Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-646/2024 16.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin ayrılması barədə qərarın qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş şəhadətnamənin dəyişdirilməsi tələbinə dair Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2-1(116)-2548/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ailəsi ilə birlikdə 1985-ci ildən Göyçay rayonu, Müskürlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Həmin torpaq sahəsi və yaşayış evi Göyçay rayonu Müskürlü kəndinə aid təsərrüfatbaşına kitabda qeyd edilmişdir və iddiaçının mərhum atası Qüdrət Muradova məxsus olmuş ev və torpaq sahəsi ilə yanaşı ərazidədır.
2. İddiaçıya yaxın ərəfələrdə məlum olmuşdur ki, iddiaçının mərhum atasına məxsus olmuş torpaq sahəsi (ev göstərilməklə) Göyçay Rayon Aqrar İslahat Komissiyasının 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarı ilə təsərrüfat başçısı qismində qardaşı X2 qeyd olunmaqla 5 nəfər şəxsin mülkiyyətinə verilmişdir.
3. DTXK Göyçay rayon şöbəsi tərəfindən AİK-in həmin qərarı əsasında adıçəkilən şəxslərin adına JN-0194 nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir.
4. İddiaçı Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli qərarının qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş JN-0194 nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin dəyişdirilərək, 0,08 ha ölçüdə torpaq sahəsinin ayrılması ilə bağlı hazırkı cavabdeh Göyçay RİH-ə müraciət etmişdir. Lakin qaldırılan məsələ müsbət həllini tapmamışdır.
5. Bundan sonra İddiaçı cavabdeh Göyçay RİH-ə qarşı Rayon AİK-in qərarının qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin dəyişdirilərək, 0,08 ha ölçüdə müvafiq torpaq sahəsinin ayrılması tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə 13 iyun 2024-cü il tarixdə müraciət etmişdir.
6. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), Rayon AİK-in qərarı və şəhadətnamədə nəzərdə tutulan, Göyçay rayonu Müşkürlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində sərəncam verə bilmir və bununla da onun mülkiyyət hüququ pozulur.
7. Cavabdeh Göyçay RİH-nin mövqeyi belədir ki (iddiaya qarşı yazılı münasibətə əsasən), Azərbaycan Respublikası Aqrar İslahat Komissiyasının və rayon və yerli aqrar islahat komissiyalarının əsasnamələrində komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu təsbit edilmişdir. Aqrar islahatlar başa çatdıqdan sonra komissiyalar ləğv edilmişdir. İş üzrə məhkəmənin mülahizəsinə əsasən qərar çıxarılması məqsədəuyğun hesab edilir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etmiş və bildirmişdir ki, şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçının mərhum atasına məxsus olmuşdur və təsərrüfatbaşına kitabda müvafiq qeydlər aparılmışdır. Lakin torpaq sahəsi AİK-in qərarındakı və şəhadətnamədəki əraziyə aid edilmişdir. Bununla əlaqədar AİK-in hüquqi varisi RİH-ə müraciət olunsa da, müsbət cavab alınmamışdır. Şəhadətnamənin mövcudluğu iddiaçıya Göyçay Rayon Məhkəməsinin icraatındakı müvafiq mülki işin icraatında məlum olmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 16 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2548/2024 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.
10. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2-1(116)-2548/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). .
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
19. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
20. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı İqtisadiyyat Nazirliyinə) verilmişdir.
21. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.
22. Nizamnamənin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.
23. Göründüyü kimi, hazırkı İddiaçı iddiasında Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarını və DTXK Göyçay rayon şöbəsi tərəfindən verilmiş JN- 019A nömrəli “Torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamə”ni mübahisələndirir (dəyişdirilməsini tələb edir).
24. İddiaçının hər iki tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla biri digərindən (ikinci tələb birincidən) asılıdır. İddiaçının mübahisələndirdiyi şəhadətnamə AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarı əsasında verilmişdir.
25. Məhkəmə kollegiyası mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusatı da diqqətə çəkir ki, Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli qərarında və şəhadətnamədə adları qeyd olunan şəxslərə torpaq sahələri qərarın tarixi ərəfində ayrıldığı təkzib olunmur və inzibati praktika baxımından ağlabatandlır. Həmçinin, iddiaçının mübahisə predmeti olan qərar və şəhadətnamə barədə rəsmi məlumatlandırılması təsdiqlənməsə də, onun qərar qəbul olunandan sonrakı dövrlərdə həmin mübahisəli torpaq sahəsindən istifadə etməsi müəyyən olunmur. Onun hər hansı hərəkəti ilə bu istifadəni başqa şəxslər qarşısında bəyan etmiş olduğu halda, mötəbər (mübahisələndirilməmiş) hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətçi qismində çıxış etmiş şəxslər böyük ehtimalla mülki mübahisə açmış olardılar. Hansı ki, bu barədə hazırkı icraatda xüsusat məlum deyil.
26. Odur ki, hazırkı işin hallarına görə AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarının qəbul olunduğu tarixdən sonrakı müddətdə qərarla ayrılmış torpaq sahəsinin başqa şəxslərin istifadəsində olması barədə məlumatsız olması mümkünsüzdür.
27. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun..
28. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar.
30. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
32. Qeyd olunmalıdır ki, həm Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarının qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir.
33. Bununla da belə nəticə yaranır ki, iddiaçı Göyçay Rayon AİK-in 8 sentyabr 1997ci il tarixli 30 nömrəli qərarını məhkəmə müstəvisində mübahisələndirmək üzrə prosessual müddəti 25 ildən artıq vaxt buraxmışdır. İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) üzrə xüsusatlar ortaya çıxmamışdır.
34. Bundan başqa, iddiadakı birinci tələb üzrə iddia müddəti buraxıldığından, iddiaçının hüquqi marağına uyğun olaraq ona məhkəmə tərəfindən ikinci tələbə münasibətdə İPM-in 13-cü maddəsi rəhbər tutulmaqla ikinci cavabdehin cəlb olunmasının tövsiyə olunması da məqsədəuyğun sayıla bilməz. Hansı ki, şəhadətnamə Göyçay RİH tərəfindən deyil, DTXK Göyçay rayon şöbəsi tərəfindən verilmişdir və ləğv olunmuş DTXKnın müvafiq səlahiyyətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həyata keçirilir.
35. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı vaxtilə Göyçay Rayon AİK-in 8 sentyabr 1997-ci il tarixli 30 nömrəli qərarının mübahisələndirilməsi üzrə iddia qaldırılması müddətini uzun müddət buraxdığından, hazırda onun qaldırdığı iddiası çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilə bilməz. Bu səbəbdən də iddia həmin hissədə mümkün sayıla bilməz. İddianın ikinci hissəsi də, həm hazırkı cavabdehə yönəlmədiyindən, həm də birinci tələbdən asılı olduğundan, mümkünsüzdür.
36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Göyçay RİH-ə qarşı «torpaq sahəsinin ayrılması barədə qərarın qismən ləğv edilməsi və həmin qərar əsasında verilmiş şəhadətnamənin dəyişdirilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır.
37. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2-1(116)- 2548/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2-1(116)-2548/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.