Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-640/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023-cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(116)- 1722/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Şəki penitensiar müəssisənin rəisi X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023-cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək cavabdeh orqanın düzgün qeyd edilmədiyi izah edilmişdir.
3. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək cavabdeh orqanı əvvəlcə Şəki Penitensiar müəssisəsi, daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətini göstərmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1722/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş cavabdehin dəqiqləşdirilməsi barədə sonuncu ərizə icraata qəbul edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolu ilə Şəki Penitensiar müəssisəsinin cavabdeh qeyd edildiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinin Qeydiyyat şöbəsinin baş inspektoru vəzifəsində xidmət edir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 2-ci bəndinə əsasən Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Hər bir halda bu müavinət verilməlidir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə cərrahiyyə əməliyyatı olunduğuna görə tibbi sənədlərini və müraciətini etsə də, Şəki penitensiar müəssisəsinin rəisi X4 tibbi sənədlərinin və müraciətinin geri qaytarılması barədə göstəriş verərək xəsəliyə görə müavinətin verilməsinə icazə verməmişdir.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-17/10/2-7852/2023 nömrəli məktuba əlavə olunmuş etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. Qulluq müddətində 2018-ci və 2022-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir.
7. Belə ki, qaydaların 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir (2.2-c bənd) : müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya- kurort müəssisəsinə göndəriş; müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; sanatoriyakurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Qaydaların 2.3-cü bəndinə uyğun olaraq müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara təqdim edilir. Əlavə olaraq bildiririk ki, qaydaların 2.7-ci bəndinə əsasən müavinətin verilməsi məsələsi yalnız müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. İddiaçı 2023-cü il üçün müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun müraciət etməmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 02 oktyabr 2023-cü il tarixli, 2- 1(116)-1722/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xəstəliklə bağlı müavinəti almaq üçün aidiyyəti üzrə hansı tarixdə müraciət olunduğu gözdən yayınıb. Həmçinin məhkəməyə hansı tarixdə müraciət etdiyinə diqqət yetirilməyib. 2023-cü ilin xəstəliklə bağlı müavinətini almaq üçün müraciət tarixi və həmçinin məhkəməyə müraciət etdiyi tarixdə o, Ədliyyə orqanlarında xidmət edirdi. Ədliyyə işçisi idi. Buna görə də, qanunda qeyd edildiyi kimi 2023-cü il üçün xəstəliklə bağlı müavinət ona ödənilməlidir. Bunun üçün Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin arayışını və həkim sənədlərin məhkəməyə təqdim etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1722/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1722/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-16-17/7/2-Ə-162-6/2023 nömrəli imtina məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikasının xx.xx.2023-cü il tarixli 666 nömrəli tibbi arayışda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi Şəki Pentensiar müəssisəsi Qeydiyyat Şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı Tibb Baş idarəsinin Poliklinikasına təqdim etdiyi sənədlərə əsasən o, həqiqətən Mel Aura MMC klinikasında tibbi müayinədən keçmiş və aşkar olunmuş xəstəliklə əlaqədar stasionar müalicə almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 279/k nömrəli əmrindən görünür ki, iddiaçı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.1-ci maddəsinə əsasən (öz arzusu ilə) tutduğu vəzifədən azad edilmiş və ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar.
17. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”: 1.2. Müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir. 1.5. İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər. 1.6. Bu Qaydalarda nəzərdə tutulan məqsədlər üçün verilən müavinət ədliyyə orqanlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilir. 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. 2.9. müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir. və Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)-1351/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2023-cü il tarixədək Penitensiar xidmətdə qulluq keçmişdir.
25. İddiaçı, xx.xx.2023-cü il tarixdə cərrahiyyə əməliyyatı olunduğuna görə tibbi sənədlərini və müraciətini cavabdeh orqana təqdim etsə də, ona 2023-cü il üzrə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilmədiyini bildirir.
26. Hazırkı qərarın 17-ci bəndində istinad olunan “Qaydaların” tələbləri baxımından iddiaçıya iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsi üçün o, cavabdeh orqana müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayışı və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndərişi, müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsini və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənədi və sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədini təqdim etməlidir.
27. Cavabdeh orqanın imtina cavabından görünür ki, iddiaçıya 2022-ci il üçün Maliyyə Nazirliyi tərəfindən xərc maddəsində kifayət qədər maliyyə vəsaitinin ayrılmaması əsası ilə imtina cavabı verilmiş və ötən 2022-ci ildə tibbi müavinət almayan əməkdaşlara müavinətin verilməsinin nəzərdə tutulması, cari ilin sonuna qədər müvafiq xərc maddəsinə əlavə vəsait ayrılacağı halda tibbi müavinətin verilməsi məsələsinə baxılacağı bildirilmişdir.
28. Göründüyü kimi yuxarıda istinad olunan “Qaydaların” 2.9-cu bəndində müvafiq büdcə vəsaiti tükəndikdə müraciətin baxılmamış saxlanılması birmənalı olaraq müəyyən edildiyindən və cavabdeh orqan məhz kifayət qədər maliyyə vəsaitinin olmaması əsasına istinad etdiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
29. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023-cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi müavinətin ona verilməsindən imtina barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
30. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun 23-cü maddəsinin 23-cü maddəsinin 2-ci bəndinə əsasən 2023cü il üçün nəzərdə tutulmuş tibb müavinətinin ona ödənilməsi” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1722/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.