Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-656/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(116)-1409/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xəstəliyi Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1998-ci il tarixli, 328 nömrəli qərarı ilə “Hərbi Travmadır. Azərbaycan Respubilkasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir.
2. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixində TSEK-də müayinə edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə müəyyən edilmiş müddətsiz 2-ci dərəcəli əlillik ilkin olaraq xx.xx.2024-cü il tarixdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə, daha sonra isə əyani müayinəyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə “tam reabilitasiya olunması” əsası ilə ləğv edilmişdir. Məhz həmin qərar qəbul edildikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “19 mart 2024-cü il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi əlilliyin ləğv edilməsi barəsində qərarının ləğv edilərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, 1993-cü ildən 1996-ci ilə qədər ordu sıralarında xidmət etmiş, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə kəllə-beyin travması almışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim Komissiyasının xx.xx.1998-ci il tarixli, 328 saylı qərarı ilə hərbi travma alması müəyyən edilmişdir. Ona, xx.xx.1998-ci ildən 2006-cı ilə kimi müddətli İİ dərəcə Qarabağ müharibəsi əlilliyi təyin edilmiş, daha sonra 2006-cı ildən müddətsiz əlillik təyin edilmişdir. İddiaçı 27 ilə yaxın İİ dərəcə Qarabağ müharibəsi əlili kimi pensiya almış, onun xəstəlik diaqnozu - baş ağrıları, baş gicəllənməsi, əsəbilik, daxili gərginlik, diz oynaqlarında ağrı, aşağı ətraflarda zəiflik, boyun və bel nahiyəsində ağrı, hərəkət məhdudluğu, mədədə ağrı və göynəmə, mədə qıcıqlanması kimi müəyyən edilmişdir. İddiaçı 19 avqust 2024-cü il tarixdə yenidən müayinəyə çağırılmış və cavabdeh orqan onun müayinəyə gəlməməsini əsas gətirərək əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdeh tərəfindən yenidən müayinəyə çağrılmış və tam reabilitasiya olunması əsas gətirilib əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur.
7. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxılmış Diaqnoz: Mədənin xora xəstəliyi. Onikibarmaq bağırsağın soğanağının çapıq deformasiyası. Onikibarmaq bağırsağın soğanağının xorasının kəskinləşməsi. Xora xəstəliyi, qeyri-stabil mərhələ, eroziv duodenit. Hissəvi ikincili adentiya olmaqla “Tam reabilitasiya olunması” barədə imtina qərarı verilmişdir. İsmayıllı rayon sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində TSEK-da müayinə edilmiş və 2.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaş 3-17-4/2-Ə-18899/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunmuş, lakin iştirak etməmiş, diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir (ESDAS 3-17-4/3-3- 6367/2024). Növbəti dəfə köhnə məktub əsasında özü komissiyada iştirak etmək üçün müraciət etmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 328 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mədənin xora xəstəliyi, kiçik əyriliyin kəskin xorası, 12 barmaq bağırsağın soğanağının yaradan sonrakı çapıq deformasiyası. Xora xəstəliyi, qeyri-stabil mərhələ, eroziv duodenit. Hissəvi ikincili adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı səbəbsiz əsəbilik, başağrıları, özözünə kövrəlmək, tez-tez baş verən özündəngetmə hallarından şikayətlənmişdir. Medikamentoz preparatlardan özü ilə gətirdiyi Sevpram, Betaserk, Trammalife, Biqetrik dərmanlarını nümayiş etdirmişdir. Təqdim etdiyi sənədlərlə cari vəziyyəti arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı boyu 154 sm, çəkisi 55 kq, BÇİ 23,2 olmuş, xroniki həzm pozğunluğu əlamətləri, çəki defisiti aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024cü il tarixli 1 nömrəli Qanın ümumi analizinin nəticəsində “Hgb-12.6 q/dl, RBC5.54x10A12” kimi qeyd edilmiş, anemiya aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(116)-1409/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2024-cü il tarixindən dayandırılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqadar təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçı barəsində şübhənin nədən ibarət olduğu, həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırılması baradə qərar qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, cavabdeh orqan eyni diaqnozla şəxsə əvvəllər 2-ci dərəcə və müddətsiz olaraq əlillik təyin etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılması qaydalarına riayət edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan şəxsə əlilliyin təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan inzibati aktını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş inzibati aktın ləğvinin və ya dəyişdirilməsinin əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə məhkəməsinin araşdırması zamanı iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-341/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən Məhkəmə xüsusi ilə qeyd edir ki, cavabdehin İddiaçı ikinci dərəcə əliliyinin ləğvi barədə xx.xx.2024-cü il tarixli qərarı əsassız olmuşdur. Belə ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir.İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli “diaqnoz öz təsdiqini tapmır” səbəbli qərarla faktiki olaraq iddiaçının müddətsiz əliliyi ləğv edilmiş,əlillik hüquqi qüvvəsini itirmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli yeni Qərarı isə əyani müayinə nəticəsində əvvəlki qərarın qüvvədə saxlanılması barədə olduğundan həmin qərar əslində ilkin qərarın ləğvindən sonra nəticə etibarı ilə öz hüquqi əhəmiyyətini itirmiş olur. Belə ki, xx.xx.2024-cü il tarixli qərarla “diaqnoz öz təsdiqini tapmır” əsası ilə müəyyən edilmiş əlillik Alt sistemdən dayandırılmış, iddiaçı əlilliyi olmayan şəxs statusuna keçirilmişdir. Bu baxımdan da sonuncu qərar mübahisə predmeti deyildir.
10. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tamhaqlıdır. Həmçinin bildirmişdirlər ki, məhkəmənin gedişində ekspertiza təyin edilməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçının vəkili apellyasiya şikayətinə etirazı iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(116)- 1409/2025 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
14. “İnzibati icraat haqqında” Qanun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır ...
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-) 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehin qərarının ləğv edilməsi və müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, müddətsiz əlilliyin ləğv edildiyi tarixin xx.xx.2024-cü il müəyyən edilməsində səhvə yol verilmişdir.
21. İşin hallarından görünür ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsinə və əlilliyinin bərpa edilməsinə nail olmaqdır.
22. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2024-cü ildən “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə iddiaçının əlilliyini ləğv etmiş, lakin xx.xx.2024-cü il tarixli qərarında əlilliyin ləğvi əsasını dəyişərək “tam reabilitasiya” müəyyən etmiş, bununla da, əvvəl qəbul etdiyi inzibati aktı dəyişdirmişdir. İddiaçının əlilliyi məhz sonuncu qərardan sonra dayandırılmışdır (əlilliyə görə müvafiq ödənişlər xx.xx.2024-cü il tarixədək ödənilmişdir). Belə olan halda yoxlanılmalı olan inzibati akt, iddiaçının əlilliyini ləğv etmiş və ödənişlərin dayandırılmasına səbəb olmuş sonuncu -xx.xx.2024-cü il tarixli - inzibati akt olmalıdır.
23. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən qərar “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, əvvəlki qərarın düzgünlüyünə əsaslı şübhələr yarandığına görə Agentlik həmin şəxsi əyani müayinəyə cəlb etmiş və nəticədə sağlamlıq vəziyyətində dəyişiklik olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspertiza təyin etməmiş və nəticədə Agentliyin diskresion səlahiyyətinə müdaxilə etməklə əsassız qərar qəbul etmişdir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
25. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
26. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
27. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu göndərilərək iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsinin əsaslandırılması, ona təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanması əsasları və bu icraatın ilk dəfə nə vaxt başlanması barədə məlumat verilməsi tələb olunmuşdur. Həmçinin, iddiaçıya ilkin əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutların mövcud olub-olmaması, mövcud olduğu halda həmin sübutların təqdim edilməsi və onların ilkin təyinatı hansı əsasla şübhə altına almasının əsaslandırılması, iddiaçıya 2006-cı ildən təyin edilmiş əlilliyin 18 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana hansı tarixdə məlum olması və xx.xx.2024-cü il tarixli qərar qəbul edilənədək iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına almağa imkan verən halları müəyyən etmək üçün nə vaxt və hansı tədbirlərin görülməsi barədə məlumat təqdim olunması tələb edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, “tam reabilitasiya olunma” əvvəlki diaqnozun həqiqiliyinin qəbul edilməsi, lakin cari mərhələdə tam sağalma vəziyyətinin mövcudluğu deməkdir.
29. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan əlilliyin ləğvi ilə nəticələnmiş icraatın başlanmasını - əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması ilə əsaslandırmış, qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.
30. Cavabdeh orqan tərəfindən iddiaçının inzibati icraata cəlb edilməsi üçün əsas olmuş inzibati icraat materialı olaraq digər fiziki şəxs – X1 inzibati orqana etdiyi müraciət təqdim edilmişdir. Məhz həmin müraciət əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırma başlanılmışdır.
31. Sözügedən ərizənin məzmunundan görünür ki, müraciət edən şəxs subyektiv mülahizələrdən çıxış edərək iddiaçının və digər şəxslərin əlilliklərinin yenidən yoxlanmasını xahiş etmişdir.
32. Göründüyü kimi, iddiaçı barəsində “tam reabilitasiya haqqında” qərar (yəni ilkin əlillik təyinatının əsaslılığı qəbul edilərək, lakin hal-hazırda tam sağalma aşkar olunmaqla) qəbul edilməsinə baxmayaraq, başlanmış icraat əlillik təyinatından sonra yaranmış hüquqi və ya faktiki hallarla bağlı deyil, faktiki olaraq iddiaçının ilkin əlillik təyinatının əsaslılığına şübhə yaranması ilə bağlı olmuşdur.
33. Cavabdeh orqan qəbul etdiyi qərarlarını və ümumilikdə inzibati icraatın başlanması əsaslarını məhz “Qayda”nın 3.7-ci bəndində nəzərdə tutulmuş şübhənin mövcudluğu ilə əsaslandırılmışdır. Hazırda apellyasiya şikayəti də, Agentliyin həmin hüquqdan istifadə etməsi və bu çərçivədə qərar qəbul etməsi arqumentinə əsaslanır.
34. Beləliklə, əlilliyin ləğv edilməsi ilə bağlı inzibati icraatın başlanması əsası ilkin təyinatın əsaslılığına dair şübhə olmuşdur.
35. Cavabdeh orqan sorğuda qeyd edilmiş digər məsələlərə aydınlıq gətirməsə də, iddiaçı barəsində inzibati icraatın başlanmasına əsas qismində təqdim etdiyi fiziki şəxsin müraciət ərizəsi mübahisəyə mahiyyəti üzrə baxılmasına imkan verdiyindən əlavə tədqiqatın aparmağa lüzum olmamışdır.
36. Belə ki, Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-1043/2025 nömrəli qərarında qeyd edilmişdir ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.
37. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində şəxsə əvvəllər müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanını tanımışdır.
38. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: 1) TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır; 2) Şəxs əyani müayinəyə cəlb olunmalıdır.
39. Qanunvericiliyin tələblərinə görə, inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
40. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.
41. Lakin hazırkı işdən görünür ki, cavabdeh orqan iddiaçı barəsində inzibati icraatı digər fiziki şəxsin mülahizələrinin qeyd olunduğu ərizə əsasında başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən müraciət əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübut kimi qəbul edilə bilməz. Belə ki, ərizədə sadalanan məlumatlar subyektiv mülahizə xarakteri daşıyır, tibbi sənədə əsaslanmır. Ərizə müəllifi yalnız şəxsi müşahidə və narazılıqlarını ifadə etmiş, lakin iddiaçının ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına almağa imkan verən tibbi dəlillər təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müddətsiz təyin edilmiş əlilliyin ləğvi yalnız əsaslı sübutlar mövcud olduqda mümkündür və belə sübutlar iddiaçıı ilə bağlı konkret faktlara və etibarlı sənədlərə əsaslanmalıdır.
42. Odur ki, müraciət edən şəxsin fərziyyələri hüquqi baxımdan “əsaslı sübut” standartına cavab vermədiyindən, inzibati orqanın əvvəlki inzibati aktı təftiş etmək imkanı hüquqi baxımdan mövcud olmamışdır.
43. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Normada nəzərdə tutulan “məlum olduğu gün” dedikdə, inzibati orqanın aktın ləğv olunmasına dəlalət edən halları həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından inzibati orqanın səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə edib-etməməsi, ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir.
44. Cavabdeh orqan məhkəmə kollegiyasının sorğusuna münasibətdə iddiaçıya 2006-cı ildən təyin edilmiş əlilliyin 18 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana məlum olduğu anla bağlı konkret məlumat verməsə də, inzibati icraatın yalnız fiziki şəxsin müraciəti əsasında başlanması onu göstərir ki, inzibati orqanda əlilliyin ləğv edilməsinə əsas olmuş hallarla bağlı heç bir məlumat mövcud olmamış (qeyd olunan hal 1 illik müddətin başlanğıcının müəyyən edilməsi zərurətini aradan qaldırır) və icraatın başlanmasının yeganə əsası fərziyyələrə əsaslanan həmin müraciət olmuşdur.
45. İşdə olan reabilitasiya kartalarından çıxarışlarda müəyyən edilir ki, iddiaçı, İsmayıllı RMX-nın Terapiya şöbəsində “Neyroksilkulyator disotoniya” diaqnozu ilə (xx.xx.2007-xx.xx.2009), ƏƏSMN-nin Müharibə əlilləri üçün müalicə pansionatında (xx.xx.2014-xx.xx.2014) və “Şağan” Müalicə pansionatında (xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018) stasionar reablitasiya keçmişdir.
46. Bununla bağlı kollegiya qeyd edir ki, “X2 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.
47. Həmin Qərarın 2.1-ci bəndinə əsasən əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır.
48. Qaydaların 2.2-ci bəndinə əsasən TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır.
49. Tədqiq edilmiş stasionar reabilitasiya kartalarından çıxarışlardan görünür iddiaçı barəsində “nisbi yaxşılaşma” qeyd edilmiş, tam reabilitasiya olunma ilə bağlı hər hansı məlumat göstərilməmişdir. 2018-2024-cü illərdə isə cavabdeh orqan tərəfindən iddiaçının fərdi reabilitasiyası sahəsində heç bir icraat aparılmamış ("X3" hazırlanmamış), lakin xx.xx.2024-cü il tarixdə iddiaçının müddətsiz əlilliyi “Tam reabilitasiya olunması” əsası ilə əsassız olaraq ləğv edilmişdir.
50. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilkin əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar mövcud olmadığından və iddiaçının fərdi reabilitasiyası baxımından hər hansı icraat aparılmadığından, onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı icraatın başlanmasını qanunsuz olmuşdur. Odur ki, hazırkı mübahisə çərçivəsində iddiaçının müayinə olunaraq sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi zərurəti olmamışdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya müəyyən edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməklə, əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(116)-1409/2025 nömrəli qərarı dəyişdirilir. İddiaçı xx.xx.2006-cı ildə müəyyən edilmiş müddətsiz əlilliyinin ləğv edilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı ləğv edilir. İddiaçının müddətsiz əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.