Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-68/2023 12.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət üzrə 3-cü qrup əlil şəxslər üçün nəzərdə tutulmuş pensiyanın ödənilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1896/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət üzrə 3-cü qrup əlil şəxslər üçün nəzərdə tutulmuş pensiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 30 ilə yaxındır ki, ürək problemlərinə və eşitmə zəifliyinə görə İİ qrup əlil kimi pensiya alırdı. 2021-ci ilin fevral ayında iddiaçının qrup əlilliyi ləğv edilmiş və ona verilən pensiya dayandırılmışdır. Daha sonra 2022-ci ilin yanvar ayında iddiaçının əlilliyi bərpa olundu və pensiya ödənişinə yenidən başlanıldı. Lakin, 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət üzrə almalı olduğu pensiya məbləği iddiaçıya ödənilmir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində ona əlilliyə görə 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək ödənilməli olan pensiya məbləğinin ödənilmədiyini iddia edir. İddiaçı ödənilməyən pensiya məbləğinin ödənilməsi üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin 6 ay ötürüldüyündən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 3.3-1-ci maddəsinin tələblərinə əsasən məsələnin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Altsisteminə əsasən İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK’’) xx.xx.2006-cı il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş, xx.xx.2016-cı il tarixli qərarı ilə isə 5 il müddətinə İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində iddiaçıya əlavə müayinəyə ehtiyac olması səbəbi ilə imtina edilmiş, xx.xx.2021-ci il tarixli müayinə zamanı İddiaçı göndərişin natamam olması səbəbindən imtina verilmişdir. xx.xx.2022-ci il tarixli müayinə əsasında “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmiş və beləliklə xx.xx.2022-ci il tarixli qərarı ilə isə müddətsiz İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu bərpa edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-cü maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik" prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İddiaçı əlillik statusu xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə əmək pensiyası bərpa edilərək ödənilir. Lakin iddia edilən ödənilməmiş dövr üzrə 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə əsasən ona mübahisələndirilən dövrün ödənişinin ödənilməsi qanunun tələblərinə ziddir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 20 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1896/2022 nömrəli qərarı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət üzrə 3-cü qrup əlil şəxslər üçün nəzərdə tutulmuş pensiyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1896/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, 30 ilə yaxındır ki ürək problemlərinə və eşitmə zəyifliyinə görə İİ qrup əlil kimi pensiya alırdı. 2021-ci ilin fevral ayında qrup əlilliyi ləğv edilmiş və ona verilən pensiya dayandırılmışdır. Uzun get-gəldən sonra 2022-ci ilin yanvar ayında əlilliyi bərpa olunmuş və pensiya ödənişinə yenidən başlanılmışdır. Lakin, 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət üzrə almalı olduğu pensiya ona ödənilmir. Nəticədə, 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində ona ödənilməli olan pensiyanın ödənilməsi məqsədi ilə iş üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin, sonuncu 08 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktubla bundan imtina etmişdir. Halbu ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iş üzrə cavabdeh inzibati orqan 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində pensiya ödənilməli olduğu halda bundan qanunsuz və əsassız olaraq imtina edir. Bütün bunlar ona deməyə əsas verir ki, 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində də o İİİ qrup əlil olmuş, lakin, cavabdeh orqan qanunsuz olaraq ona əlilliklə bağlı ödənilməli olan pensiyanı dayanadırmışdır. Cavabdeh orqanın və Şəki inzibati Məhkəməsinin yanaşmasından belə başa düşülür ki, sanki o, 2021-ci ilin fevral ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində sağlam şəxs olmuş və sonradan yenə İİİ qrup əlil olmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1896/2022 saylı iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1896/2022 saylı iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2006-cı il tarixli 804 nömrəli qərarın surətindən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, TSEK-in xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya 5 il müddətinə İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlil statusu qazanmışdır. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində iddiaçıya əlavə müayinəyə ehtiyac olması səbəbi ilə imtina edilmiş, xx.xx.2021-ci il tarixli müayinə zamanı İddiaçı göndərişin natamam olması səbəbindən imtina verilmişdir. xx.xx.2022-ci il tarixli müayinə əsasında “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli qərarla isə müddətsiz İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlillik müəyyən olunmuş, həmin tarixdən sosial müavinət təyin edilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edilmədiyindən o, ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməmişdir. Odur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları hazırkı iddia tələbi üzrə tətbiq edərək cavabdehin iddiaçının müraciətini təmin etməməkdə haqlı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1896/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-68/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-68/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver