Məhkəmə qərarları › İş №2-1(107)-668/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-668/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-668/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X4 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin ikinci dərəcə məhdudlaşdırılması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1922/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin ikinci dərəcə məhdudlaşdırılması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin ikinci dərəcə məhdudlaşdırılması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin n xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2009-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində “gizir” hərbi rütbəsi ilə xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi döyüşlər başlayan zaman xidmət etdiyi N saylı hərbi hissə də, döyüş əməliyyatlarına cəlb edilmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı yaxınlığında mərmi patlaması nəticəsində “Barotravma” xəsarəti almışdır. xx.xx.2020xx.xx.2020-ci il tarixdə Qəbələ RMX-də “Barotravma kəskin lumbalgiya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək “ağrı sindromu ilə müşayiət olunan soltərəfli L5- radikulopatiyasından sonrakı vəziyyət” diaqnozu ilə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas:14346 nömrəli arayış). Şikayətləri olduğu üçun xx.xx.2021-ci il tarixdə X2 göndərilmişdir.

5. xx.xx.2021-16.08 2021-ci il tarixdə X1 “Diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuş, xx.xx.2021-ci il tarixdə X2 göndərilmiş, xx.xx.2021- xx.xx.2021-ci il tarixdə X1 “Diskogen mənşəli bel-oma radikuliti natamam remissiyası mərhələsində” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə MN MHP-nın MHHK-da şəhadətləndirilərək “Xəstəliklər Cədvəli"nin 26c maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Şikayətləri olduğu uçun xx.xx.2022-ci il tarixdə X3 Mərkəzinə göndərilmişdir. xx.xx.2022- xx.xx.2022-ci il tarixdə X3 Mərkəzində "L4-L5 fəqərəarası diskin yırtığı. L5-S1 fəqərəarası diskin protruziyası, ağrı sindromu ilə L5 radikulopatiyası astenonevrotik sindrom ilə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022- ci il tarixdə Mingəçevir PND-nın göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasında “üzvi emosional labil pozuntu, yaddaşın enməsi ilə. Posttravmatik stress pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə ordu sıralarından xəstəliyi ilə əlaqədar ehtiyyata buraxılmışdır. xx.xx.2022-ci ii tarixdə Mingəçevir PND-nın göndərişinə əsasən Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə idarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub “Üzvi affektiv pozuntu F60.3" diaqnozu təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə MN MHP-nın MHHKda şəhadətləndirilərək "Xəstəliklər Cədvəli"nin 14b, 17b, 26c maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2022-ci il tarixdə Mingəçevir PND-nin göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasında “üzvi emosional labıl pozuntu yaddaşın enməsi ilə Posttravmatik stress pozuntusu üzvi affektıv pozuntu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru Bakı şəhər Baş Səhiyyə idarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub “üzvi affektiv pozuntu depressiv epizodlarla F60.3. Posttravmatik stress pozuntusu F-43.1” diaqnozu təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər Xəstəxanasında “onurğa sutunun bel-oma disk aralığının KT müayinəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə Mingəçevir PND-nın göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasında “üzvi affektiv pozuntu, depressiv epizodlarla, Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatrıya Xəstəxanası" PHŞ-nin xx.xx.2023-ci il və xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən ona “Üzvi şəxsiyyət pozuntusu, depressin daxilolmalar və intihar cəhdləri ilə F07.0" diaqnozu qoyulmuşdur. Buna görə də o əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina göndərərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbilə əlillik dərəcəsinin təyin edilməsindən imtina etmişdir.

7. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13917 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv epizodlarla, üzvi emosional labil pozuntu, yaddaşın enməsi ilə, Barotravma (xx.xx.2020). Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə." diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;

8. “Nadir residivləşən xroniki diskoqen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. L4-L.5, L5-S1 fəqərəarası diskin yırtığı. L5-S1 fəqərələrarası diskin protruziyası. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 2,0 və M 3, OD, sol gözün sadə miopik astiqmatizmi Em və M 3,0 nəticəsində görmə itiliyinin sağda 0,3-ə qədər azalması, koreksiya ilə 0,8 olmaqla, solda 0,06-ya qədər azalması korreksiya etmir. Seboreyalı dermatit." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 556 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı aldığı travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizod intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. ” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından, bel-oma nahiyəsində ağrıdan, ətraflarda keyimədən, hərəkət məhdudluğundan şikayətlənmişdir.

9. Agentliyin həkim-ekspert oftalmoloqun əyani instrumental müayinəsi zamanı diaqnoz “VİSUS OD=Q,05 k/i=0,25. VİSUS OS=Q,05 k/i=0,06 (göstərir?). OU-Sadə miopik astigmatizm. Xəstənin hər iki gözündə ön və arxa sigmentində organik dəyişiklik geyd olunmur. Subyektiv görmə zəifliyi obyektiv müayinənin cavabı ilə uyğun gəlmir" kimi qeyd edilmişdir. Ünsiyyət zamanı suallara əsəbi cavab vermiş, emosional labillik, gərginlik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Təqdim olunan sənədlərdə intihar cəhdləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Yüngül dərəcədə ifadə olunmuş affektiv pozuntu." kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-1922/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(116)- 1922/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1922/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(116)- 1922/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - N saylı Hərbi hissənin xx.xx.2021-ci il tarixli 3049 nömrəli “Travma haqqında” arayışı. - Müdafiə Nazirliyi MHHK-nın təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 13917 nömrəli xəstəlik haqqında Şəhadətnaməsi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023 və xx.xx.2024-cü il tarixli rəyləri. - “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli müayinə nəticələrinə dair məktubları. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005). - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli 3776 nömrəli məktubuna əlavə olunmuş 2230 ekspert rəyi. - Mingəçevir şəhər Psixi-Nevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-) 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;...

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. .

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1922/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

28. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

29. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

30. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

31. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

32. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

34. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

35. Səhiyyə müəssisəsi tərəfindən (Mingəçevir PND) tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və intihar cəhdləri ilə F07.0, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi (müharibə zamanı aldığı travma nəticəsində) affektiv pozuntu, ağır depressiv epizod intihar cəhdləri ilə F06.3, posttravmatik stress pozuntusu F43.1” olmuşdur.

36. Birinci instasiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu və səbəbli əlaqəsini müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)- 1922/2024 nömrəli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyində qeyd edilmişdir ki, oğlunun hazırkı psixi vəziyyətini əks etdirən diaqnoz səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş diaqnoza müvafiqdir. Hal-hazırda müəyyən edilən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması ilə yanaşı meydana gələn görmə və dayaq-hərəkət funksiyalarının pozulması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozlu psixi pozuntu yoxlanılan şəxsin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı almış olduğu barotravma nəticəsində meydana gəlmiş və xəstəliyin dinamikasında aldığı müalicələrə baxmayaraq düçar olduğu xəstəlik gedişatında ağırlaşma meydana gələrək iddiaçıda hazırda şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə təzahür edir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) olmaqla müəyyən edilmişdir.

38. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozuna münasibətdə - F.07.0 koduna istinad edilmişdir.

39. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur.

40. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Mingəçevir şəhər Psixi-Nevroloji Dispanseri) ona qoyulmuş diaqnozda göstərilən xəstəliklərin iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavənin” 7.6.2.2 bəndinə uyğun olmasını bildirir və bunu davranışın pozulması, tez-tez kəskinləşən psixotik epizodlar, intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə əsaslandırır.

41. İstinad olunan 7.6.2.2-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80% (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir.

42. İş materiallarında olan N saylı Hərbi hissənin xx.xx.2021-ci il tarixli 3049 nömrəli “Travma haqqında” arayışından və Müdafiə Nazirliyi MHHK-nın təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 13917 nömrəli xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçı, döyüş tapşırığını yerinə yetirərkən “Barotravma” xəsarəti almış, ona qoyulmuş “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv epizodlarla, üzvi emosional labil pozuntu, yaddaşın enməsi ilə, Barotravma (xx.xx.2020). Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə." diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

43. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin təqdim etdiyi ekspert rəyi ilə iddiaçıda hal-hazırda müəyyən edilən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması ilə yanaşı meydana gələn görmə və dayaq-hərəkət funksiyalarının pozulması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozunun xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı almış olduğu barotravma nəticəsində meydana gəlməsi və alınmış travma ilə səbəbli-əlaqənin mövcudluğu sübuta yetirilir.

44. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslı dəlillər mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1922/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar