Məhkəmə qərarları › İş №2-1(107)-657/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-657/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-657/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 x 16 m olan) 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1641/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 x 16 m olan) 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı ərizəsi nəzərə alınaraq fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması məqsədilə şəhərin 13-cü məhəlləsindən sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərbdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28.6 m x 16 m olan yəni 457 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində normaya uyğun mənzil tikintisinə icazə verilmişdir. O, qanuni əsaslarla adına ayrılaraq mülkiyyətinə verilən həmin 457 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona xx.xx.2021-ci ildə tələbindən imtina edilərək bildirilmişdir ki, torpaq sahəsi üzərində mübahisə olduğu və torpaq sahəsindən başqa şəxsin istifadə etdiyi səbəbindən tələbi icra edə bilmirlər.

3. Cavabdeh etirazında bildirmişdir ki, Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən 0.0457 ha həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir.Aparılan araşdırma zamanı Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən 0.0457 ha həyətyanı torpaq torpaq sahəsinə dair DTXK tərəfindən X2 verilmiş plan və ölçü sənədinin olması məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında məhkəmənin hüquqi mövqeyi iddiaçıya şifahi qaydada izah olunmuş, onun dinlənilmək hüququ təmin edilmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 18 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1641/2023 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1641/2023 nömrəli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzər baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1641/2023 nömrəli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən 457 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır.

16. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmişdir. Təqdim olunmuş 03 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı Ucar rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992- ci il tarixli 40 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilən torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin xüsusiyyətləri (naturada sahəsi, təyinatı, uqodiyası, statusu mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s) müəyyən etmək mümkün deyil. Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi 0.0542 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodıyası tikinti altında olan torpaqlar (həyətyanı sahə) olmaqla, mülkiyyət növu xüsusi göstərilmişdir. İddiaçı Ucar rayonu icra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilən torpaqayırma sxemi mövcud olmadığı üçün X2 AN 013957 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 1223 kvm torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinə baxış zamanı müəyyən olundu ki, iddiaçının naturada göstərdiyi 0.0542 ha torpaq sahəsi X2 AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0.12 ha torpaq sahəsi ilə üstüstə düşür. X1 faktiki istifadəsində olan torpaq sahəsi ona AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0,12 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir.

17. İddiaçı tərəfindən iş materiallarına Ucar bələdiyyəsinin torpaqların yerquruluşu layihəsindən çıxarış əlavə edilmişdir.İddiaçının nümayəndəsinə izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı müraciət edə bilər.

18. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

19. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1641/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1641/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar