Məhkəmə qərarları › İş №2-1(107)-65/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-65/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-65/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “dövlət qulluğuna görə təyin olunmuş aylıq pensiya məbləğinin 6 misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-2006/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dövlət qulluğuna görə təyin olunmuş aylıq pensiya məbləğinin 6 misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1957-ci il tarixdə Ucar rayonu Lək kəndində anadan olmuş və hal-hazırda 65 yaşını keçmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində (2020-ci ilin 30 iyun tarixədək Nazirliyi yanında) Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin (2020-ci ilin 30 iyun tarixədək Dövlət Sosial Müdafiə Fondunun) Ucar rayon şöbəsinin direktoru və struktur dəyişiklərindən sonrakı müddətdə Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsində işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun təkidi ilə 15 aprel 2022-ci il tarixli ərizəsi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsi ilə dövlət qulluqçularına pensiya təminatı verilir və həmin Qanunun 33.2-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı işdən azad olunarkən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X5 Filialının əməkdaşı olmuş və həmin vəzifə dövlət qulluğu vəzifəsi hesab olunmur. Bu səbəbdən “Dövlət qulluğu haqqında” qanunun 33.2-ci maddəsi yalnız dövlət qulluğu vəzifəsindən öz arzusu ilə işdən çıxmış şəxslərə aid olunduğundan iddiaçıya şamil olunmamışdır. Bununla əlaqədar iddiaçının 22 aprel 2022-ci il tarixli **********2 nömrəli xitam əmrində birdəfəlik haqqın ödənilməsi barədə qeyd olmamışdır. Ona görə də iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi mümkün olmamışdır.

4. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur.

5. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin qaydası tənzimlənmişdir.

6. Qanunun 33.1.1-ci bəndinə əsasən dövlət qulluqçusunun öz arzusu dövlət qulluğuna xitam verilmənin əsaslarından biri hesab olunur.

7. Digər əsaslar sırasında həmçinin, 33.1.12-ci bəndə görə dövlət qulluğunda olmanın yaş həddinə çatması qeyd olunmuşdur. Qanunun 32-1-ci maddəsində isə Dövlət qulluğunda olmanın yaş həddi tənzimlənmişdir. Qeyd edilən maddənin 32-1.1-ci bəndinə əsasən dövlət qulluğunda olmanın yaş həddi 65-dir.

8. Hazırkı məhkəmə araşdırmasının predmeti iddiaçıya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulan məbləğin ödənilməsinin mümkün olub-olmamasıdır. Həmin maddəyə əsasən, “Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur”.

9. Qeyd olunan Qanunun 33.2-ci maddəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2014 və xx.xx.2018-ci illərdə şərh verilmişdir.

10. Həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır.

11. Analoji işlər üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-285/2022 nömrəli qərarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan hüququnu itirmişdir.

12. Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. X6 xüsusilə vurğulamışdır ki, qanunverici bu halda iki əsas şərti irəli sürür:

1. dövlət qulluqçusunun pensiya yaşına çatması;

2. öz arzusu ilə dövlət qulluğundan çıxması.

13. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir.

14. “Dövlət qulluğu haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

15. Qanunun müvafiq normalarının qarşılıqlı təhlilindən də məlum olduğu kimi pensiyanın 6 misli məbləğində haqqın ödənilməsi üçün yuxarıda qeyd olunan hər iki şərt eyni vaxtda ödənilməlidir. Hazırkı iddia tələbi üzrə isə iddiaçıya həmin haqqın ödənilməsi qanunauyğun deyildir.

16. Etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-2006/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

20. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

21. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-2006/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ

22. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı işdən azad olunarkən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X5 Filialının əməkdaşı olmuş və həmin vəzifə dövlət qulluğu vəzifəsi hesab olunmur. Bu səbəbdən “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi yalnız dövlət qulluğu vəzifəsindən öz arzusu ilə işdən çıxmış şəxslərə aid olunduğundan iddiaçıya şamil olunmamışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)- 2006/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-2006/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

25. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli arayışından görünür ki, iddiaçıya yaşa görə pensiya ödənilir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.2011-ci il tarixdə 09/11-310 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin 16 saylı regionu üzrə X2 rəisi vəzifəsini icra etmişdir. xx.xx.2011-ci il tarixdə 09/11-743 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 16 nömrəli bölgə üzrə X2 rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixli **********9 nömrəli əmrlə “Dövlət qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə **********8 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon filialının direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə **********1 nömrəli əmrlə Fondun 12 saylı regional ərazi filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə **********1 nömrəli əmrlə Fondun 2 saylı X5 filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə **********2 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

28. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

29. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-2006/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən xitam verilmiş, onunla yeni əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə **********8 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon filialının direktoru vəzifəsinə təyin edilməsi ilə bağlanmış, xx.xx.2020-ci il tarixdə **********1 nömrəli əmrlə Fondun 12 saylı regional ərazi filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə **********1 nömrəli əmrlə isə Fondun 2 saylı X5 filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Yəni iddiaçı artıq yeni əmək müqaviləsi bağlanılan zaman dövlət qulluqçusu olmamış, onun əmək müqaviləsinə xitam verildiyi dövrdə publik hüquqi şəxsin işçisi olaraq dövlət qulluqçusu statusuna malik olmamışdır. İddiaçıya dövlət qulluqçusu qismində stajı nəzərə alınaraq əmək pensiyası təyin edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən onun dövlət qulluqçusu olmaması səbəbindən “Dövlət qulluğu haqqında” Qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etmək hüququ yaranmamışdır.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən məhz dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Yəni şəxsin ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq alması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri şərt onun pensiya yaşına çatarkən dövlət qulluqçusu olması və dövlət qulluğundan çıxmasından ibarətdir. İddiaçı isə göstərilən tələblərə cavab verməmişdir.

38. Bundan başqa əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə nizamnaməsi təsdiq edilmişdir.

39. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

41. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin iddiaçının dövlət qulluğuna görə təyin olunmuş aylıq pensiya məbləğinin 6 misli məbləğində birdəfəlik müavinətin təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(116)-2006/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar