Məhkəmə qərarları › İş №2-1(107)-65/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-65/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-65/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar rayonu Lək bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 09 nömrəli iclasının qərarı əsasında iddiaçıya satılmış 87,5 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(116)-358/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar rayonu Lək bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 09 nömrəli iclasının protokolundan çıxarış və yerin seçilmə aktı əsasında iddiaçıya satılmış 87,5 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbinin əsaslarına görə, iddiaçı Ucar rayonu Lək Bələdiyyəsinin hesabına xx.xx.2000-ci il tarixdə 218750 manat pul köçürmüşdür. İddiaçı pulu bələdiyyənin hesabına köçürdükdən sonra xx.xx.2000-ci il tarixdə yerin seçilməsi aktı tərtib olunmuş və bundan sonra xx.xx.2000-ci il tarixli 09 saylı iclas protokolundan çıxarış qərarı ilə ona Ucar rayonunun Lək kəndi ərazisindən 87,5 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********18 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ucar rayonu, Lək kəndində yerləşən 0,00875 hektar sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına uyğun olaraq torpaqların alqı-satqısına dair akt tərtib edilməmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********69 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh etirazında həmçinin qeyd etmişdir ki, torpaqların alqı-satqı qaydalarına əsasən torpaqların alqı-satqılarına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Həmçinin torpaq sahəsinin ayrılması barədə Ucar RİH başçısının Memarlıq və tikinti şöbəsinin rəyi, ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsinin rəyi və yerquruluşu xəritəsindən çıxarış təqdim edilməmişdir. Vətəndaşın göstərdiyi 0,00875 hektar torpaq sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin şərq hissəsindən 7,80 metr məsafədən 10 kV-luq yüksək gərginlikli hava xətti keçir. Vətəndaşa məxsus Ucar rayonu, Lək kəndində yerləşən 0,00875 hektar sahibkarlıq torpaq sahəsi 10 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2106/2022 nömrəli qərardadı ilə Ucar rayonu Lək bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb olunmuşdur.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi torpaq sahəsinin bələdiyyə qərarı ilə iddiaçıya satıldığını və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 oktyabr 2023-cü il tarixli 2-1(116)-358/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(116)-358/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(116)-358/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(116)-358/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2000-ci il tarixli “yerin seçilmə aktı”nın notariat qaydada təsdiq olunmuş surətində qeyd olunur ki, rayonun Lək kənd sakini İddiaçı Lək bələdiyyəsinə yazdığı ərizəsi nəzərə alınaraq onun almış olduğu binanın altındakı torpaq sahəsinin ona satılması məqsədəmüvafiq hesab edilmişdir. - Lək bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 09 saylı protokolundan çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Lək bələdiyyəsinin mülkiyyətində saxlanılmış torpaq sahəsindən iddiaçıya 87,5 kv.m torpaq sahəsinin ayrılması təsdiq edilmişdir. - 11 nömrəli xx.xx.2000-ci il tarixli qəbzin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. - Ucar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 63 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ucar rayon Lək bələdiyyəsinə aid sənədlər təhvil verilmədiyi üçün Ucar rayon Dövlət Arxivində saxlanılmır. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-1553/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Ucar rayonu Lək kəndi ərazisində yerləşən, iddiaçı tərəfindən naturada göstərilən, sahibkarlıq obyekti mövcud olan 87,5 kv.m torpaq sahəsi elektron məlumat bazasında təqdim olunan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları”na əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, islahat uqodiyası “tikinti altında olan torpaqlar”, mülkiyyət növü bələdiyyə mülkiyyəti qeyd edilmişdir. Torpaq sahəsinə baxış zamanı müəyyən olunmuşdur ki, 87,5 kv.m torpaq sahəsindən 7,8 m məsafədə 10 kV-luq elektrik xətti mövcuddur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarına əsasən hava elektrik xəttləri boyunca hər iki tərəfə 10 kV-luq elektrik xəttinin mühafizə zolağı 10 metr göstərilmişdir. Əlavə olaraq bildirilir ki, torpaq sahəsi yerləşən ərazi kəndin kompleks yerquruluşu layihəsində ictimai tikililər üçün nəzərdə tutulan ərazi kimi göstərilmişdir. Torpaq sahəsinin digər subyektlərlə üst-üstə düşüb-düşməməsi mütəxəssis tərəfindən aşkar olunmadı. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/16-6091/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan torpaq sahəsi 110/35/10 kv-luq “Ucar” yarımstansiyasından çıxan 10 kv-luq “2-ci kənd” hava xəttinin mühafizə zonasında yerləşir. - X4 cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 352 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Əliheydər oğluna məxsus Ucar rayonu, Lək kəndində yerləşən sahibkarlıq torpaq sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, torpaq sahəsinin şərq tərəfindən 7,8 m məsafədən 110/35/10 kV-luq Ucar y/st-dan çıxan 10 kV-luq 2-ci Kənd hava xəttinin müvafiq budaqlanması keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinin a) bəndinə əsasən 10000 V-luq xəttin mühafizə zonası 10 metr müəyyən olunmuşdur. Qeyd olunan sahibkarlıq torpaq sahəsi xəttin mühafizə zonasında yerləşir, lakin xəttin istismarına maneə yaratmır. Ucar EŞ həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etmir. - Ucar rayon Lək kənd bələdiyyəsinin 111 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçının istifadəsində olduğu mağaza binası kolxoz dövründə yanacaq anbarı kimi istifadə olunmuş və bələdiyyə yaranandan sonra ona satılmışdır. 1988-ci ildə kəndin yolunda yenidənqurma işləri aparılarkən işıq dirəkləri 1.5-2.0 metrə yaxın istifadə etdiyi mağazaya tərəf çəkilmişdir. - Ucar rayon Lək bələdiyyəsinin xx.xx.2000-ci il tarixli iclasının 09 saylı protokolunun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iclasın gündəliyində duran 1-ci məsələ iddiaçıya almış olduğu binanın altındakı torpaq sahəsinin mağaza tikmək üçün satılması olmuşdur. İclasda iddiaçının ərizəsi nəzərə alınaraq bələdiyyənin mülkiyyətində saxlanılan torpaq sahəsindən İddiaçı Əlheydər oğluna 87,5 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.

26. Hazırkı qərarda qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməlidir. Cavabdehin alqı-satqı aktının iddiaçının müraciətinə əlavə edilməməsi, torpaq sahəsinin ayrılması barədə Ucar Rayon İHB-nın Memarlıq və tikinti şöbəsinin rəyi, ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsinin rəyi və yerqurluşu xəritəsindən çıxarışın təqdim edilməməsi barədə formal tələblərə əsaslanan mövqeyinə münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bələdiyyə müvafiq qərarı ilə iddiaçıya müraciəti əsasında torpaq sahəsini ayırmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İş üzrə mütəxəssis rəyi ilə Ucar rayonu Lək kəndi ərazisində yerləşən, iddiaçı tərəfindən naturada göstərilən, sahibkarlıq obyekti mövcud olan 87,5 kv.m torpaq sahəsinin elektron məlumat bazasında təqdim olunan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları”na əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, islahat uqodiyası “tikinti altında olan torpaqlar”, mülkiyyət növü bələdiyyə mülkiyyəti olması, torpaq sahəsi yerləşən ərazinin kəndin kompleks yerquruluşu layihəsində ictimai tikililər üçün nəzərdə tutulan ərazi kimi göstərildiyi, torpaq sahəsinin digər subyektlərlə üst-üstə düşüb-düşməməsinin mütəxəssis tərəfindən aşkar olunmadığı təsdiqini tapmışdır. Belə olan halda iddiaçı faktiki olaraq torpaq sahəsini almış və dəyərini ödəmişdir.

27. Həmçinin cavabdehin etiraz məktubunda qeyd olunan torpaq sahəsinin şərq hissəsindən 7,80 metr məsafədən 10 kV-luq yüksək gərginlikli hava xəttinin keçdiyi və torpaq sahəsinin 10 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, X7 cavabdehə ünvanladığı məktubunda qeyd olunan sahibkarlıq torpaq sahəsinin xəttin mühafizə zonasında yerləşdiyini, lakin xəttin istismarına maneə yaratmadığını bildirmiş və Ucar EŞnin həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etmədiyini qeyd etmişdir. İşin sözügedən halına münasibətdə məhkəmə bildirir ki, Torpaq Məcəlləsinin 22- ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

28. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

29. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

30. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verməkdədir.

32. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir.

33. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir.

34. İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinə görə, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir.

35. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbindən görünür ki, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilə bilməzlər. Qanunverici mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinə münasibətdə yalnız bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etmək kimi vəzifə müəyyən etməklə onların mülkiyyət hüququnun saxlanıldığını təsbit etmişdir.

38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Ucar rayonu Lək bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 09 nömrəli protokoldan çıxarışı və yerin seçilmə aktı əsasında iddiaçıya satılmış 87,5 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmalıdır.

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar rayonu Lək bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 09 nömrəli iclasının qərarı əsasında iddiaçıya satılmış 87,5 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2-1(116)-358/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar