Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-663/2024 27.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X2 və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(116)-2342/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “əlilliyin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı 1991-ci ilin 09 oktyabrdan 1995-ci ilin may ayının 10-a kimi N saylı hərbi hissədə zabit olaraq hərbi xidmət kemişdir. Qarabağ müharibəsi illərində Gədəbəy, Xocalı, Ağdərə, Sıxavənd, Tərtər və Tovuz rayonları və ətraf ərazilərin müdafiəsində iştirak etmişdir. Azərbaycan Respublikası müstəqilliyi ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən 13 aprel 1994-cü ildə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralanmışdır. 04 may 1994-cü il tarixədək stasionar qaydada müalicə almışdır, sonra ambulator şəkildə müalicəni davam etdirmək üçün buraxılmışdır. Bu proseslərin döyüş zamanı aldığı xəsarətlərin fəsadı olaraq müəyyən edildiyini nəzərə alaraq o, hərbi komissarlığa müracət etmişdir. Tibbi sənədlərini və hərbi komissarlıq tərəfindən müvafiq sənədlərin verilməsini və onun hərbi həkim tibbi komissiyasına göndərilməyini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müvafiq sorğu göndərilmişdir. İddiaçı 13 aprel 1994-cü il tarixində Tərtər rayonu Papravənd kəndində yaralanmışdır. İddiaçı 13 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanma faktı müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2342/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(116)-2342/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(116)-2342/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.
8. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 4/267 nömrəli və xx.xx.2023-cü il tarixli 5/405 nömrəli məktubları.
2. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixli məktubları.
3. MV 084236 seriya nömrəli veteranlıq statusu vəsiqəsinin surəti;
TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Belə ki, iddiaçı ilkin olaraq Müdafiə Nazirliyinə qarşı “müharibə əlili” statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddiaçıya hüquqi yardım qaydasında iddia tələbinin Cavabdeh2nə qarşı "əlilliyin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi dəyişdirilməsi olduğu, həmçinin həmin tələbə dair imtina məktubu əlavə edilərək yenidən müraciət etmək hüququ izah edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2342/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin imtina məktubu təqdim olunmaması əsası ilə iddia tələbi mümkün sayılmamışdır.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-507/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə işə yenidən baxılaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2342/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu nəzərə alınmaqla inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
16. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın yuxarıda qeyd olunan hissədə mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
17. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2014-cü ildən ona təyin edilmiş əlilliyin səbəbli-əlaqəsinin dəyişdirilməsinə nail olmaqdır.
18. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya yuxarıda göstərilən tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin ümumi xəstəlik səbəbi ilə təyin edilməsi ilə razılaşmır, hesab edir ki, əlilliyin səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq dəyişdirilməlidir. İddiaçı həmin tələblə bağlı müxtəlif vaxtlarda cavabdehə müraciət etmişdir.
19. Cavabdehin 13 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya səbəbli əlaqənin dəyişdirilməsi ilə müvafiq hərbi həkim komissiyasının qərarını və ya xəstəlik haqqında şəhadətnaməni təsdiq edən sənədlər əlavə edilməklə yeni göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilə bilər.
20. İş materiallarına əlavə edilmiş hazırkı iş üzrə cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, iddiaçının eyni məzmunlu müraciəti oxşar qaydada cavablandırılmışdır.
21. Göründüyü kimi əlilliyin təkrar qiymətləndirilməsi, səbəbli əlaqənin iddia olunan qaydada dəyişdirilməsi üçün ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasının qərarı və ya xəstəlik haqqında şəhadətnamənin təqdim edilməli olduğu iddiaçıya bilidirilmişdir. Lakin iddiaçı 10 ildən artıq müddət ərzində əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə dair mübahisə açmamışdır. Həmçinin, iş materiallarına əsasən əlilliyin xüsusi səbəblərinə dair sənədlər təqdim edilməmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi forma 27 göndərişində də “hipertoniya xəstəliyi, qeyri-stabil stenolardiya” diaqnozundan müalicə aldığı qeyd edilmişdir.
22. İş materiallarına əlavə edilən cavabdehin imtina məktubları xx.xx.2019-cu il və 13 oktyabr 2023-cü il tarixli məktubları iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 10 may 2024-cü il tarixində müraciət etmişdir. İddiaçı müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etməmişdir.
23. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
24. Əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir.
25. Bundan başqa, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir.
26. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(116)- 2342/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(116)-2342/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.