Məhkəmə qərarları › İş №2-1(107)-646/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-646/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-646/2025 04.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı Mövlud oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mövlud oğlunun Cavabdehnə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək, əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əlillik altsistemi”ndən çıxarışdan görünür ki, iddiaçının xx.xx.2001-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz İİ dərəcəli əlilliyi müəyyən edilmişdir.

2. Agentliyin elektron poçt ünvanına mailto:boss.sask@bk.ruElektron ünvan elektron poçt ünvanından xx.xx.2022-ci il tarixdə anonim müraciət ərizəsi daxil olmuşdur.

3. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən araşdırmalar aparılmış, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli, **********7 nömrəli bildiriş ünvanlanaraq əyani müayinəyə dəvət edilmişdir.

4. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 40 nəfər vətəndaşın, o cümlədən iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə baxılaraq əyani müayinə aparılmış və xx.xx.2022-ci il tarixli, **********6 nömrəli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul etdiyi - “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın qəbul edildiyi tarix - xx.xx.2022-ci il qeyd edilmişdir. Həmçinin, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”da - iddiaçı barəsində qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın tarixi - xx.xx.2022-ci il göstərilmişdir.

6. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 35 nəfər vətəndaşın, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və oktyabr 2023-cü il tarixdə 3-17-4/3-3-17923/2023 №-li “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə növbəti dəfə eyni məzmunlu qərar qəbul edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

7. İddiaçı, cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “imtina qərarını dəyişdirərək, imtina verilmiş gündən (xx.xx.2022) etibarən əlilliyin yenidən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1966-cı il tarixdə Zaqatala rayonu, Qandax kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsində iştirak etmiş, gedən döyüşlərdə yaralanmışdır. Belə ki, xx.xx.1992-ci il tarixndə Ağdam rayonunda gedən döyüşlər zamanı, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, qarın nahiyyəsindən nüfuzedici güllə yarası və qəlpə yaraları, dövri qarın ağrısı. nəcizin pozulması, gecikmə, ümumi zəiflik, ani kilo itkisi” diaqnozu ilə Qaradağlı xəstəxanasında 2393 nömrəli Xəstəlik haqqında şəhadətnamədə göstərilən digər diaqnozlar ona təyin edilmişdir. O, özünü həmin vaxtdan tarixdən narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr və müalicələr də aparılmışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. Döyüşlərdə aldığı ağır zədələr, müalicələr nəticəsində o xx.xx.1993cü il tarixində AR Müdafiə Nazirliyinin Mərkəzi Poliknikası tərəfindən 2393 nömrəli “Xəstəlik haqqında şəhadətnamə" verilmiş və Müdafiə Nazirliyinin Hərbi Həkim Komisiyasının qərarı ilə ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ilin oktyabr ayında onun müddətsiz əlilliyinə məhəl qoymayaraq təkrar öz komisyalarına çağırmaqla heç bir müayinə aparmadan əlilliyini ləğv etmişdir. Onu mədə-bağırsaq və ağ ciyər xətəlikləri xəstəxanalarına göndərib mütəxəsis rəyi almağı barədə yazdığı ərizəyə məhəl qoymayaraq, öz baxışlarına əsaslanaraq əlilliyini ləğv edərək pensiyasını dayandırmışlar. Halbuki, onda 3 güllə deşiyi var, ağ ciyərində 2 qəlpə, dağılmış qarnından 25 sm ölçüdə bağırsaq kəsilərək yerinə həmin ölçüdə kənar əşya-plastik boru qoyulmuşdur. Sağ ayağı isinmir. Müntəzəm olaraq müalicələr alır. Xəstəxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (2393№li Xəstəlik haqqında şəhadətnamə) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xx.xx.2024-ci il tarixli imtina verilmişdir. İmtinada onunla əsaslandırılmışdır ki, təyin olunan Diaqnoz ağırlaşmaları diaqnozu əlillik əlamətini özündə əks etdirmir.

9. Cavabdeh iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2001 -ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xr.pielonefrit.Xroriki böyrək xəstəliyi İİİ mərhələ Relaparotomiya, kolostomanın ləğv edilməsi. Uc-uca anastomozun qaşınması əməliyyatından sonrakı vəziyət. Qarın boşluğunun bitişimə xəstəliyi. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyir etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Zaqatala rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Mövlud oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Vətəndaş 3-17-4/2-H-23844/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993- cü il tarixli 2393 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Əməliyyatdan sonrakı vəziyyət (xx.xx.1993) relaparotomiya, kolostomanın ləğvi və anastomoz qovulması, qarnın kor odlu silah Qüllə yaralanması nəticəsində yoqutı bağırsağın zədələnməsiilə (xx.xx.1992) və (xx.xx.1992) laoarotomiva əməliyyatı, Qüllənin çıxarılması, kolostoma açılması. Sol oma və kürək nahiyəsinin odlu silah qəlpə yaralanması nəticəsində bərkimiş çapıqlar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi qarnın ön divarında laparotomiyanın yə ləğv olunmuş stomadan sonrakı çapıq qeyd olunur. Obyektiv baxış zamanı qarnı palpasiyada yumşaq, ağrısız olmuş, boyu-171, çəki 68 ка. BKİ-23,28 müəyyən edilmiş əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti. patofunksionalpozuntu və hərəki məhdudluq müəyyən edilməmişdir. ” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, təngnəfəslikdən şikayətlənmiş, anamnezində hepatit C xəstəsi olduğunu, güllə yarası aldığını ifadə etmişdir. Müayinə zamanı boyu 160 sm, çəkisi 61 kq, BÇİ 23,8 olmuşdur. Baxış zamanı sol bel nahiyəsində, döş qəfəsinin sağ arxa səthində, qarının sol tərəfində ~10*4 sm ölçülü çapıqlar, qarının ön divarında total laparotomiya və soltərəfli kolostomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, hərəkətləri sərbəst müşahidə edilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Gərginlik tipli bas ağrısı. Əsəbilik” kimi qeyd edilmişdir. Funda Hospitalın xx.xx.2023-cü il tarixli Elastoqrafiya müayinəsinin nəticəsi “Kəmiyyət göstəricilərinə görə maksimum elastometrik indeks 7.12 kPa olub, Ғ1 mərhələsinə uyqundur. Grade İİİ hepatosteatoz” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular, xroniki həzm pozğunluğu aşkar edilməmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə Cavabdeh PHŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2022-ci il tarixdən dayandırılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqadar təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia mahiyyət etibarilə də əsaslıdır. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçı barəsində şübhənin nədən ibarət olduğu, həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırılması baradə qərar qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, cavabdeh orqan eyni diaqnozla şəxsə əvvəllər 2-ci dərəcə və müddətsiz olaraq əlillik təyin etmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəməsinin araşdırması zamanı iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin İddiaçı Mövlud oğlunun ikinci dərəcə əliliyinin ləğvi barədə xx.xx.2022-ci il tarixli qərarı əsassız olmuşdur. Belə ki,mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla “diaqnoz əlilik əlaməti təyin etmir” səbəbli qərarla faktiki olaraq iddiaçının müddətsiz əliliyi ləğv edilmiş, əlillik hüquqi qüvvəsini itirmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli yeni Qərarı isə əyani müayinə nəticəsində əvvəlki qərarın qüvvədə saxlanılması barədə olduğundan həmin qərar əslində ilkin qərarın ləğvindən sonra nəticə etibarı ilə öz hüquqi əhəmiyyətini itirmiş olur. Bu baxımdan da sonuncu qərar mübahisə predmeti deyildir. Odur ki, iddia təmin edilməli, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022- ci il tarixli qərar ləğv edilməli, əlilliyin dayandırıldığı (ləğv edildiyi) tarixdən bərpa edilməsi ğhdəliyi cavabdehə həvalə edilməlidir.

12. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh orqan apellyasiya şikayətini iddia tələbinə etirazla eyni dəlillərə istinad etməklə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyir qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğVi barədə qərar qəbul edir və həmin gün ərzinda altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin sözügedən qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

tətbiq edilən hüquq

16. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ...

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

24. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2001-ci il tarixdən müəyyən edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz İİ dərəcəli əlilliyinin bərpa edilməsinə nail olmaqdır.

26. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu göndərilərək iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsinin əsaslandırılması, ona təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanması əsasları və bu icraatın ilk dəfə nə vaxt başlanması barədə məlumat verilməsi tələb olunmuşdur. Həmçinin, iddiaçıya ilkin əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutların mövcud olub-olmaması, mövcud olduğu halda həmin sübutların təqdim edilməsi və onların ilkin təyinatı hansı əsasla şübhə altına almasının əsaslandırılması, 2001-ci ildən təyin edilmiş əlilliyin bundan 21 il müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana hansı tarixdə məlum olması və xx.xx.2022-ci il tarixli qərar qəbul edilənədək iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına almağa imkan verən halları müəyyən etmək üçün nə vaxt və hansı tədbirlərin görülməsi barədə məlumat təqdim olunması tələb edilmişdir.

27. Cavabdeh orqan sorğuda qeyd edilmiş digər məsələlərə aydınlıq gətirməsə də, qeyd etmişdir ki, “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********6 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R-26624/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2022-ci il tarixində Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində yenidən xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-23844/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

28. Həmçinin cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının inzibati icraata cəlb edilməsi üçün əsas kimi “Zaqatala sakinlərinin müraciəti”nə dair mailto:boss.sask@bk.ruElektron ünvan elektron poçt ünvanından inzibati orqana göndərilmiş ərizə təqdim edilmişdir.

29. Sözügedən ərizənin məzmunundan görünür ki, müraciətdə bir qrup Qarabağ müharibə əlilinin adlarının qeyd edilməsini istəmədikləri, iddiaçının xəsarətinin cüzi olması, hazırda heç bir ağır xəstəliyinin və xəsarətinin olmaması, ona əlillik düşməməsi qeyd edilmiş, əlillərin adından əsassız istifadə edən iddiaçı barəsində əlillik vəziyyətinin yenidən yoxlanılması xahiş edilmişdir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh orqanın elektron poçt ünvanına göndərilmiş anonim müraciət “İnzibati icraat haqqında” Qanunun 30.1-ci maddəsində (Ərizənin forması və məzmunu) nəzərdə tutulmuş şərtlərə cavab vermədiyindən, sözügedən müraciət İİHQ-nun 34.1.3-cü maddəsinə əsasən (bu Qanunun 30-cu ... maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda) baxılmamış saxlanıla bilərdi.

