Məhkəmə qərarları › İş №2-1(107)-642/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-642/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-642/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlundan və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs Ağdaş bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı iclasının qərarı əsasında ona ayrılmış, Ağdaş şəhəri 14-cü məhəllədə yerləşən 500 kv.m ölçüdə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2199/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 152 nömrəli qərarına əsasən onun mülkiyyətinə verilmiş, Ağdaş şəhəri 14-cü məhəllədə (52 saylı yer) yerləşən 20,0 m x 25,0 m = 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbinin əsaslarına görə, Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 152 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş Ağdaş şəhəri, 14-cü məhəllədə (52 saylı yer) yerləşən 20,0 m x 25,0 m = 500.0 kv.m ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsinə aid plan-ölçü verilmişdir. Ağdaş bələdiyyəsinin aktına əsasən həmin ərazidə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Hətta Ağdaş Rayon İcra Hakimiyyətindən tikinti işləri ilə bağlı rəy alınmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-İ-0013-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müraciətlə bağlı təqdim edilmiş sənədlər toplusu ekspertiza edilərkən məlum olmuşdur ki, “Torpaq sahəsinin alqı-satqısına dair” akt və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ərizəyə əlavə olunmamışdır. Bu səbəblə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina olunmuşdur.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-2493/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirməklə iddia tələbinə etirazını bildirmiş və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2199/2023-cü il tarixli qərardadı ilə Ağdaş rayonu, Ağdaş bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

5. Üçüncü şəxs Ağdaş rayonu Ağdaş bələdiyyəsi xx.xx.2023-cü il tarixli 316 nömrəli məktubunda qeyd etmişdir ki, Ağdaş Bələdiyyəsi üzvlərinin ümumi iclasının 24 iyun 2005ci il tarixli 07 saylı protokol qərarına uyğun olaraq Ağdaş şəhər sakini İddiaçı Əliyusif oğlunun ərizəsi nəzərə alınaraq Ağdaş Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli 152 saylı qərarı ilə şəhərin 14-cü yaşayış məhəlləsindən həyətyanı məqsədi üçün ona 500 kv.m ölçüdə həyətyanı torpaq sahəsi adına ayrılaraq verilmişdir. Bunun müqabilində vətəndaş İddiaçı Əliyusif oğlu 27 iyun 2005-ci İl tarixdə X1 Bankdakı ********** saylı hesabına 500.000 manat pul ödənişi etmişdir. Vətəndaş ona təqdim edilmiş torpaqayırma sənədlərini 2007-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətinə təqdim etmiş, Ağdaş Rayon İcra Hakimiyyətinin 07 fevral 2007-ci il tarixli məktubuna və eskiz layihəsinə uyğun olaraq fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı Əliyusif oğlu hal-hazırda həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Ağdaş Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına qeydiyyatda olmaqla vergilər onun tərəfindən ödənilir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı iclasının qərarına uyğun olaraq xx.xx.2005-ci il tarixli, 152 nömrəli qərar əsasında iddiaçıya ayrılmış, Ağdaş şəhəri 14-cü məhəllədə yerləşən 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-2199/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 152 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün 0.05 torpaq sahəsi iddiaçıya ayrılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466- İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, “torpaq sahəsinin alqı-satqısına dair akt”ını və “Torpaq sahəsinin planı və ölçüsü” sənədini iddiaçı tərəfindən ərizəyə əlavə edilməmişdir. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra ayrılmasına dair həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Bələdiyyənin ehtiyyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanın rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Birinci İnstansiya Məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, bələdiyyə torpağınının satışına icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirirdi və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı- satqısına dair üç nüsxədən ibarət akt tərtib edilirdi. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilirdi. Ancaq iddiaçı tərəfindən mübahisə premeti olan torpaq sahəsinə dair bələdiyyə ilə vətəndaş arasında bağlanmış alqı-satqı aktı mövcud deyildir. Mülki Məcəllənin 390.2. maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planı hazırlanır və həmin ərazinin yerləşməsi mövqeyini özündə əks etdirirdi. Hazırki iş üzrə torpaq sahəsinin plan və ölçü sənədinin mövcud olmaması prosedur qaydanın düzgün aparılmamasına dəlalət edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-2199/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-2199/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)- 2199/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ağdaş bələdiyyəsinin nümayəndəsi X7 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ağdaş bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli 152 nömrəli qərarının surətindən görünür ki, iddiaçının ərizəsi nəzərə alınaraq Ağdaş şəhərinin 14-cü məhəlləsində, şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən 20,0m x 25,0m = 500 kv.m ölçüdə torpaq sahəsi ev tikintisi üçün iddiaçıya ayrılmışdır. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-32-15/2-37/2023 nömrəli məktubuna Ağdaş bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli 152 nömrəli qərarının təsdiq olunmuş arxiv nüsxəsi əlavə olunmuşdur. - Həmçinin 152 nömrəli xx.xx.2005-ci il tarixli qərarın təsdiq olunmuş arxiv nüsxəsindən və arxivdə saxlanılan əlyazmasının surətindən görünür ki, müvafiq qərar Ağdaş bələdiyyəsi üzvlərinin xx.xx.2005-ci il tarixli 07 saylı iclasının protokol qərarına uyğun olaraq qəbul edilmişdir. - Ağdaş rayonu Ağdaş bələdiyyəsi xx.xx.2023-cü il tarixli 316 nömrəli məktubunda qeyd etmişdir ki, Ağdaş Bələdiyyəsi üzvlərinin ümumi iclasının 24 iyun 2005-ci il tarixli 07 saylı protokol qərarına uyğun olaraq Ağdaş şəhər sakini İddiaçı Əliyusif oğlunun ərizəsi nəzərə alınaraq Ağdaş Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli 152 saylı qərarı ilə şəhərin 14-cü yaşayış məhəlləsindən həyətyanı məqsədi üçün ona 500 kv.m ölçüdə həyətyanı torpaq sahəsi adına ayrılaraq verilmişdir. - Ağdaş bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 316 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2005-ci il tarixli 57 nömrəli qəbzin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3820/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş bələdiyyəsinin “X2 X5”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 542 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar. 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.

18. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir”.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı adına evi tikintisi üçün ayrılan 500 kv.m torpaq sahəsi ayrılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2005-ci il tarixli ödəniş qəbzinə əsasən Ağdaş bələdiyyəsinin hesabına ödənilmişdir. O, hal-hazıra kimi həmin torpaq sahəsindən və evdən maneəsiz və etirasız istifadə etmişdir. Hal-hazırda torpaq sahəsinə dair yerli bələdiyyənin ona qarşı iddiası yoxdur.

27. Məhkəmə kollegiyası cavabdehin İddiaçı Ağdaş şəhəri 14-cü məhəllədə 500 kv.m ölçüdə satılmış torpaq sahəsinin plan və ölçü sənədinin mövcud olmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3820/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş bələdiyyəsinin “X2 X5”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 542 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

28. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən mübahisə premeti olan torpaq sahəsinə dair bələdiyyə ilə vətəndaş arasında bağlanmış alqı-satqı aktı mövcud deyildir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.

30. Qanunvericiliyin tələbindən də göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməlidir.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bələdiyyə müvafiq qərarı ilə iddiaçıya müraciəti əsasında torpaq sahəsini ayırmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmiş, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Ödəniş qəbzinin təsdiq olunmuş surəti üçüncü şəxs Ağdaş bələdiyyəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş, həmçinin torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənildiyi təsdiq olunmuşdur. İş üzrə mütəxəssis rəyi ilə Elektron məlumat bazasında mövcud olan Ağdaş bələdiyyəsinin “X2 X5”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 542 kv.m torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar, mülkiyyətçisinin Ağdaş bələdiyyəsi olması, eləcə də iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı faktiki olaraq torpaq sahəsini almış və dəyərini ödəmişdir.

32. Göstərilənlərə nəzərən məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır.

33. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verməkdədir.

34. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir.

35. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir.

36. İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinə görə, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir.

37. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür.

38. Məhkəmə kollegiyası cavabdeh orqanın irəli sürdüyü dəlilə qiymət verərək onu da qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə sonuncu ilə arasında alqı-satqı aktının aşkar edilməməsi iddiaçının təqsiri üzündən baş verməmiş və bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qərar verilmişdir ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qevdiyyatı üçün əsasdır.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı iclasının qərarına uyğun olaraq xx.xx.2005-ci il tarixli, 152 nömrəli qərar əsasında iddiaçıya ayrılmış, Ağdaş şəhəri 14-cü məhəllədə yerləşən 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağdaş bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı iclasının qərarı əsasında ona ayrılmış, Ağdaş şəhəri 14-cü məhəllədə yerləşən 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-2199/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar