Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-66/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 13 saylı Regional Ərazi Filialının İddiaçı 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarından cavabdehin vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 13 saylı Regional Ərazi Filialının İddiaçı 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” barədə qərar qəbul edilməsini və bu iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 25.05.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. 08.06.2021-ci il tarixdə iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək mübahisələndirilən inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə işə mahiyyəti üzrə baxılarkən məhkəmə icraatının gedişində müraciət edəcəyini bildirmiş, təqdim edilmiş iddia ərizəsində Dövlət Sosial Müdafiə X6 şəxsin 13 saylı Regional Ərazi Filialının İddiaçı 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması”nı xahiş etmişdir. Məhkəmənin 15.10.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 06.03.2018-ci il tarixdə İİ dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən İİ qrup əlilliyə görə 913.95 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən 30.09.2019-cu il tarixədək iddiaçıya cəmi, 17461.41 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilmişdir. Daha sonra Tibbi Sosial Ekspertiza və X1 iddiaçıya təyin edilmiş əlillik 06.03.2018-ci il tarixdən etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən 22.02.2021-ci il tarixdə iddiaçıya “Tibbi SosialEkspertiza və Reabilitasiya altsistemində əlilliyi etibarsız hesab edildiyi üçün pensiya ödənişinin dayandırılması barədə” bildiriş göndərilmiş, 06.03.2018-ci il tarixdən 31.10.2020-ci il tarixədək aldığı 17464.41 manat pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 gün ərzində bərpa edilməsi xahiş edilmişdir. 11.03.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya eyni məzmunlu xəbərdarlıq məktubu göndərilərək, göstərilən vəsaitin ödənilməyəcəyi halda 17464.41 manat pul məbləğinin məcburi qaydada alınması barədə qərar qəbul edib icra olunması üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndəriləcəyi bildirilmişdir. 09.04.2021-ci il tarixdə cavabdeh tərəfindən “iddiaçının artıq aldığı 17464.41 manat pul məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilməsi barədə” qərar qəbul edilmiş və qərarın surəti 15.04.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə göndərilmişdir. Müvafiq qərarın surəti 18.05.2021-ci il tarixdə icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı həmin qərarı mübahisələndirmiş və tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi qərarı 24.04.2021-ci il tarixdə poçt vasitəsilə almışdır. Həmin qərarda onun 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixədək aldığı pul məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin 1-ci bəndinə əsasən geri qaytarılması tələb olunsa da, ona ilkin təyin edilmiş pensiya məbləğindən əlavə heç bir məbləğ ödənilməmişdir. İstinad olunan maddəyə görə isə, cavabdeh pul tələbini icraya yönəltmək barədə qərar qəbul etmək əvəzinə, mübahisə ilə bağlı məhkəməyə müraciət etməli idi. Cavabdehin nümayəndəsi: DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə etirazında qeyd etmişdir ki, Tibbi Sosial Ekspertiza və X1 iddiaçıya 06.03.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcəli əlillik etibarsız hesab edildiyinə görə həmin tarixdən 30.09.2019-cu il tarixədək iddiaçıya ödənilmiş, 17461.41 manat pul məbləğinin geri qaytarılması barədə bildiriş və xəbərdarlıq məktubları göndərilmiş və artıq alınmış pensiya məbləği geri qaytarılmadığından qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi Filialının İddiaçı 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Belə ki, Şəki İnzibati Məhkəməsi 15.10.2021-ci il tarixli 2-1 (116)-965/2021 nömrəli qərarında qeyd etmişdir kİ, 13 saylı regional ərazi filialının qəbul etdiyi Q/60 nömrəli 09.04.2021-ci il tarixli qərarında “İnzibati İcraat Haqqında” AR Qanununun 71, 82 və digər maddələrinin tələbləri pozulduğundan məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin dəlillərindən aslı olmayaraq həmin qərar hər bir halda qanunsuz hesab edilməli və ləğv edilməlidir. “İnzibati İcraat Haqqında” Qanunun 71.1 -ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Məhkəmə öz qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən inzibati akt kimi hesab edilən 22.02.2021-ci il tarixli **********0 nömrəli bildirişdə hüquq müdafiə vasitələri barədə müddəalar təsbit edilməmiş və bu səbəbdən həmin bildiriş inzibati akt kimi hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 09.04.2021-ci il tarixli Q/60 nömrəli qərar məzmunundan göründüyü üzrə əsas qərar olmayıb tələbin icraya yönəldilməsi barədədir. İddiaçı əvvəlcə 22.02.2021-ci il tarixli **********0 nömrəli bildiriş göndərilmiş, bundan sonra isə 11.03.2021-ci il tarixli **********7 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Xəbərdarlıq məktubunda isə iddiaçı barədə inzibati akt- qərar qəbul ediləcəyi bildirilmişdir. İddiaçı məhkəməyə şikayət etmə hüququ birbaşa olaraq 09.04.2021ci il tarixli Q/60 nömrəli qərarın özündə qeyd edilmişdir. Sözügedən qərar əvvəlcə İddiaçı göndərilmişdir. Lakin həmin qərar məcburi icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə birbaşa olaraq göndərilməmişdir. İş materiallarından göründüyü kimi 09.04.2021-ci il tarixli qərar iddiaçıya göndərildikdən bir ay sonra 18.05.2021 -ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Beləliklə iddiaçının könüllü olaraq həmin məblği geri ödəməsi vıə yaxud qanunvericiliyə müvafiq olaraq həmin qərardan məhkəməyə şikayət verməsi hüququ istisna edilməmişdir. İşin mahiyyətindən göründüyü üzrə İddiaçı barəsində pul tələbi barədə qəbul edilmiş qərar məcburi icraya yöndəldilənək müvafiq müddətlər gözlənilmişdir. Eyni zamanda məhkəmənin öz qərarında gəldiyi mövqeyə əsasən məhkəmə iddia tələbinin dəlillərindən aslı olmayaraq Q/60 nömrəli qərarı ləğv etmişdir. Belə ki, məhkəmə iddiaya mahiyyəti üzrə baxmamış və formal əsaslarla qərarı ləğv etmişdir. Belə ki, məhkəmə öz qərarında 22.02.2021-ci il tarixli **********0 nömrəli bildirişin forma-məzmun tələbləri baxımından inzibati akt hesab edilməməsini qeyd etmiş, 09.04.2021- ci il tarixli Q/60 nömrəli qərarın isə inzibati akt deyil tələbin icraya yönəldilməsi barədə qərar olması qənaətinə gəldiyini qeyd etmişdir. Qeyd olunmalıdır ki, 22.02.2021-ci il tarixli**********0 nömrəli bildirişdə birbaşa olaraq hüquq müdafiəvasitələri göstərilməsə də faktiki olaraq həmin müddətlər gözlənilmişdir. İddiaçının real olaraq inzibati aktdan məhkəməyə şikayət verməsi onun madfiə hüququnun pozulmadığını göstərir. Həmçinin Q/60 nömrəli qərarın özündə iddiaçının hüquq müdafiə vasitələri göstərilmiş İddiaçı həmin qərardan məhkəməyə şikayət vermək hüququnun olduğu göstərilmişdir. Yuxarıda qeyd edilən məqamları təkrarlayaraq qeyd etməliyik ki, həmin qərarda birbaşa olaraq məcburi icraya yönəldilməmiş, iddiaçının bu qərara münasibət bildirməsi - (tələbin könüllü icra edilməsi və ya iş üzrə məhkəmədə iddia qaldırması) hüququ gözlənilmişdir. Yalnız bundan sonra həmin qərar 18.05.2021-ci il tarixdə məcburi icraya yönəldilmişdir. Bu səbəbdən inzibati orqan tərəfindən Q/60 nömrəli 09.04.2021-ci il tarixli qərarın qəbul edilməsinə dair sözügedən tədbirlər əsaslı həyata keçirilmiş, habelə faktiki müddətlər və iddiaçının hüquq-müdafiə vasitələrindən istifadə edə bilmə imkanı istisna edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdəki müddətlər ardıcıllığı da bunu bir daha göstərir. Odur ki apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: 22.02.2021-ci il tarixli “Tibbi Sosial Ekspertiza və Reabilitasiya altsistemində əlilliyin etibarsız hesab edildiyi üçün pensiya ödənişinin dayandırılması barədə” bildirişbildirişdən görünür ki, cavabdeh bu barədə iddiaçıya məlumat göndərmişdir. 11.03.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 17464.41 manat pul məbləğinin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. 09.04.2021-ci il tarixli qərardan görünür ki, iddiaçının 17464.41 manat pul məbləğində artıq aldığı əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbi icraya yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə doğru nəticəyə gəlsə də, maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 71.1, 82.3.1, 82.3.2 və 82.3.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəmə “İnzibati icraat haqqında” Qanunun qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 71.1, 82.3.1, 82.3.2 və 82.3.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən ilk növbədə “17461.41 manat pul məbləğinin geri qaytarılması haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. Bununla baglı razılaşmayan kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın pul tələbinin icraya yönəldilməsi barədə Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarın ləgv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia əsaslı olmuşdur. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi Filialının İddiaçı 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2021 tarixli, 15.10.2021-ci il saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi Filialının İddiaçı 06.03.2018-ci il tarixdən 31.10.2019-cu il tarixə kimi aldığı 17464 manat 41 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q\60 nömrəli 09.04.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-66/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-66/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver