Məhkəmə qərarları › İş №2-1(107)-65/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-65/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-65/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi" tələbinə dair inzibati iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)- 113/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 2020-ci il 31 may tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində işə cəlb edilməsini, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılarkən böyrəyindən əziyyət çəksə də, buna əhəmiyyət verən olmamışdır. Hərbi xidmətdən sonra 2015-ci ildə İran İslam Respublikasında müayinədən keçərkən sol böyrəyinin anadangəlmə olmadığı müəyyən edilmişdir. Lakin hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası vəzifələrini layiqincə yerinə yetirməmiş və onun təkböyrək olması nəzərə alınmamışdır. Həm hərbi xidmətdə olarkən, həm də hərbi xidmətdən sonrakı dövrdə heç bir fiziki işdə çalışmamışdır. Hərbi xidmətdən buraxıldığı vaxtdan əlilliyinin müəyyən edildiyi 08.02.2018-ci ilədək 283 ay səhhəti ilə əlaqədar işləyə bilməmişdir. Həmin ayların hər birində hazırkı minimum əmək haqqı ilə (283 ay x 180 manat) cəmi 50940 manat gəlirdən məhrum olmuş, eyni zamanda keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 16 fevral tarixli, 2-1(116)-113/2021 saylı qərarı (hakim V.Qasımov) ilə iddia rədd edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-113/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2- 1(107)-234/2021 saylı qərarı (hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 16 fevral qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2- 1(107)-234/2021 saylı qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 05.10.2021-ci il tarixli, 2(102)-1605/2021 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2-1(107)-234/2021 saylı qərarının ləğv edilməsi qərar alınmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 2021-ci il 16 fevral tarixli, 2-1(116)-113/2021 saylı qərarı (hakim V.Qasımov) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 29.07.1995-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25.03.1998-ci il tarixli 49 nömrəli əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının 08.02.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu. Məhkəmə tərəfindən "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə sorğu edilərək İddiaçı 1977-ci ildən 08.02.2018-ci ilədək olan müddətdə hansı tarixlərdə hansı diaqnozla müalicə alması barədə məlumat tələb olundu. "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsindən alınmış 23.07.2020-ci il tarixli cavab məktubundan məlum oldu ki, İddiaçı 13.12.2017-ci ildən 28.12.2017-ci ilədək "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə almışdır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 07.09.2020-ci il tarixli məktubunda İddiaçı N nömrəli hərbi hissə komandirinin 08.03.1998-ci il tarixli 69 nömrəli əmri ilə müalicə olunması ilə əlaqədar 08.03.1998-ci ildən briqada tibb məntəqəsinin ərzaq təminatına daxil edildiyi və 12.03.1998-ci il tarixli 73 nömrəli əmrilə tibb məntəqəsindən çıxarıldığı göstərildiyinə görə məhkəmə tərəfindən N nömrəli hərbi hissəyə sorğu edilərək iddiaçının 1998-ci ilin mart ayında tibb məntəqəsində müalicə olunması barədə sənədlərin surətləri tələb edildi. Həmin hərbi hissədən alınmış 06.11.2020-ci il tarixli 2156 nömrəli cavab məktubunda 1998-ci ilə məxsus tibbi uçot sənədlərinin mərkəzi arxivə təhvil verildiyi bildirilmişdir. Bundan sonra məhkəmə tərəfindən həmin sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə sorğu edildi, lakin Mərkəzi Arxiv 25.11.2020-ci il tarixli cavab məktubunda N nömrəli hərbi hissənin 1998-ci il tarixli tibbi uçot sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: İddiaçı hərbi xidmətə çağırılmazdan əvvəl hər hansı xəstəliklə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmiş, nə də hərbi xidmətə çağırıldığı zaman müayinə olunarkən hər hansı xəstəliyi ilə bağlı şikayəti olmamışdır. Onun öz iddia ərizəsində bildirdiyinə görə, yalnız bir böyrəyinin olmasını hərbi xidmətdən xeyli sonra müayinə olunarkən bilmişdir. O, Silahlı Qüvvələr sıralarından 25.04.1998-ci ildə tərxis edilsə də, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə müalicə üçün 19 ildən də artıq müddətdən sonra 13.12.2017-ci ildə müraciət etmişdir. Onun həqiqi hərbi xidmət dövründə hansı xəstəlikdən müalicə alması barədə isə məlumat əldə etmək mümkün olmadı. Beləliklə, cavabdehlərin təqsiri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən edilmədi. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 34.1-ci maddələri, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1-ci maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002- ci il tarixli Qərarının 1-ci bəndi, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarı, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) onların qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 (əlli min doqquz yüz qırx) manat maddi və ona dəymiş 500000 (beş yüz min) manat məbləğində mənəvi zərərin Azərbaycan Respublikası büdcəsindən alınıb ona verilməsi tələbi ilə iddia qaldırmışdır. Həmin işə Şəki İnzibati Məhkəməsində 16 fevral 2021-ci il tarixdə baxılaraq iddianın rədd edilməsinə dair 2-1(116)-113/2021 saylı qərar qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021ci il tarixli 2-1(116)-113/2021 saylı qərarı haqsız, ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuşdur və birbaşa onun hüquqlarının pozulmasına səbəb olan qeyri-qanuni hüquqi aktdır. Belə ki, o, xx xxxx 1977-ci ildə İsmayıllı rayon Hacıhətəmli kəndində anadan olmuşdur. 