Məhkəmə qərarları › İş №2-1(107)-677/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-677/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-677/2024 11.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)- 712/2024 nömrəli qərardadından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müvafiq əlillik dərəcəsinin verilməsi və həmin əlillik dərəcəsi əsasında ona pensiya təyin edilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh orqanın üzərinə müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müvafiq əlillik dərəcəsinin verilməsi ilə bağlı aparılan ekspertiza zamanı verilmiş T383/2024 saylı rəyə aydınlıq gətirilməsi üçün məhkəmə-tibb eksperti Hafiz Kazımov və tibbi-sosial eksperti X6 İnzibati Məhkəməsinə dəvət edilmişdir. Həmin vaxt rəyi tərtib etmiş məhkəmə-tibb eksperti Hafiz Kazımov növbəti əmək məzuniyyətində olduğundan bu haqda məhkəməyə ***-***-**-** nömrəli telefonla xəbər göndərilmiş və məhkəmə prosesinə ekspertizanın aparılmasında iştirak etmiş Tibbi-Sosial Ekspertinin dəvət edilməsi tövsiyə edilmişdir. Lakin müəyyən vaxt keçdikdən sonra Şəki İnzibati Məhkəmədən bu işlə bağlı sorğu daxil olduğu və həmin sorğuya nə üçün cavab verilməməsi bildirilmişdir. X2 şöbəsində, istərsə də Birliyin dəftərxanasında bu məzmunda məktubun daxil olmaması məhkəməyə bildirilməsinə baxmayaraq məhkəmə tərəfindən “MTE və PA Birliyi" PHŞ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunması haqqında qərar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 nümayəndəsinin iştirakını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 57.1. Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir. Maddə 57.2. Üzrsüz səbəbdən gəlmədiyi hallarda, məhkəmə proses iştirakçısını cərimə edə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-yə həvalə edilmişdir. Təqdim edilmiş rəyin nəticə hissəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması qeyd edilsə də, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır.

13. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilən rəyin “məhkəmə tibbi müayinə” hissəsində iddiaçıya qoyulmuş diaqnozun iddiaçının stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilməsini, müalicə tədbirlərinin vəziyyətinin ağırlığına uyğun aparılmasını qeyd etdiyi halda, rəyin “nəticə” hissəsində iddiaçıya qoyulmuş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması öz əksini tapmışdır. Məhkəmə qərardadında göstərilmişdir ki, qeyd olunan hal tədqiq edilən rəyin “nəticə” və “məhkəmə tibbi müayinə” hissələrinin ziddiyyətli olmasını sübut edir.

14. Yuxarıda qeyd edilmiş ziddiyyətə aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin müvafiq ekspert rəyini tərtib etmiş eksperti xx.xx.2024-cü il tarixli şifahi məhkəmə baxışı iclasına dəvət edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, cərimə ilə bağlı xəbərdarlıq izah olunmuşdur. Belə ki, həmin maddəyə əsasən məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir).

15. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin müvafiq ekspert rəyini tərtib etmiş eksperti Hazif Kazımovun heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməməsi, daha sonra xx.xx.2024-cü il tarixdə müvafiq ziddiyyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-yə sorğu verilməsi, lakin sonuncunun məhkəmənin sorğusunu cavablandırmaması və rəydə mövcud olan ziddiyyətə aydınlıq gətirməməsi səbəbilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunması qərara alınmışdır.

16. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin Təkrari ekspertizalar şöbəsinin məhkəmə-tibb eksperti X1 6 aprel 2023-cü il tarixdən 6 aprel 2024-cü il tarixə kimi iş ili üçün 22 iyul 2024-cü il tarixdən 1 sentyabr 2024-cü il tarixədək 42 təqvim günü əmək məzuniyyəti verilmişdir.

17. Göründüyü kimi birinci instansiya məhkəməsi ilk çağırışdan sonra ekspertin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini aydınlaşdırmamış, halbuki xx.xx.2024cü il tarixli məhkəmə iclasına dəvət edilmiş ekspert Hafiz Kazımov həmin tarixdə əmək məzuniyyətində olduğundan məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməmişdir.

18. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq ziddiyyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-yə sorğu verilməsi, lakin sonuncunun məhkəmənin sorğusunun cavablandırılmamasına və rəydə mövcud olan ziddiyyətə aydınlıq gətirilməməsinə münasibətdə kollegiya onu da qeyd edir ki, məhkəmə icraatı çərçivəsində inzibati iş üzrə işin obyektiv və tam araşdırılması üçün məhkəmə tərəfindən tələb olunan sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinin nəticəsi olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 595.0.1-ci tələblərinə əsasən cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 595.0.1-ci tələblərinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə-vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

20. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin ekspertinin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı məhkəmənin tələbi ilk dəfə yerinə yetirilmədiyinə görə birinci instansiya məhkəməsi cərimə tətbiq etməklə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsində nəzərdə tutulmuş cərimə məbləğini 50 manat həddində təyin edilməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunması barədə 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadı ləğv edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunması barədə 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar