Məhkəmə qərarları › İş №2-1(107)-672/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-672/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-672/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid adının və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-2880/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum oğlu X6 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X7 N yanvar 2024-cü il tarixdə saat 9 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Xocavənd rayonu ərazisində yerləşən artilleriya divizionunun komandiri kimi divizionun batareya komandirlərinə iclas keçirərkən hərbi qulluqçulara əmək intizamı və tədbirlər planının hazır olmaması ilə bağlı iradlar bildirmişdir. Həmin hərbi qulluqçular sırasında olan kapitan X1 fikirlərin ona aid olduğunu düşünüb əsəbləşmiş və icazə alıb xidməti otağına getdikdən sonra onunla iddiaçının oğlu arasında mübahisə yaranmışdır. Mübahisə nəticəsində Nizami Abdullayev iddiaçının oğlu Amil Abdullayevə soyuq silahla ağır xəsarət yetirmiş və qəsdən öldürmüşdür. X9 ölümü birbaşa döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı olmasa da, hərbi xidmət çərçivəsində xidməti tapşırıqların icrasını tələb edərkən baş vermişdir. Bu fakt mərhumun vəzifə borcunu və hərbi nizam-intizamı təmin etməyə çalışarkən həyatını itirdiyini sübut edir və öz növbəsində ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olmasını təsdiqləyir. İddiaçının oğlu Amil Abdullayevin ölümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nda nəzərdə tutulan “döyüş tapşırığını yerinə yetirərkən və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən həlak olmuş şəxslərə şəhid adının verilməsi” müddəalarına cavab verir. Amil Abdullayev faktiki olaraq döyüş bölgəsi zonasında həyatını itirmişdir, onun ölümü sıravi ölüm kimi deyil, məhz xidməti vəzifəsini icra edərkən baş vermişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi imtina məktubunda iddiaçının övladı Amil Abdullayevə bu statusun şamil olunmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir.

3. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi»nin 16 saylı əlavəsinin 1.4.2ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz təsdiqini tapmalıdır. İddiaçının mərhum oğlu X7 2006 – 2024-cü illərdə Azərbaycan Silahlı Qüvvələriində həqiqi hərbi xidmət keçmiş və N nömrəli hərbi hissənin artilleriya divizionunun komandiri vəzifəsini tutmuşdur. Amil Abdullayev vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2024-cü il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 167-ci maddəsinə müvafiq olaraq, N yanvar 2024-cü il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilmişdir. N nömrəli hərbi hissənin N yanvar 2025-ci il tarixədək şəxsi heyətin qaytarılmaz itkilərin adlı siyahısında mərhum X5 N yanvar 2024-cü il tarixdə Xocavənd rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsində digər hərbi qulluqçu tərəfindən soyuq silahla xəsarət yetirilməsi nəticəsində “ağciyər qan damarlarının travması” diaqnozundan vəfatı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddaçının mərhum oğlu mayor X5 vəfat etməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı deyil. O (mərhum), N yanvar 2024-cü il tarixdə xidməti vəzifələrinin icrası zamanı Xocavənd rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsində digər hərbi qulluqçu tərəfindən soyuq silahla xəsarət yetirilməsi “ağciyər qan damarlarının travması” diaqnozundan vəfat etmişdir. İddiaçının oğlunun şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsi və işə Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-22/2025 saylı iş üzrə 07 fevral 2025-ci il tarixli hökmü.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-2880/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «şəhid adının və şəhid ailəsi statusunun verilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik normaları şəhid hesab olunan şəxslərin, eləcə də şəhid ailəsi sayılan şəxslərin dairəsini müəyyən etmişdir və müəyyən edilmiş meyarlar üzrə şəhid adı verilənlərlə şəhid ailəsi statusu alan şəxslər bir-biri ilə bağlıdırlar. Məhkəmə diqqətə çəkir ki, qanunvericilik şəhid hesab olunan şəxslərin dairəsinə atəşkəs dövründə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş şəraitində olan hərbi hissələrdə və ya aidiyyəti orqanlarda döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxsləri də aid etmişdir. - Hazırkı iş üzrə iddiaçının övladı mərhum X5 ölümü isə xidməti vəzifələrinin icrası ilə əlaqəli olsa da, bu vəzifələr döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların icrası çərçivəsində deyil, digər hərbi qulluqçu ilə xidmət yerində aralarındakı mübahisə zəminində baş vermişdir. Məhkəmənin qənaətinə görə isə belə hal qanunvericliklə “şəhid” adının verilməsi meyarları ilə uzlaşmır. Odur ki, cavabdeh Müdafiə Nazirliyi iddiaçının müraciəti üzrə mərhum övladı X6 “Şəhid” adının və özünə və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsindən imtina etməkdə haqlı olmuşdur, cavabdehin bu hərəkəti qanunsuz sayıla bilməz.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-2880/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçının apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin qənaəti və əsaslandırması yanlış olmuşdur. Onun oğlu məhz xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur ki, bu da cavabdeh tərəfindən etiraf edilir. Məhkəmənin qəbul etmədiyi məsələ bu xidməti vəzifənin icrasının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə səbəbli əlaqənin olmadığıdır. Halbuki bu mövqe ilə razılaşmaq mümkün deyildir. Hərbi hissədə iğtişaş törədən, hərbi qulluqçuları öldürməyə çalışan bir şəxsi zərərsizləşdirməyə çalışmaq elə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə xidmət etməkdir. Oğlu məhz hərbi nizam-intizamı təmin etməyə çalışarkən öldürülmüşdür. - Odur ki, məhkəmələrin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü anlayışına konkret müstəvidən baxması əsassızdır. Bu o mənaya gəlmir ki, yalnız müharibə şəraitində həlak olan şəxsə şəhid statusu verilə bilər. Əksinə hər zaman müharibələr qısa çəkmiş, əsas olan hərbi nizam-intizamın qorunub saxlanması, şəxsi heyətin təhlükəsizliyi məsələləridir ki, bunlar da birbaşa olaraq qeyd edilən məqsədlərə xidmət etməkdədir. Belə ki, cinayət törətmiş şəxsin niyyətinin nə olması, neçə nəfəri öldürmək məqsədindən olması bəlli deyildir. Bəlkə şəxs qumbara ataraq onlarla şəxsin ölməsinə səbəb olmaq istəyirdi? Oğlu məhz bunların qarşısını alarkən şəhid olmuşdur ki, bunlar baş verməsin. İstənilən hərbi qulluqçunun öldürülməsi birbaşa olaraq ordunun döyüş qabiliyyətinə təsir edən haldır. Bunların qarşısını alan şəxsə də birmənalı olaraq şəhid adı verilməlidir. Yəni oğlunun ölümü ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü arasında səbəbli əlaqə mövcuddur. Məhkəmənin dar çərçivədə işə baxaraq əsassız qərar qəbul etməsi anlaşılan deyildir. - Çünki istər hərbi qulluqçuların andında, istərsə də əsasnamə ilə müəyyənləşdirilmiş əsas vəzifələri elə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanmasıdır. Yəni hərbi qulluqçuların hərbi xidmət zamanı vəzifələri üzrə göstərmiş olduqları xidmət elə nəticə etibarı ilə qeyd edilən məqsədlərə xidmət edir. Bunun üçün mütləq qaydada düşmən tərəfindən öldürülmək məcburiyyəti yoxdur və olmamalıdır. Bu, bütün dünya praktikasında da bu cür qəbul olunmuşdur. Odur ki, hesab edir ki, məhkəmənin qəbul etdiyi qərar ləğv olunmalı və iddia təmin olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-2880/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı mərhum oğlu-X6 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsinə nail olmaqdır.

23. İş materiallarından görünür ki, İddiaçı övladı X7 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Xocavənd rayonu ərazisində yerləşən artilleriya divizionunun komandiri vəzifəsində (mayor hərbi rütbəsində) xidmət etmiş və N yanvar 2024-cü il tarixdə xidmət yerində həmin divizionun 2-ci haubitsalı artilleriya batareyasının komandiri X2 ona soyuq silahla yetirdiyi xəsarət nəticəsində “ağciyər qan damarlarının travması” diaqnozundan vəfat etmişdir. Füzuli Hərbi Məhkəməsinin 1- 1(097)-22/2025 saylı iş üzrə 07 fevral 2025-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

24. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, oğlu məhz xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, ona görə də, oğluna şəhid adı, ailəsinə isə şəhid ailəsi statusu verilməsini xahiş edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının oğlunun vəfat etməsinə səbəb olan hal xidməti vəzifələrin icrası zamanı olsa da, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır.

26. Odur ki, iddiaçının oğlunun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada "Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da, müəyyən edilməlidir.

27. Hazırkı qərarın 13-15-ci bəndlərində qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.

28. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

29. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, mövcud qanunvericilik normaları şəhid hesab olunan şəxslərin, eləcə də şəhid ailəsi sayılan şəxslərin dairəsini müəyyən etmişdir və müəyyən edilmiş meyarlar üzrə şəhid adı verilənlərlə şəhid ailəsi statusu alan şəxslər bir-biri ilə bağlıdırlar. Qanunvericilik şəhid hesab olunan şəxslərin dairəsinə atəşkəs dövründə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş şəraitində olan hərbi hissələrdə və ya aidiyyəti orqanlarda döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxsləri də aid etmişdir. Hazırkı iş üzrə iddiaçının övladı mərhum X5 ölümü isə xidməti vəzifələrinin icrası ilə əlaqəli olsa da, bu vəzifələr döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların icrası çərçivəsində deyil, digər hərbi qulluqçu ilə xidmət yerində aralarındakı mübahisə zəminində baş vermişdir. Məhkəmənin qənaətinə görə isə belə hal qanunvericliklə “şəhid” adının verilməsi meyarları ilə uzlaşmır. Odur ki, cavabdeh Müdafiə Nazirliyi iddiaçının müraciəti üzrə mərhum övladı X6 “Şəhid” adının və özünə və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsindən imtina etməkdə haqlı olmuşdur, cavabdehin bu hərəkəti qanunsuz sayıla bilməz.

30. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur.

31. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.

32. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2-1(116)-2880/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar