Məhkəmə qərarları › İş №2-1(107)-67/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-67/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-67/2025 06.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Hacallı kəndi ərazisində Qəbələ-Ağdaş yolunun sağ tərəfində xx.xx.2006-cı il tarixli müraciəsi əsasında Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı ilə ticarət obyektinin tikilməəsi məqsədi ilə verilmiş 40.5 kv.m torpaq sahəsinin X4 gedən yolun layihə hissəsinə düşməmiş qalan torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın, eləcə də plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-805/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Hacallı kəndi ərazisində Qəbələ-Ağdaş yolunun sağ tərəfində xx.xx.2006-cı il tarixli müraciəsi əsasında Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı ilə ticarət obyektinin tikilməəsi məqsədi ilə verilmiş 40.5 kv metr torpaq sahəsinin X4 gedən yolun layihə hissəsinə düşməmiş qalan torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın , eləcə də plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3219/2023 nömrəli qərardadı ilə Qəbələ rayon Hacallı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonun Hacallı kəndi ərazisində QəbələAğdaş yolunun sağ tərəfində 29 iyul 2006-cı il tarixdə müraciəti əsasında Hacallı Bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə iddiaçıya ticarət obyektinin tikilməsi məqsədi ilə 40,5 kv.m torpaq sahəsi satılmışdır. Bələdiyyə tərəfindən 17 oktyabr 2006-cı il tarixdə isə 620 saylı Torpaqların alqı-satqısına dair' akt tərtib edilmişdir. O cümlədən də həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsi tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir. Müraciətimə görə də 01 noyabr 2006-cı il tarixdə “Tikinti üçün torpaq sahəsinin ayrılması və obyektin mühəndis təminatına aid texniki şərtlərin razılaşdırılması haqqında’’ akt tərtib edilərək aidiyyəti təşkilatların məsul şəxsləri tərəfindən imzalanmaqla möhürlərlə təsdiq edilmişdir. Bundan sonra, 10 dekabr 2007-cı il tarixdə Qəbələ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 212 saylı “Ticarət obyektinin tikintisinə icazə verilməsi barədə" Sərəncam təqdim olunmuşdur. Həmin torpaq sahəsində ticarət obyekti inşa etmişdir. Lakin ərazinin Qəbələ-Ağdaş yolunda Hava Limanına gedən yolun tikintisi ilə əlaqədar aparılan yolun genişləndirilmə zolağına düşdüyünü bəhanə edilərək ticarət obyektimi sökmüşlər. Torpaq sahəsinin çox az bir hissəsi həmin layihə yerinə düşmüşdür. Torpaq sahəsinin böyük bır hissəsi isə hazırda qalır. Buna baxmayaraq qalan torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahəsinə dair mülkiyyət sənədini almaq məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakın cavab məktubu ilə tələbim təmin olunmamış və imtina verilmişdir.

4. Cavabdeh Məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 40.5 kv.melr həyətyanı torpaq sahəsinin X6 gedən yolun laihə hissəsinə düşməmiş qalan torpaq sahəsinin ayrılmasına dair sənədləri və eyni zamanda "Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədi təqdim edilməmişdir.Qeyd edilən səbəblərə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 avqust 2024-cü il tarixli, 2- 1(116)-805/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2-1(107)-604/2024 nömrəli qərardadı ilə Qəbələ Rayonu İcra Hakimiyyəti iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-805/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)- 805/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-805/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxslər nümayəndələrinin iştirak təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 212 saylı “Ticarət obyektinin tikintisinə icazə verilməsi barədə" Sərəncamının surətindən görünür ki, iddiaçıya 40.5 kv m torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilir. - Qəbələ rayonun Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarının surəti. - İddiaçının təqdim etdiyi xx.xx.2008-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı bələdiyənin mülkiyyətinə 20 manat ödəniş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1639/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

17. “Torpaq islahatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

20. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir.

21. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir.

22. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15- dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir.

23. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46- cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir.

24. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir.

25. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir

26. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə edilən və 11 iyul 2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə həyata keçirilir.

27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarının və həmin qərarın qəbul edildiyi göstərilən xx.xx.2006-ci il tarixli bələdiyyənin iclas protokolunun arxiv nüsxəsinin təqdim edilməsi üçün müvafiq sorğular verilmişdir. Sorğulara əsasən həmin sənədlərin arxiv nüsxəsi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı bələdiyyə sədri tərəfindən imzalanmış, kollegial orqanın iclas protokoluna istinad edilməmişdir. İddiaçının faktiki istifadəsində torpaq sahəsi yoxdur.İddia olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd isə təqdim edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 42/2-1639/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Qəbələ rayon Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış 40,5 kv.m torpaq sahəsinə aid üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə sərhədlərinin döngə nöqtələrini təyin etmək mümkün deyildir. Bu səbəbdən torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0042 hektar (42,0kv.m) torpaq sahəsi Qəbələ rayonu Hacıalılı kənd İzibati ərazisi daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadə olan bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün ayrılmış ərazidir. Hacıalılı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış 40,5 kv.m torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (planölçü) olmadığına görə faktiki ölçülmüş torpaq sahəsi ilə üst- üstə düşməsini təyin etmək mümkün deyil. İddiaçı tərəfindən göstərimiş naturada ölçülmüş 0,0042 hektar (42,0kv.m) torpaq sahəsinin üzərində digər vətəndaşlar tərəfindən inşa edilmiş qeyriyaşayış tikililəri mövcuddur və İddiaçı istifadəsində deyil. Faktiki naturada ölçülmüş 0,0042 hektar torpaq sahəsinin 0,00326 hektar (32,6kv.m) hissəsi Hava Limanına gedən yolun qoruma zolağına düşmür, 0,00094 hektar (9,4kv.m) hissəsi isə Hava Limanına gedən yolun qoruma zolağına düşür, iddiaçı tərəfindən göstərilmiş naturada ölçülmüş 0,0042 hektar torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üstüstə düşmür.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarından görünür ki, Qəbələ rayonu Şamılı kənd sakini İddiaçı ərizəsi, bu barədə DTXK Qəbələ rayon şöbəsinin rəyi və digər sənədlər əsas tutlaraq, Qəbələ rayonu Hacallı bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Şamılı kənd sakini İddiaçı ticarət məqsədilə Qəbələ-Ağdaş şosse yolunun sağından 40,5 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin iş materiallarında olan yerquruluşu planına dair sənəddən müəyyən ediliri ki, Hacallı bələdiyyəsinin sədri tərəfindən İddiaçı istifadəsinə verilən torpaq sahəsinin yerquruluşu planı təsdiqlənmişdir

