Məhkəmə qərarları › İş №2-1(107)-68/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-68/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-68/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtin verilməsi və qoşulması öhdəliyinin cavabdehin vəsaiti hesabına onun üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1768/2019nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdeh ASC-yə qarşı “RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri İstiklaliyyət küçəsində yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması öhdəliyinin Cavabdeh ASC-nin vəsaiti hesabına onun üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1768/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1768/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1768/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsininiştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərək göstərmişdir ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, iddiaçı fərdi yaşayış evinin su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi cavabdehdən tələb etmiş, cavabdehin 6 nömrəli X1 torpaq sahəsinin yerləşdiyi ərazi yaxınlığında Cavabdeh ASC-nin balansında olan su və kanalizasiya şəbəkə xətlərinin olmaması səbəbindən imtina etmişdir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati-İqtisadi Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir.. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunub-olunmadığını, işin digər hallarını tam yoxlamalı olduğu halda, bunu etməmiş, iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsi səhv nəticəyə gələrərək hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Cavabdeh ASC inzibati orqan deyil. İddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, iddiaçı fərdi yaşayış evinin su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi cavabdehdən tələb etmiş, cavabdehin 6 nömrəli X1 torpaq sahəsinin yerləşdiyi ərazi yaxınlığında Cavabdeh ASC-nin balansında olan su və kanalizasiya şəbəkə xətlərinin olmaması səbəbindən imtina etmişdir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bələ ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsinə baxarkən yanlışlığa yol vermiş və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarının 1-ci hissəsini, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013 tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nı nəzərə almamışdır. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3cü hissəsinə əsasən təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013 tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısf’na əsasən Cavabdeh ASC təbii inhisar subyekti kimi qeyd olunmuşdur (sıra №si 41). İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, iddiaçı “İddiaçı Cavabdeh ASC-yə qarşı "Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtin verilməsi və qoşulması öhdəliyinin cavabdehin vəsaiti hesabına onun üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmalıdır. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1768/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı "Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtin verilməsi və qoşulması öhdəliyinin cavabdehin vəsaiti hesabına onun üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar