Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-657/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2078/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. İddiaçı vəkili X3 tərəfindən Quşencə kənd sakini olmuş X1 adında, istifanəsində, icarəsində, keçmişdə və yaxud hal-hazırda pay torpağının, digər torpaq sahəsinin mövcud olub-olmaması barədə müvafiq arayışın ona təqdim olunması məqsədiylə cavabdeh orqana sorğu göndərmişdir.
2. Cavabdeh orqan 05 iyul 2024-cü il tarixdə 5-54 25/2- 43/2024 nömrəli məktubla Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun sorğusunu cavablandırmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı, cavabdehə qarşı məhkəməyə ərizəsi ilə müraciət edərək, “arayışın verilməsi”nə köməklik göstərilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü ildə iddiaçının nənəsi Müzəffərova Bikə vəfat etmişdir. Atası vəfat etdiyinə görə o, baba torpağından öz payını istəyir ki, ora gedib-gəlsin. Hal hazırda əmisi orada yaşayır. Ona görə sənədnən düşən payını istəyir. Natarius varislik sənədi vermək üçün yaşadığı yerdən həqiqətən nənəsinin bu ünvanda yaşaması barədə arayış tələb etmiş, lakin dəfələrlə Quşencə kənd İcra Nümayəndəliyinə getsə də, ona bu arayış verilməmişdir. Göstərilənlərə əsasən bu arayışı notariusa təqdim etmək üçün İsmayıllı rayon Quşencə kənd İcra Nümayəndiliyindən almaqda ona köməklik göstərilməsi xahiş edilmişdir.
5. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, 2024-cü il iyul ayında İddiaçı vəkili X3 tərəfindən Quşencə kənd sakini olmuş X1 adında, istifanəsində, icarəsində, keçmişdə və yaxud hal-hazırda pay torpağının, digər torpaq sahəsinin mövcud olub-olmaması barədə müvafiq arayışın ona təqdim olunması məqsədiylə cavabdeh orqana sorğu göndərmişdir. İsmayıllı RİH başçısının Quşencə kənd İƏD nümayəndəliyi tərəfindən arxiv sənədləri əsasında iş üzrə araşdırılma aparılmış və 05 iyul 2024-cü il tarixdə 5-54 25/2- 43/2024 nömrəli məktubla Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosuna cavab göndərilmişdir. Həmin məktuba iddiaçının vəkilinin müraciəti və həmin müraciətə inzibati orqanın vermiş olduğu cavab qoşma olaraq əlavə edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 2 e-2-1(116)-2078/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi, habelə məhkəmənin icraatında olmuş digər iddia ərizələrindən görünür ki, o mərhum babasından qalmış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsindən atasına pay verilməli olduğunu iddia edir. Təqdim edilən sənədlərə əsasən də müəyyən edilir ki, iddiaçının atası 1967-ci ildən İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının Quşencə KİƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən qeydiyyatdan çıxmışdır. Aydındır ki, aqrar islahat zamanı müvafiq təsərrüfatda qeydiyyatda olan və kənd ərazisində faktiki yaşayan şəxslərin torpaq sahəsinə dair mülkiyyət hüququnun olması qanunvericilikdə nəzərə alınmışdır. İddianın mümkünlük şərtinə münasibətdə məhkəmə qeyd edir ki,iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən müvafiq cavab verilmişdir. Hazırkı iddia ərizəsinin məzmunudan iddiaçının başqa hansı arayışın verilməsini arzuladığı, hüquqi marağının nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir.
8. İddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətinin dəlillərinə görə Məhkəmədən nənəsinin 2023-cü ildə vəfatından sonra İsmayıllı rayon Quşençə kənd İcra Nümayəndəliyindən vərəsəlik sənədinə ərizənin alınması ücün müraciət etmişdir. Lakin bu arayışı indiyə kimi ala bilməmişdir. Cavabdeh tərəflə bundan əvvəl mərhum atası Müzəffərov Vaqifın öz həyətyanı torpaq sahəsinə dair onunla birlikdə məhkəmə işləri olmuşdur. Cavabdeh tərəf məhkəməyə atasının ümümiyyətlə Quşencə kəndində qeydiyatda olmadığı haqda sənəd təqdim etmişdir. O, İsmayıllı rayon Arxiv idarəsindən 2023-cü ildə alınmış babası, nənəsi və atası ilə birlikdə bacı və qardaşının qeydiyatı olan sənəd təqdim etmişdir. Lakin məhkəmə nənəsinin yaşadığı evlə atasına aid yaşayış sahəsinin torpağın cavabdeh tərəfnən qarışdırmış və onun hansı ərizəni tələb etdiyini başa duşmədiyini bildirərək iddia ərizəsini mümkünsüz saymışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
14. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
18. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
19. İş materiallarından görünür ki, hazırkı iş üzrə ilkin ərizə rabitəsiz və qeyrimüəyyən cümlələrlə ifadə olsunsa da, iddiaçının hüquqi marağı onun nənəsinin müvafiq kənddə yaşaması barədə İsmayıllı rayon Quşencə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən arayışın əldə edilməsidir. İddia ərizəsində bu arayışın notariat orqanı tərəfindən tələb olunduğu qeyd edilmişdir.
20. Lakin iş materiallarından görünür ki, cavabdeh orqana əvvəllər təqdim olunmuş sorğu iddiaçının nənəsi ilə deyil, atasının adına hər hansı əmlakın olub-olmaması ilə bağlı olmuşdur. Cavabdeh orqan bu sorğunu cavablandırmış və qeyd olunan şəxsin adına əmlakın mövcud olmaması barədə cavab təqdim etmişdir.
21. Göründüyü kimi iddiaçının hazırda qaldırdığı məsələ ilə bağlı cavabdehə müraciət edilmədiyindən cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) ilə iddiaçının subyektiv hüquqlarına müdaxilə baş verməmişdir.
22. Nəzərə alınmalıdır ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın xüsusi mümkünlük şərtlərindən biri də, iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir.
23. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
24. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi barədə düzgün qənaətə gəlmişdir. Odur ki şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2078/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsininin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.