31. “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbərinə münasibətdə isə məhkəmə kollegiiyası qeyd edir ki, sözügedən Qanunun 6.3.2-ci maddəsinə əsasən müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), ... müraciətdə göstərilməlidir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən müraciət ... fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.

32. Hazırkı işdə müraciət mailto:boss.sask@bk.ruElektron ünvan elektron poçt ünvanından daxil olmuş və sözügedən ünvan fiziki şəxsin kimliyini müəyyən etməyə imkan verən əlaqə məlumatı deyildir. Odur ki, edilmiş müraciət anonim hesab edilməli idi.

33. Nəzərə alınmalıdır ki, müraciət müəllifi hərçənd Qarabağ müharibəsi əlilləri adından müraciət etmiş olsa da, kimliyini gizlətmişdir. Özünü müharibə əlili kimi təqdim edən şəxsin şəxsiyyətini açıqlamaması onun - Qarabağ müharibəsi əlili kimi müraciət etmək cəsarətinin olmamasını birbaşa sübut edir. İnzibati orqanda bu müraciətin daha çox iddiaçıya qarşı şəxsi qərəz və subyektiv münasibətdən irəli gəldiyi barədə qənaət formalaşmalı olduğu halda, əksinə, onun nəticəsində iddiaçının əlillik statusunun mötəbərliyi şübhə altına alınmışdır. Xüsusilə qeyd edilməlidir ki, müraciətdə konkret faktlar və ya hüquqi baxımdan əhəmiyyət kəsb edən məlumatlar öz əksini tapmamışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-1043/2025 nömrəli qərarında qeyd edilmişdir ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.

35. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində şəxsə əvvəllər müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanını tanımışdır.

36. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: 1) TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır; 2) Şəxs əyani müayinəyə cəlb olunmalıdır.

37. Qanunvericiliyin tələblərinə görə, inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

38. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.

39. Lakin hazırkı işdən görünür ki, cavabdeh orqan iddiaçı barəsində inzibati icraatı anonim müraciət əsasında başlamışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən müraciət əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübut kimi qəbul edilə bilməz. Belə ki, ərizədə qeyd olunan məlumatlar subyektiv mülahizə xarakteri daşıyır, tibbi sənədlərə və ya digər obyektiv mənbələrə əsaslanmır.

41. Ərizə müəllifi yalnız şəxsi müşahidə və narazılıqlarını ifadə etmiş, lakin iddiaçının ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına almağa imkan verən hüquqi və tibbi dəlillər təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müddətsiz təyin edilmiş əlilliyin ləğvi yalnız əsaslı sübutlar mövcud olduqda mümkündür və belə sübutlar etibarlı sənədlərə əsaslanmalıdır.

42. Odur ki, müraciət edən şəxsin mülahizələri hüquqi baxımdan “əsaslı sübut” standartına cavab vermədiyindən, inzibati orqanın əvvəlki inzibati aktı təftiş etmək imkanı hüquqi baxımdan mövcud olmamışdır. Buna görə də cavabdeh orqanın iddiaçı barəsində inzibati icraatı yalnız anonim müraciət əsasında başlaması qanunvericiliyin tələb etdiyi hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinə zidd hesab olunmalıdır.

43. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Normada nəzərdə tutulan “məlum olduğu gün” dedikdə, inzibati orqanın aktın ləğv olunmasına dəlalət edən halları həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından inzibati orqanın səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə edib-etməməsi, ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir.

44. Cavabdeh orqan məhkəmə kollegiyasının sorğusuna münasibətdə iddiaçıya 2001-ci ildən təyin edilmiş əlilliyin bundan 21 il müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana məlum olduğu anla bağlı konkret məlumat verməsə də, inzibati icraatın yalnız anonim müraciət əsasında başlanması onu göstərir ki, inzibati orqanda əlilliyin ləğv edilməsinə əsas olmuş hallarla bağlı heç bir məlumat mövcud olmamış (qeyd olunan hal 1 illik müddətin başlanğıcının müəyyən edilməsi zərurətini aradan qaldırır) və icraatın başlanmasının yeganə əsası fərziyyələrə əsaslanan həmin müraciət olmuşdur.

45. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş ilkin əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar təqdim edilmədiyindən, iddiaçının müayinə olunaraq hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi zərurəti olmamışdır.

46. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli “diaqnoz əlilik əlaməti təyin etmir” səbəbli qərarla faktiki olaraq iddiaçının müddətsiz əliliyini ləğv etdiyindən, xx.xx.2001-ci ildən müəyyən edilmiş əlillik hüquqi qüvvəsini itirmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli eyni məzmunlu yeni qərarı isə əyani müayinə nəticəsində əvvəlki qərarın qüvvədə saxlanılması barədə olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sonuncu qərar mübahisə predmeti deyildir.

47. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar