Məhkəmə qərarları › İş №2-1(107)-665/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-665/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-665/2024 05.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X5 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Ağsu Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2-1(116)-1045/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Ağsu Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış şıxarışın vəğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Birinci instasniya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1111/2024 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, “Torpaq İslahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü ıl tarixli 01 saylı qərarı ilə Ağsu şəhərində fərdi yaşayış evi tikintisi üçün iddiaçının mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair adına Ağsu rayon sabiq Torpaq şöbəsi tərəfindən JN-312A kod-40901004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, torpaq sahəsinin cizgisi (planı) və qaiməsi (sertifikatı) tərtib edilərək 394 nömrə ilə qeydə alınmışdır. Mülkiyyətinə verilmiş 0.05 ha ölçüdə torpaq sahəsi torpaq ayırıb təhkim etməyə səlahiyyəti olan şəxslər tərəfindən ölçülərək verilmişdir. Torpaq sahəsi əldə etsə də, maddi imkansızlığa görə tikinti işləri apara bilməmişdir. Həmin vaxtdan təxminən bir neçə gün sonra torpaq sahəsinə gəldikdə çəkdiyi çəpərin sökülməsini və torpaq sahəsinə mişar daşı töküldüyünü gördü. Aydın oldu ki, torpaq sahəsində tikinti işləri aparmaq istəyən şəxs Nazzar Rəfiyevadır. Həmin qadından daş gətirib tökdüyü və tikinti işləri aparmaq istədiyi sahənin ona məxsus olduğunu bildirdikdə həmin qadın torpağı Ağsu rayon Dövlət Notariat Ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etdiyini bildirdi. Torpaq sahəsinin iddiaçının xəbəri olmadan Ağsu Bələdiyyəsi tərəfindən qanunsuz olaraq satıldığını öyrəndi və məlum oldu ki, Ağsu Bələdiyyəsi ilə Nazzar Rəfiyeva arasında 01 aprel 2019-cu il tarixdə 4ə-162 nömrəli reyestr üzrə Daşınmaz Əmlakın Alqı-satqısına dair AN-İN-0749640 olan müqavilə rəsmiləşdirilmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 noyabr 2023-cü il tarixli **********41 saylı məktubu ilə bundan imtina edilmişdir.

4. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə Ağsu Bələdiyyəsinin adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Qeydiyyat orqanının hər hansı bir şəxsin sənədinin ləğv etməyə səlahiyyəti yoxdur. Bu səbəbdən İddiaçı ərizəsinin icrası mümkün olmamışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 8 oktyabr 2024-cü il tarixli 2- 1(116)-1045/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2-1(116)-1045/2024 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2-1(116)- 1045/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-3125A KOD 40901004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; - Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(107) 43/2021 saylı qərardadının surəti. - Şəki İnzibatı Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1 (116)-56/2022 nömrəli qərarı. - Şəki Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-47/2023 saylı qərardadı.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2 Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-cü bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır.

18. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 0.05 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci ıl tarixli çıxarışla ünvan 3 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi üzərində Ağsu bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 01,04.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi Ağsu bələdiyyəsi tərəfindən X1. xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Ağsu şəhəri, Ziya Bünyadov küçəsi. Vİ paralel, 14 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

20. İddiaçı hazırkı iddia tələbi ilə daha əvvəl də məhkəməyə müraciət etmişdir. Şəki İnzibatı Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1 (116)-56/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarları ləğv edilmişdir.Verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)- 47/2023 saylı qərardadı ilə qismən təmin edilərək iddia mümkün sayılmamışdır.

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-47/2023 saylı qərardadında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin Ağsu bələdiyyəsi tərəfindən X2 ilə bağlı olan 08 noyabr 2018-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verildiyindən, həmin çıxarış iddiaçı tərəfindən mubahisələndırilmədiyindən və hazırda da qüvvədə olduğundan, bələdiyyənin xx.xx.2017-ci il tarixli 16 saylı və 08.11,2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi ilə bağlı hazırkı iddia tələbi mümkün sayılmamalıdır.

22. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı müxtəlif cavabdehlərə qarşı iddia tələbini bir iddia ərizəsində təqdim etmişdir.İddiaçı yuxarıda qeyd olunan Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarlarını yenidən mübahisələndirməklə yanaşı,həmin qərar əsasında qeydə alınmış hüququ da qeydiyyat orqanına qarşı mübahisələndirmişdir.

23. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir : 1. Ağsu Bələdiyyəsiniə qarşı cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarlarının ləğvi (mübahisələndirmə növündə iddia). 2. ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (öhdəliyin icrası növündə iddia).

24. İddiaçıya hüquqi yardım qaydasında izah olunur ki, Ağsu bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə mübahisəli 0.05 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi qərara alındığından həmin qərar mübahisələndirilə bilər.Hazırkı iddia tələbində göstərilən digər tələblərin irəli sürülməsi həmin qərarın qanuniliyinə hüquqi qiymət verildikdən sonra mümkündür.

25. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Odur ki iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan həmin qeydiyyat ləğv edilmədən hər hansı digər subyektə məxsus hüquqların dövlət qeydiyyatı aparıla bilməz.

27. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

28. Beləliklə yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2-1(116)- 1045/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli 2-1(116)-1045/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar