4) ad, soyad və ata adı arasında fərqliliklərin olması qəbzin mötəbərliyinə ciddi şübhələr yaradır. Bundan başqa təqdim edilmiş yazılı etirazda da qeyd olunduğu kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair cavabdehin imtina məktubu əsaslı və qanunauyğun olmuşdur. Belə ki, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Odur ki, iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində rədd edilməli, ödəniş qəbzləri ilə bağlı hissədə isə mümkün hesab edilməməlidir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 oktyabr 2023-ci il tarixli, 2- 1(116)-2230/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2230/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2230/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)- 2230/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 07996022 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranmışdır.. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1958-ci il tarixdə doğulmuşdur. - JN-814 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Balakən rayonu Qazma kəndində yerləşən 1,16 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2016-cı il tarixli TT2626969 nömrəli mədaxil qəbzindən və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 39 saylı arayışından görünür ki, xx.xx.2016-cı il tarixdə X3 Orqanının ******************** saylı hesabına “DSMF torpağın mdds üçün İddiaçı” təyinatı üzrə 21 AZN vəsait ödənilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanunun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;

18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 250- İQ nömrəli Qanunun: Maddə 4. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; Maddə 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Maddə 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Maddə 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla müəyyən edilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz..

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2230/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

25. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanaı müəyyən edildi ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.

26. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 65 yaşının bitdiyi xx.xx.2023cü il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).

27. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.

28. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni xx.xx.2023-cü il tarixdə yaranmışdır.

29. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir.

30. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.

31. Cavabdeh hesab edir ki, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqı fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olaraq qeydə alınmamışdır.

32. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2016-cı ildə 21 manat məcburi dövlət sığorta haqqı ödənilmişdir. Ödənilmiş vəsait X3 Orqanının ******************** saylı hesabına “DSMF torpağın mdds üçün” təyinatı üzrə köçürülmüş, cavabdehin ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsi müəyyən edilməmişdir.

33. Bununla da iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi vəzifəsi yerinə yetirilmişdir. Həmin vəsaitin düzgün olaraq iddiaçının fərdi hesabında əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz.

34. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması ilə bağlı cavabdehin dəlilləri tamamilə əsassızdır.

35. İddiaçının adı, soyadı və ata adı ilə xx.xx.2016-cı il tarixli qəbz üzərində qeyd edilmiş ad, soyad və ata adı arasında fərqliliklərin olması və buna görə də qəbzin mötəbərliyinə ciddi şübhələr yaranması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən TT2626969 nömrəli mədaxil qəbzində və AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının adı, soyadı və ata adı – “İddiaçı” qeyd edilmişdir. Odur ki, ad, soyad və ata adı arasında fərqliliklərin olması ilə bağlı etirazın dəlili əsassızdır.

36. İlkin icraat zamanı iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli, TT2626969 nömrəli mədaxil qəbzinin təqdim edilməməsi ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati araşdırmanın aparılması “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinin tələbinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

37. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2016-cı ildə X3 Orqanının ******************** saylı hesabına “DSMF torpağın mdds üçün” təyinatı üzrə köçürülmüş 21 manat pul məbləği geri qaytarılmadığından və iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilmədiyindən, ödənilmiş vəsaitin düzgün olaraq iddiaçının fərdi hesabında əks olunması cavabdeh orqanın vəzifəsi olmuşdur. Cavabdeh orqan üzərinə düşən vəzifəni lazımi qaydada icra etmədiyi üçün həmin vəsait iddiaçının fərdi hesabında əks olunmamışdır. Bu isə o deməkdir ki, faktiki olaraq iddiaçının ödədiyi pul məbləği ilə bağlı məlumat cavabdeh orqanda öz xidməti vəzifəsinə görə olmalı idi. Odur ki, cavabdeh orqanın ilkin icraat zamanı sözügedən qəbzin təqdim edilməməsinə istinad etməsi tamamilə əsassızdır.

38. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.

39. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2230/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar