Məhkəmə qərarları › İş №2-1(107)-658/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-658/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-658/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə (hüquq yarandığı tarixdən) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-1055/2025 nömrəli qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə rəsmi ərizə ilə (zəruri sənələri ərizəyə əlavə etməklə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 regional filialına müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən 22 dekabr 2023-cü il tarixli, 3-171/2-9302362/2023 nömrəli məktubla (qərarla) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Onun ilkin əlilliyi xx.xx.2018-ci tarixində (18 yaşından sonra) müəyyən edildiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qərarı qanuni və əsaslı hesab edilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)- 65/2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə müəyyən olunmuşdur ki, o, xx.xx.1977-ci il təvəllüdlü olmaqla böyrək çatışmamazlığından əziyyət çəkmişdir. Buna baxmayaraq xx.xx.1995-ci ildə İsmayıllı RHK-nın çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra xx.xx.1998-ci il tarixdə təxris olunmuşdur. Sonradan məlum olmuşdur ki, sol böyrəyi anadangəlmə olmamışdır. Bu səbəbdən ona xx.xx.2018-ci tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. 6120 manat maddi, 1000 manat mənəvi zərərə görə pul vəsaiti cavabdeh Azərbaycan Respublikası SHXÇDX-dən tutularaq ona verilməsi qərara alınmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanunun 14.1.1.2-ci maddəsinə əsasən onun əlilliyi 18 yaşından sonra müəyyən olunduğundan İddiaçı ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi mümkün hesab edilmir.

- İşin faktiki hallarına əsasən, iddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdə, yəni onun 50 yaşı olduğu tarixdə müəyyən olunmuşdur. Qeyd olunan əsas belə, cavabdehin imtinasının qanuni və əsaslı olduğuna siraət edir. - İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi, iddiaçının əlilliyinin 18 yaşından sonra müəyyən olunması səbəbindən ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - İddiaçı barəsində Əlillik Altsistemindən çıxarış; - Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-65/2022 saylı qərarı; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı qərarı; - AZ-İ 480571 nömrəli xx.xx.2011-ci il tarixli Ölüm haqqında Şəhadətnamə; - İddiaçı məxsus İV-JT 433261 nömrəli doğum haqqında akt qeydinin surəti.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 sentyabr 2025-ci il tarixli 2- 1(116)-1055/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı “ailə başçısını itirməyə görə” əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı iddia tələbində hüququnun yarandığı andan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir ki, onun hüququnun yarandığı an cavabdehə ilkin müraciət etdiyi vaxt nəzərdə tutulur. İşin faktiki hallarına əsasən iddiaçı əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının xahişini təmin etməmişdir. - Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İş materiallarında olan TSERAnın Alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya 08 fevral 2018-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Həmin çıxarışda diaqozun “Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki piefonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi, XBÇ-İM İİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikinci hipertenziya, ikinci (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu” olduğu qeyd edilmişdir. Əlilliyin səbəbi ilə bağlı müayinə aktından görünür ki, uşaqlıqdan əlillik müəyyən edilmişdir. Yəni, iddiaçıya əlillik 18 yaşının tamam olduğu tarixdən sonra təyin edilsə də, əlillik sonradan deyil, uşaqlıqdan mövcud olmuşdur. - İddiaçının cavabdeh Azərbaycan Respublikası SHXÇDX-nə qarşı dəymiş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi ilə bağlı inzibati iş materiallarından da iddiaçının sol böyrəyinin anadangəlmə olmadığı aşkar edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçının ilkin olaraq ərizə ilə cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-1055/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra, İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-1055/2025 nömrəli qərarının dəyişdirilməsi və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.2018-ci tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1055/2025 nömrəli qərarı məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Buna görə də, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. - Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İş materiallarından da məlum olduğu kimi, iddiaçı xx.xx.2018-ci il tarixindən etibarən əlilliyi müəyyən olunmuş şəxs statusunu almışdır. Belə olduğu halda iddiaçı tərəfindən onun 18 yaşına qədər, yəni 1995-ci il tarixinədək əlilliyinin müəyyən olunması ilə bağlı zəruri sənədlər təqdim olunarsa aidiyyəti üzrə cavabdeh tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunardı. - Belə ki, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra DSMF) özünün nizamnaməsinə uyğun olaraq, sadəcə sosial ödənişlərin həyata keçirilməsi prosesini tənzimlədiyindən, hesab edirik ki, iddiaçıya əlilliyin təyin olunmasının gecikdirilməsi Fondun səlahiyyət dairəsinə şamil edilmir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərarda belə DSMF-nin səlahiyyət dairəsinin əmək pensiyalarının təyin edilməsi və sosial müavinətlərin ödənilməsi ilə əhatə olunduğu bilavasitə qeyd olunmuşdur. - Lakin, əlilliyin təsdiqi bilavasitə TSEK-in səlahiyyətlərinə aid olduğundan, eləcə də əlilliyin müəyyən olunması xx.xx.2018-ci il tarixindən müəyyən olunduğundan cavabdeh tərəfindən icraatın aparılması yalnız sözügedən qərarın qüvvəyə mindiyi, yəni statusun əldə olunduğu tarixdən mümkün hesab edilir. Belə ki, şəxsin əlilliyinin anadangəlmə olması ilə bağlı müəyyən olunursa, bu zaman əlillik statusunun verilməsi ilə bağlı qərarın da həmin tarixdən etibarən qüvvədə olması zərurəti yaranır. - Eləcə də, nəzərinizə çatdırırıq inzibati praktikada mövcud olan statusa münasibətdə bildiririk ki, digər inzibati orqanın qərarı əsasında həyata keçirilən sosial ödəmələrə münasibətdə eyni xarakterli müharibə veteranları ilə bağlı praktikaya da nəzər sala bilərik. Sözügedən inzibati praktikada da veteran adı ilə statusunun verilməsi arasında fərq vardır. Belə ki, vətəndaşların 1992-1994-cü il tarixləri üzrə döyüşlərdə iştirak etməsinə baxmayaraq Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanında veteranlıq statusunun şəxsə münasibətdə müvafiq inzibati orqan tərəfindən verildiyi tarixə münasibətdə müharibə veteranları üçün nəzərdə tutulmuş ödənişlərin ödənilməsi nəzərdə tutulmuşdur. Aidiyyəti işlər üzrə praktikadan da məlum olduğu kimi məhkəmələr bilavasitə hadisənin baş vermə tarixi, o cümlədən veteran adının alınması yox, bilavasitə statusun alınması və bundan sonra hüququn yaranması məsələsinə istinad edir. Bu zaman məhkəmələr tərəfindən müvafiq inzibati orqan tərəfindən (məsələn SHXÇDX) müharibə veteranı vəsiqəsinin verildiyi tarix əsas götürülür. X7 tərəfindən də sözügedən inzibati orqanlar tərəfindən təqdim olunmuş sənədlərə əsasən müvafiq sosial ödənişlərin ödənilməsi təmin edilir. - Eynilə hazırki iş üzrə də cavabdeh tərəfindən ödənişlərin ödənilməsi üçün əsas digər inzibati orqanın, o cümlədən TSEK-in müvafiq qərarına əsasən icra olunduğundan hesab edirik ki, cavabdeh tərəfindən qanun pozuntusuna, bilavasitə ədalətlilik prinsiplərinə zidd prosessual hərəkətlər həyata keçirilməmiş, lakin məhkəmə tərəfindən qüvvədə olmayan qərar üzərindən cavabdeh tərəfindən müəyyən hərəkətlərin icra olunması tələb olunmuşdur. Belə olduğu halda sual doğuran hal ondan ibarətdir ki, əgər cavabdeh tərəfindən qüvvədə olmayan qərar üzrə əlilliyin müəyyən olunması və müvafiq ödənişlərin həyata keçirilməsi təmin olunacaqdırsa, bu zaman qanunçuluq prinsipinin kobud şəkildə pozulmasına gətirib çıxaracaqdır. Belə ki, hazırki halda Mərkəzi Filial tərəfindən iddiaçıya münasibətdə ailə başçısını itirməyə görə pensiyanın təyini dolayı yol ilə xx.xx.2018-ci il tarixli qərarın etibarsız hesab edilməsinə, yəni şəxsin əlillik statusunun bilavasitə onun anadan olduğu xx.xx.1977-ci il tarixinə münasibətdə hesablanmasına gətirib çıxaracaqdır. Bu hal isə özlüyündə Mərkəzi Filial tərəfindən onun səlahiyyətlərinə aid olmayan məsələ üzrə tədbirlərin həyata keçirilməsi deməkdir. Əlavə olaraq bildiririk ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən mütənasiblik prinsipinin pozulmasına istinad edilsə də, hazırki iş üzrə cavabdeh tərəfindən müəyyən hərəkətlərin edilməsi həmçinin digər inzibati orqanın, o cümlədən hüquqi şəxsin səlahiyyətlərinə müdaxilə edilməsi səbəb olacaqdır ki, belə hal məhkəmə tərəfindən hüquqi qiymət verilmədən iddiaçının mənafeyinə münasibətdə həll olunmuşdur.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli qərarını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin xx.xx.2023-cü il tarixindən qoyulması hissəsində qanunsuz və əsassız hesab edir. - Məhkəmə iddianı təmin etmək barədə düzgün nəticəyə gəlsə də, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin hüquq yarandığı tarixdən deyil, xx.xx.2023-cü il tarixindən qoyulması barədə səhv nəticəyə gəlmişdir. - Məhkəmə iddianın təmin edilməsi barədə qanuna əsaslanmış, hətta ədalət prinsipinə əməl etmiş, lakin bir cümlə ilə hesab etmişdir ki, “iddia təmin edilməli, iddiaçının ilkin olaraq ərizə ilə cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini kənara qoymuş, öhdəliyin yaranma tarixini iddiaçının ərizə ilə cavabdehə müraciət etdiyi tarixindən hesablanmalı olmasını əsaslandırmamışdır. O, 2018-ci ildən başlayaraq bir neçə dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinə müraciət etmiş, lakin hər dəfə tələbi əsassız olaraq rədd edilmişdir. Məhkəmə bununla bağlı cavabdeh tərəfdən hər hansı sübut tələb etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-1055/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır); Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçı və cavabdeh apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayəti əsassız olsa da, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 08 dekabr 2020-ci il tarixindən (müraciətindən əvvəlki üç ilin) ödənilməsi öhdəliyi qoyulmalıdır.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İş materiallarından da məlum olduğu kimi, iddiaçı xx.xx.2018-ci il tarixindən etibarən əlilliyi müəyyən olunmuş şəxs statusunu almışdır. Belə olduğu halda iddiaçı tərəfindən onun 18 yaşına qədər, yəni 1995-ci il tarixinədək əlilliyinin müəyyən olunması ilə bağlı zəruri sənədlər təqdim olunarsa aidiyyəti üzrə cavabdeh tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunardı.

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1995-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı 2015-ci ildə İran İslam Respublikasında müayinədən sonra məlum olmuşdur ki, onun sol böyrəyi ümumiyyətlə anadangəlmə olmamış, onu hərbi komisarlıq bu vəziyyətdə hərbi xidmətə göndərmişdir. Bunu aşkar etməyə cavabdeh olan həkim komisiyası və hərbi komisarlıq vəzifə borclarını layiqincə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenz;ya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu.

26. Göründüyü kimi, cavabdehin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İş materiallarında olan TSERAnın Alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya 08 fevral 2018-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Həmin çıxarışda diaqozun “Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki piefonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi, XBÇ-İM İİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikinci hipertenziya, ikinci (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu” olduğu qeyd edilmişdir. Əlilliyin səbəbi ilə bağlı müayinə aktından görünür ki, uşaqlıqdan əlillik müəyyən edilmişdir. Yəni, iddiaçıya əlillik 18 yaşının tamam olduğu tarixdən sonra təyin edilsə də, əlillik sonradan deyil, uşaqlıqdan mövcud olmuşdur.

27. İddiaçının cavabdeh Azərbaycan Respublikası SHXÇDX-nə qarşı dəymiş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi ilə bağlı inzibati iş materiallarından da iddiaçının sol böyrəyinin anadangəlmə olmadığı aşkar edilmişdir.

28. İşdə olan sənədlərə görə iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməməsi ilə bağlıdır.

29. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 11 iyun 2019-cu il tarixdə çap edilmiş məlumatında qeyd edilmişdir ki, iddiaçının əlilliyi - ikinci dərəcə, xəstəliyin diaqnozu “Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki piefonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi, XBÇ-İM İİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikinci hipertenziya, ikinci (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu”, əlillik müddəti - müddətsiz, əlillik səbəbi - ümumi xəstəlik, əmək zəmanəti - əmək qabiliyyəti məhduddur.

30. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarlarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.

31. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.

32. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə sol böyrəyinin olmaması təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.

33. İddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın 08 fevral 2018-ci ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

34. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.

35. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.

36. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.

37. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

38. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

39. İşin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə sol böyrəyin yoxluğu kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, 11 iyun 2019-cu il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar 08 fevral 2018-ci ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur.

40. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.

41. Kollegiya hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.

42. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.

43. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona 08 fevral 2018-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edildiyindən həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir.

44. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçının apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd olunan qiymətləndirməyə əsasən əsaslı hesab edir və aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

45. Belə iş materiallarından görünür ki, iddiaçıya 08 fevral 2018-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X4 23 avqust 2011-ci il tarixdə vəfat etmişdir. Odur ki, İddiaçı xx.xx.2018-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir.

46. Bundan başqa, işdən görünür ki, iddiaçı ilkin olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

47. İddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixindən yaransa da, iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ilkin müraciət etdiyi 08 dekabr 2023-cü ildən 3 il əvvəl, yəni 08 dekabr 2020-ci ildən sayılmalıdır.

48. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

49. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

50. Məhkəmə kollegiyası yekunda cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

53. Odur ki, cavabdeh orqanın apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 08 dekabr 2020-ci il tarixindən (müraciətindən əvvəlki üç ilin) ödənilməsi öhdəliyi qoyulmalıdır.

54. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-1055/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 08 dekabr 2020-ci il tarixindən (müraciətindən əvvəlki üç ilin) ödənilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar