Məhkəmə qərarları › İş №2-1(107)-674/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-674/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-674/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospekti 76A/3 və 76A/2 ünvanında yerləşən məqsədli istifadə sahibkarlıq olan 0.007575 hektar və 0.0032 hektar torpaq sahələrinin koordinatlarına elektron bazada torpaq sahələrinin mövcud vəziyyətlərinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi haqqında Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2025ci il tarixli 2-1(116)-4279/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospekti 76A/3 və 76A/2 ünvanında yerləşən məqsədli istifadə sahibkarlıq olan 0.007575 hektar və 0.0032 hektar torpaq sahələrinin koordinatlarına elektron bazada torpaq sahələrinin mövcud vəziyyətlərinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-588/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri H.Əliyev prospekti 76A/3 və 76A/2 ünvanında yerləşən məqsədli istifadə sahibkarlıq olan 0.007575 hektar və 0.0032 hektar torpaq sahələrinin koordinatlarına elektron bazada torpaq sahələrinin mövcud vəziyyətlərinə uyğun olaraq düzəliş edilməsi öhdəliyi qoyulmuşdur.

3. Qərar qanuni qüvvəsini almış, məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin qərar icra olunması üçün cavabdeh orqana göndərilmişdir.

4. Cavabdeh orqan tərəfindən qərar icra edilmiş, iddiaçıya torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilərək verilmişdir.

5. X15 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Ağdaş şəhəri H.Əliyev prospekti 76 ünvanında yerləşən sahəsi 9,5 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətindədir. Bu yaxınlarda ona məlum olmuşdur ki, mülkiyyətində olan sahənin giriş-çıxış hissəsinin qarşısına Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-588/2020 nömrəli qərarına əsasən İddiaçı 0,0076 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən məhkəmə qərarı mülkiyyətinə yeganə daxil olmaq üçün giriş-çıxış yolunun bağlanmasına, piyadalar, həmçinin ümumi istifadəyə nəzərdə tutulmuş sahənin faktiki zəbti ilə nəticələnmişdir. Mülkiyyətində olan sahəyə giriş hissəsinə daş tikili inşa etdirmiş və həmin sahədə özünə aid olan material saxlayır. Həmin məhkəmə qərarı onun həmçinin ümumi istifadəyə yararlı olan sahənin zəbt edilməsi ilə nəticələndiyindən onun mülkiyyət və istifadə hüquqlarını pozur. Bu səbəbdən də, iş üzrə maraqlı şəxs qismində cəlb olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında N.Nəsirov ərizəsinə dəqiqləşmə təqdim edərək, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin koordinatlarına elektron bazada torpaq sahələrinin mövcud vəziyyətlərinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-588/2020 saylı qərarının ləğv edilməsini və onu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edərək icraatın təzələnərək işə yenidən baxılmasını, eyni zamanda ərizəyə əlavə etdiyi apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-4279/2025-ci il tarixli qərardadı ilə 2-1(116)-588/2020 nömrəli iş üzrə X7 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-588/2020 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli çıxarış X7 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında İddiaçı adına tərtib edilmiş sənədlərdəki koordinatların birbaşa X7 mülkiyyətində olan sahəyə gediş-gəliş yolunun üzərinə düşdüyünü birmənalı şəkildə təsdiqləyir. Bu hal iddiaçının qərarının icrasının üçüncü şəxsin mülkiyyət hüququnun mahiyyətinə və onun əmlakdan istifadə hüququna birbaşa, əhəmiyyətli və geridönüşü olmayan maneə yaratdığını göstərir. Belə ki, mülkiyyətin yeganə giriş-çıxış yolunun bağlanması şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təmin edilən mülkiyyət hüququnun məqsəd və məzmununu pozan və əmlakdan səmərəli istifadə imkanlarını məhdudlaşdıran hallardan biridir. - Məhkəmə nəzərə alır ki, təqdim edilmiş vəsatətdə üçüncü şəxsin mülkiyyət hüququnun əsas hissəsinə ciddi zərər vuran, yəni, obyektinə yeganə giriş yolunun bağlanması faktı onun hüquqlarının həddindən artıq pozulduğunu sübut edir. Üçüncü şəxs pozuntu barədə məlumatı məhkəmə qərarının icrası ilə bağlı sənədlərdən sonra əldə etdiyini bildirməsi, onun hüququ pozulan kimi vaxt itirmədən məhkəməyə müraciət etmək niyyətini göstərir. Bu şərtlər toplusu məhkəmə qərarlarının sabitliyi prinsipinin vacibliyinə baxmayaraq, şəxsin pozulmuş əsas hüquqlarının bərpası üçün məhkəmə qərarının ləğv edilməsinə və işə yenidən baxılmasına hüquqi əsas verir. Bu addım, şəxsin prosesdə tərəf kimi iştirak etmək və ədalətli dinlənilmək hüququnun sonradan təmin olunmasına xidmət edir. Bu hal da ancaq X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilməsi, əvvəlki məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması ilə mümkündür. - Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-588/2020 nömrəli qərarı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-4279/2025 nömrəli qərardadının ləğv edilərək, üçüncü şəxsin cəlb edilməsi barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə 2-1(107)-674/2025 nömrəli iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Qəbələ Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında üçüncü şəxs X7 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınmasına istinad etsə də, həmin mülkiyyət hüququnun hansı tarixdə qeydə alınmasına qiymət verməmişdir. Belə ki, üçüncü şəxsin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları 2025-ci ilin fevral ayında qeydə alınsa da, məhkəmə iddiaçının mülkiyyət hüquqlarının üçüncü şəxsdən 20 il əvvəl qeydə alınmasına və hazırda üçüncü şəxsin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvvəllər iddiaçının mülkiyyətində olması səbəbindən həmin sahənin giriş çıxış yolu olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qanuni əsaslarla qeydə alınmasına münasibət bildirməmişdir. - Bundan başqa məhkəmə mütəxəssis rəyi alaraq İddiaçı adına tərtib edilmiş AA509471 və AA509472 nömrəli plan-ölçü sənədlərində göstərilən koordinatların X7 mülkiyyət hüquqları qeydiyyata alınmış **********39-0510-083004 reyestr nömrəli çıxarışda qeyd olunan qeyri-yaşayış sahəsinə gediş-gəliş yolunun üzərinə düşməsini araşdırsa da, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvvəllər İddiaçı mülkiyyətində olan sahə olmasına və bu səbəbdən də giriş çıxış yoluna dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına hüquqi qiymət verməmişdir. - Hesab edirlər ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxsin giriş-çıxış yolu bağlanmışdırsa, sonuncu mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqları varsa onun bərpasını tələb edə bilər. Hazırki halda 0.007575 hektar və 0.0032 hektar torpaq sahələrinin koordinatlarına elektron bazada torpaq sahələrinin mövcud vəziyyətlərinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə X7 üçüncü şəxs qismində cəlb edilməsi üçün heç bir hüquqi əsas yoxdur. - Məhkəmə həmçinin qərardadını belə əsaslandırmışdır ki, təqdim edilmiş vəsatətdə üçüncü şəxsin mülkiyyət hüququnun əsas hissəsinə ciddi zərər vuran, yəni, obyektinə yeganə giriş yolunun bağlanması faktı onun hüquqlarının həddindən artıq pozulduğunu sübut edir. Üçüncü şəxs pozuntu barədə məlumatı məhkəmə qərarının icrası ilə bağlı sənədlərdən sonra əldə etdiyini bildirməsi, onun hüququ pozulan kimi vaxt itirmədən məhkəməyə müraciət etmək niyyətini göstərir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmadan bu qənaətə gəlmişdir. Belə ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxsin girişi ümumiyyətlə bağlanmamış, onun həmin sahəyə girişinə heç bir məhdudiyyət qoyulmamışdır. Bu halı təsdiq edən fotoşəkillər işə əlavə edilmişdir. Həmçinin, üçüncü şəxsə məxsus olan qeyri-yaşayış sahəsinə binanın həyətə baxan hissəsində digər bir giriş yolu da mövcuddur. - Məhkəmə öz qərardadında göstərmişdir ki, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarını ləğv etmək qərarı yalnız müstəsna hallarda qəbul edilir. Lakin, məhkəmə bu müstəsna halın nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 izahat verərək yolun açılması barədə qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına” dair 17 fevral 2022-ci il tarixli 01/2022 n-li qərardadı

Apellyasiya şikayətinin mümkünlüyü

19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməli, X7 “Şəki İnzibati Məhkəməsinin 2-1(116)-588/2020 saylı qərarının ləğv edilməsi, üçüncü şəxs qismində cəlb edilməsi və işin təzələnməsi” barədə ərizəsi isə rədd edilməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

23. Kollegiya ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında X9 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edərək düzgün nəticəyə gəlməmişdir.

24. Belə ki, iş materiallarında olan 240813 saylı, 22 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Ağdaş rayonu, Şıxlı kənd sakini X16, X29 İnventarlaşdırma və Mənzil-Hüquqlarının Qeydiyyatı İdarəsi (DTİ və MHQİ) tərəfindən 10 fevral 2005-ci il tarixdə verilmiş 767a saylı qeydiyyat vəsiqəsinə və həmin tarixli 30 saylı arayışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 76/2 ünvanında yerləşən, iki otaqdan ibarət mənzili İddiaçı satmışdır.

25. İş materiallarında olan MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş şəhərində mülkiyyətində olan məqsədli istifadə sahibkarlıq olan 0.007575 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 169 nömrəli vərəqində qeydiyyata alınmışdır.

26. İş materiallarında olan MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş şəhərində mülkiyyətində olan məqsədli istifadə sahibkarlıq olan 0.0032 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır.

27. İş materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti başçısının 22 yanvar 2010-cu il tarixli, 21 saylı sərəncamından görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 76/2 ünvanında yerləşən və İddiaçı məxsus yaşayış sahəsinin, binanın yükdaşıyıcı konstruktiv elementlərinə toxunulmamaqla və Azərbaycan Respublikası Mingəçevir şəhər "xxxx" MMC-nin 10 dekabr 2009-cu il tarixli, 57 nömrəli layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi istifadəsinə icazə verilmiş, sərəncamın icrasına nəzarət isə Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Fizuli İsmayılova tapşırılmışdır.

28. İş materiallarında olan 01 aprel 2011-ci il tarixli aktdan müəyyən edilir ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 76/2 ünvanında yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərilməsi mövcud qanunvericiliyə uyğun tikilmiş və tələblərə cavab verir.

29. İş materiallarında olan MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 7 ünvanında mülkiyyətində olan ümumi sahəsi 39.75 kv.metr olan ticarət təyinatlı qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır.

30. İş materiallarında olan AN-İ ******* saylı, 7 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 39,75 kv.m olan daşınmaz əmlakın 9,5 kv.m-lik hissəsi (tam pay) Satıcı İddiaçı tərəfindən 3.000 (üç min) manat məbləğində Alıcı X1 və müqavilə notariat qaydasında təsdiq edilmişdir.

31. İş materiallarında olan çıxarış və ona əlavə edilmiş plan-ölçü sənədlərindən görünür ki, X8 mülkiyyətində olan, qeyri-yaşayış sahəsi təyinatlı daşınmaz əmlak Ağdaş şəhəri, H.Əliyev prospekti 76 ünvanında, 1-ci mərtəbədə yerləşməklə 9,5 kv.m ümumi sahəyə malikdir, mülkiyyət hüququ tam pay olmaqla xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış, reyestr nömrəsi **********39-05-101-083004, qeydiyyat nömrəsi ********** olmuş, əlavə edilmiş plan və ölçü sənədləri ilə isə torpaq sahəsinin sərhədləri, konfiqurasiyası, yerləşməsi və ölçüləri rəsmi qaydada müəyyən edilərək torpaq sahəsinin faktiki mövcudluğu təsdiq edilmişdir.

32. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Ağdaş rayonu üzrə mərhum X10 məxsus olan ünvan 9 ünvanında yerləşən 9,50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzrə vərəsələr X18, X17 və X11 müəyyən edilmiş, göstərilən daşınmaz əmlak üzərində vərəsəlik hüquqları qanunla rəsmiləşdirilmişdir.

33. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli miras payının bağışlanması barədə müqavilədən görünür ki, vərəsələr X17 və X12 27 dekabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış, reyestr nömrəsi **********39-05-101-083004, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən miras qoyan X10 məxsus olan ünvan 9 ünvanında yerləşən 9,50 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən onlara düşən paylarını bütövlükdə X13 bağışlamışlar.

34. İş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********39-05101- 083004, qeydiyyat nömrəsi isə ********** olan daşınmaz əmlaka dair çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X13 adına tam pay olmaqla 17 yanvar 2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

35. İş materiallarında olan reyestrdə 4Ə-65 nömrə ilə qeydə alınan 23 yanvar 2025ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, bina 76 ünvanında yerləşən, ümumi sahəsi 9,75 kv.m olan daşınmaz əmlak X6 tərəfindən 7.000 (yeddi min) manat məbləğində Alıcı X2 və müqavilə notariat qaydasında təsdiq edilmişdir.

36. İş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********39-05101- 083004, qeydiyyat nömrəsi isə ********** olan daşınmaz əmlaka dair çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına tam pay olmaqla 14 fevral 2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan sənədlərin məcmusundan görünür ki, məhkəmə, qərardadında üçüncü şəxs X7 ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun mövcudluğuna istinad etsə də, həmin hüquq dövlət qeydiyyatına üçüncü şəxs tərəfindən mübahisələndirilən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-588/2020 nömrəli qərarı qüvvəyə mindikdən sonra, yəni 14 fevral 2025-ci il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır

38. Göründüyü kimi, həmin vaxt üçüncü şəxsin hazırda adına qeydiyyata alınan qeyri-yaşayış sahəsi X8 mülkiyyətində olmuş, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonuncuya isə həmin qeyri yaşayış sahəsi hazırki iş üzrə iddiaçı tərəfindən satılmışdır. Sədiqa Nəbiyeva isə qeyd olunan müddət ərzində hər hansı mübahisə açmamış, hazırki vəziyyətlə razılaşmışdır.

39. Bundan başqa, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, üçüncü şəxs kimi cəlb olunan X7 hüquqi marağı hazıda mülkiyyətində olan qeyriyaşayış sahəsinə gediş-gəliş yolunun açılmasından ibarətdir.

40. Kollegiyanın məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 verdiyi izahatında bildirmişdir ki, ona məxsus ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə faktiki olaraq giriş-çıxış imkanları məhdudlaşdırılmış, nəticədə həmin daşınmaz əmlakdan normal və təyinatına uyğun istifadə edilməsi mümkünsüz olmuş və bu səbəbdən də o, sözügedən qeyri-yaşayış sahəsinə maneəsiz giriş-çıxış yolunun açılmasını xahiş etmişdir.

41. Kollegiya qeyd edir ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxs tərəfindən istifadə edilən giriş-çıxış yolunun məhdudlaşdırılması və ya bağlanması ilə bağlı mübahisə mövcud olduğu halda, bu hal mülki mühakimə icraatı qaydasında müstəqil iddia predmeti kimi qiymətləndirilməlidir.

42. Kollegiya hesab edir ki, üçüncü şəxsin mülkiyyət və ya istifadə hüquqlarının pozulması ilə bağlı hər hansı iddiası olduğu təqdirdə, həmin şəxs müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb etmək imkanına malikdir.

43. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi 0,007575 hektar və 0,0032 hektar torpaq sahələrinin koordinatlarının elektron bazada torpaq sahələrinin faktiki mövcud vəziyyətinə uyğunlaşdırılması məqsədilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair olmaqla, bu tələb üçüncü şəxsin giriş-çıxış yolu ilə bağlı mümkün hüquqlarına birbaşa təsir göstərməmişdir.

44. Eyni zamanda, cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında İddiaçı adına tərtib edilmiş sənədlərdəki koordinatların birbaşa X7 mülkiyyətində olan sahəyə gediş-gəliş yolunun üzərinə düşdüyünün təsdiqlənməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün əsas deyil.

45. Kollegiya qeyd edir ki, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir.

46. Qeyd edilməlidir ki, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qərarını ləğv etmək qərarı yalnız müstəsna hallarda qəbul edilir. Lakin bu addım Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərtləri nəzərə alınmaqla, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Qərarı ilə müəyyən edilmiş dəqiq hüquqi şərtlər əsasında atılır. Həmin Qərarın əsas mənası ondan ibarətdir ki, əgər məhkəmə prosesinə cəlb olunmamış şəxsin Konstitusiya (Maddə 60) və Avropa Konvensiyası (Maddə 6) ilə təmin edilən məhkəmədə hüquqlarının qorunması və ədalətli araşdırma hüququ pozulmuşdursa, həmin şəxsin müraciəti əsasında qanuni qüvvəyə minmiş qərar ləğv edilə və işə yenidən baxılmağa başlana bilər.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki,

1. inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.

3. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. - Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.

48. Konstitusiya Məhkəməsinin mövqeyindən də anlaşılır ki, şəxs məhkəmə icraatına cəlb edilməsini tələb edirsə, bu halı əsaslandırmalıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, ərizəçinin qərar qanuni qüvvəsini aldığı vaxtda mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqlarının (sahiblik, istifadə, sərəncam) olması iş materialları ilə müəyyən edilmir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir.

51. Göründüyü kimi, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul etdiyi qərarın X15 ilə tərəflərin arasında yaranmış əlaqələrə hər hansı potensial təsiri olmamışdır. Yəni, məhkəmə qərarından asılı X7 hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmamışdır. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində X7 hüquqi vəziyyətinin yaxşılaşdırılması və yaxud pisləşməsi baş verməmişdir. Buna görə də, hazırki icraatın nəticəsində qəbul edilmiş qərarın onun maraqlarına toxunması halı da mövcud ola bilməz.

52. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə);

53. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmənin hüquqi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1-ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında ətraflı şəkildə şərh edilmişdir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına” dair 17 fevral 2022-ci il tarixli 01/2022 n-li qərardadında qeyd edilmişdir ki, hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

56. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

57. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.

58. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X7 birbaşa maraqlarına toxunan hər hansı predmet mövcud olmadığından, həmçinin mübahisə edilən hüquq münasibətində X7 iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və onun barəsində vahid qərarın qəbul olunmasını şərtləndirən hallar olmadığından hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zərurəti yoxdur.

60. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.

61. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan X7 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-588/2020 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə qərardad qəbul etməkdə haqlı olmamışdır.

62. Qanunvericiliyin tələbindən də görünür ki, məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

63. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçinin hər hansı qanunla qorunan maraqlarına toxunması və ya pozması halı müəyyən edilməmişdir.

64. Bu səbəbdən qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır.

65. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilərək, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-4279/2025 nömrəli qərardadı ləğv edilməli və X7 “Şəki İnzibati Məhkəməsinin 2-1(116)-588/2020 saylı qərarının ləğv edilməsi, məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsi rədd edilməlidir.

66. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-4279/2025 nömrəli qərardadı ləğv edilsin. X7 “Şəki İnzibati Məhkəməsinin 2-1(116)-588/2020 saylı qərarının ləğv edilməsi, məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar