Məhkəmə qərarları › İş №2-1(107)-648/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-648/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-648/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(116)-2301/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan əsgərdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2014-cü il tarixdə ehtiyata buraxılmışdır. İkinci Qarabağ müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə SHÇDX-nin Balakən rayon şöbəsi tərəfindən N saylı hərbi hissəsinin tərkibinə xidmətə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən etibarən Talış kəndi istiqamətində gedən döyüşlərdə top heyət nəfəri, xx.xx.2020-ci il tarixdən etibarən isə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək xidməti davam etdirmişdir. Həmin vaxt həqiqi hərbi xidmətdə olan qardaşı X1 və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Qardaşı şəhid olduğuna və ailənin tək övladı olduğuna görə xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. Müharibə başa çatdıqdan sonra onunla eyni ərazidə xidmət aparan əsgərlərə “Müharibə veteranı” adı verilsə də ona verilməmişdir. O, bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa. Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər. Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. - Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. - Norma ümumiləşdirilərək qeyd edilmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İş materiallarında olan sənədlərdən də görünür ki, döyüş əməliyyatları aparılan dövrdə (27 sentaybr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) iddiaçının iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. - İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də, iddia əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir; - SX ******* nömrəli hərbi biletdən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 21 nömrəli arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Balakən rayon Qullar kənd sakini İddiaçı SHXÇDXnin Balakən rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliklə N saylı hərbi hissənin tərkibinə hərbi xidmətə cəlb olunmuşdur. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 64 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Balakən rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatında durur; - Balakən rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş tələbnamədən görünür ki, İddiaçı cinayət məsuliyyətinə cəlb olunmamışdır; - N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli 118 nömrəli arayışından görünür ki, SHXÇDX-nin Balakən rayon şöbəsi tərəfindən çağırılmış və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş hərbi vəzifəli əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artilleriya divizionun 3-cü artilleriya batareyasının 1-ci artilleriya taqımının 2-ci topunun heyət nəfəri vəzifəsində xidməti vəzifələrini yerinə yetirmişdir; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, müvafiq vəzifəyə təyin edilmişdir; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 270 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı cari çatışmazlığın komplektləşdirilməsi məqsədi ilə hərbi hissənin dəyişən heyətinin siyahısına salınmış, xx.xx.2020-ci il tarixdən müvafiq vəzifəyə (artilleriya divizonu 3-cü artilleriya batareyası 1-ci artilleriya taqımı, 2-ci top heyət nəfəri vəzifəsi) təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 301 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 64 nömrəli sərəncamı ilə iddiaçı ehtiyata buraxıldığına görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Balakən rayon şöbəsinə göndərilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim X11) 12 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2301/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh hazırki tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını döyüş əməliyyatları aparılan dövrdə (27 sentaybr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) iddiaçının iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 21-dən oktyabrın 24-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak etməsini təsdiq edən sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. - Belə ki, iddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara daxil edilmiş, müvafiq vəzifəyə təyin edilmişdir. - Bundan başqa, SHXÇDX-nin Balakən rayon şöbəsinin və N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli 118 nömrəli arayışlarında və ona məxsus hərbi biletdə onun səfərbərlik sərəncamı əsasında hərbi xidmətə cəlb edilməsi və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 64 nömrəli sərəncamı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, həmçinin, onun xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi barədə qeydlər icra edilmişdir. - Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. - Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, top heyət nəfəri kimi xidmət edən İddiaçı, 2020-ci il sentyabrın 21-dən səfərbərliklə hərbi xidmətə cəlb olunaraq N saylı hərbi hissənin artilleriya bölməsinin tərkibinə daxil edilmiş və rəsmi əmrlərlə təsdiqlənmiş şəkildə Vətən Müharibəsi dövründə döyüş tapşırıqlarını yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı” adının verilməsi qaydalarını tənzimləyən müvafiq Əsasnaməsi raket və artilleriya bölmələrinin tərkibində bilavasitə döyüş əməliyyatlarında iştirak edən şəxslərə veteran adının verilməsini nəzərdə tutduğu üçün, İddiaçı bu qəbildən olan hərbi xidməti fəaliyyəti, onun hərbi xidmətə daxil olması və ehtiyata buraxılması barədə sənədlərlə birgə, ərazi bütövlüyümüzün qorunması uğrunda döyüşmüş şəxs kimi tanınması üçün tam qanuni və faktiki əsas yaradır. - Nəzərə alınmalıdır ki, ərazi bütövlüyü uğrunda aparılan Vətən Müharibəsi şəraitində bir top heyəti nəfərinin hərbi xidmət yerinin konkret coğrafi koordinatlarla məhdudlaşdırılaraq “döyüş əməliyyatı zonasından kənar” hesab edilməsi hərbi-strateji və hüquqi baxımdan qeyri-məntiqidir. Müasir hərbi strategiya və taktikalara əsasən, artilleriya bölmələrinin fəaliyyəti cəbhə xəttindən məsafədə olsa belə, həyata keçirilən silahlı mübarizənin ayrılmaz və həlledici tərkib hissəsidir. - Belə ki, iddiaçının ali məqsədi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi olduğundan, onun topçu kimi icra etdiyi hər bir atəş tapşırığı birbaşa strateji dəstək verərək hərbi nəticə doğurmuşdur. Əks mövqe, yəni döyüş bölgəsindən nisbətən kənarda yerləşən, lakin əməliyyatların taleyini həll edən artilleriya fəaliyyətinin “döyüş əməliyyatı” kimi tanınmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı” adının verilməsi qaydalarını tənzimləyən müvafiq Əsasnamədə raket və artilleriya bölmələrinin tərkibində bilavasitə iştirak edən şəxslərə veteran statusunun verilməsini nəzərdə tutan imperativ normasının mahiyyətinə ziddir.

9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2301/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən də görünür ki, döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) iddiaçının iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. - Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(116)-2301/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. ...

Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

31. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) iddiaçının iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamışdır.

33. Belə ki, iddiaçının həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir.

34. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, müvafiq vəzifəyə təyin edilmişdir.

35. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 270 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı cari çatışmazlığın komplektləşdirilməsi məqsədi ilə hərbi hissənin dəyişən heyətinin siyahısına salınmış, xx.xx.2020-ci il tarixdən müvafiq vəzifəyə (artilleriya divizonu 3-cü artilleriya batareyası 1-ci artilleriya taqımı, 2-ci top heyət nəfəri vəzifəsi) təyin edilmişdir.

36. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 301 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 64 nömrəli sərəncamı ilə iddiaçı ehtiyata buraxıldığına görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Balakən rayon şöbəsinə göndərilmişdir.

37. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 21 nömrəli arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Balakən rayon Qullar kənd sakini İddiaçı SHXÇDX-nin Balakən rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliklə N saylı hərbi hissənin tərkibinə hərbi xidmətə cəlb olunmuşdur. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 64 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020ci il tarixdən SHXÇDX-nin Balakən rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatında durur.

38. İşdə olan N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli 118 nömrəli arayışından görünür ki, SHXÇDX-nin Balakən rayon şöbəsi tərəfindən çağırılmış və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş hərbi vəzifəli əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artilleriya divizionun 3-cü artilleriya batareyasının 1-ci artilleriya taqımının 2-ci topunun heyət nəfəri vəzifəsində xidməti vəzifələrini yerinə yetirmişdir.

39. Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi və verilmiş döyüş tapşırıqlarını icra etməsi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş nizami hissə üzrə əmrlərlə və arayışlarla öz təsdiqini tapır.

40. Həmçinin, iddiaçıya məxsus SX ******* saylı hərbi biletin 5, 6 və 7-ci səhifələrində iddiaçının xx.xx.2020-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi barədə qeydlər icra edilmişdir. Həmin qeydlər N nömrəli hərbi hissənin qərargah rəisinin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində qeyd edilən Əsasnaməyə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranı adı verilir.

42. Əsasnamədə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə münasibətdə Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində müvafiq fəaliyyətin həyata keçirilməsi şərti müəyyən edilməmiş və həmin hərbi qulluqçular üçün ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır.

43. Göründüyü kimi, iş materialları ilə təsdiq olunur ki, iddiaçının artilleriya bölməsinin tərkibində (artilleriya divizonu 3-cü artilleriya batareyası 1-ci artilleriya taqımı, 2-ci top heyət nəfəri vəzifəsi) döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyi sübuta yetirildiyindən hazırkı qərarın 16-cı bəndində göstərilən şəxslərin dairəsinə aiddir.

44. Kollegiya bildirir ki, yuxarıda qeyd edilən sənədlərin məzmunu, həmçinin onların təqdim olunma forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə müharibə veteranı statusunun müəyyən edilməsi üçün tələb olunan sənəd tələbləri ilə uyğunluq təşkil edir və həmin siyahıda nəzərdə tutulmuş sənədlərlə üst-üstə düşür.

45. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli 2-1(116)-2301/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar