Məhkəmə qərarları › İş №2-1(107)-677/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-677/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-677/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixinədək işlədiyi dövr sosial sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)-1408/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.

2. Cavabdeh orqan tərəfindən ƏPHQ-nın 22-1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən iddiaçıya 283,69 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmiş, ƏPHQ-nın 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği ineksləşdirilərək xx.xx.2024-cü il tarixdən 315,87 manata çatıdırılmışdır.

3. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, məktubla tələbin təmin olunmasından imtina edilmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək (işə daxil olma və işdən azad olma əmrlərinin tarixləri qeyd edilmədiyindən, həmçinin xx.xx.1994-cü il tarixində işdən çıxma əmrini imzalayan səlahiyyətli şəxsin ad, soyadının fərqli olmasına baxmayaraq xx.xx.1991-ci il tarixindəki işdən çıxma əmrindəki səlahiyyətli şəxsin imzası ilə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda iddiaçıya bildirilmişdir ki, xx.xx.1990-cı ıl tarixindən xx.xx.1991 -ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək onun əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 23 il 8 ay 23 gün təşkil etdiyi halda ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçının əyani təhsil alması barədə müvafiq arayışı Fondun 3 saylı Şəki-Zaqatala regional filialına təqdim etdikdən sonra təhsil illərinin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı cavabdehə qarşı “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixinədək işlədiyi dövr sosial sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir. Məhkəmənin iclas protokolunun qəradadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddia ərizəsinin əsaslarına görə, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə fondunun 3 saylı Şəki Zaqatala regional ərazi filialına müraciət etmişdir. Lakin, ona imtina cavabı verilmişdir.

8. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən aşağıdakı əsaslarla iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2023- cü il tarixdən 283,69 manat məbləğində avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərin surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 17750,29 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (315,87 manat) dəyişiklik olmamışdır. Həmçinin, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 23 il 8 ay 23 gün təşkil etdiyi halda ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994cü il tarixdən 25,05.1994-cü il tarixədək (işə daxil olma və işdən azad olma əmrlərinin tarixləri qeyd edilmədiyindən, həmçinin xx.xx.1994-cü il tarixdə işdən çıxma əmrini imzalayan səlahiyyətli şəxsin ad, soyadının fərqli olmasına baxmayaraq xx.xx.1991-ci il tarixdəki işdən çıxma əmrindəki səlahiyyətli şəxsin imzası ilə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiya məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 315,87 manata çatdırılmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur. Belə ki, yuxarıda qeyd olunan müvafiq qərarla təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”ndan da görünür ki, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli vo əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud isdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, 13.03,1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və 05.04,1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (işə daxil olma və işdən azad olma əmrlərinin tarixləri qeyd edilmədiyindən, həmçinin xx.xx.1994-cü il tarixdə işdən çıxma əmrini imzalayan səlahiyyətli şəxsin ad, soyadının fərqli olmasına baxmayaraq xx.xx.1991-ci il tarixdəki işdən çıxma əmrindəki səlahiyyətli şəxsin imzası ilə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Göründüyü kimi qanunvericliyin normalarına əsasən İddiaçı tələb olunan ümumi (25 il ) eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

9. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)-1408/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci tarixindən xx.xx.1994cü il tarixinədək iddiaçının işlədiyi dövrü sosial sığorta stajına daxil edərək iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2023-cü il tarixində yaranmış, ona həmin tarixdən pensiya təyin edilmişdir. Hazırkı mübahisənin yaranma səbəbi cavabdeh inzibati orqan tərəfindən xx.xx.2006-cı il tarixədək iddiaçının əmək kitabçasında qeyd edilən bəzi əmək fəaliyyəti dövlərinin mötəbər hesab edilməməsi və iddiaçının bu dövlərin də nəzərə alınaraq yenidən hesablanma aparılmasını tələb etməsi ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta stajını araşdırılmışdır. Belə ki,cavabdehin qəbul etmədiyi, iddiaçının əmək kitabçasında qeyd olunan və nəzərə alınması iddia edilən sığorta stajı dövrləri aşağıdakılar olmuşdur :

1. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək,

2. xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixinədək; Cavabdeh imtinasında bildirir ki, qeyd olunan dövrə aid sənədlər mövcud olmadığına görə həmin dövrün araşdırılması mükmün olmamışdır. Məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək bildirik ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçıya məxsus İT-İ ******* saylı Əmək kitabçasının 46-47-ci səhifələrində aparılmış 9 nömrəli qeyddən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixində 148 nömrəli Əmrə əsasən Zaqatala Rayon XDS-nin Memarlıq şöbəsinin nəznində təsərrüfathesablı istehsalat qrupunun texnik vəzifəsində işə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli 171 nömrəli Əmrə əsasən işdən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.1992-ci il tarixində 06 nömrəli Əmrə əsasən Zaqatala Rayon İHB-nin Memarlıq və Tikinti şöbəsinin nəznində təsərrüfathesablı istehsalat qrupunun böyük texniki vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 24 nömrəli Əmrə əsasən işdən azad edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçıya məxsus əmək kitabçasına əsasən öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçı xx.xx.1994-cü il tarixindən sonra da 20 ildən artıq əmək fəaliyyətini davam etdirmişdir ki, nəticədə bir neçə müəssisə tərəfindən əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Nəticə etibarı ilə cavabdehin mübahisələndirdiyi dövrün əsassız olmasına dair hər hansı sübutu olmamaqla bərabər əmək kitabçasının müvafiq qeydlərinin mötəbərliyini istisna edən hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək olan sosial sığorta stajı tam olaraq təsdiq olunduğundan (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) iddia təmin edilməli, cavabdeh tərəfindən həmin dövrlər nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır.

11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh orqan apellyasiya şikayətini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, № 156 Qərarının 3.2-ci bəndinin tələblərinə cavab vermir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(116)-1408/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.

tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

27. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının hüquqi marağı xx.xx.1990–xx.xx.1991 və xx.xx.1992– xx.xx.1994-cü il tarixlərində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır.

29. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin tələblərinə uyğun olaraq avtomatlaşdırılmış qaydada xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

30. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinə görə əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

31. Cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 23 il 8 ay 23 gün olaraq qəbul edilmiş, lakin iddiaçının xx.xx.1990–xx.xx.1991 və xx.xx.1992–xx.xx.1994-cü il tarixlərdə əmək fəaliyyəti dövrləri əmək kitabçasının doldurulma qaydalarının pozulması əsası ilə sığorta stajına daxil edilməmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, işə daxil olma və işdən azad olma əmrlərinin tarixləri tam göstərilməmiş, habelə xx.xx.1994-cü il tarixdə işdən çıxma əmri üzrə səlahiyyətli şəxsin adı və soyadı fərqli olduğu halda, xx.xx.1991-ci il tarixdəki işdən çıxma əmri ilə eyni imza ilə təsdiqlənmişdir.

32. İddiaçıya məxsus İT-İ ******* saylı əmək kitabçasının 46–47-ci səhifələrində aparılmış 9 nömrəli qeyddən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixində 148 nömrəli əmrlə Zaqatala Rayon XDS-nin Memarlıq şöbəsinin nəzdində təsərrüfathesablı istehsalat qrupunun texnik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1991-ci il tarixli 171 nömrəli əmrlə işdən azad edilmişdir.

33. Daha sonra iddiaçı xx.xx.1992-ci il tarixində 06 nömrəli əmrlə Zaqatala Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin nəzdində təsərrüfathesablı istehsalat qrupunun böyük texniki vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 24 nömrəli əmrlə işdən azad edilmişdir.

34. İddiaçının əmək kitabçasında həmin müəssisədəki əmək fəaliyyəti ilə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, həmin qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Cavabdehin istinad etdiyi doldurulma qaydası ilə bağlı texniki xarakterli pozuntular iddiaçının məsuliyyət sferasına daxil deyildir və onun əmək stajının mübahisələndirilməsi üçün əsas kimi qəbul edilə bilməz.

35. Belə ki, əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisədə işə daxil olması və işdən çıxması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında işdən azad olma əmrlərinin tarixlərinin işdən azad olunma barədə əmrin bilavasitə yanında qeyd edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. İstinad olunan bu hal iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçasında işə qəbul, işdən azad edilmə və digər məlumatlar müvafiq əmrlərə əsasən aparılır və bu qeydlərə görə məsuliyyət işəgötürənin üzərinə düşür. Odur ki, bu qeydlərdə yol verilmiş texniki qüsurlar işçinin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasında olan məlumatlar onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda mötəbər hesab edilir.

37. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçının xx.xx.1990-cı il tarixdə işə daxil olması əmək kitabçasında 9-cu qeyddə öz əksini tapmışdır. Həmin qeydin qarşısında - 4-cü sətirdə işə daxil olma əmrinin nömrəsi (148) qeyd edilmişdir. İddiaçının xx.xx.1991-ci ildə işdən azad olması əmək kitabçasında 10-cu qeyddir və həmin qeydin qarşısında 4-cü sətirdə işdən daxil olma əmrinin nömrəsi (171) qeyd edilmişdir.

38. Eyni ilə iddiaçının xx.xx.1992-ci il tarixdə işə daxil olması əmək kitabçasında 11-ci qeyddir və həmin qeydin qarşısında 4-cü sətirdə işə daxil olma əmrinin nömrəsi (06) qeyd edilmişdir. İddiaçının xx.xx.1994-cü ildə işdən azad olması əmək kitabçasında 12-ci qeyddir və həmin qeydin qarşısında 4-cü sətirdə işdən daxil olma əmrinin nömrəsi (24) qeyd edilmişdir.

39. Bütün bu qeydlər səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı bundan sonra da 20 ildən artıq əmək fəaliyyətini davam etdirmiş və əmək kitabçasında müxtəlif işəgötürənlər tərəfindən müvafiq qeydlər aparılmışdır. Bu hallar əmək kitabçasında aparılmış qeydlərin bir-biri ilə uzlaşan ardıcıl və fasiləsiz xarakter daşımasını göstərməklə, həmin qeydlərə sonradan müdaxilə edilməsi ehtimalını istisna edir.

40. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Zaqatala rayon İcra Hakimiyyəti xx.xx.2026-cı il tarixli məktubunda bildirmişdir ki, Rayon İcra Hakimiyyətində Zaqatala rayon XDS-nin Memarlıq şöbəsinin, sonradan Zaqatala RİH-nin Memarlıq tikinti şöbəsinin nəzdində yaradılmış təsərrüfathesablı istehsalat qrupu 1990-2003-cü illərdə fəaliyyət göstərmişdir.

41. Qanunvericiliyin tələbləri baxımından iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır.

42. Beləliklə, bu qərarın 31-ci bəndində qeyd olunan, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 23 il 8 ay 23 gün sığorta stajı, eləcə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş xx.xx.1990–xx.xx.1991 və xx.xx.1992–xx.xx.1994-cü il tarixlərini əhatə edən 3 il 4 ay 10 gün sığorta stajı nəzərə alınmaqla, iddiaçının xx.xx.2006cı il tarixədək ümumi faktiki sığorta stajı 27 il 1 ay 3 gün müəyyən edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən yenidən hesablanmalıdır.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2-1(116)-1408/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar