Məhkəmə qərarları › İş №2-1(107)-649/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-649/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-649/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Mingəçevir şəhəri, 111-ci məhəllə ünvanında yerləşən, müvafiq olaraq ümumi sahəsi 57.10 və 96.7 kv.m təşkil edən qeyri-yaşayış sahələri (çörək bişirmə və satışı obyektləri) üzərinə 06 may 2015-ci il tarixli, 1/99 nömrəli məktubla qoyulmuş məhdudiyyətin götürülməsi (müvafiq məktubun verilməsinin) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-2954/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. Mingəçevir şəhəri 111-ci məhəllədə yerləşən hər birinin sahəsi 57,10 kv.m və 96.7 kv.m olan qeyri-yaşayış binaları üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə, ********** və ********** qeydiyyat nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində məhdudiyyətin hansı orqan tərəfindən və hansı qərar əsasında qoyulması barədə arayışın verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, cavab məktubunda sözügedən məhdudiyyətin Azərbaycan Respublikası DİN-nin xx.xx.2015-ci il tarixli, 1/99m nömrəli məktubu əsasında qoyulması qeyd edilmişdir.

3. Bundan sonra iddiaçı hazırkı cavabdehə müraciət edərək, qeyri-yaşayış sahələri üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmiş, lakin müraciəti cavablandırılmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri, 111-ci məhəllə ünvanında yerləşən, müvafiq olaraq ümumi sahəsi 57.10 və 96.7 kv.m təşkil edən qeyri-yaşayış sahələri (çörək bişirmə və satışı obyektləri) üzərinə 06 may 2015-ci il tarixli, 1/99 nömrəli məktubla qoyulmuş məhdudiyyətin götürülməsi (müvafiq məktubun verilməsinin) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 83/13 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən 800 000 (səkkiz yüz min) manat məbləğində kredit götürmüşdür. Bundan sonra, həmin kredit müqaviləsinə əsasən kredit borcunun olması səbəbilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli, 1/99 nömrəli məktubuna əsasən, mülkiyyətində olan Mingəçevir şəhəri, 11-ci məhəllə ünvanında yerləşən, müvafiq olaraq ümumi sahəsi 57.10 və 96.7 kv.m təşkil edən qeyri-yaşayış sahələri (çörəkbişirmə və satış obyektləri) üzərinə məhdudiyyət qoyulmuşdur. Qeyd edir ki, xx.xx.2013-cü il tarixli, 83/13 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürdüyü 800 000 manat məbləğində kreditin ödənilməsi tam təmin edilmişdir. Bu hal "xxxx" ASC-nin müraciəti əsasında ona ünvanlanmış xx.xx.2024cü il tarixli məktubu, eləcə də Azərbaycan Kredit Bürosunun xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Buna baxmayaraq, mülkiyyətində olan Mingəçevir şəhəri, 11-ci məhəllə ünvanında yerləşən, müvafiq olaraq ümumi sahəsi 57.10 və 96.7 kv.m təşkil edən qeyriyaşayış sahələrinin (çörəkbişirmə və satış obyektləri) üzərindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli, 1/99 nömrəli məktubuna əsasən qoyulmuş məhdudiyyət hələ də götürülməmişdir. Bu səbəbdən də, xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək qeyd olunan əmlakların üzərindən qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Həmin müraciətdən sonra cavabdeh inzibati orqan tərəfindən mobil telefon nömrəsinə göndərilmiş SMS mesajında müraciətinin 3-13/l-H-61586/2-11/2024 nömrəsi ilə qeydiyyata alındığı və müraciətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılacağı bildirilmişdir. Qeyd olunan müraciətinin cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmasından 4 aydan artıq müddət keçməsinə baxmayaraq, müraciəti təmin olunmamış və nəticəsi barədə ona rəsmi məlumat verilməmişdir. Həmin əmlaklar üzərinə qoyulmuş məhdudiyyətin əsassız olaraq saxlanılması, onun həmin əmlaka öz istədiyi kimi sərəncam vermək hüququnu – dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu – cavabdeh inzibati orqan tərəfindən pozulması ilə nəticələnmişdir.

6. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-2954/2025 nömrəli qərardadı ilə (hakim Günel Şirinova-Əsədova) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı ona məxsus Mingəçevir şəhəri, 111-ci məhəllə ünvanında yerləşən, müvafiq olaraq ümumi sahəsi 57.10 və 96.7 kv.m təşkil edən qeyri-yaşayış sahələri (çörək bişirmə və satışı obyektləri) üzərində tətbiq edilmiş məhdudiyyətin götürülməsidir. İş materiallarından müəyyən olunur ki, Mingəçevir şəhəri, 111-ci məhəllə ünvanında yerləşən, müvafiq olaraq ümumi sahəsi 57.10 və 96.7 kv.m təşkil edən qeyri-yaşayış sahələri (çörək bişirmə və satışı obyektləri) üzərinə məhdudiyyət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən qoyulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13- cü maddəsinə əsasən iddiaçıya 24 iyul 2025-ci il tarixdə yardım məktubu ünvanlanaraq iddiaçıya,xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkilinə (nümayənədisinə) hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi, məhdudiyyət tətbiq edən orqanın hazırki cavabdeh olmadığı izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı tərəf məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələri üzərində məhdudiyyət hazırki cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qoyulmadığından sonuncunun cavabdeh qismində göstərilməsi düzgün olmamışdır.

9. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçıya qeyri-yaşayış sahələrinin icarəsində məhdudiyyətin qoyulmasının əsası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli, 1/99 nömrəli məktubu olmuş və 17 saylı Yevlax ərazi idarəsi isə icra orqanı funksiyasını yerinə yetirərək, həmin məktubda qoyulmuş tələbi icra etmişdir. DƏDK və RPHŞ-in 17 saylı Yevlax ərazi idarəsi qanunla üzərinə qoyulmuş yuxarıda qeyd olunan vəzifələri icra edən orqandır və Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq Daxili İşlər Nazirliyinin müvafiq məktubu əsasında da iddiaçıya məxsus qeyri-yaşayış sahələri üzərində məhdudlaşdırmanın dövlət qeydiyyatının aparılması vəzifəsini icra etmişdir. Bununla da iddiaçıya məxsus qeyri-yaşayış sahələri üzərində məhdudlaşdırmanın dövlət qeydiyyatına alınmasının əsası məhz Qanunun 8-ci maddəsinə uyğun olaraq Daxili İşlər Nazirliyinin müvafiq məktubu təşkil etmişdir. Bu səbəbdən də iddiaçıya məxsus qeyriyaşayış sahələri üzərindən məhdudlaşdırmanın götürülməsi vəzifəsini də Daxili İşlər Nazirliyi təmin etməlidir. Belə olan halda iddia tələbi düzgün və haqlı olaraq məhdudlaşdırmanın əsasını yaradan (müəyyən edən) inzibati orqan olan Daxili İşlər Nazirliyinə qarşı yönəlmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan əhəmiyyətli halları nəzərə almamış, Qanunun 1.0.3-cü və 8-ci maddələrinin pozulmasına yol vermiş, bununla da iddianın mümkün sayılmamasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

19. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər

21. İş materiallarından görünür ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binaları üzərində məhdudiyyətin olması və həmin məhdudiyyətin DİN tərəfindən verilmiş məktub əsasında qoyulması barədə məlumat əldə etmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı mülkiyyətində olan qeyri-yaşayış binaları üzərindən məhdudiyyətin aradan qaldırılmasına nail olmaqdır.

22. “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçıya - sözügedən məhdudiyyətin Azərbaycan Respublikası DİN-nin xx.xx.2015-ci il tarixli, 1/99m nömrəli məktubu əsasında qoyulmasını bildirmişdir.

23. “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası DİNnin xx.xx.2015-ci il tarixli, 1/99m nömrəli məktubunun aşkar edilməsi mümkün olmamışdır. Lakin Əmlak üzrə Ərazi İdarəsinin istifadəsinə verilmiş “Milli Qeydiyyat Sisteminin” məhdudiyyətlər hissəsində həmin nömrəli və tarixli məhdudiyyətin mövcudluğu öz əksini tapmışdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.

25. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir.

26. Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 1/99 №-li məktubu əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməz. Yəni, qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır.

27. Odur ki, hazırkı iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçıya məxsus əmlaklara məhz Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət təbiq etməsi - qanunvericilikdə nəzərdə tutulan qanun və ya əqddən irəli gələn yüklülük hesab olunmadığından, məhdudiyyətin qoyulması əsası yox, həmin məktub əsasında qanunvericilikdə nəzərdə tutulmayan faktiki xarakterli hərəkətləri həyata keçirmiş (daşınmaz əmlaklara məhdudiyyət təbiq etmiş) Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir.

28. Belə olan halda, iddiaçı məhdudiyyətin qoyulması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin hərəkətlərinin qanuniliyini mübahisələndirməli, başqa sözlə, sonuncuya müvafiq tələblə müraciət etməli, müraciəti təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi barədə düzgün qənaətə gəlmişdir. Odur ki şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 2-1(116)-2954/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar