Məhkəmə qərarları › İş №2-1(107)-658/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-658/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-658/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 455 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 550 manat məbləğində siyahıya alınmış əmlakın (JN-0013 KOD 40905028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 10 sot, bir sotunun dəyəri 55 manat olmaqla ümumi dəyəri 550 manat olan, Ağsu şəhərində yerləşən torpaq sahəsi) satılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2661/2023 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 455 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 550 manat məbləğində siyahıya alınmış əmlakın (JN-0013 KOD 40905028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh mülkiyyətinə verilmiş 10 sot, bir sotunun dəyəri 55 manat olmaqla ümumi dəyəri 550 manat olan, Ağsu şəhərində yerləşən torpaq sahəsi) satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 475 manat borcuna görə 550 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 455,00 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir..

3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə hüquqi yardım məktubu ünvanlanmış və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya müddət təyin edilmişdir.

4. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin yardım məktubunda qeyd olunanlarla bağlı hüquqi mövqeyinə münasibət bildirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2661/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus torpaq sahəsinin satılması, onun torpaq sahəsinin mülkiyyətçisi olması və digər bu kimi məsələlər iddianın mahiyyəti ilə bağlıdır və buna iddia mümkün hesab edilərək şifahi məhkəmə baxışı iclasında baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq ona baxmamış və beləliklə inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılmasına” dair iddia vermək subyektiv hüquqları var, həmin iddia tələbinə cavabdeh kimi Cavabdeh düzgün olaraq seçilmiş, Azərbaycan Respublikası İPM-də nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Həmçinin iddia ərizəsinə torpaq sahəsinin JN-0013 KOD 40905028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əlavə edilmişdir. Bu akt qeyd olunan torpaq sahəsinin Cavabdeh məxsus olmasını təsdiq edir. Buna baxmayaraq məhkəmə iddia tələbinə birtərəfli baxaraq torpaq sahəsinin cavabdehə məxsus olmadığını qeyd etmiş bununla da hüquqlarını pozan qərardad qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2661/2023 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq Şəki İnzibati Məhkəməsinin baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2661/2023 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq Şəki İnzibati Məhkəməsinin baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

10. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

14. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1)

15. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.

16. Belə ki, iddia tələbində Ağsu rayon Aqrar İslahat Komissiyasının 31 nömrəli qərarı ilə X5, X6 və X1 ümumi birgə mülkiyyətinə verilmiş, JN-0013, KOD 40905028 nömrəli, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 4,03 ha torpaq sahəsinin 10 sot hissəsinin satılması xahiş olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, siyahıya alınmış 0,10 ha torpaq sahəsi iddiaçının və digər şəxslərin ümimi birgə mülkiyyətinə verilmiş 4,03 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin paylar dəqiq müəyyən edilmədiyindən torpaq sahəsinin hüdudlarını və naturada yerinin müəyyən edilməsi mümkün deyildir. Belə olan halda torpaq sahəsinin siyahıya alınması və satılması ilə bağlı tələb, tələbin konkret olaraq naturada hansı əmlaka yönəlməsi qeyri-müəyyəndir. Məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, inzibati mühakimə icraatı qaydasında irəli sürülən tələb müəyyən olmalıdır.

17. Qeyd olunanlara əsasən hüquqi yardım məktubunda iddia tələbində olan qeyrimüəyyənliyin aradan qaldırılması və yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya müddət təyin edilmişdir. İddiaçı tərəfindən məhkəmənin yardım məktubunda qeyd olunanlarla bağlı hüquqi mövqeyinə münasibət bildirilməmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli protokoldan görünür ki, siyahıya alınmış əmlak Ağsu rayonu Keçdiməz kəndində yerləşən torpaq sahəsindən ibarətdir. İddiaçı iddia ərizəsində siyahıya alınmış əmlakın 10 sot (bir sotunun dəyəri 55 manat omaqla) torpaq sahəsindən ibarət olduğunu bildirsə də, “Əmlakın siyahıya alınması haqqında” protokola əlavə edilmiş siyahıda, torpaq sahəsinin ölçü vahidi sot, miqdarı 55, vahidinin qiyməti isə 10 olaraq qeyd edilmişdir.

19. Eyni zamanda müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qismində JN-0013 nömrəli dövlət aktı göstərilmişdir ki, həmin dövlət aktına əsasən isə 4,03 ha torpaq sahəsi cavabdehlə birlikdə X4 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir, torpaq sahəsinə münasibətdə isə paylar müəyyən edilməmişdir. Həmçinin torpaq sahəsinin (55 və ya iddia olunan şəkildə 10 sot) yerinin və dəyərinin hansı müyarlar əsasında müəyyən edilməsi məlum deyildir.

20. Həmin torpaq sahəsinin cavabdehə məxsusluğunu təsdiq edən hüquqmüəyyənedici sənəd, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə edilməmişdir. İddiaçı faktiki olaraq səlahiyyəti olmadığı halda konkret ölçü göstərməklə torpaq sahəsindən cavabdehin payını ayırmağa cəhd göstərərək məhkəmədə hazırkı iddianı qaldırmaqla göstərilən məsələyə rəsmi xarakter verməyə çalışmışdır. Hazırkı halda isə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmamışdır, sərhədləri bəlli deyildir, koordinatları müəyyən olunmamışdır.

21. Hazırkı iş üzrə cavabdehə məxsus hansı torpaq sahəsinin siyahıya alındığı müəyyən olunmadığıdan, siyahıya alındığı göstərilən torpaq sahəsinin cavabdehə məxsusluğu təsdiq edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə payı naturada ayrılmadığından həmin əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir.

22. Belə oplan halda məhkəmə kollegiyası hesab edir ki, satılması nəzərdə tutulan torpaq sahəsi dedikdə hansı ərazinin nəzərdə tutulması, nəzərdə tutulmuş ərazinin fərdi müəyyən edilmiş xüsusiyyətləri aydın olmadığından, habelə siyahıya alındığı göstərilən torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq edilmədiyindən, naturada konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılma ilə bağlı tələb qeyri-müəyyəndir.

23. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

24. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2661/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2661/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar