Məhkəmə qərarları › İş №2-1(107)-662/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-662/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-662/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və xx.xx.2023-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-803/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “045446 nömrəli diplom üzrə (01 sentyabr 1975-ci il tarixidən 03 may 1976-cı il tarixədək və 08 iyul 1978-ci il tarixdən 29 aprel 1981-ci il tarixədək Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil adığı müddətlərin), ******* nömrəli hərbi bilet üzrə (03 may 1976-cı il tarixdən 08 iyul 1978ci il tarixədək hərbi xidmətdə olduğu müddətlərin) və ******* nömrəli əmək kitabçası üzrə 06 iyun 1980-cı il tarixdən 31 avqust 1980-cı il tarixədək, 06 may 1983-cü il tarixdən 03 yanvar 2000-ci il tarixədək işlədiyi illərin) ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və xx.xx.2023- cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. İddia ərizəsinə əsasən İddiaçı xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuşdur. O, 01 sentyabr 1975-ci il tarixdən 03 may 1976-cı il tarixdək və 08 iyul 1978-ci il tarixdən 29 aprel 1981-ci il tarixədək Sumqayıt Kimya Texnologiya Texnikomuna təhsil almışdir. Bundan sonra 03 may 1976-cı il tarixdən hərbi xidmətə getmiş və 08 iyul 1978-ci il tarixdən hərbi xidməti başa vurub təxris olunmuşdur. Həmin sığorta müddətləri ümumilikdə 08 il 04 ay 28 gün təşkil etmişdir. Bundan əlavə 06 iyun 1980-ci il tarixdən slesar kimi əmək fəaliyyətinə başlamış və 31 avqust 1980-ci il tarixdən işdən azad olunmuşdur. 06 may 1983-cü il tarixdən 92 nömrəli əmrlə Şəki ət-süd kombinatına işə qəbul olunmuşdur və 03 yanvar 2000-ci il tarixdən ərizəsinə əsasən işdən azad edilməmişdir. Əmək fəaliyyətinə başladığı müddətdən işdən azad olunan müddətə kimi iddiaçının sığorta stajı on altı ildən artıq müddət təşkil etmişdir. Bundan əlavə hərbi xidmətdə və təhsil aldığı müddətlər isə səkkiz ildən artıq müdət olmuşdur. Ümumlikdə isə sığorta stajı iyirmi beş ildən artıq müddəti əhatə etmişdir.İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş,cavabdeh tələbin təmin edilməsindən imtina edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ümumi iş stajının 25 ildən az 8 il 4 ay 28 gün olduğu, pensiya kapitalının isə qanunvericilikdə nəzərdə tutulmuş əmək məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı imtina məktubu ilə bildirilmişdir. Belə ki İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilən zaman onun əmək kitabçasının surətində xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək qeyd edilmiş dövrün doldurulma qaydasının pozulduğu (möhür iş yeri ilə uyğun deyil və digər oxunaqlı olmayan möhürdə kiril qrafikalı əlifbadan istifadə edilib) üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümükün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.11-ci maddəsinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir.

5. Eyni zamanda bildiririk ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6377,53 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. N Mövlamova məxsus ******* nömrəli hərbi biletin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 2 il 2 ay 5 gün təşkil edir. İddiaçı məxsus 045446 nömrəli diplomun surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 3 il 5 ay 23 gün təşkil edir. Həmçinin sığorta alt-sisteminə əsasən iddiaçının 01,05.2020-ci il tarixdən 01 07.2023-cü il tarixədək 2 il 9 ay sığorta stajı müəyyən edilmişdir.

6. Ümumilikdə İddiaçı mübahisələndirilməyən sığorta stajı 8 il 4 ay 28 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1983-cü il tarixdən 03.01 2000-ci il tarixədək işlədiyi illərdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları: Bundan əlavə nəzərinizə çatdırmaq istərdik ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1,1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-803/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-803/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-803/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)- 803/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. - İddiaçıya məxsus BT seriyalı 045446 nömrəli diplom. - İddiaçıya məxsus ИТ seriyalə ******* nömrəli əmək kitabçasının surəti. - X5 filialının 10.012023-cü il tarixli arxiv arayışı. - Sumqayıt Dövlət Texniki Kollecinin xx.xx.2022-ci il tarixli 159 nömrəli arayışı. - 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

19. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

21. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - işlədiyi illərin ümumi iş stajına daxil edilməsi, xx.xx.2023-cü il tarixindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

29. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixində yaranır.Lakin,iddiaçı tələb olunan sosial sığorta stajının həmin vaxt tamam olmadığını hesab edərək əmək fəaliyyətini davam etdirmiş,cavabdehə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir.Hazırkı iddia tələbi də göstərilən qaydada ifadə edildiyindən məhkəmə iddia tələbinə uyğun araşdırma aparmışdır.

30. Cavabdehin apellyasiya şikayətinin dəlili 25 il sığorta stajının olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə bağlı olmuşdur.

31. iddiaçıya məxsus əmək kitabçası, hərbi bilet, diplom, təhsil barədə arayışın və VÖEN üzrə ödənişlərdən görünür ki, o, 1975-ci ildə əmək fəaliyyətinə başlamış, 2000-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir. Cavabdeh tərəfindən də mübahisələndirilməyən sosial sığorta stajı 8 il 4 ay 28 gün təşkil edir. Cavabdeh xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək olan dövrü sosial sığorta stajına daxil etməkdən imtina etmişdir.

32. Həmin dəlilə münasibətdə kollegiya bildirir ki, mübahisələndirilməyən 8 il 4 ay 28 gün müddətində olan dövrü qəbul etməklə mübahisələndirilən xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək olan dövrə münasibətdə cavabdehin dəlilini əsassızdır. Belə ki,əmək kitabçasının doldurulma qaydasında nöqsanın olması iddiaçının təqsirindən baş vermədiyindən onun ziyanına həmin dövrün nəzərə alınmasından imtina edilə bilməz.

33. Məhkəmə araşdırması zamanı həmin dövrə aid müvafiq sorğular verilmişdir. İddiaçının işlədiyi Şəki ət-süd kombinatına aid əmək haqqı cədvəlləri və müəssisənin hüquqi varisi-"xxxx" ASC-nin arayışı ilə də təsdiq edilir ki,iddiaçı mübahisələndirilən dövrdə də həmin müəssisədə əmək fəaliyyətini davam etdirmişdir.Əmək kitabçasına əsasən həmin dövr 16 il 7 ay 27 gün təşkil edir.Bütövlükdə iddiaçının xx.xx.2023-cü il tarixinədək ümumi sosial sığorta stajı 25 il 25 gün (8 il 4 ay 28 gün+ 16 il 7 ay 27 gün) təşkil edir ki,bu da tələb olunan 25 illik minimum sosial sığorta stajından artıqdır.

34. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(116)-803/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar