Məhkəmə qərarları › İş №2-1(107)-650/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-650/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-650/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə qarşı “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2- 1(116)-795/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli, 10 saylı iclasının qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi ayrılmış,

3. “Torpaqların alqı-satqısına dair” xx.xx.2012-ci il tarixli, 74 nömrəli Akta əsasən iddiaçı tərəfindən bələdiyyənin hesabına əvvəlcədən 800 manat haqq ödənilmişdir.

4. Daha sonra DT və XK-nın Ucar rayon şöbəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış torpaq sahəsinin sxemi tərtib edilmişdir.

5. Ucar rayonu Alpout bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, bələdiyyənin xx.xx.2012-cı il tarixli, 10 nömrəli qərarı ləğv edilməmiş və iddiaçı 2020-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir.

6. İddiaçı cavabdeh orqana müraciət edərək Ucar rayon Alpout kəndi ərazisində yerləşən 0,12 ha həyətyanl torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, Ucar rayonu, Alpout bələdiyyəsi torpaq sahəsini “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqləri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respubilkasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respubilkasının xx.xx.2008-ci il tarixli 709-lllQD nömrəli Qanununa uyğun şəkildə satmamış və torpaq sahəsinin alqı-satqısı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2765/2024 nömrəli qərardadı ilə Ucar rayonu Alpout Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-795/2025 nömrəli qərardadı ilə Ucar rayonu Alpout Bələdiyyəsi hüquqi varisi olan Ucar rayonu Qarabörk bələdiyyəsi ilə əvəz edilmişdir.

11. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur və Ucar rayonunun Alpout kəndində yaşayır. Ucar rayonunun Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonunun Alpout kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0.12 hektar torpaq sahəsi ona satılmışdır. İddiaçı 2020-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Bu yaxınlarda həmin evə elektrik xətti çəkdirmək üçün müvafiq orqana müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, bunun üçün fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalıdır. İddiaçı bundan sonra cavabdehə müraciət etmək etmiş, lakin ona imtina cavabı verilmişdir.

12. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsinin ayırılması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, bələdiyyə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqə yolu vasitəsilə torpaq sahəsi ayıra bilərdi. Bundan əlavə, DWJ məlumatlarında torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüşdür. Qeyd olunanlarla yanaşı təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmadı. Torpaq sahəsində yarımçıq tikili mövcuddur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

13. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2- 1(116)-795/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Ucar rayonu Alpout Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli qərarı ilə, İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi faktiki istifadə etdiyini bildirdiyi, üzərində yarımtikili mövcud olan 0,12 ha torpaq sahəsi kənd təsərrufatı təyinatlı torpqlar, kateqoriyalı, islahat uqodiyası örüş, faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında uqodiyası həyətyanı torpaq sahəsi göstərilməklə bələdiyyə mülkiyyətinə aiddir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem işə əlavə olunur. Qanunvericiliyin müddəalarının mənasından görünür ki, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə mübahisəsiz qaydada təsdiq olunur. Ucar rayonu Qarabörk bələdiyyəsinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin torpaqların alqısatqısına dair aktla ayırılmış torpaq sahəsi ilə eyni ərazidə olması, iddia olunan torpaq sahəsinin har hansı üçüncü şəxslərin maraqlarına toxunmadığı, torpaq sahəsinin ətrafında yaşayış sahələrin mövcud olduğu qeyd edilmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz xx.xx.2012-ci il tarixli qərarda və xx.xx.2012-ci il tarixli alqı-satqı aktında ifadə olunur. İddiaçı və üçüncü şəxs arasında alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn hərəkətlər qarşılıqlı olaraq həyata keçirilmiş, iddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsait ödənilmiş və qarşılığında hazırda mübahisəli torpaq sahəsini əldə etmişdir. Odur ki, cavabdehin torpaq sahəsinin müvafiq qanunvericilik aktlarının tələbləri pozulmaqla ayırılması ilə bağlı dəlilləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Cavabdehin “DWJ məlumatlarında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüş” olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə əldə edilmiş rəydən belə müəyyən olunur ki, sözügedən torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında uqodiyası həyətyanı torpaq sahəsi göstərilməklə bələdiyyə mülkiyyətinə aiddir. Ucar rayonu, Alpout Bələdiyyəsinin 30 iyul 2012-ci il tarixli qərarı ilə həyətyanı sahə qismində iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin kateqoriyasında cavabdehin elektron baza məlumatları arasında uyğunsuzluğun olması həmin qərarın mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin qərarın mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin qərarda göstərilən torpaq sahəsi ilə elektron baza məlumatlarında uyğunsuzluq olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar, eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı iddia edilən texniki uyğunsuzluğun aradan qaldırılmasının cavabdeh inzibati orqanın məsuliyyət sferasına aid olduğu mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

15. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin yaxınlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 3 torpaq sahəsinə dair çıxarış təqdim edilməsi üçün aiddiyyəti üzə 16 saylı Ucar Ərazi İdarəsinə sorğu ünvanlamış, sorğuya verilmiş cavab məktubuna yaxınlıqda qeydiyyata alınmış yalnız bir torpaq sahəsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin torpaq sahəsi Dövlət Aktı əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə bitişik daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak mövcud deyil. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi Torpaqların yerqurluşu kompleks islahat xəritələrinə (DWG) əsasən kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahəsidir. Təqdim edilmiş sənədlərdə torpaq sahəsi həyətyanı məqsədilə ayrıldığı qeyd olunub. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2- 1(116)-795/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 1(107)-650/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X1 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ... Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli, 10 saylı qərarı ilə ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

32. Cavabdeh orqanın iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, bələdiyyə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsini yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqə yolu ilə ayıra bilər. Bundan əlavə, DWJ məlumatlarına əsasən mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla örüş uqodiyasına aid edilmişdir.

33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyənin ərazisində daimi yaşayan və ən azı beş il yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri hərrac və ya müsabiqə yolu ilə deyil, bələdiyyə qərarı əsasında ayrıldığından, belə hallarda torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcədən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Eyni zamanda, mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında onun uqodiyası həyətyanı torpaq sahəsi kimi göstərilmiş və bələdiyyə mülkiyyətinə aid olduğu qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “bələdiyyənin mülkiyyət hüququnun əvvəlcədən dövlət qeydiyyatı ilə bağlı” mövqeyi ilə razılaşır. Lakin mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında həyətyanı torpaq sahəsi kimi göstərilməsi, DWJ məlumatlarına əsasən müəyyən edilmiş kənd təsərrüfatı yerinin (örüşün) dəyişdirilməsi kimi qiymətləndirilə bilməz.

35. İş materiallarında olan ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin “Aran- Şirvan kadastr qiymət rayonun düzən torpağı”na, əkin uqodiyalı (bonitet balı 100, keyfiyyət qrupu İ) torpaq sahələrinə aid olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”-na əsasən Ucar rayonunun kənd təsərrüfatı torpaqları Aran-Şirvan kadastr qiymət rayonuna daxildir.

36. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olmaqla islahat uqodiyasının örüş olması, TEKUİS məlumatlarında isə faktiki istifadə vəziyyətinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi bələdiyyə mülkiyyətinə aid olması qeyd edilmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın iddia olunan torpaq sahəsi ayrılarkən qüvvədə olmuş redaksiyasının 2-ci hissəsinə əsasən yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və onların kateqoriyalarının dəyişdirilməsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin vəsatəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilirdi.

38. Sonradan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2025-ci il tarixli 109 nömrəli Qərarı ilə həmin Qaydaların 2-ci hissəsi yeni redaksiyada verilmiş və yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsinin Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilməsi müəyyən edilmişdir.

39. Göründüyü kimi, kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan məsələdir. Hazırkı iş üzrə isə mübahisəli torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Buna görə də, TEKUİS məlumatlarında torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi göstərilməsi mövcud vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

40. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Ucar rayonu Alpout kəndinin kompleks yerquruluşu islahat xəritəsindən çıxarışdan görünür ki, iddia olunan torpaq sahəsi “^” şərti işarəli örüş torpaqlara aid ərazidə yerləşir. Digər tərəfdən TEKUİS baza məlumatlarında iddia olunan torpaq sahəsinin 4 tərəfdən kənd təsərrüfatı təyinatlı torpaqlarla əhatə olunması müəyyən edilir.

41. Həmçinin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0,12 ha torpaq sahəsinin 0,0732 ha hissəsi (fərdi yaşayış evidə daxil olmaqla) Ucar rayonu Alpout bələdiyyəsinin müraciəti əsasında təyinat dəyişmə ilə bağlı xx.xx.2019-cu il tarixdə 2.0 ha torpaq sahəsinə bağlı tərtib edilmiş yerquruluşu planı ilə üst-üstə düşür.

42. Mütəxəssis rəyində göstərilən məlumatlarla əlaqədar məhkəmə kollegiyası tərəfindən Ucar rayonu Qarabörk bələdiyyəsinə sorğu göndərilmiş, Ucar rayonu Alpout bələdiyyəsinin 2,0 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müraciətinin nəticəsi barədə məlumatın, habelə iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin 2012-ci ildə Ucar rayonu Alpout kəndi ərazisində yerləşmə vəziyyətini əks etdirən bələdiyyə xəritəsindən çıxarışın təqdim olunması tələb edilmişdir.

43. Ucar rayonu Qarabörk bələdiyyəsi xx.xx.2026-cı il tarixli cavab məktubunda bildirmişdir ki, bələdiyyəyə məxsus xəritə yoxdur və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə Alpout kəndində yerləşən 2.0 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ünvanlanmış məktuba cavab verilməmişdir.

44. Beləliklə, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmaqla örüş sahəsi kimi hüquqi rejimini saxlamaqda davam edir.

45. Nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair yuxarıda sadalanan sənədlər qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

46. Hazırkı qərarın 37-ci bəndində istinad edilmiş Qaydalarının 1-ci bəndində qeyd edilmişdir ki, ... örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. ... Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.

47. İstinad olunan “Qaydalar”ın 3-cü bəndinə əsasən ... bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

48. “Qaydalar”ın 28-ci bəndinə əsasə örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir.

49. Göründüyü kimi, ilkin torpaqayırma sənədlərinə əsasən mübahisəli ərazi kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına, elektron kadastr məlumatlarına əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Hər iki halda bələdiyyənin ehtiyat fonduna daxil olan həmin torpaq sahəsinin iddiaçıya satılması mümkün deyildir. Qanunvericiliyin tələblərinə görə bu kateqoriyaya aid torpaq sahələri alqı-satqı predmeti ola bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012cı il tarixli, 10 saylı qərarı ilə örüş (kənd təsərrüfatına yararlı əkin) uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıya satılması, sözügedən torpaq sahələrinin alqı-satqısına yol verilməməsi və onların yalnız istifadəyə və icarəyə verilə bilməsi barədə qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmadan həyata keçirilmişdir.

51. Odur ki, istinad olunan qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında, qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz.

52. Etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi, tədqiq edilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olmadığından etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.

53. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2- 1(116)-795/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə qarşı “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar