Məhkəmə qərarları › İş №2-1(107)-671/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-671/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-671/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2025-ci il tarixdən iki il müddətinə OFP-yə görə birinci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2741/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və oğlu xx.xx.2009-cu il təvəllüdlü X6 əlillik dərəcəsinin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında iddiaçı, ərizə təqdim edərək iddiaçı qismində oğlu xx.xx.2009cu il təvəllüdlü X4 tanınmasını, iddia tələbini dəqiqləşdirərək, xx.xx.2025-ci il tarixdən iki il müddətinə OFP-yə görə birinci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 (təvəllüdü xx.xx.2009) uşaqlıqdan ağır xəstəlikdən əziyyət çəkir. xx.xx.2023-cü il tarixində TƏBİB-in X2 müayinə olunaraq “Yeniyetmə yaşında başlayan emosional pozuntu” (F-98.8) diaqnozu qoyulmuş və psixiatr qeydiyyatına alınması tövsiyə edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində Şəki Rayon Psixiatr Xəstəxanasında eyni diaqnoz təsdiqlənmişdir. E.Balakişiyev dəfələrlə müxtəlif tibbi müəssisələrdə müalicə almışdır. Xəstəliyinin sağalması qeyri-mümkün olmasına baxmayaraq ona əlillik təyin edilməmişdir. xx.xx.2025-ci ildə Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçmiş, lakin xx.xx.2025-ci il tarixli qərarla əlillik təyin edilməsindən imtina olunmuşdur. Qərarda qeyd edilmişdir ki, qoyulmuş diaqnoz əlillik əlaməti təyin etmir. Komissiya ona “Qarışıq dissosiativ (konversiyon) pozuntular, kompulsiv hərəkətlər və funksional tutmalar” diaqnozu qoymuşdur. Bu da xəstəxananın diaqnozu ilə üst-üstə düşmür. Xəstənin valideyni hesab edir ki, imtina qərarı qanunsuz və əsassızdır, çünki Emil anadangəlmə xəstədir və müalicəsi mümkün deyil. Bu da X8 və Şəki Rayon Mərkəzi Xəstəxanasından verilmiş sənədlərlə təsdiqlənir.

5. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının övladı X4 əlillik vəziyyətinə Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Qarışıq dissosiativ (konversion) pozuntular, Qarışıq dissosiativ konversiona pozuntu tez-tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Nəzərinizə çatdırırıq ki, X4 obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri: əsəbilikdən, yuxu və yaddaş pozğunluğundandır. - Dəri və görünən selikli qişaları: solğun - Dərialtı piy qatı: kafi inkişaf etmişdir. - Periferik limfa düyünləri: əllənmir. - Sümük-əzələ sistemi: potologiya yoxdur. - Tənəffüs sistemi: ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. - Ürək-qan damar sistemi: Ürək tonları normaldır.AT 120/80 mm.c.süt. - Həzm sistemi: qarnı yumşaq ağrısızdır, qaraciyər və dalaq əllənmir. - Sidikcinsiyyət sistemi: pasternatski simptomu hər iki tərəfdə mənfidir. - Sinir sistemi (psixi status): Zahirən gərgindir. Kontakta narazı halda qoşulur, verilən suallara ləng cavab verir. Hər şeydən narazıdır, aqressivdir, maraq dairəsi məhduddur. Yuxusu dərmanladır. Status lokalis (status prezent) Bir-neçə ildir ki, xəstədir. Dispanser qeydiyyatdadır. Daimi müalicə qəbul edir. - Eyni zamanda bildirilmişdir ki, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal baş verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik. - Etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad edilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu, - xx.xx.2025-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarış, - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyi, - Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim X13) 23 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2741/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə iddiaçı X6 xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. - İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozlara dair F44.7 (Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ konversional pozuntu tez tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla), F93.8 (Uşaq yaşında digər emosional pozuntular, emosional pozuntular) və F42.1 (Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla) XBT kodlarına istinad etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə F44-F42 XBT kodları 7.5ci bənddə (Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular) təsnif edilmişdir. - Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2741/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs X5 Qarışıq dissosiativ (konversion) pozuntular, Qarışıq dissosiativ konversional pozuntu tez tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla, Uşaq yaşında digər emosional pozuntular, emosional pozuntular, Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla ilə müəyyən edilir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnozlar düzgündür. - Müəyyən edilir ki, “Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ pozuntu tez tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla və əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.5.1.1-ci bənddə (2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35–60% həddində müəyyən edilmişdir. - Məhkəmə diqqətə çəkmişdir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı X4 barəsində Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında iddiaçı X4 əlillik vəziyyətinin Şəki Rayon Psixiatriya Xəstəxanasının göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnoz əlilik təyin etmir) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.5-ci maddəsinin (bənd 7.5.1.1) F-42.1 və F-44.7 kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçı X6 müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFP-nın İ-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)-2741/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbiekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. - Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F44.7- Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ konversiona pozuntu tez-tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.5-ci bəndinə əsasən ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); - simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); - intihar davranışları yerinə yetirmə riski; - dərman və psixoterapevtik müdaxilələrin effektliliyi. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Buna baxmayaraq bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. - Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı izahat verərək Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2741/2025 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

7. “Psixi və davranış pozuntuları” bölməsi. - 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular - (7.5.1.1) 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; orqanizmin funksiyalarının pozulması müddəti – 2 il.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.2025-ci il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2025-ci il tarixdən 2 il müddətinə əlillik müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının 35–60 faiz pozulmasının “birinci dərəcə məhdudlaşma” kimi göstərilməsi tətbiq edilən maddi hüquq normaları ilə tam uyğunluq təşkil etmir.

25. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 35-60 faiz pozulması halının qoyulması əvəzinə, İ dərəcə məhdudlaşma kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq OFP-in İ dərəcə məhdudlaşdırılması hissəsində dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi müəyyən edilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

28. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud deyil, həmçinin ekspertiza keçirilmədən məhkəmə tərəfindən qərar qəbul edilmişdir.

29. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2741/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir.

30. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyindən görünür ki, yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Yoxlanılan şəxs yuxusuzluqdan, əsəbilikdən, yaddaşının zəifləməsindən, başında küydən, əhvalının enməsindən şikayət edir. Somatik statusu: Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Sol qolunun said nahiyəsində özünə yetirmiş olduğu köhnə kəsik izləri müşahidə edilir. Nevroloji status: Mərkəzi sinir sistemi tərəfindən ocaqlı üzvi zədələnmə əlamətləri qeyd edilir. Psixi status: Zahirən gərgin və narahat görünür. Düşüncəsi kobud pozulmayıb. Bələdliyi zamana, məkana, özünə görə kifayət həcmdədir. Ünsiyyətə həvəssiz, qıcıqlı tərzdə daxil olur. Verilən suallara mahiyyətinə uyğun, əsasən qısa cavablar verir. Nitqi ardıcıldır. Bəzən bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, eyni fikir üzərində fiksasiya olunur. Müayinə zamanı produktiv psixopatolojı əlamətlər (qavrama pozuntuları, sayıqlama ideyaları və s.) aşkar olunmur. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Affektiv reaksiyalara meyllidir. Qıcıqlara qarşı həssaslığı yüksəlmişdir, gözlənilməz emosional reaksiyalar qeyd olunur. İntellektual pozuntular müəyyən edilmir. Yaddaşı ilə əlaqədar bir sıra şikayətlər təqdim edir. Müayinə zamanı kobud yaddaş pozuntusu qeyd olunmur. Diqqəti tez yayınır, emosional gərginlik fonunda konsentrasiyası çətinləşir, assosıativlik zəifləyir. Hərəkətlərində vaxt-vaxt kompulsiv xarakterli sayrışan ritual elementləri (əl hərəkətlərinin təkrarı) izlənilir. Sayıqlama səviyyəsinə çatmayan obsessıv düşüncələr mövcuddur (hər şeydən iyrənir, buna görə çox vaxt yemək yemir, atasından başqa hər kəsin çirkli olduğunu, ona toxunsalar ziyan verəcəklərini düşünür). Yuxusu pozulmuşdur. Qərarsızlıq, impulsiv meyllər, emosional partlayışlar müşahidə olunur. Kompulsiv ritual davranışlar gündəlik həyat fəaliyyətini məhdudlaşdırır. Funksional tutmaları təsvir edir, obyektiv müayinə zamanı epileptik tutmalardan differensasiya olunur. Özünü qiymətləndirmə qeyri sabitdir, özünə qarşı tənqidi münasibət qismən qorunub. Nəticə hissə: Yoxlanılan şəxs X6 qoyulmuş “Qarışıq dissosiativ (konversion) pozuntular, tez-tez baş verən (həftədə 1-2dəfə) funksional tutmalarla və emosional pozuntularla (F44.7), Uşaq yaşında digər emosional pozuntular (F93.8), Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), funksional tutmalarla və emosional pozuntularla (F42.1)” diaqnozu əyani müayinə zamanı öz əksini tapır.

31. Bundan başqa, iddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozlara dair F44.7 (Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ konversional pozuntu tez tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla), F93.8 (Uşaq yaşında digər emosional pozuntular, emosional pozuntular) və F42.1 (Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla) XBT kodlarına istinad etmişdir.

32. Məhkəmə kollegiyası cavabdeh orqanın “şəxsdə sözügedən xəstəliyin ağırlaşmaların mövcud olmaması” barədə dəlillinə münasibətdə onu da qeyd edir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3961 nömrəli məktubu və ona əlavə olunmuş 2217 saylı rəyində qeyd edilmişdir ki, X5 hal-hazırda “Qarışıq dissosiativ (konversion) pozuntular, tez-tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla (F44.7), Uşaq yaşında digər emosional pozuntular (F93.8), Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), funksional tutmalarla və emosional pozuntularla (F42.1)” aşkar olunur. Bunu anamnestik məlumatlar (X14 PHŞnin X7 “Yeniyetmə yaşında başlayan emosional pozuntu" diaqnozu/təyin edilməsi, Şəki rayon Psixiatriya Xəstəxanasında “Qarışıq dissosiativ (konversion pozuntu, Əsas kompulsiv hərəkətlər (sarışan rituallar), Uşaq yaşında digər emosional pozuntu” diaqnozu təyin edilməsi) və həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri (zahirən bir qədər gərgin olması, əhvali-ruhiyyəsinin dəyişkən olması, affektiv reaksiyalara meylli olması, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, kompulsiv ritual hərəkətlərin həyat fəaliyyətini çətinləşdirməsı, diqqəti tez yayınması, emosional gərginlik fonunda konsentrasiyasının çətinləşməsi assosiativliyin zəifləməsi) və sair sübut edir.

33. X6 qoyulmuş “Qarışıq dissosiativ (konversion) pozuntular, tez-tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla (F44.7), Uşaq yaşında digər emosional pozuntular (F93.8), Əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), funksional tutmalarla və emosional pozuntularla (F42.1)” diaqnozu əyani müayinə zamanı öz əksini tapır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları, ekspert rəyi və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.5.1.1-ci bəndi əsasında qiymətləndirilmişdir.

35. Cavabdeh orqan şikayətində dəlil olaraq onu da qeyd edir ki, Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Buna baxmayaraq bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müəyyən edilir ki, iddiaçıda müayinə zamanı aşkar edilən xəstəliklər-“Qarışıq dissosiativ (konversion) pozuntularr, Qarışıq dissosiativ pozuntu tez tez baş verən (həftədə 1-2 dəfə) funksional tutmalarla və emosional pozuntularla və əsasən kompulsiv hərəkətlər (sayrışan rituallar), əsasən kompulsiv hərəkətlər funksional tutmalarla və emosional pozuntularla” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.5.1.1-ci bənddə (2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35– 60% həddində müəyyən edilmişdir.

37. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının diaqnozunun orqanizmin funksiyalarının pozulmasının 35 faizdən aşağı olmasına dair hər hansı mötəbər sübutlar da təqdim etməmişdir.

38. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

39. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz öz təsdiqini tapmadığı halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyinəzərdən qiymət verilməlidir.

43. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

44. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

45. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

46. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

47. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan şikayətində iddiaçının “diaqnozunun öz təsdiqini tapmaması”nı qeyd etsə də, şəxsə əlillik təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina edilmiş, həmçinin bu barədə qərar qəbul edilmişdir. Hazırda isə şikayətdə diaqnozun öz təsdiqini tapmamasına istinad etsələr də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.

48. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 2 il müddətinə OFP-nın 35-60 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

50. Göründüyü kimi, X4 xəstə olması və onun əlilliyinin olması iş materialları ilə öz təsdiqini tapdığından, ona qoyulmuş həmin diaqnozlar əlilliyin müəyyən olunması üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

51. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona xx.xx.2025-ci il tarixdən 2 il müddətinə əlilliyin müəyyən edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

53. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə iddiaçı X6 08 fevral 2025-ci il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulmalıdır.

54. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)-2741/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçı X6 08 fevral 2025-ci il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar