Məhkəmə qərarları › İş №2-1(107)-65/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-65/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-65/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarının ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1944/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “pensiyanın faizinin aşağı salınması və ondan tutulmalar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyanın təyin edildiyi vaxta yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsinin təmin edilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2017-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 saylı məktub ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən ona hesablanmış pensiyasında müvafiq hesablamalar aparılmış və son üç il üçün artıq ödəmə müəyyən edilmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.11.3cü maddəsinə əsasən onun dövlət qulluğunda 10 il 11 ay 25 gün qulluq stajına görə pensiya məbləği orta aylıq əmək haqqımın 60 faizindən endirilərək 55 faizi olaraq hesablanmışdır. O, bu hesablama ilə razı deyil. Bununla əlaqədar cavabdeh orqana xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək tutulma aparılmasından imtina etməyi və hesablama ilə razı olmadığı barədə ərizə vermişdir. Cavabdeh orqan özünün 01 mart 2024-cü il tarixli məktubu ilə müraciətinə xx.xx.2023-cü il tarixli məktubuna uyğun eyni məzmunlu cavab ünvanlamış, təkrar olaraq tutulmaya razılıq verməyini bildirmişdir. İddiaçının pensiyasından tutulma razılığı olmadan aparılmışdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. O tutulma ilə əlaqədar razılıq verməmiş, pensiya təyin edən orqanın hər hansı bir qərarı ona bildirilməyib və bu barədə hər hansı bir məhkəmə qərarı da yoxdur. - Bundan başqa cavabdeh orqan onun dövlət qulluğunda ümumi iş illərini 10 il 11 ay 25 gün olaraq qeyd etmişdir. Bu isə həqiqəti əks etdirmir. Belə ki, onun ümumi iş illəriylə yanaşı dövlət qulluğunda iş stajı xx.xx.2006-cı ildə başlamış və xx.xx.2017-ci il tarixdə bitmişdir. Bu tarixlər arasında sadəcə 1 gün onun xx.xx.2007-ci ildə AR-sı Prezidentinin “Gülüstan” sarayından işdən azad edilərək xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 2№ li Pansionatına işə qəbul olmağı olmuşdur. Adi riyazi hesablama ilə hesablandığı zaman bu rəqəm 10 il 11 ay 28 gün olacaqdır. Bu 10 il 11 ay 28 günlük iş illəri də 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin o vaxt qüvvədə olmuş Fərmanının müddəalarına əsasən tam il olaraq hesablanmalı və 11 ilə bərabər sayılmalıdır (Əsas: Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanının 2.2.3-cü maddəsi - 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% /15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur). - Bundan əlavə cavabdeh onun pensiyasında yenidən hesablama aparılması və tutulmalar edilməsini Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına əsasən aparıldığını bildirir. Halbuki sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmiş və ləğv Fərmanı xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Onun pensiyasında hesablamalar isə xx.xx.2023-cü ildən sonra aparılmaqla qüvvədən düşmüş Fərman əsas tutularaq həyata keçirilmişdir ki, bu da qanunsuzdur. Ona pensiya 2017-ci il iyulun 1-dək qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş və həmin vaxtdan pensiya ödənişi edilmişdir. Pensiya təyin edən orqan ona sənədləri əsasında həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq pensiya təyin edib. Pensiyanın verilməsi və dayandırılmasının əsasını müstəsna olaraq, qanun müəyyən etdiyindən, qanunda nəzərdə tutulmuş əsas olmadan pensiya ödənişinin dayandırılması və ya dəyişdirilməsi yolverilməzdir. Hazırki işdə vətəndaş olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının digər bir Fərmanla ləğv edildikdən sonra geriyə tətbiq edilərək pensiyasının aşağı faizə endirilməsi və tutulmalar edilməsi qanuni deyildir.

5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1–ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 nömrəli məktuba əsasən iddiaçıya son üç il ərzində 2957.49 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. - Aparılmış araşdırma əsasında müəyyən olunmuşdur ki, 30 iyun 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1140,00 manat, qulluq stajına görə əlavəsi 171,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 460,75 manat, digər növ əlavəsi 53,74 manat olmaqla orta aylıq əməkhaqqı 1955,49 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, iddiaçıya təyin edilmiş əmək pensiyası 10 il 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1955,49 manat) 55 faizi - 1075,52 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 10 il 11 ay 25 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,69 faiz təşkil edir. - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1260,00 manat, qulluq stajına görə əlavəsi 189,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 509,25, digər növ əlavəsi 53.74 manat olmaqla orta aylıq əmək haqqı 2141.99 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1955,49 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (2141,99 manat) arasındakı fərq məbləğinin (186,50 manat) 36,39 faizi-67,87 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (1075.52 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1143.39 manat məbləğində hesablanmışdır. - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1890,00 manat, qulluq stajına görə əlavəsi 283,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 763,88 manat, digər növ əlavəsi 53.74 manat olmaqla olmaqla orta aylıq əmək haqqı 3121,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2141.99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (3121,12 manat) arasındakı fərq məbləğinin (979,13 manat) 36,39 faizi - 356.30 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (1143,39 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1499.69 manat məbləğində hesablanmışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya 1574.73 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1916.01 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiya tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyası 1892,16 manat hesablanmalı olduğu halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya 1986.84 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1041.48 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya son üç il ərzində ümumilikdə 2957.49 (1916.01+1041.48) manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. - İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 nömrəli məktubda həmçinin 2957,29 manat heç bir əsas olmadan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə cavahdehə təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. - Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası cari ilin fevral ayında 2104,08 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 211,92 manat fərq məbləği hesablanmışdır. Həmin 211,92 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 2957,49 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan heç bir əsas olmadan artıq ödənilmiş 2745,57 (2957,49-211,92) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə cavabdehə təqdim etməsi xahiş olunmuşdur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. - Əsas məqam kimi qeyd etmək istərdik ki, inzibati orqan tərəfindən yenidən hesablanma barədə qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq həqiqətən ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibati orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Əlavə olaraq qeyd etmək istərdik ki, X1 məlumatlara əsasən hazırda iddiaçının əmək pensiyasından tutulma aparılmır.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubları, - ИТ-İ0491388 nömrəli əmək kitabçası, - cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarı, pensiya alt sistemindən çıxarışlar, - iddiaçının pensiya işi.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli 2- 1(116)-1944/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 64409/2023 nömrəli qərarı ləğv edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi “əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsində tam, pensiyanın xx.xx.2017-ci il tarixə uyğun olaraq - 60%- hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi hissəsində qismən əsaslıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı irəli sürdüyü tələblər aşağıdakılardır: “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi, pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması. - İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği 1986,84 manat olmuş, daha sonra cavabdeh orqan “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 64409/2023 nömrəli qərar qəbul edərək yenidən hesablanmış pensiya məbləği olaraq 1892,16 manat müəyyən etmişdir. İş materiallarında olan, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.2006-xx.xx.2007 və xx.xx.2007-xx.xx.2017-ci illər üzrə ümumi sosial sığorta stajı 10 il, 11 ay, 27 gündür. İddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən onun dövlət qulluğunda 10 il 11 ay 25 gün qulluq stajına görə orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanmışdır. İddiaçı, hazırkı tələbində əmək pensiyasının ilkin təyin edildiyi qaydada, yəni orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanmasını və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik ödənilməsini tələb edir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərar qəbul etməklə hesab etmişdir ki, iddiaçının 10 il tam iş stajından sonrakı il tamamlanmadığından (11 ay, 27 gün iş stajı nəzərə alınmamışdır) istinad olunan normanın tətbiq edilməsi və pensiya məbləğinin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanması yanlış olmuşdur. Məhkəmə hesab edir ki, istinad olunan normada 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 10 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 5 faiz müəyyən etdiyindən, cavabdeh orqanın tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 5 faizə uyğun hesablamalı idi. - Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 10 il 11 ay 25 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,69 faiz təşkil edir. Göründüyü kimi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən sonra müəyyən edilmişdir. Həmin mexanizm müəyyən edilənədək isə qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağanedici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının pensiya məbləğinin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanması yanlış olsa da, cavabdeh orqan 10 ildən yuxarı - 11 ay, 27 günə münasibətdə əlavənin ödənilməsindən (4,96%) imtina etməkdə səhvə yol vermişdir. Odur ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablamalı, pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsini təmin etməlidir. - İddia tələbinin “əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə cavabdeh orqan qeyd edir ki, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası cari ilin fevral ayında 2104,08 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 211,92 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 2957,49 manat pul vəsaitindən çıxılmışdır. Cavabdeh orqan bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə istinad edir. Həmin normanın məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Göründüyü kimi mübahisələndirilən əvəzləşdirilmənin aparılması üçün ƏPHQ-nun 32.1- 1-ci və 39.1-ci maddələrinin nəzərə alınması müəyyən edilmişdir. - ƏPHQ-nun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Normanın məzmunundan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş, belə razılıq olmadığı halda isə həmin məbləğin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İş materiallarından görünür ki, müvafiq pul məbləğinin əvəzləşdirilməsi, o cümlədən maddi yardım üzrə tutulma ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçının razılığı alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmaların aparılması (əvəzləşdirilməsi) ilə bağlı cavabdeh orqanın hərəkətləri mahiyyət etibarilə qanunsuz olmuşdur.

9. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1944/2024 nömrəli qərarının təmin olunmuş hissədə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, qərar ləğv edilməlidir və iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmənin mövqeyinə münasibətdə qeyd etmək istərdik ki, iddiaçıya əmək pensiyası təyin olunan zaman (xx.xx.2017) qüvvədə olan normanın tələbindən göründüyü kimi, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən natamam ayların hesablanması ilə bağlı qanunvericilikdə göstəriş olmadığından iddiaçıya əmək pensiyası təyin edilərkən onun 10 il 11 ay 25 gün stajına uyğun olaraq əmək pensiyasına 55 faiz əlavə tətbiq edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddianın birdəfəlik ödənilməsi hissəsinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 2021/2022 nömrəli qərarında anoloji predmet üzrə iddiaçının “birdəfəlik ödəmə” ilə bağlı dəlilləri və tələbi ilə bağlı isə qeyd edilir ki, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Odur ki, iddia tələbi həmin hissədə də əsassızdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1944/2024 qərarını təmin olunmuş hissədə ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-1944/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

17. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş) 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarı Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

19. İnzibati icraat haqqında Qanun Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılmasını qərara alaraq iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

25. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarının ləğv edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması öhdəliyini qoymaqla düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Buna baxmayaraq, cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçıya əmək pensiyası təyin olunan zaman (xx.xx.2017) qüvvədə olan normanın tələbindən göründüyü kimi, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən natamam ayların hesablanması ilə bağlı qanunvericilikdə göstəriş olmadığından iddiaçıya əmək pensiyası təyin edilərkən onun 10 il 11 ay 25 gün stajına uyğun olaraq əmək pensiyasına 55 faiz əlavə tətbiq edilmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ƏPHQ-nun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsində 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 10 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 5 faiz müəyyən etdiyindən, cavabdeh orqanın tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 5 faizə uyğun hesablamalı idi.

29. Göründüyü kimi, natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən sonra müəyyən edilmişdir. Həmin mexanizm müəyyən edilənədək isə qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağanedici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur. Buna görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının pensiya məbləğinin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanması yanlış olsa da, cavabdeh orqan 10 ildən yuxarı - 11 ay, 27 günə münasibətdə əlavənin ödənilməsindən (4,96%) imtina etməkdə səhvə yol vermişdir. Odur ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablamalı, pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin ödənilməsini təmin etməlidir.

30. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı təmin edərkən pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlsə də, birdəfəlik ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymuş, bununla da qanunvericiliyin tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir.

31. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

32. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

33. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarını da ləğv etməklə düzgün nəticəyə gəlmişdir.

34. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı inzibati icraat haqqında hüquq normalarının tələblərinə zidd qəbul edilmişdir. Belə ki, pensiyadan tutulma aparılarkən inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, inzibati akt əsaslandırılmamış və iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiyanın yenidən hesablanmasına dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələnmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, pensiyanın yenidən hesablanması haqqında qərarın xüsusi forması Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da nəzərdə tutulmamışdır. Həmin xüsusi forma yuxarıda qeyd edilən Qərarda göstərilmədiyindən, qəbul edilmiş yenidən hesablanma haqqında qərarlar “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun tərtib edilməli idi. Odur ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan qərarı qəbul edərkən bilavasitə inzibati icraat haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq, həmin qanunvericiliyə uyğun inzibati aktları tərtib edilməli olduğu halda buna riayət etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur.

36. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. - Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. - “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. - Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarı).

37. İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya 30 iyun 2017-ci ildə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə qərarla pensiyanı yenidən hesablamış, bununla bağlı sonuncu qərar 2023-cü ilin dekabr ayında qəbul edilmişdir. Bundan sonra inzibati orqan inzibati icraat aparmaqla iddiaçını icraata cəlb edərək iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 12 dekabr 2023-cü il tarixdə qərar qəbul etmiş, pensiya məbləğini 15 noyabr 2020-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr üçün 1499,69 manat, 1 yanvar 2023-cü il tarixdən isə müddətsiz olaraq 1892,16 manat müəyyən etmişdir.

38. Cavabdeh inzibati orqan 12 dekabr 2023-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə 30 iyun 2017-ci il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz 12 dekabr 2023-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir.

39. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə isə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır.

40. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.

41. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.

42. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.

43. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.

44. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.

46. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal kimi istinad etdikləri hallar elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunda sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, nəticədə iddianı təmin edərkən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymaqla səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən qismən ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(116)-1944/2024 nömrəli qərarı qismən, yəni pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə (birdəfəlik olaraq ödənilməsi hissəsində) təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(116)-1944/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar