Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-659/2025 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçının ##.##.1984-cü il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi təmirçi çilingər və kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007 ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin a) yarımbəndinə uyğundur. Həmçinin iddiaçının ##.##.1991-ci il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi usta, böyük usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24, b) bəndinə uyğundur.
2. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan iddiaçının xüsusi iş stajının olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.1984-cü il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi təmirçi çilingər, ##.##.1991-ci il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi usta, böyük usta, ##.##.2015-ci il tarixdən halhazıradək işlədiyi boruçu vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsinə əsasən iddiaçı İddiaçı ##.##.1961-ci ildə Ucar rayonu Şahlıq kəndində anadan olmuşdur. ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək keçmiş SSRI silahlı qüvvələrində hərbi xidmət keçmiş, ##.##.1978-ci il tarixdən ##.##.1979-cu il tarixədək ** saylı orta texniki peşə məktəbində rəngsaz ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə ##.##.1979-cu ildə Mingəçevir tikinti idarəsində rəngsaz kimi başlamış və ##.##.1980-ci il tarixədək həmin idarədə işləmişdir. ##.##.1984-cü il tarixdə Azərb. DRES-də Hidrotexniki sexə 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. ##.##.1984-##.##.1985-ci illərdə 3-cü qrup növbətçi çilingər, ##.##.1985-##.##.1986-cı illərdə həmin sexdə 3-cü dərəcəli təmirçi çilingər, ##.##.1986-##.##.1988-ci illərdə həmin sexdə 4-cü dərəcəli təmirçi çilingər, ##.##.1988- ##.##.1989-cu illərdə 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləmişdir. ##.##.1991-##.##.2001-ci illərdə 2-ci qrup usta, ##.##.2001-##.##.2001-ci ilədək həmin sexdə 1-ci qrup usta, ##.##.2001-##.##.2003-cü illərdə böyük usta peşəsində işləmişdir. ##.##.2001-ci il tarixdən ##.##.2006-cı il tarixədək böyük usta peşəsində işləmişdir. ##.##.2007-ci il tarixdə "xxxx" ASC-də Qazan Istilik quraşdırıcı sexinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmiş və ##.##.2008-ci ilə kimi həmin sexdə işləmişdir. ##.##.2011-##.##.2015-ci il tarixədək quraşdırıcı çilingər, ##.##.2015- ##.##.2016-cı illərdə, ##.##.2018-##.##.2020, ##.##.2020-ci ii tarixdən hal-hazıradək xxxx müəssəsində boruçu (dəmir-beton borular üzrə) peşəsində işləmişdir. ##.##.2024-cü il tarixli şəxsin güşəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi təmir üzrə çilingər vəzifəsində sosial sığorta stajı 07 il 07 ay 08 gün təşkil edir, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusuiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007 ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29, a) bəndinə uyğundur. ##.##.2024-cü il tarixli şəxsin güşəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı ##.##.1991-ci il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi usta, böyük usta vəzifəsində sosial sığorta stajı 15 il 02 ay 26 gün təşkil edir. Işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusuiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24, b) bəndinə uyğundur. xxxx müəssisəsi tərəfindən verilmiş güzəştli arayışa əsasən İddiaçı ##.##.2015- ##.##.2016-cı illərdə, ##.##.2018-##.##.2020-ci illərdə, ##.##.2020-ci ildən hal-hazıradək işlədiyi boruçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 29-cu bölməsi bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi, sənaye dəmir-beton borularının boruçəkənləri bəndinə uyğundur. Işin xarakteri haqqında arayışa əsasən qeyd edilən vəzifələr üzrə vəzifə funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli faktorların (aqressiv kimyəvi maddələrin, titrəmə, səs-küy, yüksək temperatur) təsirinə məruz qalmışdır. Iş şəraiti ağır və zərərli olduğuna görə aylıq məvacibinin 8 faiz məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. Eyni zamanda işin xarakteri haqqında arayışa əsasən İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi təmirçi çilingər və kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu a) bəndinə Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) yarımbəndinə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifələrinin xüsusiyyətlərinə uyğun hesab edilir. ##.##.1991-ci ildən ##.##.2006-cı il tarixədək işlədiyi usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin b) bəndində avadanlıqların yerində təmiri üzrə ustalar, böyiık ustalar (qazanxana, turbin, buxar-qaz turbin, yanacaqötürmə, tozhazırlama) vəsitələrinin xüsusiyyətlərinə uygun hesab edilir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli iş arayışında müvafiq olaraq Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə məlumat qeyd edilmədiyindən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, o cümlədən “xxxx” ASC “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli arayışında ##.##.1984-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində Hidrotexniki sexdə təmirçi çilingər, növbətçi çilingər, kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər, ##.##.1991-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi qeydlər yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda, “xxxx" Birgə Müəssisəsinin iddiaçıya dair ##.##.2021-ci il tarixli AZF-2021/48 K nömrəli arayışında onun ##.##.2015-##.##.2016-cı il, ##.##.2018-##.##.2020-ci il və ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu vəzifələrində işlədiyi qeyd olunsa da, müvafiq Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur.
6. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı 57 yaşının tamam olduğu ##.##.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2018-ci il tarixindən hesablanaraq ödənilməsi (ilkin müraciət tarixindən əvvəlki üç ilin) öhdəliyi qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina və etiraz məktublarından göründüyü kimi iddiaçının 25 il ümumi sosial sığorta stajına malik olması mübahisələndirilməmiş, ##.##.1984-##.##.1991-ci, ##.##.1991-##.##.2006-cı il, ##.##.2015-##.##.2016-cı il, ##.##.2018-##.##.2020-ci il və ##.##.2020-##.##.2022-ci il tarixlərində işlədiyi dövr ümumi iş stajı kimi qəbul edilmişdir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Cavabdeh orqan imtina səbəbini iddiaçının vəzifəsinin güzəştli iş arayışında müvafiq olaraq Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə məlumatın qeyd edilməməsi ilə əlaqələndirir. Əmək kitabçasına əsasən iddiaçı ##.##.1984-cü il tarixdə Azərbaycan DRES-də Hidrotexniki sexə 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmiş,##.##.1984- ##.##.1985-ci illərdə 3-cü qrup növbətçi çilingər, ##.##.1985-##.##.1986-cı illərdə həmin sexdə 3-cü dərəcəli təmirçi çilingər, ##.##.1986-##.##.1988-ci illərdə həmin sexdə 4-cü dərəcəli təmirçi çilingər, ##.##.1988-##.##.1989-cu illərdə 5-ci dərəcəli təmirçi çilingər, ##.##.1989-cu ildən ##.##.1991-ci il tarixinədək boru kəmərlərinin təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Iddiaçının həmin müəssisədə çilingər peşəsində (müxtəlif adlanmalara baxmayaraq əmək funksiyası eynidir) işlədiyi dövr 7 il 6 ay 24 gün təşkil edir. Iddiaçının işlədiyi təmirçi çilingər vəzifəsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarının bir sıra bölmələrində "təmirçi çilingər” nəzərdə tutulmuşdur. Iddiaçının birbaşa əmək fəaliyyətini göstərdiyi 29-cu bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri” (çilingərlər) və son 2 il 6 ay işlədiyi vəzifə həmin bölmədə qeyd olunan “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” vəzifəsi ilə eyniləşdirilməsi imkanını yaradır. Iddiaçıının əmək kitabçasında, eləcə də “xxxx” ASC “xxxx” MMC-nin ##.##.2024cü il tarixli “Işin xarakteri haqqında” arayışında ##.##.1991-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 15 il 02 ay 26 gün müddətində işlədiyi usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarının bir sıra bölmələrində "təmirçi çilingər” nəzərdə tutulmuşdur. Iddiaçının birbaşa əmək fəaliyyətini göstərdiyi 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı təmiri” bölməsində nəzərdə tutulan “avadanlığın təmiri üzrə ustaları, böyük ustalar” vəzifəsi ilə eyniləşdirilməsi imkanını yaradır. Yuxarıda qeyd olunan dövrlərə əsasən iddiaçının həm ümumi, həm də xüsusi (güzəştli) dövrü qanunvericilikdə tələb olunan minimum dövrdən artıqdır. Iddiaçının 57 yaşı ## #### 2018-ci il tarixində tamam olmuşdur. Iddiaçının cavabdehə ilkin müraciəti ##.##.2021-ci il tarixində olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ##.##.2018-ci ildən sayılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 06 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ##.##.2018-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı ##.##.1961-ci ildə doğulub, ümumi şərtlərlə kişilər üçün yaş tələbi 5 il azaldılmaqla).
8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə, o cümlədən “xxxx” ASC “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli arayışında ##.##.1984-##.##.1991-ci il tarixləri arasındakı dövr ərzində Hidrotexniki sexdə təmirçi çilingər, növbətçi çilingər, kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər, ##.##.1991-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi qeydlər yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda, “xxxx” Birgə Müəssisəsinin iddiaçıya dair ##.##.2021-ci il tarixli AZF-2021/48 K nömrəli arayışında onun ##.##.2015-##.##.2016-cı il, ##.##.2018- ##.##.2020-ci il və ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu vəzifələrində işlədiyi qeyd olunsa da, müvafiq Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz etdiyini bildirərək Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı ilk dəfə 2021-ci ildə cavabdeh orqandan imtina almış, lakin məhkəməyə müraciət etəmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək sözügedən qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
tətbiq edilən hüquq
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... ## #### 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır. Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə 2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmiş, bununla bağlı mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bununla belə pensiyanın ##.##.2018-ci il tarixindən hesablanaraq ödənilməsi hissəsində səhvə yol verildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar həmin hissədə dəyişdirilməlidir.
19. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı ##.##.1961-ci ildə anadan olmuşdur. Iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2006-cı il tarixədək 25 il ümumi iş stajının və 12 il 6 ay xüsusi iş stajının mövcud olması tələb olunur.
20. Iş üzrə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı ##.##.1978–##.##.1979cu illərdə 10 ay 15 gün müddətində texniki peşə təhsili almış, ##.##.1980–##.##.1982-ci illərdə 2 il 27 gün müddətində hərbi xidmətdə olmuş, əmək kitabçasındakı qeydlərə əsasən isə ##.##.1979–##.##.1980 və ##.##.1984–##.##.2006-cı illərdə əmək fəaliyyətində olmuşdur. Bununla da, iddiaçının ##.##.2006-cı il tarixədək 25 ildən artıq (25 il 7 ay 22 gün) ümumi sosial sığorta stajının olması müəyyən edilir.
21. Cavabdeh orqan iddiaçının ümumi iş stajı mübahisələndirməmişdir. Mübahisə iddiaçının xüsusi iş stajı ilə bağlıdır.
22. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli iş arayışlarında onun işlədiyi vəzifələrin və sahələrin ##.##.2007ci il tarixli, ** nömrəli Qərarla təsdiq olunmuş Siyahının konkret hansı bölmə və koduna uyğun gəlməsi göstərilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında və iş yerinin arayışında qeyd olunan hidrotexniki sexdə təmirçi çilingər, növbətçi çilingər, kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər, habelə usta və böyük usta vəzifələri Siyahıda nəzərdə tutulan güzəştli peşə və vəzifələrlə birbaşa uyğun gəlmir. Həmçinin “xxxx” BM-də boruçu kimi işlədiyi dövrlər üzrə də onun məhz Siyahıda göstərilən sənaye dəmir-beton borularının çəkilməsi işlərində məşğul olması qeyd edilməmişdir. Buna görə də, cavabdeh orqan hesab edir ki, iddiaçının tələb olunan xüsusi iş stajı yoxdur.
23. Məhkəmə kollegiyası iddiaçının xüsusi iş stajı ilə bağlı onun ##.##.1991–##.##.2006-cı illərdə Hidrotexniki sexin təmir heyətində usta və böyük usta vəzifələrində işlədiyi dövrün qiymətləndirilməsini zəruri hesab edir.
24. Iş materialarında olan ##.##.2024-cü il tarixli güzəştli arayışda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “b” yarımbəndində nəzərdə tutulmuş “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə, tozhazırlama)” vəzifələrinin xüsusiyyətlərinə uyğun olması göstərilmişdir.
25. Cavabdeh orqan iddiaçının “hidrotexniki sex”də işləməsinə istinad edərək normadakı vəzifəyə uyğun gəlməməsinə istinad edir. Lakin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq iddiaçının işlədiyi müəssisə bildirmişdir ki, “xxxx” MMC-nin strukturu enerji bloklarında yerləşən Qazan, Turbin və onların köməkçi avadanlıqlarının iş prinsipləri və xüsusiyyətlərinə əsasən formalaşdırılmışdır. Bütün ölçü cihazları və avtomatika qurğuları, müəyyən elektrik, elektroliz qurğuları və turbogenerator Qazan- Turbin sexində yerləşir. Işçilərin hansı sexdə işləməsindən asılı olmayaraq onların iş və xidmət yeri Qazan-Turbin sexinin sahəsində yerləşir.
26. Həmin cavabda iddiaçının ##.##.1991–##.##.2006-cı illərdə Hidrotexniki sexin təmir heyətində usta və böyük usta kimi enerji bloklarını soyutma suyu ilə təmin edən məhsuldarlığı 20000 m³/saat olan dövran nasoslarının, həmin nasoslara aid 1800 mm-lik yeraltı boruların, elektrik stansiyasının yanğınsöndürmə nasoslarının və onlara aid təzyiq borularının, eləcə də digər köməkçi xətlərin yerində təmiri ilə məşğul olması, bu işlərin enerji bloklarının Qazan-Turbin sexində yerləşən avadanlıqlarının etibarlı işinin təmin edilməsinə xidmət etməsi birbaşa göstərilmişdir.
27. Göründüyü kimi iddiaçının iş yeri Hidrotexniki sexin təmir heyəti göstərilsə də, faktiki olaraq o, enerji bloklarında yerləşən Qazan-Turbin sisteminin və onun köməkçi avadanlıqlarının işini təmin edən dövran nasoslarının və onlara aid yeraltı boru xətlərinin yerində təmiri ilə məşğul olmuşdur. Bu isə iddiaçının yerinə yetirdiyi əmək funksiyasının həmin siyahıda göstərilən zərərli əmək şəraitdə görülən işlərin xüsusiyyətlərinə uyğun gəlməsini təsdiq edir.
28. Buna görə kollegiya hesab edir ki, iddiaçının ##.##.1991–##.##.2006-cı illərdə Hidrotexniki sexin təmir heyətində usta və böyük usta vəzifələrində işlədiyi müddət güzəştli iş stajına daxil edilməlidir. Həmin müddət isə 12 il 6 aydan çoxdur.
29. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı ##.##.1984–##.##.1991-ci illərdə təmirçi çilingər, kanalizasiya və boru kəmərlərinin təmiri üzrə çilingər vəzifələrində çalışmışdır. Iş yerinin verdiyi güzəştli arayışda həmin vəzifələrin müvafiq siyahının 29-cu bölməsinin “a” yarımbəndində nəzərdə tutulmuş “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” vəzifəsinin xüsusiyyətlərinə uyğun hesab edilmişdir.
30. Iddiaçının ##.##.1984–##.##.1991-ci illər üzrə güzəştli iş stajı nəzərə alınmasa belə, onun ##.##.1991–##.##.2006-cı illərdə usta və böyük usta vəzifələrində işlədiyi dövr üzrə xüsusi iş stajı qanunvericiliklə tələb olunan minimum 12 il 6 ay müddətindən artıq olduğundan, hər bir halda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan xüsusi iş stajı tamamlanmışdır.
31. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya 57 yaşının tamamlandığı ##.##.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
32. Bununla belə işin müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabdehə sonuncu dəfə ##.##.2024-cü il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə (##.##.2020, ##.##.2021, ##.##.2021) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır.
33. “Inzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
34. Yuxarıda da qeyd edildiyi kimi 2020-2021-ci illər aralığında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinalardan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinalarını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir.
35. Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2024-cü ilin may ayından əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir.
36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı pensiyanın ödənilməsi hissəsində dəyişdirilməli, qalan hissədə mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2018-ci il tarixindən hesablanaraq ödənilməsi” hissəsində dəyişdirilir. Həmin hissədə yeni qərar qəbul edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2021-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qalan hissədə (##.##.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.