Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-674/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 04 sentyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsi və Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(107)-24/2022 nömrəli icra vərəqəsinin, icra sənədini vermiş məhkəməyə qaytarılması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(116)-3014/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh 04 sentyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının ləğv edilməsi və Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(107)-24/2022 nömrəli icra vərəqəsinin, icra sənədini vermiş məhkəməyə qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instasniya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
3. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 04 noyabr 2023-cü il tarixli, 2- 1(116)-3014/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(116)-3014/2023 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(116)-3014/2023 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
9. “İcra haqqında” Qanunun: Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;[49] 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə;[50] 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.[51] 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, birinci isntansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023cü il tarixli yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir.
13. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
14. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca ərizə verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
15. Odur ki, icra məmurunun qərarının qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət deyil, ayrıca inzibati məhkəməyə şikayət vermişdir.
16. Birinci instansiya məhkməsi tərəfindən iddiaçıya icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət vermək hüququ izah olunmuş, Şikayətə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, göstərilənlərə 5 gün münasibət bildirməsi təklif edilmiş, əks təqdirdə İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir.
17. Yardım məktubu xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən alınmışdır. İddiaçı tərəfindən birinci instansiya məhkməsinin yardımına münasibət bildirilərək işə mahiyyəti üzrə baxılmalı olduğu qeyd edilmişdir.
18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” AR Qanununun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İPM-ə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, “İcra haqqında” AR Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
22. Həmin qərarda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edirl.
23. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
24. MPM-də olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir
25. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.
26. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”.
27. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.
28. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır.
29. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.
30. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir.
31. Eyni zamanda, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.
32. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
33. Qeyd edilənlərin işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının şikayət ərizəsi icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati qaydada iddia qaldırmışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1194/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarında göstərilir : İcra məmuru tərəfindən icra işi üzrə tərəfin marağına toxunan hər hansı qərarın tərəflərdən biri mübahisələndirdikdə, bu qərar inzibati məhkəmə icraatının predmeti ola bilməz. Çünki, bu halda da maraqlı şəxs icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Həmin qərarın “etibarsızlığı” yoxsa “ləğvi” məsələsinin qoyulmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçının arzuladığı hal inzibati məhkəmə icraatı qaydasında deyil, icra işi üzrə şikayət vasitəsilə həllini tapa biləcəyindən, məhkəmə bu xüsusatın aydınlaşdırılmasına zərurət görmür.
35. Hər hansı qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilən hal deyilsə, həmin qərardan irəli gələn sənədlər də (məsələn məktub, təklif və s.) inzibati akt sayıla bilməz və onların istər “etibarsız sayılması”, istərsə də “ləğv olunması”na inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür.
36. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz.
37. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(116)- 3014/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(116)-3014/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.