Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-675/2025 11.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Unibank Kommersiya Bankı” ASC-nin Cavabdehnə qarşı “üçüncü şəxslər X11 və digərlərinin Qəbələ rayonu, Çarxana kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli e-2-1(116)-4006/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,27 ha torpaq sahəsi və onun üzərində yerləşən 340,27 kv.m olan fərdi yaşayış evi üzərində xx.xx.2018-ci il tarixdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X3 – Qəbələ rayonu Qaradeyin kəndində, X9 – Qəbələ rayonu Mıxlıqovaq kəndində, digər şəxslər: - X11, X16 (övladları: Gülay, Elay və Afər), X5 (övladları: Fərhad, Ellada), X12 (övladları: Aygün, Ömər), X6, X7 – Qəbələ rayonu Çarxana kəndində qeydiyyatdadırlar.
3. İddiaçı, adları qeyd edilən şəxslərin Qəbələ rayonu, Çarxana kəndində 0,27 ha torpaq sahəsi yerləşən 340,27 kv.m olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı Unibank Kommersiya Bankı” ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslər X11 və digərlərinin Qəbələ rayonu, Çarxana kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,27 ha torpaq sahəsi və onun üzərində yerləşən 340,27 kv.m olan fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Çarxana Kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa və xx.xx.2025-ci il tarixli MAPS Arayışına əsasən "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,27 ha torpaq sahəsi və onun üzərində yerləşən 340,27 kv.m olan fərdi yaşayış evində hal-hazırda X11, X3, X16, X5, X12, X6, X17, X24, X10, X8, X4, X25, X13, X9, X18 qeydiyyatdadırlar və onların qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Bununla əlaqədar "xxxx" KB ASC tərəfindən xx.xx.2025-ci il tarixdə məktubla AR DİN Cavabdehnə müraciət olunaraq adları qeyd olunan şəxslərin Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,27 ha torpaq sahəsi və onun üzərində yerləşən 340,27 kv.m olan fərdi yaşayış evində qeydiyyatdan çıxarılması xahiş olunmuşdur. Sözügedən məktub cavabdehə poçt vasitəsilə təqdim olunsa da, ötən müddət ərzində heç bir cavab məktubu daxil olmamışdır. "xxxx" KB ASC yuxarıda qeyd olunan şəxslərin Qəbələ rayon Məhkəməsinin 2(025)-l636/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi əsasında deyil, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Konstitusiya və digər qanunvericilik aktlarından irəli gələn mülkiyyət hüquqlarına əsasən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,27 ha torpaq sahəsi və onun üzərində yerləşən 340,27 kv.m olan fərdi yaşayış evini hərrac vasitəsilə aldığı üçün həmin hərracın keçirilməsinə əsas olmuş Qəbələ rayon Məhkəməsinin 2(025)- 1636/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi məlumat üçün AR DİN Cavabdehnə göndərilmişdir. "xxxx" KB ASC-nin kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Qəbələ rayon Məhkəməsinin 2(025)- 1636/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi qəbul edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apelyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 522/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilmşdir.
6. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli e-2-1(116)-4006/2025 nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi evi Qəbələ rayonu, Çarxana kəndində yerləşir və üçüncü şəxslərin həmin fərdi yaşayış evi üzərində heç bir əmlak hüquqları yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələb əslində iddiaçıya məxsus fərdi təsərrüfatın qeydə alındığı ev təsərrüfatlarının uçotu kitabından üçün şəxsin birgə təsərrüfatdan çıxarılmasıdır. Həmin vəzifənin həyata keçirilməsi üzrə Cavabdeh deyil, Qəbələ RİHB-nın Çarxana kəndi İƏD üzrə nümayəndəliyi olduğundan müvafiq inzibati orqana müraciət edilməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına” dair göstərişə əsasən təsərrüfatbaşına uçotun ilkin sənədləri şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri tərəfindən aparılır. Həmin qərara əsasən ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər; Qaydaların 11-ci bəndində göstərilir : “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir.
9. İddiaçının nümayəndəsi, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci iltarixli qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibatiərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına” dair göstərişlərin məqsədi müvafiq icra hakimiyyətinin inzibati ərazisi daxilində yaşayan şəxslər barədə statistik məlumatların toplanmasıdır. Təsərrüfatbaşına uçotun yaşayış yeri üzrə qeydiyyatda heç bir əlaqəsi yoxdur. İddiaçı bankın hazıki tələbi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli Fərmanına əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın müvafiq olaraq hansı orqanlar tərəfindən həyata keçirildiyi konkret olaraq göstərilmişdir. Yəni, qanunun məntində istifadə olunan müvafiq icra hakimiyyəti orqanının hansı orqanlar olması həmin fərmanda nəzərdə tutulmuşdur. Həmin orqanlar sırasında qeydiyyata alınmasının hüquqi əsasından asılı olaraq bir neçə orqan (AR Daxili İşlər Nazirliyi, Dövlət mirqasiya Xidməti və s.) sadalanmışdır. Həmin orqanlar sırasında İcra Hakimiyyətlərinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yoxdur. Bir sözlə, İcra Hakimiyyətlərinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin yaşayış yeri üzrə qeydiyyat aparmaq səlahiyyəti yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan RespublikasıPrezidentinin 14 iyun 1996-ci il tarixli Fərmanına əsasən, hazırki işdə bu səlahiyyət AR Daxiliİşlər Nazirliyinə məxsusdur. İddia ərizəsinə əlavə olunmuş AR DİN MAPS şöbəsi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan da göründüyü kimi üçüncü şəxslər iddiaçı bankın mülkiyyətində olan əmlakda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı bankın tələbi də üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.11. Kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.
15. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları: - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; [16] 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; (-) 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi - 3.9. çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir... 3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən, ədədlərdən və onlara əlavə olunmuş hərflərdən istifadə etməklə bu Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, İ, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Girişinə ünvan nömrəsi verilmiş obyektlər arasında yeni obyektin girişinə ünvan nömrəsi rəqəmlərə və ədədlərə hərflər əlavə edilməklə verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir.
16. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş: İ. Ev təsərrüfatlarının uçotu kitabının aparılmasının ümumi qaydaları
1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).
6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir... İİ. Ev təsərrüfatlarının uçotu kitabında (1 №-li forma) təsərrüfatların şəxsi hesablarının açılması və bağlanması qaydaları
2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...
3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir.
17. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı: ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
23. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər.
25. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.
26. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir.
27. İş materiallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmiş fərdi yaşayış evi Qəbələ rayonu Çarxana kəndində yerləşir.
28. Sözügedən fərdi yaşayış evinə hazırkı qərardadın 15-ci bəndində qeyd olunmuş “Qaydalar”ın tələbləri baxımından ünvan verilməmişdir. Yəni, həmin fərdi yaşayış evinin məkana görə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onun fərdiləşdirilməsini təmin edən məlumat mövcud deyil.
29. İddia tələbində qeyd edilmiş şəxslərdən X3 və X9 ümumiyyətlə Qəbələ rayonu Çarxana kəndində qeydiyyatda deyillər.
30. Digər şəxslərin qeydiyyat ünvanı isə iddiaçıya məxsus fərdi yaşayış evi deyil, Qəbələ rayonu, Çarxana kəndidir. Odur ki, iddiaçının həmin şəxslərin bütövlükdə Çarxana kəndindən qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüququ mövcud deyil. O da nəzərə alınmalıdır ki, adları qeyd edilmiş şəxslərin Çarxana kəndində digər təsərrüfatlarda qeydiyyata düşüb-düşməməsi və yaşayış sahəsi seçmək hüquqları ümumiyyətlə iddiaçının hüquqi maraq dairəsinə daxil deyil.
31. İrəli sürülmüş tələb də, bütövlükdə kənd üzrə deyil, konkret əmlaka dair hüquq münasibətlərinə əsaslanır və iddiaçının gözləntisi tələbin təmin olunacağı halda sözügedən şəxslərin məhz iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalarıdır.
32. Məhkəmə kollegiyası tələbdə adları qeyd edilən şəxslərin (2 nəfər istisna olmaqla) iddiaçının mülkiyyətində olan yaşayış sahəsi ilə hüquqi əlaqəsinə diqqət çəkərək qeyd edir ki, bu əlaqə yaşayış yeri üzrə qeydiyyat məlumatlarından yox, Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəlikdə aparılan təsərrüfatbaşına uçot kitablarındakı uçot məlumatlarından irəli gəlir.
33. Bu kitablar hər bir təsərrüfatda faktiki yaşayan şəxsləri konkretləşdirdiyindən, həmin şəxslərin iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda olmaları görüntüsünü yaradan sənəd də məhz bu uçot sənədləridir.
34. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı, mülkiyyətində olan fərdi yaşayış evinə dair Qəbələ RİH-nin Çarxana kənd İƏD üzrə nümayəndəliyə müraciət etməklə, faktiki olaraq həmin təsərrüfatda yaşamayan şəxslərin uçotdan çıxarılmasını tələb edə bilər.
35. Odur ki, iddiaçıya məxsus Qəbələ rayonu, Çarxana kəndində yerləşən yaşayış sahəsinin konkret ünvanı dəqiq müəyyən edilmədiyindən, qeyd edilən şəxslərin bu kənddə başqa bir yerdə yaşamaq hüququ məhdudlaşdırıla bilməz.
36. Bununla belə, iddiaçının hüquqi marağı nəzərə alınmaqla, təsərrüfat uçotu kitablarında adı olan şəxslərin faktiki yaşamadığı müəyyən edilərsə, onların iddiaçıya məxsus təsərrüfatdan uçotdan çıxarılması mümkündür və bu halda həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evi ilə hüquqi əlaqəsi aradan qalxacaqdır.
37. Hazırkı qərardadın 16-cı bəndində istinad olunmuş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, müvafiq sənədlər (1. “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” - 1 №-li forma (Əlavə 1), 2. “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı”- 2 №-li forma (Əlavə 2). 3. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş” (Əlavə 3)) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur.
38. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
39. Odur ki, iddiaçı faktiki olaraq mülkiyyətində olan fərdi yaşayış evində yaşamayan şəxslərin, həmin kənd üzrə ev təsərrüfatlarının uçotu kitabından özünə məxsus təsərrüfatdan adlarının çıxarılması tələbi ilə əvvəlcə Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəliyinə, müraciəti təmin olunmadığı halda isə analoji məzmunda iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir.
40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hətta hazırkı iddianın təmin edilməsi belə iddiaçını arzuladığı hüquqi məqsədə çatdırmayacaqdır. Belə ki, tələbin təmin olunması adları qeyd edilən şəxslərin Qəbələ rayonu, Çarxana kəndindən qeydiyyatdan çıxarılması ilə nəticələnsə də, onlar iddiaçının təsərrüfat üzvü kimi ona məxsus ev təsərrüfatlarının uçotu kitabında uçotda qalmaqda davam edəcəklər.
41. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi üçün əsas deyildir. Həmçinin hazırkı cavabdehə qarşı irəli sürülmüş iddia iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi olmamışdır. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli e-2-1(116)-4006/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.