Məhkəmə qərarları › İş №2-1(107)-645/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-645/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-645/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “**********87-reyestr nömrəli çıxarışın və onun plan-ölçü sənədinin 0.10 ha həyətyanı torpaq sahəsinə dair MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəsi olan çıxarışın və 0.10 ha həyətyanı torpaq sahəsinə dair MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəsi olan çıxarışın TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1310/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Göyçay rayonu Qaraməryəm kəndində yerləşən hər birinin sahəsi 0,10 ha olan 2 torpaq sahəsi üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə, ********** və ********** qeydiyyat nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı, cavabdeh orqana müraciət edərək sözügedən torpaq sahələrinə dair yeni elektron uçot məlumatlarına əsasən çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında yeni elektron uçot məlumatlarına əsasən sözügedən torpaq sahələrinin başqa şəxsə məxsus **********87 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsini bildirərək imtina cavabı vermişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********87-reyestr nömrəli çıxarışın və onun plan-ölçü sənədinin 0.10 ha həyətyanı torpaq sahəsinə dair MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəsi olan çıxarışın və 0.10 ha həyətyanı torpaq sahəsinə dair MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəsi olan çıxarışın TEKUİS-də yerləşmə vəziyyəti ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-3473/2024 nömrəli qərardadı ilə iş üzrə inzibati məhkəmə icraatına X3 üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən torpaq sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlər deyil, həmin sənədlər əsasında cavabdeh tərəfindən səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi, yəni torpaq sahələrinə dair qeydiyyatın özü və bununla bağlı plan-ölçü sənədi mübahisələndirilir. Cavabdeh orqan **********87 nömrəli çıxarışın və onun plan-ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsinə şamil edilməsi ilə səhvə yol vermişdir. Belə ki, cavabdeh orqan **********87 nömrəli çıxarışın və onun plan-ölçü sənədini tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək qeyd etməli olduğu halda bunu etməmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı ərizədə qeyd olunan məsələlərlə bağlı idarəyə müraciət etməmişdir. İddiaçıya məxsus torpaq sahələri **********87 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1310/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi “üçüncü şəxsin çıxarışının iddiaçıya məxsus çıxarışlarla üst-üstdə düşən hissədə ləğv edilməsi” olmasına baxmayaraq, cavabdehə ilkin müraciəti yeni elektron uçot məlumatlarına əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən iki 0,10 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı olmuşdur. Həmçinin, məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli imtina məktubu cavabdeh tərəfindən İddiaçı müraciəti əsasında tərtib edilmiş imtina məktubudur. Bu isə iddiaçının hazırkı tələblə cavabdehə müraciət etmədiyini göstərir. Digər tərəfdən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin sənədlərinin üst-üstdə düşməsi mövcud deyildir. Əgər mübahisə ilkin hüquqmüəyyənedici sənədlərlə tərtib edilmiş çıxarışlar və yaxud faktiki istifadə edilən torpaq sahəsinin koordinatları ilə bağlıdırsa bu halda iddiaçı və üçüncü şəxs Çıxarışların faktiki istifadəyə uyğunlaşdırılması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etməlidirlər. Əgər tələb naturada iddia olunan torpağa dair üçüncü şəxsin çıxarışının ləğvindən ibarətdirsə iddiaçı ilkin olaraq həmin tələblə cavabdehə müraciət etməli, tələbinin icrası təmin edilmədikdə və ya qanunla nəzərdə tutulmuş müddət ərzində cavablandırılmadıqda məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiasının mümkün sayılması və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: - Məhkəmə özü də göstərir ki, mümkünlük yalnız formal şərtlərin yoxlanmasıdır; əsaslılıq ayrı mərhələdir. Buna baxmayaraq, məhkəmə “mütəxəssis rəyləri”nə istinad edib torpaq sənədlərinin üst-üstə düşmədiyini, iddiaçının göstərdiyi 0,20 ha sahənin 0,0737 ha hissəsinin üçüncü şəxsin çıxarışı ilə üst-üstə düşdüyünü, başqa kadastr planları ilə müxtəlif kv.m ölçülərdə üst-üstə düşmələr olduğunu yazaraq faktiki maddi-hüquqi qiymətləndirmə aparıb. Bu isə İPM-də təsvir edilən mümkünlük/əsaslılıq ayırımı ilə ziddiyyət təşkil edir. Yardımetmək vəzifəsi (İPM-in 13-cü maddəsi; Plenum05/2015, b.3.1–3.4) kağız üzərində göstərilsə də, real tətbiq edilməyib. Məhkəmə “şifahi hüquqi yardım göstərdiyini” qeyd etsə də, İPM-in 46.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsini tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət verməyib və konkret çatışmazlıqların necə aradan qaldırılmalı olduğunu yazılı qaydada bildirməyib. Yardım etmək vəzifəsi sadəcə izahat verməklə bitmir; qanun iddiaçının mövqeyinin düzgün formalaşması üçün müddət təyinini və şərait yaradılmasını tələb edir. “İlkin müraciətin predmeti fərqlidir” arqumenti formalistdir və faktiki materiallarla ziddiyyət təşkil edir. İddiaçı cavabdehə yeni elektron uçota əsasən çıxarış və plan-ölçü verilməsi üçün müraciət edib; həmin müraciət imtina ilə nəticələnib. İmtinanın özündə koordinatların başqa reyestrlə üst-üstə düşməsi göstərilib. Bu halda məhkəməyə yönələn tələb – üst-üstə düşən hissədə ləğv öhdəliyi – məhz idarənin öz normativ öhdəliklərinin (texniki səhvlərin aradan qaldırılması, TEKUİS uyğunsuzluqlarının düzəldilməsi) icrası üçün uyğunlaşdırılmış hüquqi nəticə kimi çıxış edir. Yəni, eyni mübahisə çevrəsində (kadastr/TEKUİS uyğunsuzluğu) eyni orqana yönələn “öhdəliyin icrası” iddiasıdır və “tam ayrı predmet” kimi qiymətləndirilməsi yolverilməzdir. İPM-in 12-ci maddələri üzrə məhkəmənin aktiv vəzifələri yerinə yetirilməyib. Məhkəmə “mümkünlük” adı altında mahiyyətə girən ziddiyyətləri göstərsə də, İPM-in 12.1–12.2-si tələb etdiyi kimi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktların araşdırılması, zəruri sübutların toplanması, əlavə məlumatların tələb edilməsi istiqamətində real tədbir görməyib; əksinə, bu qiymətləndirməni “mümkünlük” pərdəsi altında yekunlaşdırıb. Bu isə İPM-in 12-ci maddələrindən irəli gələnaktiv araşdırma öhdəliyinin pozuntusudur. Məhkəmə, eyni mübahisə çevrəsində inzibati orqanın normativ öhdəliklərini (texniki səhvlərin aradan qaldırılması, TEKUİS uyğunlaşdırması) nəzərə almadan “ilkin müraciət” tələbinə həddən artıq dar yozum verib. İddia ərizəsində cavabdehin normativ öhdəliklərinə, o cümlədən texniki səhvlərin aradan qaldırılması və elektron kadastr məlumatlarına uyğunlaşdırma vəzifələrinə açıq istinadlar mövcuddur. Bu, iddianın təbiətini “öhdəliyin icrası” kimi müəyyən edir və cavabdehə müraciətin faktını (imtina məktubu) nəzərə alaraq, məhkəməyə müraciəti legitimləşdirir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

19. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı üçüncü şəxsin adına olan **********87 reyestr nömrəli çıxarışın, iddiaçıya məxsus 0,10 ha ölçülü iki həyətyanı torpaq sahələrinə dair MA seriyalı ******* (qeydiyyat № **********) və MA seriyalı ******* (qeydiyyat № **********) çıxarışlarda göstərilən torpaq sahələrinin TEKUİS-də yerləşmə vəziyyəti ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdır.

21. İlkin icraat zamanı iddiaçının cavabdehə müraciəti Göyçay rayonu Qaraməryəm kəndində yerləşən hər birinin ölçüsü 0,10 ha olan iki torpaq sahəsinə yeni elektron uçot məlumatlarına əsasən çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı olmuş, cavabdeh orqan sözügedən torpaq sahələrinin koordinatlarının başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini bildirərək imtina cavabı vermişdir.

22. İddia tələbinə etirazında cavabdeh orqan bildirir ki, iddiaçı qeyd olunan məsələ ilə bağlı ərazi idarəsinə müraciət etməmişdir.

23. Birinci instansiya məhkəməsi, qaldırılmış iddia ilə inzibati orqana edilmiş ilkin müraciətin bir-birinə uyğun olmadığını qeyd edərək iddianı mümkünsüz saymışdır.

24. Nəzərə alınmalıdır ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın xüsusi mümkünlük şərtlərindən biri də, iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, cavabdeh orqana müraciətində üçüncü şəxsə aid qeydiyyatın özünə məxsus hesab etdiyi torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbini irəli sürmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qeyri-mümkün hesab etmişdir.

26. Belə ki, məhz bu tələb irəli sürüləcəyi halda cavabdehin apardığı inzibati icraat çərçivəsində həm iddiaçının, həm də üçüncü şəxsin torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları ilkin torpaqayırma sənədləri əsasında yoxlanacaq və üst-üstə düşmə ilə bağlı məsələyə hüquqi qiymət veriləcəkdir. Bu araşdırmanın nəticəsi isə iddiaçının qaldıracağı iddianın cavabdehini və iddianın predmetini müəyyənləşdirəcəkdir.

27. İş materiallarından görünür ki, üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş hüquq müəyyənedici sənəd qismində Göyçay rayon Qaraməryəm bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı iclas protokolunun qərarına istinad edilmişdir.

28. Həmin qərara əlavə edilmiş satılan torpaq sahəsinin yerquruluşu planından çıxarışda torpaq sahəsinin konkret yerinin müəyyən edilməsinə imkan verən koordinatlar öz əksini tapmamışdır. Bununla belə qonşu torpaq sahələrinə münasibətdə “B”-dən “C”-yə kimi “idman meydançası” və “Ç”-dən “A”-ya kimi “Abbasov Ziyad” qeyd icra edilmişdir.

29. Odur ki, üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsinin qonşu torpaqları yoxlanılmaqla onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsinin məhz bələdiyyənin xx.xx.2006-cı il tarixli 04 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi olub-olmaması dəqiqləşdirilməlidir.

30. Əgər sözügedən qeydiyyat bələdiyyənin təsdiq etdiyi yerquruluşu planında göstərilən ərazidə düzgün aparılmışdırsa, iddiaçı müvafiq bələdiyyənin torpaqayrıma qərarını mübahisələndirməli, qaldırılmış iddia müsbət nəticələndiyi halda hazırkı cavabdehə üçüncü şəxsin mülkiyyət hüququna dair aparılmış qeydiyyatın üst-üstə düşən hissədə ləğvi tələbi ilə müraciət etməlidir.

31. Əks halda, yəni müəyyən edilərsə ki, cavabdeh orqan üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnu bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsində yox, başqa (hazırkı) ərazidə qeydiyyata almışdır, o zaman hazırkı cavabdehin hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir.

32. Lakin, hər bir halda iddiaçı, ilk növbədə üçüncü şəxsin adına verilmiş çıxarışın üst-üstə düşən hissədə ləğvi tələbi ilə hazırkı cavabdehə ayrıca müraciət edilməli və aparılan araşdırmanın nəticəsindən asılı olaraq yuxarıda qeyd edilən qaydada irəli sürüləcək tələb və iddia tələbinə cavab verməli olacaq inzibati orqan müəyyən edilməlidir.

33. Birinci instansiya məhkəməsinin “mütəxəssis rəyləri”nə istinad etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan faktiki olaraq üst-üstə düşmə ilə bağlı imtina cavabı verdiyindən, imtina dəlili haqlı olaraq məhkəmə tərəfindən yoxlanılmışdır. Cavabdehin istinad etdiyi imtina dəlili mütəxəssis rəyi ilə öz təsdiqini tapdığından, artıq növbəti mərhələdə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün zəruri olan mümkünlük şərti – yəni, üçüncü şəxsin adına aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının mübahisələndirilməsi məsələsi -iddianın mümkünlüyü baxımından yoxlanılmışdır.

34. Apellyasiya şikayətinin dəlillərindən biri olan “məhkəmənin yardım etmək vəzifəsinə əməl etməməsinə” münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı, cavabdeh orqana məhkəmədə iddia qaldıranadək müraciət etmiş olmalı, mənfi cavab aldığına görə iddia qaldırmalıdır. Yəni, məhkəmədən cavabdeh orqana müraciət edilməsi və imtina cavabının alınması üçün vaxt istənilməməlidir. İddiaçı bununla bağlı əvvəllər etdiyi müraciətinə verilmiş imtina cavabını təqdim etmək üçün vaxt istəyə bilər. İş materialları ilə iddiaçının əvvələr bu tələblə cavabdeh orqana müraciət etməsi və müraciətinə mənfi cavab verilməsi müəyyən edilmir.

35. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1310/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar