Məhkəmə qərarları › İş №2-1(107)-650/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-650/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-650/2024 18.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X10 Filialına qarşı “iddiaçıya pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)-412/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X10 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “iddiaçıya pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçı xx xxxx 1958-ci il təvəllüd olmaqla pensiya yaşı çatdığı tarixdə əmək fəaliyyətini təsdiq edən sənədləri, o cümlədən istintaq altında və həbsdə olduğu müddət barədə istintaq qərarlarını və hökmləri, habelə işə bərpa edilməsi barədə qətnaməni yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X10 Filialına təqdim etmişdir. Müraciətindən sonra ona təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajının tam olmadığı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı səbəb göstərilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyinindən imtina edilmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: iddiaçı iddia ərizəsinin əsasları kimi İsmayıllı rayon 2 saylı üzüm emalı zavodunda xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan məcburi iş buraxma müddətinin, habelə Kürdəmir rayon "Natiq” X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlərin ümumi sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hal-hazırda 65 yaşı vardır. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomunun (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövrlər) surətlərinə əsasən 19 il 1 ay 15 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının sosial sığorta stajı qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olduğu və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı Ə.X11 Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1987-ci il tarixdə 3 nömrəli X13 direktor vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci il tarixdə sözügedən müəssisənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası keçmiş Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1995-ci il tarixli 437K saylı əmri ilə o zaman qüvvədə olan Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən İsmayıllı rayon 2 saylı X12 həmin zavodun yerləşdiyi İsmayıllı rayon Kuybişev adına kolxozun nəzdinə keçdiyindən müəssisənin ləğv edildiyi əsası ilə tutduğu direktor vəzifəsindən azad edilmişdir. Daha sonra həmin əmrin qanunsuz olması əsası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işə bərpa tələbi ilə iddia qaldırmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə iddiaçı İsmayıllı rayon 2 saylı X13 yenidən direktor vəzifəsinə təyin edilmiş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamışdır. Yasamal Rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli "C.Ələkbərovun işə bərpa olunması ilə bağlı” qətnaməsi bugünədək icra edilmədiyi üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddətin ‘‘məcburi iş buraxma müddəti" hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. Mübahisələndirilən sosial sığorta stajı:

1. xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan məcburi iş buraxma müddəti;

2. Kürdəmir rayon "xxxx" X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlər.

5. Qeyd olunanları nəzərə alaraq, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 4 sentyabr 2024-cü il tarixli 2- 1(116)-412/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X10 Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.1987-ci il tarixdə 3 nömrəli X13 direktor vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci il tarixdə sözügedən müəssisənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası keçmiş Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1995-ci il tarixli 437K saylı əmri ilə o zaman qüvvədə olan Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən İsmayıllı rayon 2 saylı X12 həmin zavodun yerləşdiyi İsmayıllı rayon Kuybişev adına kolxozun nəzdinə keçdiyindən müəssisənin ləğv edildiyi əsası ilə tutduğu direktor vəzifəsindən azad edilmişdir. Daha sonra həmin əmrin qanunsuz olması əsası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işə bərpa tələbi ilə iddia qaldırmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə iddiaçı İsmayıllı rayon 2 saylı X13 yenidən direktor vəzifəsinə təyin edilmiş və məcburi iş buraxmaya görə ******* AZN məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamışdır. Belə ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçasının, təhsil haqqında diplomunun (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövrlər) surətlərinə əsasən 19 il 1 ay 15 gün təşkil edir. Mübahisələndirilən sosial sığorta stajı- xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan məcburi iş buraxma müddəti; Kürdəmir rayon "xxxx" X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlər. Məcburi iş buraxmaya dair məsələyə münasibətdə qeyd edirik ki, Yasamal Rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli “C.Ələkbərovun işə bərpa olunması ilə bağlı" qətnaməsi bugünədək icra edilmədiyi üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddətin ‘‘məcburi iş buraxma müddəti” hesab edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edirik ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2-792/2001-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 2 saylı X13 direktor vəzifəsinə işə bərpa edilməsi və 4.970.000 manat məbləğində əməkhaqqının ona ödənilməsi qərara alınmışdır. Lakin, məhkəmə qərarı qanuni qüvvəsini almasına baxmayaraq qeyd edilən tarixdən sonra İddiaçı nə işə bərpa edilmiş, nə də sözügedən əməkhaqqı ona ödənilmişdir. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi ilə işə bərpa olunsa da əmək fəaliyyəti olmamış, həmçinin əməkhaqqı da almamışdır. Bu səbəbdən də qeyd edilən dövrlərin onun sosial sığorta stajına sayılması qanunvericiliyə ziddir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən digər əmək fəaliyyəti dövrünə dair qeyd edək ki, İddiaçı məxsus əmək kitabçasına əsasən o, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayon "xxxx" X3 hüquq məsləhətçisi təyin edilmiş, xx.xx.1997-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia tələbində sözügedən dövrlərin də onun sığorta stajına əlavə edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi həmin dövrlərin məcburi iş buraxma müddətinə daxil olan dövrlə əhatələndiyindən araşdırmağa zərurət görməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən sonrakı dövrün (“Natiq" X4) doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydləri təkrar (2 dəfə) yazılmışdır və işdən çıxma tarixi düzgün sətirdə qeyd olunmamışdır) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Milli Arxiv İdarəsinin Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü ii tarixli 3-48- 25RA/2-97/2023 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, "xxxx" X2 1992-2006-cı illərə aid arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Milli Arxiv İdarəsinin İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-23RA/2- C/33-117 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, İsmayıllı rayon Hacıhətəmli 2 nömrəli X12 1992-2006-cı illərə aid fəaliyyət dövrünün sənədləri İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 19 il 1 ay 15 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından azdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və iddiaçının əmək kitabçası doldurulma qaydalarına zidd doldurulduğundan, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2- 1(116)-412/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)-412/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)- 412/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz ərizəsi və ona əlavə edilən sənədlər;

4. İddiaçıya məxsus Г-İ 024261 nörməli diplom.

5. İddiaçıya məxsus 12 noyabr 1975-ci il tarixli Əmək kitabçası

6. Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubu.

7. İsmayıllı rayon Dövlət arxivinin arxiv arayışının əsli,

8. Kürdəmir rayon Dövlət arxivinin arxiv arayışının əsli,

9. Barəmdə olmuş cinayət işi üzrə ittiham aktının surəti, 10.Qəbələ rayon məhkəməsinin 1-93 saylı xx.xx.1995-ci il tarixli hökmünün surəti, 11.Göyçay rayon məhkəməsinin 1-75 saylı xx.xx.1996-cı il tarixli qərardadının surəti, 12.Əlibayramlı şəhər məhkəməsinin 1-10 saylı xx.xx.1998-ci il tarixli hökmünün surəti, 13.İsmayıllı rayon polis şöbəsinin İB-nin xx.xx.2001-ci il tarixli qərarının surəti 14.Bakı şəhər Yasamal rayon məhkəməsinin 2-791 saylı xx.xx.2001-ci il tarixli qətnaməsinin surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

16. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

18. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

20. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; Həmin məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)-412/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İş materiallarından da göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - pensiya yaşına çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsindən ibarətdir.

29. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixində yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).

30. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıqdır. Cavabdeh iddiaçının əmək kitabçasının, təhsil haqqında diplomunun (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı dövrlər) surətlərinə əsasən 19 il 1 ay 15 gün sosial sığorta stajını qəbul etmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının Kürdəmir rayon "xxxx" X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrə münasibətdə həmin dövr məcburi iş buraxma müddətinə daxil olduğu dövrlə əhatə edildiyindən həmin dövrün araşdırılmasına zərurət qalmamışdır.

32. İş materiallarına əlavə edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2-791 saylı xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İsmayıllı rayon 2 saylı X13 direktor vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxmaya görə ******* manat məbləğində əmək haqqının ona ödənilməsi qət edilmişdir.

33. Cavabdehin apellyasiya şikayətinin həmin dövrü qəbul etməkdən imtina etməsinə dair dəlili qətnamənin icra olunmaması ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edərək qeyd edir ki, sözügedən qətnamənin qanuni qüvvəsini alması işin mübahisələndirilmləyən halıdır. Qətnamənin faktiki və ya hüquqi səbəblərdən icra oluna bilməməsi iddiaçının təqsirinə görə olmadığından şəxsin hüququnun pozulması ilə nəticələ bilməz. Sözügedən qətnaməyə əsasən iddiaçının işdən azad olunmasına dair xx.xx.1995-ci il tarixli əmr qanunsuz sayılaraq ləğv edilmişdir. Əmrin ləğv edilməsi onun yaratdığı hüquqi nəticəni də aradan qaldırmışdır. Bununla da həmin tarixdən qətnamə qanuni qüvvəyə mindiyi -xx.xx.2001-ci il tarixinədək olan dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının cəmi 25 il 5 ay 26 gün sosial sığorta stajı mövcud olduğundan birinci instansiya məhkəməsi iddiaçıya 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X10 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2-1(116)-412/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar