Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-653/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi phş-ya qarşı “Əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-811/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Ucar rayonunda anadan olmuşdur, hazırda 56 yaşı var. O, 2014-cü ildən xroniki ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. 2014-cü ildən ambulator və stasionar müalicələr alır, həm dövlət xəstəxanalarında, həm də özəl xəstəxanalarda müalicəsi hazıradək davam etməkdədir. Xəstəliyi müalicələrlə yaxşılığa doğru getməmiş, ürək-damar xəstəliyi artaraq davam etmiş, nəticədə ürəyinə 5 stend qoyulmuşdur. Uzun sürən müalicələr nəticəsində xəstəliyinin düzələn olmadığı görülmüş və iddiaçı əlillik təyini üçün 2023-cü ildə Tibbi Sosial Ekspert Komissiyasına müraciət edilmişdir. Komissiya xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında nəzərdə tutulan siyahıda olmadığından əlillik təyinatından xx.xx.2023-cü il tarixdə imtina edilmiş, müalicə olunmağı tövsiyyə edilmişdir. Bundan sonra müalicəsi davam etmiş, xəstəliyində hər hansı bir irəliləyiş olmamış, xəstəliyi və narahatçılığı artmış və nəticədə ürəyinə stend qoyulmuşdur. Onu da qeyd etmək istəyir ki, artan xəstəliklərlə iş yerinə belə gedə bilmir, xəstəliyi səbəbli daim qulluğa və köməyə ehtiyacı vardır, işlədiyi müəssisədən daim əmək qabiliyyətinin olmaması səbəbli işə çıxa bilmir. Nəhayət uzun sürən müayinə və müalicələr nəticə vermədiyindən və 2023-cü ildə ona təyin edilmiş xəstəlik dərəcəsi və səbəbləri artdığından stend qoyulduqdan sonra yenidən iddiaçıya əlillik təyini ilə bağlı göndəriş cavabdeh orqana göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya əlillik dərəcəsi təyinindən imtina edilərək əlavə müalicəyə ehtiyacının olması, ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəyə davam edilməsi tövsiyyə edilmişdir. Xəstəliyi: (ÜİX.Stabil stenokardiyası İİ fs. Xroniki ürək çatmamazlığı ll (iki) fs.(AF-43%). İİ dərəcə mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Arterial hipertenziya İİ m). İddiaçı cavabdeh orqanın imtinası ilə razı deyil, 2014-cü ildən uzun sürən müayinə və müalicələrlə sağalmayan, get-gedə artan xəstəliyi sonunda ürəyinə 5 stend qoyulması ilə nəticələnmiş, xəstəliyi artaraq davam etmiş, ağciyərləri zədələnmişdir. İddiaçı Azərbaycan Respublikasının ən ixtisaslaşmış tibb müəssisə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda daim müalicə almış, son müayinə və müalicədə də iddiaçıya niyə əlillik dərəcəsi təyin edilmədiyinə həkimlər heyrətlə baxırlar. Həmin tibb müəssisəsində ona qoyulan diaqnoz ağır xəstəlik hesab edilir. Yuxarıda qeyd edilən və həkimlər tərəfindən iddiaçının xəstəliyinə qoyulan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda və həmin 2022-ci il 13 may tarixli 187 dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 235 saylı Qərarı ilə nəzərdə tutulan meyarlarda mövcuddur və həmin xəstəliklərlə bağlı əlillik dərəcəsi təyin edilməsi qaçınılmazdır. Odur ki, cavabdehin imtinasını əsassız hesab edir və o, əlillik dərəcəsi təyin edilməsini məhkəmədən xahiş etməli olmuşdur.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2024cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının surəti. - Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi”nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı düçar olduğu xəstəlik “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Arterial hipertenziya İ m.”) diaqnozu ilə əlaqədar ixtisaslaşdırılmış müalicəni davam etdirsə də onun aradan qalxması, tam reablitasiya mümkün deyildir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-811/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı 10 iyul 2024-cü il tarixindən 2 il müddətində İ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 31-60 % müəyyən edilməsi) təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməsindən ibarətdir. - İşin hallarından belə müəyyən olunur ki, iddiaçı barəsində göndəriş tərtib edən səhiyyə müəssisəsi “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023- 2024). Arterial hipertenziya İ m.” diaqnozu qoymuş, cavabdeh orqan əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina cavabı vermiş, ixtisaslaşmış müalicəni davam etdirməsini məsləhət görmüşdür. - İddiaçı adına Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş E002013505SFK saylı Forma 088 göndərişində qeyd edilmişdir..."xəstəlik xx.xx.2014-cü il tarixdə başlanmışdır. Xronikidir. XBT 10 kodu ilə TSEK-ə şöndərilərkən diaqnoz- Əsas diaqnoz: İ20.8-Stenokardiyanın digər formaları. ÜİX. Stabil stenokardiyası İİ f.s; Ağırlaşmalar: İ50.0-Durğunluq ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF- 43%); İ25.2- Əvvəllər keçirilən miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz; İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. İİ dərəcə mitral çatmamazlıq; Z95.5- Koronar angioplastik implantatın və transpıantatın olması. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Yanaşı xəstəliklər: İl 1.0- (Durğunluq) ürək çatmamazlığıilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi). Arterial hipertenziya İİ m. - İş üzrə əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 T 215/2025 saylı ekspert rəyindən görünür ki, “İddiaçı düçar olduğu xəstəlik “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Arterial hipertenziya İ m.”) diaqnozu ilə əlaqədar ixtisaslaşdırılmış müalicəni davam etdirsə də onun aradan qalxması, tam reablitasiya mümkün deyildir.” - “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nda (XBT 10) “Ürəyin işemik xəstəliyi (İ20- İ25)” “İ20 Stenokardiya (döş inağı)” “İ20.8 Stenokardiyanın digər formaları Gərginlik stenokardiyası Stenokardiya”, “Ürəyin digər xəstəlikləri (İ30- İ52)” İ50 Ürək çatmamazlığı” qeyd olunmuşdur. - Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “2. Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.3-cü bəndində “Ürək çatışmazlığı”, 2.9.1-ci bənddə “ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyrirevmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (Orqanizmin funksiyalarının pozulması faizi 35-60, Orqanizmin funksiyalarının pozulması müddəti 2 il) qeyd edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda və həmin Qərara 2022cı il 13 may tarixli 187 dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 235 saylı Qərarı ilə nəzərdə tutulan meyarlarda mövcuddur və həmin xəstəliklərlə bağlı əlillik dərəcəsinin təyin edilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, cavabdehin xx.xx.2024-cü il tarixli imtinası əsaslı hesab edilə bilməz. - Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.9.1-ci və 2.9.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, iddiaçının sağlamlıq məlumatlarında onun stabil stenokardiya, xroniki ürək çatmamazlığı, İİ mitral çatmamazlıq, arterial hipertenziyadan əziyyət çəkməsi aydın görünür. - Qeyd edilən halların 3 ildən az olmayaraq baş verməsi onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - orqanizmin funksiyalarının pozulması 2 il müddətinə 31-60 % müəyyən edilməlidir. Belə olan halda iddiaçının orqanizminin funksiyalarının pozulması faizləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1.3-cü bəndinə əsasən iddiaçıya İ dərəcə əlilliyin təyin edilməsi əsaslıdır.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-811/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edirlər ki, iddiaçı barədə göndərişlərin rəsmiləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ambulator və stasionar müayinələr yetərli olmalıdır. Belə müayinələr yetərli olmadığı təqdirdə göndərişdə qeyd olunan diaqnozun yarımçıq olduğu qənaətinə gəlinərək əlavə müalicələrin aparılması və yalnız bu müalicələr aparıldıqdan sonra qiymətləndirmənin aparılması lazım olduğu bildirilir. Belə ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında onun barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməlidir. - “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının” təsdiqlənməsi haqqıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 saylı Qərarının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. - Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakter daşımaqdadır, mümkün sayılmamalıdır. Belə ki, apellyasiya şikayətində qeyd edilən (əslində 3 vərəqdə qərarın ləğvi üçün heç bir əsas və fakt ortaya qoyulmayıb) hallara Şəki İnzibati Məhkəməsi tərəfindən qanunun tələbləri əsas gətirilərək hüquqi qiymət verilmiş, iddia tələbi əsaslı sayılmışdır. Bundan başqa, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı məktublarla da onun xəstəliyi onlar tərəfindən də qəbul edilir, mütəxəssis rəyi ilə xəstəliyinin düzəlmədiyi aydın şəkildə ifadə edilir. Bu baxımdan göstərilənləri əsas alaraq apellyasiya şikayətinin təmin edilməməsi və mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı kollegiyanın iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin iddiaçı apellyasiya məhkəməsinə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
2. Qan dövranı sisteminin xəstəlikləri bölməsi. - 2.9. Digər ürək xəstəlikləri - (2.9.1) ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; orqanizmin funksiyalarının pozulması müddəti – 2 il.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə əlillik müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının pozulmasının 35–60 faizinin “birinci dərəcə əlillik” kimi ifadə olunması tətbiq edilən maddi hüquq normaları ilə uyğunluq təşkil etmir.
22. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 35-60 faiz pozulması halının qoyulması əvəzinə, İ dərəcə əlillik kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq OFP-in İ dərəcə əlilliyin müəyyən olunması hissəsində dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi müəyyən edilməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.9.1-ci bəndində ürək çatışmazlığı, ürək qapaqlarının patologiyaları və sol mədəciyin atım fraksiyasının azalması halları üzrə qiymətləndirmə meyarları konkret müəyyən edilmişdir. Həmin meyarlara əsasən, bu hallarda orqanizmin funksiyalarının pozulması faizi 35–60%, müddəti isə 2 il olaraq nəzərdə tutulur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
26. Cavabdeh orqan apellyasiya şikayətində iddiaçının göndərişlərinin rəsmiləşdirilməsi üçün ambulator və stasionar müayinələrin qanunvericiliklə müəyyən edilmiş müddətdə tam aparılması, əlavə müalicələr həyata keçirilmədən qiymətləndirmənin edilməməsinin vacib olduğunu bildirmişdir.
27. Kollegiya hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətində irəli sürdüyü arqumentlər-yəni iddiaçının göndərişlərinin rəsmiləşdirilməsi üçün ambulator və stasionar müayinələrin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə tam olması və əlavə müalicələr aparılmadan qiymətləndirmənin həyata keçirilməməsi – işin faktiki halları və qanunvericilik tələbləri ilə uyğun gəlmir.
28. Göründüyü kimi, cavabdeh orqanın apellyasiya şikayətinin dəlili imtinanın dəlili ilə eynilik təşkil edərək iddiaçının əlavə müayinəyə ehiyacının olması, ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəsini davam etdirməli olması qeyd edilmişdir.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İddiaçı adına Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş E002013505SFK saylı Forma 088 göndərişində qeyd edilmişdir..."xəstəlik xx.xx.2014-cü il tarixdə başlanmışdır. Xronikidir. XBT 10 kodu ilə TSEK-ə şöndərilərkən diaqnoz- Əsas diaqnoz: İ20.8-Stenokardiyanın digər formaları. ÜİX. Stabil stenokardiyası İİ f.s; Ağırlaşmalar: İ50.0-Durğunluq ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%); İ25.2- Əvvəllər keçirilən miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz; İ05.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı. İİ dərəcə mitral çatmamazlıq; Z95.5- Koronar angioplastik implantatın və transpıantatın olması. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Yanaşı xəstəliklər: İl 1.0- (Durğunluq) ürək çatmamazlığıilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi). Arterial hipertenziya İİ m.
30. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 T 215/2025 saylı ekspert rəyindən görünür ki, “İddiaçı düçar olduğu xəstəlik “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Arterial hipertenziya İ m.”) diaqnozu ilə əlaqədar ixtisaslaşdırılmış müalicəni davam etdirsə də onun aradan qalxması, tam reablitasiya mümkün deyildir.”
31. “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nda (XBT 10) “Ürəyin işemik xəstəliyi (İ20- İ25)” “İ20 Stenokardiya (döş inağı)” “İ20.8 Stenokardiyanın digər formaları Gərginlik stenokardiyası Stenokardiya”, “Ürəyin digər xəstəlikləri (İ30- İ52)” İ50 Ürək çatmamazlığı” qeyd olunmuşdur.
32. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “2. Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.3-cü bəndində “Ürək çatışmazlığı”, 2.9.1-ci bənddə “ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyrirevmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (Orqanizmin funksiyalarının pozulması faizi 35-60, Orqanizmin funksiyalarının pozulması müddəti 2 il) qeyd edilmişdir.
33. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir.
34. Belə ki, cavabdeh orqan özü də, iddiaçıya qoyulmuş diaqnozların düzgünlüyünü mübahisələndirmir, lakin müalicə günlərinin sayının yetərli olmaması, xəstənin əlavə ixtisaslaşdırılmış müayinə və müalicəyə ehtiyacının olmasını bildirir. Bununla belə imtina əsası qeyri-müəyyən olmaqla müalicə günlərinin sayının, o cümlədən əlavə ixtisaslaşdırılmış müayinə və müalicəyə ehtiyacının nə qədər olması ilə bağlı cavabdeh orqanın mövqeyi qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, əlillik müəyyən olunarkən faktiki vəziyyət, yəni davamlı funksional pozuntu əsas götürülməlidir. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş tibb müəssisəsi əlavə müayinə və müalicə aparılacağı təqdirdə belə, diaqnozda göstərilən xəstəliklərin tamamilə aradan qalxmasının mümkün olmadığını bildirir. Həmçinin ekspert rəyi ilə də iddiaçının ixtisaslaşdırılmış müalicəni davam etdirsə də xəstəliklərinin aradan qalxması, tam reablitasiya olunmasının mümkün olmadığı öz təsdiqini tapmışdır.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aradan qalxması mümkün olmayan diaqnoza münasibətdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə verilmiş imtina cavabı tamamilə əsassız olmuşdur.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
40. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
41. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
42. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
43. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 2 il müddətinə OFP-nın 35-60 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
45. Göründüyü kimi, İddiaçı bugünə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, müvafiq xəstəliklərdən bugün də əziyyət çəkməsi iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnoz əlilliyin müəyyən olunması üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
46. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona 10 iyul 2024-cü il tarixdən 2 il müddətinə əlilliyin müəyyən edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
48. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulmalıdır.
49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-811/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.