Məhkəmə qərarları › İş №2-1(107)-67/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-67/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-67/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri, Balakən Rayon İcra Hakimiyyəti adi qaydada cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat e-2-1(116)-2435/2022 nömrəli inzibati iş həll edilənədək dayandırılmış, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2000-ci ildən Balakən rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməyi ilə əlaqədar həmin rayona tez-tez gəlməyinə, həmçinin bu rayonda mənzilinin olmamasına əsaslanan Balakən Rayon İcra hakimiyyətinin başçısı özünün 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamında "xxxx" MMC-nin Balakən Rayon İcra Hakimiyyətinə ünvanladığı 31 № li, 29 sentyabr 2008-ci il tarixli məktubuna rayon İcra Hakimiyyəti başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyada baxılmasına və sözügedən komissiyanın mənzilməişət şəraitini araşdıraraq Balakən şəhəri S.Vurğun küçəsində inşa olunmuş hündürmərtəbəli, çoxmənzilli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 40 saylı mənzillə təmin edilməyini təklif etdiyinə istinad edərək həmin sərəncamla yuxarıda sözügedən ünvanda yerləşən, yaşayış sahəsi 116 m2 olan 40 saylı mənzilin ona verilməsini qərara almışdır. Bununla əlaqədar olaraq sərəncamın verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısı tərəfindən onun adına 11 oktyabr 2008-ci il tarixli, 000013 № li order verilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən Balakən rayon Dövlət Arxivindən alınmış 25 may 2022-ci il tarixli, 65 № li arxiv arayışından görünür ki, Balakən Rayon İcra hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 № li sərəncamı arxiv fondunda qeydiyyata alınmışdır. Sözügedən mənzil yuxarıda istinad edilən sənədlərə əsasən ona verildikdən sonra tərəfindən həmin mənzil tam təmir edilməklə, mənzil zəruri olan mebel və digər məişət avadanlıqları ilə də təchiz olunmuşdur. Qeyd olunan mənzil keçən müddət ərzində tərəfindən faktiki olaraq əməli istifadə olunur. Sözügedən mənzil ona verildikdən sonra tərəfindən həmin mənzilə dair müvafiq kommunal xərclərin, eləcə də digər müvafiq ödənişlərin ödənilməsi mütəmadı olaraq icra olunur.

5. Yuxarıda göstərilən mənzilə dair hüquqlarının dövlət reyestrində qeydə alınmasını təmin etməyi üçün tərəfindən müvafiq addımlar aparılsa da, hər dəfə bildirilirmişdir ki, mənzilinin də daxil olduğu hündürmərtəbəlı, çoxmənzilli binanın istismarına dair aidiyyatı dövlət orqanları tərəfindən müvafiq icazə verilmədiyindən mənzil üzərindəki hüquqlarının dövlət reyestrinə daxil edilməsi mümkün deyildir.

6. Bir müddət əvvəl onun da mənzilinin daxil olduğu yuxarıda göstərilən çoxmənzilli, hündürmərtəbəli binaya dair "xxxx" MMC-nin adına ümumilikdə reyestrdən çıxarış verildiyi barədə şifahi məlumat aldıqdan sonra, tərəfindən bu məlumatın dəqiqləşdirilməsi məqsədi ilə vəkili vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Sözügedən sorğuya verilən cavab məktubunda qeyd olunmuşdur ki, mənzilinin daxil olduğu hündürmərtəbəlı binanın yeni ünvanı Balakən şəhəri, Nəriman Nərimanov küçəsi, bina 93 olaraq dəyişdirilməklə həmin bina xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə 01 saylı reyestr kitabının 01-ci səhifəsində "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilərək, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat № **********2, 01 saylı reyestr kitabının 01-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilinə dair hissəsinin ləğv olunması xahiş edilmiş, lakin bu xahişi cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır.

8. Cavabdeh və üçüncü şəxslərdən "xxxx" MMC iddiaya münasibət bildirməmişdir.

9. Balakən Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli məktubla iddiaya münasibət bildirərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 2 noyabr 2023-cü il tarixli 2- 1(116)-252/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

12. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin etimad hüququ qanuni olsaydı belə, mülkiyyət hüququndan yüksək qiymətləndirilə bilməzdi. Çünki mülkiyyət hüququ konstitusion hüquqdur. Həmin ünvanda çoxmərtəbəli, çoxmənzilli binanı "xxxx" MMC öz vəsaiti hesabına proyektləşdirmiş və həmin proyektə uyğun olaraq öz vəsaiti hesabına inşa etdirmişdir. Balakən Rayon İcra Hakimiyyətinin həmin binanın tikintisinə heç bir aidiyyatı olmamışdır, ona görə də, onun "xxxx" MMC-nin mülkiyyətində olan mənzilə dair sərəncam verməsinə heç bir hüquqi əsası olmamışdır. Balakən Rayon İH-nin xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamı və onun əsasında verilmiş xx.xx.2008-ci il tarixli 000013 nömrəli order səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən onların heç bir hüquqi qüvvəsi yoxdur. Qərara əsasən, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də, qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İndiki halda etimadın qorunması prinsipinin tətbiqindən söhbət belə gedə bilməz. Çünki Balakən Rayon İcra Hakimiyyəti sözügedən sərəncamı verərkən və həmin sərəncam əsasında İddiaçı adına order verərkən səlahiyyətlətini açıq-aşkar aşmışdır. "xxxx" MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən Sərəncam və order, həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir” – fikri həqiqəti əks etdirmir. "xxxx" MMC həmin binanın tikintisinə 01 may 2007-ci ildə başlamış, bina istismara 01 mart 2009-cu il tarixdə qəbul edilmişdir. 11 oktyabr 2008-ci il tarixli, 000013 saylı order və həmin orderin verilməsinə əsas olmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2008-ci il tarixli, 172 nömrəli Sərəncamı verilərkən binanın özü hələ istismara qəbul edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. 17 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərin sayı hər mərtəbə üzrə 1,2,3,4,5 qeyd edilmişdir və digər mərtəbələrdə mənzillərin sayı eynilə təkrar olunur. Nəticə olaraq "xxxx" MMC-nin adına qeydiyyata alınmış çoxmərtəbəli yaşayış binasında 40 saylı mənzil aşkar olunmamışdır. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin başçısının 29 avqust tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixə ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli bina "xxxx" MMC-nin balansında olmuşdur. ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın 116 kv.m sahəsi olan 40 saylı mənzili İddiaçı Balakən RİH tərəfindən xidməti mənzil olaraq verilməmişdir. -xx.xx.2021-ci il tarixli **********32-05301-093035 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən şəhəri, N.Nərimanov küçəsi, ev 39 (Yeni qaydalarla: AZ 0800, ünvan 6 ünvanında yerləşən 106.10 kv.m mənzil "xxxx" MMC-nin mülkiyyətindədir. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin başçısının 07 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Balakən RİH tərəfindən "xxxx" MMC-nin sədri P.Əliyarova ünvanlanmış xx.xx.2008-ci il tarixli, 542/1 saylı müraciətdə şəhərin N.Nərimanov küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından dördotaqlı bir mənzilin rayon icra hakimiyyəti üçün ayrılması xahiş edilmişdir. Balakən RİH başçısı yanında mənzil məsələləri üzrə ictimai komissiya tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Balakən rayonundan (109 saylı seçki dairəsi) seçilmiş deputatı İddiaçı mənzil-məişət şəraiti araşdırılmış, tez-tez ezamiyyətdə olan millət vəkilinin rayonda mənzili olmadığı nəzərə alınaraq onun Balakən şəhəri, S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 40 saylı mənzillə təmin edilməsi təklif edilmiş, Baləkən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 saylı Sərəncamı ilə S.Vurğun küçəsində tikilən 1 girişli, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 m2 ibarət 40 saylı mənzilin İddiaçı verilməsi məqsədəuyğun sayılmışdır. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamının və əlavə edilmiş orderin surətindən görünür ki, millət vəkili İddiaçı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv. metr olan 40 saylı mənzilin verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİHə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmadır. Balakən RİH-də "Alazançay” MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu yoxdur. Balakən RİH başçısı tərəfindən "Alazançay” MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba yazılı cavab verilib-verilməməsi barədə məlumat RİH-də yoxdur. RİH-də "xxxx" MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciəti yoxdur. -Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzil şəraiti ilə bağlı Balakən RİHə müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Balakən RİH-də "xxxx" MMC-nin sərəncamda qeyd olunan 31 saylı xx.xx.2008-ci il tarixli məktubu rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının səhvi nəticəsində itmişdir. Balakən RİH başçısı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktuba verilmiş yazılı cavabı müəyyən etmək mümkün olmamışdır. Lakin Balakən RİH başçısının xx.xx.2008-ci il tarixli, 172 saylı sərəncamına əsasən şəhərin N.Nərimanov küçəsində yerləşən çoxmənzilli binanın səkkizinci mərtəbəsində 40 saylı mənzilin R. Aslanovaya həmin məktub əsasında verilməsi məqsədəuyğun hesab edilmişdir. RİH-də "xxxx" MMC-nin sözügedən mənzilin İddiaçı verilməsi ilə bağlı yazılı müraciətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin, R. Aslanova həmin mənzildən istifadə etmiş, kommunal xidmət haqlarını ödəmişdir. -18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Balakən şəhəri, N.Nərimanov küçəsi ev 93 (ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 106,10 kv.m olan mənzil iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. - RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən 0.30 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmişdir. - Balakən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 nömrəli Sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisi üçün 3000 kv.m torpaq sahəsinin alqı-satqı əsasında satılması qərara alınmışdır. - Balakən Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli 79 nömrəli Sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binasının tikintisinə RİH-nin Memarlıq və Tikinti bölməsi ilə razılaşdırılmış və xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında aparılmasına icazə verilmişdir. - Balakən Rayon İcra Hakimiyyətinin başçısının 2010-cu il tarixli tikintisi başa çatdırılmış “Balakən şəhərində 60 mənzilli yaşayış evinin” istismara buraxılması haqqında Dövlət Qəbul Komissiyasının Aktına əsasən, Dövlət Qəbul Komissiyasına təqdim edilmiş “Balakən şəhərində 60 mənzilli yaşayış evi”nin istismara buraxılması qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamına əsasən Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, birgirişli yaşayış binasının 8-ci mərtəbəsində 116 kv.m yaşayış sahəsi olan 40 saylı mənzil iddiaçıya verilmişdir. Sərəncam əsasında xx.xx.2008-ci il tarixli 000013 nömrəli order iddiaçının adına tərtib edilmişdir. İddiaçı tərəfindən mənzil təmir etdirilmiş və onun istifadəsində olmuşdur. "xxxx" MMC tərəfindən 15 ildən artıq müddət ərzində sözügedən Sərəncam və order, həmçinin, iddiaçının həmin mənzildən istifadəsi mübahisələndirilməmişdir. Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, sözügedən sərəncam ləğv edilməmiş, order hazırda da qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən order nəzərə alınmadan həmin mənzil üzərində "xxxx" MMC-nin adına qeydiyyat aparılmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Balakən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 nömrəli Sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisi üçün 3000 kv.m torpaq sahəsinin alqı-satqı əsasında satılması qərara alınmışdır. Balakən Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli 79 nömrəli Sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binasının tikintisinə RİH-nin Memarlıq və Tikinti bölməsi ilə razılaşdırılmış və xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında aparılmasına icazə verilmişdir. Balakən Rayon İcra Hakimiyyətinin başçısının 2010-cu il tarixli tikintisi başa çatdırılmış “Balakən şəhərində 60 mənzilli yaşayış evinin” istismara buraxılması haqqında Dövlət Qəbul Komissiyasının Aktına əsasən, Dövlət Qəbul Komissiyasına təqdim edilmiş “Balakən şəhərində 60 mənzilli yaşayış evi”nin istismara buraxılması qərara alınmışdır. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən 0.30 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmişdir.

31. Göründüyü kimi, Balakən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 nömrəli Sərəncamına əsasən, Balakən şəhəri, S.Vurğun küçəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisi üçün 3000 kv.m torpaq sahəsinin alqı-satqı əsasında satılması qərara alınmış, xx.xx.2018-ci il tarixli çıxarışla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

32. Bundan əlavə Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 172 nömrəli Sərəncamına və xx.xx.2008-ci il tarixli orderə əsasən, millət vəkili İddiaçı Balakən şəhəri, S.Vurğun küçəsində tikilən çoxmərtəbəli, bir girişli yaşayış binasının 8-ci mərtəbəsində yaşayış sahəsi 116 kv.m olan 40 saylı mənzilin verilməsi qərara alınmışdır.

33. Bununla bağlı kollegiya qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

34. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.

35. Qeyd olunan normalara əsasən, yalnız dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa verilən order yaşayış sahəsinə köçmək üçün yeganə əsas kimi müəyyən edilmişdir. Lakin mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq sahəsi həmin dövrdə bələdiyyə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış, Balakən Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli 79 nömrəli Sərəncamı ilə Balakən şəhəri, S.Vurğun küçəsində 60 mənzilli yaşayış binasının tikintisinə RİH-nin Memarlıq və Tikinti bölməsi ilə razılaşdırılmış və xx.xx.2007-ci ildə qeydiyyatdan keçmiş layihə əsasında aparılmasına icazə verilmişdir. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, **********2 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətinə verilmişdir.

36. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

37. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərar).

38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, mübahisə predmeti olan mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olduğundan cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2-1(116)-252/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər: Balakən rayon İcra Hakimiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli, çoxmənzilli binanın "xxxx" MMC-nin adına aparılmış reyestr qeydiyyatının (qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat №**********2, 01 saylı reyestr kitabının 1-ci səhifəsi) həmin binada yerləşən 116 m2 ibarət olan 40 saylı mənzilə dair hissəsinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar