Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-658/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “ xx.xx.2011-cü il tarixində ona təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə cavabdehin xx.xx.2024-cü il tarixli 3-174/3- 3-1615/2024 nömrəli qərarın ləğv edilməsi və iddiaçının birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2518/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2011-cü il tarixində ona təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə qəbul edilmiş qərarın etibarsız olması barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)8041/2024 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “xx.xx.2011-cü il tarixində ona təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1615/2024 nömrəli qərarın ləğv edilməsi və birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2011-ci ildən ümumi xəstəlik səbəbindən müddətsiz gözdən əlildir. Bu haqda kartadan çıxarışı, xəstəliyi haqda məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19№li TSEK №50/1438 çıxarışları var. Bu rəsmi sənədlərə baxmayaraq, cavabdeh orqan xx.xx.2024-cü ildə onun ümumi xəstəlik səbəbilə xx.xx.2011-ci il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması” barədə imtina qərarı verilmişdir. Ağsu rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair əlillik təyinatı ilə bağlı məlumatlar “Əlillik” altsistemində tapılmasa da, arxivə göndərilmiş sorğu əsasında məlum olmuşdur ki, (1 saylı TSEK in 50/1483 nömrəli müayinə aktından çıxarışa əsasən) vətəndaşın xx.xx.2011-ci il tarixindən etibarən Ümumi xəstəlik-gözdən əlil səbəbindən ilkin və ya təkrar təyinat olduğu məlum olmayan birinci dərəcə “OU-Retinosizus. OD-Yüksək dərcəli hipermetropiya. OS-Düz tipli mürəkkəb hipermet'opik astiqmatizm. VİS OD=0,01 (yüzdə bir) k/e, VİS OS=0,03 (yüzdə üç) k/e”diaqnozu ilə birinci dərəcə əlilliyin mövcuddur ki, orada da əmək zəmanəti “Kənar şəxsin köməyinə ehtiyacı var” kimi göstərilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3- 17-4/2-H-32693/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir.
7. Müayinəyə gələrkən görmə zəifliyindən şikayət etmiş və Ak.Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 12553 nömrəli Tibbi rəyini təqdim etmişdir ki, orada da VİS OU=0,3 (onda üç) kimi göstərilmiş, diaqnoz “OU-Sadə hipermetropik astiqmatizm.” şəklində göstərilmişdir. İxtisalaşmış tibb müəssisəsindən təqdim edilmiş Tibbi rəydə qeyd edilmiş görmə itiliyi əlillik təyinatına əsas vermədiyindən vətəndaşa göndəriş təqdim edilərək DTSERA-da oftalmoloq müayinəsindən keçməsi istənilmiş, lakin vətəndaş müayinədən keçməmişdir. Bu səbəbdən mövcud sənədlərə görə aparılmış araşdırma nəticəsində Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2518/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 2518/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2518/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir .
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - TSEK müayinələrinin nəticələrinə dair çıxarışlar. - Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin xx.xx.2024-cü il 3-17-4/3-3-1615/2024 nömrəli qərarı. - Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 12 yanvar 2024-cü il tarixli qərarı.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. . APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2518/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
21. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
22. İddiaçı, onun subyektiv hüquqlarına müdaxilə edən cavabdeh orqanın xx.xx.2024-cü il tarixli inzibati aktının ləğv olunmasını tələb edir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli qərarla iddiaçı barəsində tibbi ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarını ləğv etmişdir. Mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi barədə cavabdeh orqan tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, iddia ərizəsinə əlavə edilmiş, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində tibbi ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi barədə məlumat verilmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Odur ki, İPMnin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2011-cü il tarixdə ona təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1615/2024 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdır.
25. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2011-ci il tarixli qərarının ləğv edilməsi barədədir.
26. İddiaçıya xx.xx.2011-ci il tarixdə gözdən əlilliyi olan şəxs kimi müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.
27. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır
29. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər.
31. Lakin, həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.
32. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.
33. Cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyin sonradan ləğv edilməsini əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçının əyani müayinəyə dəvət olunması, onun oftolmoloq müayinəsindən keçməsinin təklif olunması, lakin iddiaçının müayinədən keçməkdən imtina etməsi ilə əsaslandırmışdır.
34. Göründüyü kimi cavabdeh orqan ümumiyyətlə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmamış, “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını, o cümlədən iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsini əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
35. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh orqan 12 yanvar 2024-cü il tarixdə iddiaçının “tam reabilitasiya olunması” barədə qərar qəbul etdikdən sonra xx.xx.2024-cü il tarixdə 3-17-4/3-3-1615/2024 №-li qərar qəbul etmişdir. Həmin qərarın 1ci bəndində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 2 nəfər barəsində qüvvədə olan qərar ləğv edilsin və “tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.
36. Qərarın məzmunundan görünür ki, faktiki olaraq cavabdeh orqan 12 yanvar 2024- cü il tarixdə qəbul etdiyi qərarla eyni məzmunlu qərar qəbul etmişdir. Eyni məsələni tənzimləyən qərarın təkrar qəbul edilməsi ilə cavabdeh orqanın nail olmaq istədiyi hüquqi nəticə aydın deyil. Cavabdeh orqan iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubda ona təyin edilmiş əlilliyin xx.xx.2024-cü il tarixdə müayinənin nəticəsinə uyğun ləğv edildiyini bildirmişdir. Odur ki məhkəmə, 12 yanvar 2024-cü il tarixli qərarla eyni məzmunlu qərar olan xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1615/2024 №-li qərarı etibarsız inzibati akt hesab edir (65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt). Belə ki, sözügedən qərar qəbul edilənədək artıq 12 yanvar 2024-cü il tarixdə iddiaçıya təyin edilmiş 1-ci dərəcəli əlilliklə bağlı ilkin qərar ləğv edildiyindən, məhz xx.xx.2024-cü il tarixli qərar mübahisələndirmə haqqında iddia tələbinin predmeti qismində çıxış edir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2518/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.