Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-651/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13- 17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. Dinlənilmə hüququnun məqsədi iddia ərizəsindəki çatışmazlıqların iddiaçının diqqətinə çatdırılması və həmin çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələrinin izah edilməsidir. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi prossesual müddətin buraxılmasını onunla əsaslandırmışdır ki, o, DİN-nin vətəndaş qəbulu ilə bağlı müxtəlif rayonlarda keçirdiyi qəbullarda iştirak etmiş, ona müraciətinin araşdırılacağı bildirilmişdir. Buna görə də, oğlunun işə bərpa olunacağına ümüdlü olmuş və məhkəməyə müraciət etməmişdir. Göstərdiklərini nəzərə alaraq buraxılmış prossesual müddətin üzürlü hesab edilərək bərpa edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışmışdır ki, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 25 dekabr 2023-cü il № 3-13-17/Ə(SH)2106/2023 saylı əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlər etdiyinə görə) xidmətdən azad olunmuşdur. Xidmətdən xaric olunan zaman əmək kitabçası və əmrin surəti ona verilməmişdir. Cavabdeh orqana ünvanladığı çox saylı müraciətlərdən sonra xx.xx.2024-cü il tarixdə əmək kitabçasının və əmrin surəti ona təqdim olunmuşdur. Bundan sonra cavabdehə rəsmi müraciət edərək işə bərpa olunmağının təmin olunmasını xahiş etmişdir. Bundan sonra isə cavabdehlə aralarında olan münaqişəni məhkəmədən kənar qaydada həll etməyə çalışmışdır. Lakin səyləri nəticə verməmişdir. 30 iyun 2024-cü il tarixdə mediator Elçin Həsənov tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Sözü gedən arayışı əldə etmək üçün prosessual normalar səbəbindən təxminən bir aya yaxın vaxt sərf etmişdir. Mediasiya arayışını aldıqdan sonra məhkəməyə müraciət üçün digər sənədləri hazırlamağa başlamışdır. 10 iyul 2024-cü il tarixdə özünə məxsus 07 markalı avtomobili idarə edən zaman avtomobildə yaranan ani texniki nasazlıq səbəbi ilə əlaqədaq olaraq maddi ziyanlıq və xəsarətlə nəticələnən yol qəzası törətmişdir. Qəza nəticəsində o və avtomobildə olan digər sərnişin ciddi xəsarətlər almışdır. Xəsarətlərinə görə bir müddət xəstəxana şəraitində bir müddət sonra isə ev şəraitində ambulator müalicə almışdır. Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən 28 oktyabr 2024-cü il tarixli arayışdanda məlum olur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ambulator müalicə almışdır. Müalicəni bitirən kimi isə dərhal işə bərpa tələbinə dair iddiasına qaldığı yerdən davam edərək bütün prosedurları tamamlayaraq işi məhkəməyə göndərmişdir. Bundan əlavə isə xüsusilə qeyd edir ki, əmək kitabçasını və digər müvafiq sənədləri aldıqdan sonra dəfələrlə Daxili İşlər Nazirliyi X4 şəxsən qəbulunda olmuşdur. Qəbullar zamanı isə cənab nazir ona məsələnin araşdırılıb cavab veriləcəyini bildirmişdir. Cavabdeh orqandan gözləntisi olduğu üçün məhkəməyə müraciət etməkdə bir müddət gözləmişdir. Ümumilikdə isə ilkin olaraq hesab edir ki, inzibati aktın mübahisələndirilməsi üçün müəyyən olunmuş 30 gün müddətin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalıdır. Həmin tarixdən etibarən isə mediasiya prosesinin prosessual normalara görə təxminin 30 günə yaxın zaman aparmasını, cavabdeh orqandan gözlənti hüququnun olmasını və avto qəza keçirməyini nəzərə alaraq hesab edir ki, buraxılmış müddət bərpa olunmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2- 1(116)-2901/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
13. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, şin hallarından görünür ki, iddiaçının mübahiaələndirdiyi inzibati akt-xidmətdən xaric etmə ilə bağlı 3-13-17/Ə(SH)2106/2023 nömrəli əmr xx.xx.2023-cü il tarixinə aiddir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul edilməsindən təxminən 7 ay sonra məhkəməyə müraciət edərək qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə prossesual müddətin bərpası ilə bağlı iddiaçının nümayəndəsinin ərizəsinə münasibətdə qeyd edir ki, ərizədə sadalanan hallar müddətin buraxılması səbəblərinin üzürlü sayılması üçün yetərli əsas sayıla bilməz. Belə ki, üzürlü səbəb dedikdə iddiaçının iradəsindən asılı olmayan hallar (təbii fəlakət, qəfil xəstəlik, qəza və s.) nəzərdə tutulur ki, hazırkı iş üzrə müddətin buraxılmasına səbəb iddiaçının laqeydliyi və müddətə əməl olunması ilə bağlı lazımi ehtiyat tədbirini görməməsi olmuşdur. İddiaçının “əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də, mümkünsüzlüyünə səbəb olur.
14. Məhkəmə kollegiyası ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
15. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
16. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
17. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
18. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Belə ki, məhkəm kollegiyasının araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi DİN BMİ-nin 21 dekabr 2023-cü il tarixli 3-13/Ə322/2023 nömrəli əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır.
20. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
21. Həmin Qanunun 73.2.-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
22. Belə olan halda kollegiya hesab edir ki, hazırkı iş üzrə 30 günlük iddia müddəti deyil “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2.-ci maddəsində nəzərdə tutulan 6 ay.müddət tətbiq edilməlidir.
23. Həmçinin iş materiallarından inzibati aktın iddiaçıya hansı tarixdə verilməsi müəyyən olunmur. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, xidmətdən xaric olunan zaman əmək kitabçası və əmrin surəti ona verilməmişdir. Cavabdeh orqana ünvanladığı çox saylı müraciətlərdən sonra xx.xx.2024-cü il tarixdə əmək kitabçasının və əmrin surəti ona təqdim olunmuşdur. Cavabdeh orqan isə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim etməmişdir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir
25. Beləliklə, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır.
26. Belə ki, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək iddia mümkün sayılmalı və inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
27. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.