35. Habelə iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, İddiaçı tərəfindən Qəbələ rayonu Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı əsasənda ona satılması nəzərəd tutulmuş 40,5 kv.m torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 50 manat haqq ödəmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 50 manat məbləğin ödənilməsi işdə olan "xxxx" ASC-nin Qəbələ filialının 7 saylı qəbzi ilə də öz sübutunu tapır.

36. Həmçinin iş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının “Ticarət obyektinin tikintisinə icazə verilməsi barədə” 10 dekabr 2007-ci il tarixli, 212 nömrəli sərəncamından görünür ki, Qəbələ rayonu Şamılı kən sakini İddiaçı Hacallı bələdiyyəsindən alıq-satqı yolu ilə tikinti altına aldığı 40,5 kv.m torpaq sahəsində, layihə əsasında, müasir, estetik baxımdan gözəl, milli memarlıq üslubunda ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin qərara əsas isə Qəbələ rayonu Hacallı bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli 12 saylı qərarı, 17 oktyabr 2006-cı il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində 620 nömrə ilə qeydə alınmış torpaqların alıqı-satqısına dair akt, 11 oktyabr 2006-cı il tarixli, 7 saylı torpağın dəyərinin ödəniş qəbzi, tikinti üçün torpaq sahəsinin ayrılması və obyektin mühəndis təminatına aid texniki şərtlərin razılaşdırılması haqqında akt olmuşdur.

37. Göründüyü kimi iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində ticarət obyektinin tikintisinə icazə verilməsi barədə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən sərəncam verilmişdir.

38. Məhkəmə kollegiyası xx.xx.2006-ci il tarixli bələdiyyənin iclas protokolunun arxiv nüsxəsinin aşkar olunmaması ilə bağlı qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli plenum qərarında qeyd edilir ki, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

39. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

40. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

41. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt dedikdə, inzibati aktlar – qərarlar, sərəncamlar və s. nəzərdə tutulur.

44. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.1-ci maddəsi konkret olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün bələdiyyə qərarını əsas hesab edir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il 4 oktyabr qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8- ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. . “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”

46. Həmçinin cavabdeh orqan verdiyi mütəxəssis rəyində göstərilmişdir ki, faktiki naturada ölçülmüş 0,0042 hektar torpaq sahəsinin 0,00326 hektar (32,6kv.m) hissəsi Hava Limanına gedən yolun qoruma zolağına düşmür, 0,00094 hektar (9,4kv.m) hissəsi isə Hava Limanına gedən yolun qoruma zolağına düşür, iddiaçı tərəfindən göstərilmiş naturada ölçülmüş 0,0042 hektar torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üstüstə düşmür.

47. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və bаxış zаmаnı iddia edilən 40.5 kv metr torpaq sahəsinin yeri müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin yerin üzərində Qəbələ rayon İcra Hakimiyyəti Memarlıq şöbəsinin tərtib etdiyi və işdə olan qeyri yaşayış sahəsi olan mağaza binasına dair tərtib edilmiş sxem və şəkillərdə göstərilən formada tikili vardır. Həmin torpaq sahəsi DTvə XK-nın Qəbələ rayon şöbəsinin tərtib etdiyi yer qurluşu planına uyğun yerləşir. Yəni həmin torpaq sahəsi ona Qəbələ rayon Hacallı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə verilmiş torpaq sahəsidir.

48. Belə olan halda, məhkəmə kollegiyası iddia tələbini Qəbələ rayonu Hacallı bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış 40,5 kv.m torpaq sahəsinin ölçüsü 9,4 kv.m olmaqla Hava Limanına gedən yolun qoruma zolağına düşən hissəsədə əsassız hesab edir.

49. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

50. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Hacallı bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış 40,5 kv.m torpaq sahəsinin 9,4 kv.m Hava Limanına gedən yolun qoruma zolağına düşən hissəsi istisna olmaqla 31,1 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-805/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Hacallı bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış 40,5 kv.m torpaq sahəsinin 9,4 kv.m Hava Limanına gedən yolun qoruma zolağına düşən hissəsi istisna olmaqla 31,1 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. İddia tələbi Qəbələ rayonu Hacallı bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış 40,5 kv.m torpaq sahəsinin Hava Limanına gedən yolun qoruma zolağına düşən 9,4 kv.m hissəsində təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar