Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-661/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” phş-nın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Kürd kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-1(116)-857/2025 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” phş-nın 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Kürd kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 adına ünvan 2ində yerləşən 194.4 kv.m mağaza binasına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 16 mart 2005-ci il tarixində qeydiyyat vəsiqəsi verilmişdir. Həmin vəsiqə 01 nömrəli reyestr kitabında 46 səhifədə 142 nömrəli reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd edildiyi kimi, həmin mağazaya dair qeydiyyat vəsiqəsi mövcud olduğu üçün, iddiaçı onu yeni növ sənədlə, yəni mülkiyyəti təsdiq edən çıxarışla əvəz etmək məqsədilə xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə elektron məktub ünvanlamış, lakin idarənin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ünvan 2ində yerləşən qeyri-yaşayış binasına dair Göyçay X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmadığından və həmçinin qeyri yaşayış binasının Şimal hissəsində 7.5 metr məsafəsindən, cənub hissəsindən 5,5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyindən ərizənin icrasından imtina edilmişdir. Məlumat üçün bildirmək istəyirik ki, 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən imtina məktubunda idarənin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmaması vətəndaşın günahı ucbatından deyil, idarənin məsul əməkdaşlarının səhlənkarlığı nəticəsindədir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, X3 ünvan 2ində yerləşən 194.4 kv.m mağazanın üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunan məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3-36/2- 2704/2024 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı ünvan 3ində yerləşən qeyri-yaşayış binasına dair Göyçay X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmamışdır. Həmçinin qeyri-yaşayış binasının şimal hissəsindən 7.5 metr məsafəsindən, cənub hissəsindən 5.5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 261 saylı qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur; - xx.xx.2005-ci il tarixli 264 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Göyçay rayonu Kürd kəndində yerləşən 194,4 kv.m mağaza X3 mülkiyyətindədir; - 2005-ci il tarixli texniki pasportun surətindən görünür ki, Göyşay rayonu Kürd kəndində yerləşən 194,4 kv.m mağazanın hüquqi subyekti X5r; - xx.xx.2024-cü il traixli 52 nömrəli Göyçay rayonu Potu bələdiyyəsinin arayışı; - Göyçay rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 329 nömrəli məktubu; - Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu; - Milli Arxiv İdarəsi X8 filialının xx.xx.2024-cü il tarixli 53 nömrəli arxiv arayışının surəti; - Göyçay rayonu İcra Hakmiyyəti başçısının xx.xx.1992-ci il tarixli 325 nömrəli sərəncamının surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar iddia olunan tikili naturada mövcuddur. Mağazanın inşasından 30 ildən artıq müddət keçməsi nəzərə alınmaqla tikili köhnə hesab olunur (1998). Sökülərək yenidən tikilməsi halı mövcud deyil, ümumi sahəsi 194,4 kv.m, hündürlüyü 4.50 m, mərtəbəliliyi hazırkı vəziyyət 264 inventar nömrəli texniki pasportda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 09 sentyabr 2025-ci il tarixli 2-1(116)-857/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Kürd kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, X3 adına 16 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə həlledici amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının mərhum atasının adına tərtib olunmuş 01 nömrəli reyestr kitabında 46-cı səhifədə 142 reyestr nömrə ilə qeyd alınmış, 16 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. - Cavabdeh iddiaçının adına edilmiş Reyestr kitabında İnv. 264, Qeyd 142, kitab 01, səh. 46-da yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır. Məhkəmə hesab etmişdir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci və 22-ci maddələri iddiaçının tələbinin təmin olunmasının qanuni əsasını təşkil edir. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunla müəyyən edilmiş şərtlərə əsaslanmadığından, iddiaçının tələbi isə qanuni olduğundan iddia təmin edilməlidir.
7. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-1(116)-857/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı idarənin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmamışdır. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Qeyri-yaşayış binasının şimal hissəsindən 7.5 metr məsafəsindən, cənub hissəsindən 5.5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-1(116)-857/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh kollegiyanın iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan apellyasiya məhkəməsinə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Belə ki, iş materiallarından görünür ki, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı-Qazax şosse yolunun arasında boş sahədən (5mx10m) ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayırılmış, həmin sahədə 194,4 kv.m. mağaza inşa edilərək iddiaçının atası X3 adına 01 nömrəli reyestr kitabında 46-cı səhifədə 142 reyestr nömrə ilə qeyd alınmış, 16 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilərək verilmişdir. Göyçay rayonu Kürd kəndində yerləşən təsərrüfat obyekti xx.xx.2007-ci ildə X3 adına Vergi Xidmətində qeydə alınaraq, xx.xx.2023-cü ildə bağlanmışdır. Göyçay rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı X3 qanun üzrə vərəsəsi olduğu qeyd edilmişdir.
26. Cavabdeh orqan apellyasiya şikayətinin başlıca dəlili kimi qeyd etmişdir ki, Göyçay rayonu Kürd kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.
27. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır.
28. Kollegiya qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə əsas amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının mərhum atasının adına Göyçay rayonu Kürd kəndində yerləşən qeyri-yaşayış binasına xx.xx.2005-ci il tarixdə 01 №-li reyestr kitabının 46-cı səhifəsində 142 nömrəli qeydiyyat aparılmış, 264 inventar nömrəli qeyri-yaşayış binasına dair Texniki pasport tərtib edilərək verilmişdir.
29. Bu halda, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, cavabdeh iddiaçının mərhum atasının adına qeyd edilmiş Reyestr kitabında İnv. 264, Qeyd 142, kitab 01, səh. 46-da yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır.
30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, iddia olunan tikili naturada mövcuddur. Mağazanın inşasından 30 ildən artıq müddət keçməsi nəzərə alınmaqla tikili köhnə hesab olunur (1998). Sökülərək yenidən tikilməsi halı mövcud deyil, ümumi sahəsi 194,4 kv.m, hündürlüyü 4.50 m, mərtəbəliliyi hazırkı vəziyyət 264 inventar nömrəli texniki pasportda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur.
31. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir.
32. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsi iddiaçının tələbini təmin etmənin qanuni əsasını təşkil edir. Həmin maddəyə görə, 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas təşkil edir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair qeydiyyat vəsiqəsinin çıxarışla əvəz edilməsini istisna etmir. Həm də ona görə ki, hazırda iddiaçının torpaq sahəsi ilə bağlı hər hansı tələbi də mövcud deyil. Bununla bağlı mübahisə açmamışdır.
34. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin bu mövqeyi Konstitusiyaya, eləcə də torpaq qanunvericiliyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinin tələbinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
35. Məhkəmə kollegiyası iddiaçının adına verilmiş qeydiyyat vəsiqəsinə istinad edərək bildirir ki, hazırki qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alındığından həmin bina iddiaçının atasının xüsusi mülkiyyətindədir. Ona görə də, Göyçay rayonu Kürd kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binasına dair əlavə olaraq onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı sənədlərin də təqdim edilməsinə zərurət yoxdur. Bu səbəbdən də torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı cavabdehin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur.
36. Bundan başqa, cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı idarənin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmamışdır.
37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qeydiyyat vəsiqəsi ilə bağlı qeydiyyat kitabında və arxiv qovluğunda heç bir məlumatın aşkarlanmaması iddiaçı tərəfin təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə mülkiyyət hüququnun məhdudlaşdırılmasından imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, qeyd edilənlər iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bunlar müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan qeyd edilənlər şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz.
38. Bundan başqa, cavabdeh orqanın apellyasiya şikayətinin sonuncu dəlili də ondan ibarətdir ki, qeyri-yaşayış binasının şimal hissəsindən 7.5 metr məsafəsindən, cənub hissəsindən 5.5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 31 yanvar 2025-ci il tarixdə ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5.14.7-ci bəndində 110 kV-luq HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafənin 4 metrdən az olmaması müəyyən edildiyindən cavabdeh orqanın həmin dəlili də əsassız olmuşdur.
40. Bundan başqa, cavabdeh orqan, məhkəmə kollegiyasına birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən konkret hansı maddi və prosessual hüquq normalarının pozulmasını, düzgün tətbiq edilməməsini, eləcə də məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan hər hansı faktiki halların araşdırılmamasını təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. Cavabdehin şikayətinin təmin olunması üçün yetərli əsasların mövcudluğu da iş üzrə materiallarla təsdiq olunmur.
41. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
42. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
44. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Kürd kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-1(116)-857/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.