Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-651/2025 13.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007-ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1376/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-ə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007-ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdü’'nün təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 26 fevral 2023-cü il tarixli məktubu ilə ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsindən imtina etmişdir. - İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun imtinası əsassız olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 720/2018 saylı 24 may 2018-ci il tarixli qərarından da göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhid Məmməd Mahmudov xx.xx.1973-cü il tarixdə Şəki şəhərində doğulmuş və İddiaçı şəhidin atası ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuş, şəhidin atası ilə nikaha daxil olarkən şəhidin 7 yaşı olmuşdur ki, iddiaçı həmin vaxtdan Məmməd Mahmudov hərbi xidmətə getdiyi xx.xx.1992-ci il tarixədək onu tərbiyə etmiş və bu işin mübahisəsiz halı olmuşdur. Şərh olunan qanunvericiliyin tələbi baxımından iddiaçı şəhidin ögey anası kimi onu 5 ildən artıq tərbiyə etdiyindən o, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdir. Qeyd edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-720/2018 saylı 24 may 2018-ci il tarixli qərarı ilə onun şəhid anası kimi tanınması hal-hazırkı işin mübahisəsiz halıdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. - Bildirilir ki, İddiaçı sözügedən Qaydaların 2-ci bəndinə əsasən imtiyazlı şəxslər kateqoriyasına aid olmadığından ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. - Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) şəhid ailəsinin üzvləri hesab olunurlar. - İddiaçının ərizəyə qoşma kimi təqdim etdiyi məhkəmə qərarı hazırkı mübahisə üçün preyudisial əhəmiyyət daşımamaqdadır. Belə ki, həmin iş üzrə məhkəmə qərarı iddiaçının “pensiya məbləğinin üzərinə şəhid anası kimi hesablanmış əlavənin dayandırılması barədə hərəkətin qanunsuz hesab edilməsi və əlavənin bərpa edilməsi" tələbinə dair məhkəmənin gəldiyi nəticədir. Məhkəmə həmin tələb üzrə yekun nəticəyə gələn zaman iddiaçının şəhidi beş ildən artıq tərbiyə etməsinə və onun doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malik olmasına əsaslanmışdır. Yəni, qeyd olunan qərardakı tələbə Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsi aspektindən hüquqi qiymət verilmişdir. Lakin həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Çünki, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququna malik şəxslər sferası açıqca Qaydalarda göstərilmiş, ögey valideynlərə bu hüquq şamil edilməmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surəti.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1376/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı “İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, şəhid Məmməd Mahmudov xx.xx.1973-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. İddiaçı isə şəhidin atası ilə xx.xx.1981-ci il tarixində nikaha daxil olmuşdur. İddiaçı tərəfindən şəhidin övladlığa götürülməsi baş verməmişdir. - Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququna malik şəxslər Qaydalarda göstərilmiş, ögey valideynlərə bu hüquq şamil edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-720/2018 saylı 24 may 2018-ci il tarixli qərarı ilə iddiaçının şəhid anası kimi tanınmasına dair iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 15-ci maddəsinin müddəaları baxımından pensiyanın əlavəsinin ödənilməsi təmin edilmişdir. Həmin müddəaya əsasən ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. Odur ki, yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olduğu kimi iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası haqlı olmuşdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1376/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin gətirdiyi arqumentlərə hüquqi qiymət verməklə təqdim olunan mötəbər sübutlara istinad etməmiş, səlahiyyətli dövlət qurumlarının verdikləri və onların xeyrinə şərh olunmalı sənədləri qiymətləndirməmişdir. Hansı ki, qanuni qüvvəsini almış məhkəmə qərarı, qanunvericiliyin müvafiq tələbləri onun iddiasının təmin edilməsi üçün kifayət qədər yetərli idi. Hesab edir ki, məhkəmənin qərarı ədalətsiz və qanunsuz olduğu üçün ləğv edilməli və tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. - Bundan əlavə aşağıdakı faktları da məhkəmənin diqqətinə çatdırmağı vacib bilir: Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyi tərəfindən Ş№ 003458 saylı şəhid ailəsi vəsiqəsi verilmişdir. xx.xx.1983-cü ildə verilmiş 30 saylı "X6"nın uşaqlar haqqında məlumat bölməsində 1-ci bənddə mərhum Məmmədin (şəhid) adı qeyd olunmuşdur. Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2003-cü il tarixli 497 saylı orderindən görünür ki, Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 1/1 saylı sərəncamına əsasən xx.xx.1994-cü il tarixdən şəhid ailəsi kimi mənzilalma növbəsində olduğu üçün ona və 2 övladına mənzil sahəsi verilmişdir. DƏDRX Şəki Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2011-ci il tarixli Seriya MA ******* saylı çıxarışdan görünür ki, şəhid ailəsi olaraq verilən evə hüquqları qeydə alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh orqanın apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmun təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, icraatda olan 2-1(107)-651/2025 nömrəli iş üzrə apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. - İddiaçının təqdim etdiyi məhkəmə qərarı hazırkı mübahisə üçün preyudisial əhəmiyyət daşımamaqdadır. Belə ki, həmin iş üzrə məhkəmə qərarı iddiaçının “pensiya məbləğinin üzərinə şəhid anası kimi hesablanmış əlavənin dayandırılması barədə hərəkətin qanunsuz hesab edilməsi və əlavənin bərpa edilməsi” tələbinə dair məhkəmənin gəldiyi nəticədir. Məhkəmə həmin tələb üzrə yekun nəticəyə gələn zaman iddiaçının şəhidi beş ildən artıq tərbiyə etməsinə və onun doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malik olmasına əsaslanmışdır. Yəni, qeyd olunan qərardakı tələbə Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 19.1.1 -ci maddəsi aspektindən hüquqi qiymət verilmişdir. - Lakin həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Çünki, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququna malik şəxslər sferası açıqca Qaydalarda göstərilmiş, ögey valideynlərə bu hüquq şamil edilməmişdir. - Qeyd edilənlərə uyğun olaraq isə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 15-ci maddəsinin müddəaları baxımından pensiyanın əlavəsinin ödənilməsi təmin edilmişdir. Qeyd edilən maddəyə əsasən ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. - Həmin müddəa göründüyü kimi “doğma” və “ögey” valideyn ifadələrini birbirlərindən fərqləndirməklə yanaşı eyni zamanda müəyyən şərtlərin həyata keçiriləcəyi təqdirdə sözügedən ifadələri eyniləşdirir və yalnız əmək pensiyası sahəsində olan münasibətləri tənzimləməyə imkan verir. - Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müddəalarından göründüyü kimi “valideyn” dedikdə şəxsin öz doğma ana-atası, həmçinin, onu övladlığa götürən şəxslər nəzərdə tutulur. Bundan başqa həmin Məcəllədə nəzərdə tutulmuş “ögey valideyn” anlayışı hazırkı iş üzrə iddiaçının faktiki statusunu ifadə edir. Nəticə etibarı ilə iddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikası Qanunun 1 -ci maddəsində nəzərdə tutulmuş ailə üzvü hesab edilmir. - Hazırki halda şəhid Məmməd Mahmudov xx.xx.1973-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. İddiaçı isə şəhidin atası ilə xx.xx.1981-ci il tarixində nikaha daxil olmuşdur. İddiaçı tərəfindən şəhidin övladlığa götürülməsi müəyyən edilməmişdir. - Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olduğu kimi iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası haqlı olmuşdur. Odur ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1376/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları:
1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.
2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;[1] 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. ...
5. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007-ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır.
24. Kollegiya ilk olaraq bildirir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd edilir ki, Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
25. İş materiallarında olan sübut və sənədlərin təhlili göstərir ki, şəhid Məmməd Mahmudov 22 avqust 1973-cü il tarixində Şəki şəhərində dünyaya gəlmişdir. İddiaçı isə şəhidin atası Həsən Mahmudovla 12 aprel 1981-ci il tarixində nikaha daxil olmuşdur. Eyni zamanda, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə şəhid arasında valideyn–övlad münasibətlərinin yaranmasına səbəb olan övladlığa götürülmə faktı mövcud olmamışdır.
26. Məhkəmə kollegiyası bildirir ki, Ailə Məcəlləsinin müvafiq müddəalarının şərhinə əsasən “valideyn” anlayışı şəxsin doğma ana və atasını, habelə onu qanunvericiliyə uyğun olaraq övladlığa götürmüş şəxsləri əhatə edir. Bununla yanaşı, həmin Məcəllədə ayrıca təsbit olunmuş “ögey valideyn” anlayışı hazırkı iş üzrə iddiaçının faktiki statusunu xarakterizə edir.
27. Kollegiya qeyd edir ki, mövcud hüquqi tənzimləmələr çərçivəsində iddiaçının statusu şəhidin valideyni anlayışı ilə eyniləşdirilə bilməz. Bu baxımdan, iddiaçı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş şəhid ailəsinin üzvləri kateqoriyasına aid edilmir.
28. Göstərilənlərə əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi Qaydalarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir) müddəaları nəzərdən keçirildikdə, həmin təqaüdün yalnız qanunla dəqiq müəyyən edilmiş ailə üzvlərinə şamil olunduğu aydın olur.
29. Kollegiya vurğulayır ki, qeyd olunan Qaydalara əsasən Prezident təqaüdü şəhidin həyat yoldaşına, valideynlərinə, müəyyən yaş və əlillik meyarlarına cavab verən uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, habelə qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilə bilər. Təqaüdün təyini müraciət edən şəxsin şəhidlə qohumluq münasibətini təsdiq edən müvafiq sənədlər əsasında həyata keçirilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ərarvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır.
31. Göründüyü kimi, İddiaçı sözügedən Qaydaların 2-ci bəndinə əsasən imtiyazlı şəxslər kateqoriyasına aid olmadığından ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.
32. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi “onun məhkəmə qərarı ilə şəhidin anası qismində tanınması” ilə bağlı arqumentlərə münasibət bildirərək qeyd ki, həmin arqumentlər mövcud normativ-hüquqi aktların tələbləri ilə uzlaşmır və iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır.
33. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-720/2018 saylı, 24 may 2018-ci il tarixli qərarı ilə iddiaçıya münasibətdə tətbiq edilən hüquqi yanaşmanın mahiyyəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarından irəli gəlmişdir. Həmin normaya əsasən, ögey ata və ya ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il müddətində tərbiyə edib saxladığı halda, əmək pensiyası hüquqları baxımından doğma valideynlərlə eyni hüquqi statusda tanınır.
34. Həmin qərardan da görünür ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən şəhidin atası Həsən Mahmudova şəhidlik vəsiqəsi verilmiş, o vəfat etdikdən sonra isə hazırki iş üzrə iddiaçıya Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən şəhid ailələri üçün nəzərdə tutulmuş vəsiqə verilmiş, pensiya məbləğinin üzərinə şəhid anası kimi əlavə hesablanmışdır. Daha sonra həmin pensiya dayandırılmış, məhkəmənin qərarı ilə iddiaçının pensiya məbləğinin üzərinə şəhid anası kimi hesablanmış əlavənin dayandırılması barədə Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin hərəkəti qanunsuz hesab edilmişdir.
35. Göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 15-ci maddəsinin müddəaları baxımından pensiyanın əlavəsinin ödənilməsi təmin edilmişdir.
36. Həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Çünki, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququna malik şəxslər sferası açıqca Qaydalarda göstərilmiş, ögey valideynlərə bu hüquq şamil edilməmişdir.
37. Həmin müddəa göründüyü kimi “doğma” və “ögey” valideyn ifadələrini birbirlərindən fərqləndirməklə yanaşı eyni zamanda müəyyən şərtlərin həyata keçiriləcəyi təqdirdə sözügedən ifadələri eyniləşdirir və yalnız əmək pensiyası sahəsində olan münasibətləri tənzimləməyə imkan verir.
38. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçı ilk öncə ona şəhid ailəsi statusu verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli, imtina olunduğu təqdirdə isə müvafiq tələblə məhkəməyə müraciət etməlidir. Həmin status verildikdən sonra isə o, şəhid statusu ilə əlaqəli olan tələblərlə müvafiq orqanlara və məhkəməyə müraciət edə bilər.
39. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərilən hüquqi tənzimləmənin yalnız əmək pensiyası münasibətlərinə şamil olunduğunu və şəhid ailələri üçün xüsusi olaraq müəyyən edilmiş sosial təminat növü — “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nun təyin edilməsi üçün müstəqil hüquqi əsas yaratmadığını düzgün müəyyən etmişdir.
40. Göstərilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının sözügedən Prezident təqaüdünü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, cavabdeh orqanın bu tələblə bağlı qəbul etdiyi imtina qərarı hüquqi cəhətdən əsaslı və qanunauyğun olmuşdur.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.
42. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli 2-1(116)-1376/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.