29 iyun 1995-ci il tarixdə İsmayıllı rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Göndərilərkən böyrəyindən əziyyət çəksə də buna əhəmiyyət verən olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 mart 1998-ci il tarixli 49 saylı əmrinə əsasən 25 aprel 1998-ci il tarixdə hərbidən ehtiyyata buraxılmışdır. Üç ilə yaxın hərbi xidmət dövründə də böyrəyindən əziyyət çəkmiş, lakin bununla bağlı müalicə olunmamış, daha doğrusu kəskin fəsadlar olmadığından və komandirlər hər bir ağrıya görə həkimə müraciət edilməsinə pis baxdıqlarına görə dözməli olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra dəfələrlə böyrəklərinə görə üzidən keşmiş, ona hər iki böyrəyinə görə müalicələr yazılmışdır. Nəhayət 2015-ci ildə İran İslam Respublikasında müayinədən sonra məlum olmuşdur ki, onun sol böyrəyi ümumiyyətlə anadangəlmə olmamış, onu hərbi komisarlıq bu vəziyyətdə hərbi xidmətə göndərmişdir. Bunu aşkar etməyə cavabdeh olan həkim komisiyası və hərbi komisarlıq vəzifə borclarını layiqincə yerinə yetirməmişdir. O, bir böyrəklə hərbi xidmətə göndərməklə digər böyrəyi də sıradan çıxaraq ll-lll mərhələ xroniki böyrək xəstəliyinə tutulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının 08 fevral 2018-ci il tarixli rəyi ilə həmin tarixdən ikinci dərərcəli ümumi xəstəlikdən əlil hesab edilmişdir. Hərbi xidməti olduqca çətinliklə başa vurduqdan sonra 2018-ci ildə əlillik dərəcəsi verilənədək heç bir fiziki işdə işləyə bilməmiş, başqa yaxınlarının maddi köməkliyi ilə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən 41 yaşı olmağına baxmayaraq ailə də qura bilməmişdir. O, ən azı 1995-ci ilin iyul ayından əsassız olaraq hərbi xidmətə göndərildiyi tarixdən ona əlillik dərəcəsi təyin olunduğu 08 fevral 2018-ci il tarixədək olan dövrdə 283 ay səhhəti ilə əlaqədar heç bir fiziki işdə işləyə bilməmiş, ən azı minimum əmək haqqı qazanmaqdan və yaxud da əlilliklə bağlı pensiya almaqdan məhrum olunmuşdur. 283 ayda hazırkı minimum əmək haqqı ilə 283 ay x 180 manat = 50940 (əlli min doqquz yüz qırx) manat gəlirdən məhrum edilmişdir. Eyni zamanda, cavabdehlərin təqsiri üzündən keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir. Göründüyü kimi, məhkəmə tərəfindən bu qeyd olunanların heç biri, habelə işin faktiki halları, onun hazırkı vəziyyəti nəzərə alınmamış, işə birtərəfli mövqedən yanaşılaraq ədalətsiz hüquqi nəticəyə gəlinmişdir. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il qərarının əsassız, qanunsuz və ədalətsiz hesab olunmaqla ləğv edilməsinə əsas verir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(116)-113/2021 saylı qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2- 1(116)-113/2021 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və üçüncü şəxs məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 76-cı maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Mülki Məcəllə - 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): Maddə 7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. (...) Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. (...) Maddə 10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; (...) çağırışçıların tibbi müayinəsini təşkil etmək; (...) Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək; ... Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-113/2021 saylı qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. (İPM-in 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-113/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. İddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Hazırki tələbində iddiaçı xidmətə yararsız olduğu halda cavabdeh inzibati orqan tərəfindən yararlı hesab edilərək xidmətə göndərildiyini və inzibati orqanın bu hərəkəti nəticəsində hüquqlarının pozulduğunu iddia etmişdir. İş üzrə toplanmış sübutlara göstərilən hüquq normaları əsasında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda həqiqi hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilmişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbindən görünür ki, iddiaçı iki tələblə, maddi və mənəvi ziyanın ödənilməsi barədə, eyni zamanda iki cavabdehə qarşı iddia qaldırmışdır; Cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Eyni zamanda 3-cü şəxs Maliyyə nazirliyinə qarşı. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən maddi və mənəvi ziyanın ödənilməsi hissəsində cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə təmin edilməlidir. Digər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi hazırki iş üzrə cavabdeh qismində hər hansı bir cavabdehlik daşımadığından iddia ərizəsi ona münasibətdə təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 29.07.1995-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25.03.1998-ci il tarixli 49 nömrəli əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı 2015-ci ildə İran İslam Respublikasında müayinədən sonra məlum olmuşdur ki, onun sol böyrəyi ümumiyyətlə anadangəlmə olmamış, onu hərbi komisarlıq bu vəziyyətdə hərbi xidmətə göndərmişdir. Bunu aşkar etməyə cavabdeh olan həkim komisiyası və hərbi komisarlıq vəzifə borclarını layiqincə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının 08.02.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu. Kollegiya qeyd edir ki, məhkəmə iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunub olunmadığını müəyyən etməli idi. Həmin normaların tələbinə görə, kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər (Qanunun 7-ci maddəsi). Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ...çağırışçıların tibbi müayinəsini təşkil etmək (Qanunun 10-cu maddəsi). Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir (Qanunun 13-cü maddəsi). 30. Normaların tələbindən göründüyü kimi, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağırılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, işə baxan məhkəmələr hazırki mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol vermişlər. Kollegiya işin obyektiv araşdırılması məqsədilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə sorğu ünvanlamışdır. Sorğuya cavab olaraq aşağıdakılar qeyd edilmişdir:

1. Hər hansı bir orqanı olmayan şəxs hərbi xidmətə yararlı hesab edilmir.

2. Bir böyrəyi olmayan şəxs məhdud əmək qabiliyyətli hesab edilir, yalnız yüngül dərəcəli işlərdə işləyə bilər.

3. İddiaçı İİ dərəcəli əlildir.

4. İddiaçı 08.02.2018-ci il tarixindən “Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti tez-tez kəskinləşmə ilə, xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ, başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya, böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya, böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu” diaqnozu ilə İİ dərəcəli əlildir. İş üzrə toplanmış sübutlara göstərilən hüquq normaları əsasında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda həqiqi hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinin maddi ziyanla bağlı hissəsi ilə qismən razılaşır və hesab edir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu 1995-ci ilin iyunundan 1998-ci ilin aprel ayında qədər cəmi 34 aydır. İddiaçı apellyasiya şikayətinin dəlillərində 1995-ci ilin iyul ayından 2018-ci ilə qədər olan dövr üçün minimum əmək haqqı məbləğində maddi ziyanın tutulmalı olduğunu bildirsə də, kollegiya bu dəlilli qismən əsaslı hesab edir və bildirir ki, maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında 07 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manatın tədavülünə başlanılmışdır. Bununla əlaqədar, 1 yeni manat 5000 manata bərabər edilmiş, mövcud manat yeni manatla birgə 2006 il ərzində dövriyyədə saxlanılmış, 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilmiş, yeni manatların əskinasları və qəpiklik sikkələr mərhələlərlə dövriyyəyə buraxılmışdır. Həmçinin kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş fərmandan görünür ki, 2007-ci ilin yanvar ayının 1-dən tamamilə yeni manata keçilmiş və pul nişanlarının nominal dəyəri dəyişdirilmişdir. Ona görə kollegiya hesab edir ki, iddiaçı 1995-ci ilin iyunundan 1998-ci ilin aprel ayında qədər cəmi 34 ay hərbi xidmətdə olduğu illər üzrə minimum yaşayış səviyyəsinin müəyyən etmək mümkün deyil. Hətta mümkün olsa da belə onun xidmətdə olduğu illərin yaşayış minumumu hazırki yaşayış minumumu ilə uzlaşmır. Birinci ona görə ki, pul dəyişmiş, həmçinin inflyasiya baş vermişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Ona görə də kollegiya hesab edir ki, tutulacaq məbləğ mübahisəli hüquq münasibəti zamanı qüvvədə olan yaşayış minimumu, eyni zamanda indiki vaxtda mövcud olan yaşayış minimumu ilə deyil, iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi tarixdə yəni 2020-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 34 ay x 180 manat = 6120 manat. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi ziyanla bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, iddia tələbi mənəvi ziyanla bağlı hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, iddiaçı şikayətində bildirmişdir ki, cavabdehlərin təqsiri üzündən keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, kollegiya qeyd edir ki, iddiaçı səhhətində olan problemlə bağlı hərbi xidməti çox çətinliklə başa vurmuş, hərbi xidmət bitdikdən sonra isə əlillik dərəcəsi alanadək heç bir işdə işləyə, ailə qura bilməmiş və yalnız yaxınlarının maddi köməyi ilə yaşamış, bu da ona mənəvi sarsıntı yaratmışdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Lakin iddiaçı iddia tələbində 500000 manat mənəvi zərərin ödənilməsini tələb edir. Lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Kollegiya hesab edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı tərəf şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də kollegiya şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2- 1(116)-113/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 6120 manat maddi ziyan, 1000 manat mənəvi ziyan tutularaq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

qərаrа аldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-113/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 6120 (altı min yüz iyirmi) manat maddi ziyan, 1000 (min) manat mənəvi ziyan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar